Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-209/2024 24.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli 2- 2(121)-384/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cəmi borcu 10456.82 (on min dörd yüz əlli altı manat 82 qəpik) manat - bundan 4313.60 (dörd min üç yüz on üç manat 60 qəpik) manat əsas, 2706.20 (iki min yeddi yüz altı manat 20 qəpik) manat faiz, 2815.42 (iki min səkkiz yüz on beş manat 42 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 621.60 (altı yüz iyirmi bir manat 60 qəpik) manat faiz borcunun və iş üzrə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 205 (iki yüz beş) manat məbləğində mediasiyaya dair xərcin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Masallı filialı ilə Cavabdeh1arasında 2261 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə Cavabdeh1 “Mal-qara alışı” məqsədi ilə 36 ay müddətinə illik 27% dərəcəsi ilə 11500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında ZM2261 nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Tərəflər arasında Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış R-201 nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən kreditorun borcalana (birgə borcalana) verdiyi kreditin qalıq məbləği 9647.62 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin olunmuşdur. Tərəflər arasında Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2016-cı il tarixli Əlavə Sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 8097.92 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Tərəflər arasında Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış 03 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının cəmi 7128.15 USD təşkil edən qalığı konvertasiya edilməklə (1 USD = 1.45 AZN) 10335.82 manat təşkil etmişdir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 17 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Şirvan Kommersiya Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli 2-2(121)-384/2024 saylı qətnaməsi ilə (hakim Elşən Abdullayev) iddia qismən təmin edilməsi, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 2261 saylı kredit müqaviləsinə əsasən 4.313,60 manat məbləğində əsas borc, 1.370,52 manat məbləğində faiz borcu, 200 manat məbləğində cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 621,60 manat faiz borcu və 205 manat mediasiya xərci olmaqla, ümumilikdə 6.710,72 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməsini iddia qalan hissədə təmin edilməsini, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 50 manatın Cavabdeh1 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsini qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən - 1.370,52 manat faiz və 200 manat cərimə borcu hissələrində ləğv edilməsini və həmin hissələrdə iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin 2.5-ci maddəsinə görə gecikdirilən borc məbləğinə cərimə kimi illik 54% dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Göründüyü kimi, bankın cavabdehdən faiz borcu üzrə 2.706,20 manat pulun tutulmasına dair iddia tələbi Bank ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin müddəalarına və qüvvədə olan qanunvericiliyin tələblərinə əsaslanır, iş materiallarına əlavə edilmiş sənədlərlə bu tələbin əsaslılığı sübuta yetirilir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır. Qanunda cərimə məbləğinin azaldılması imperativ norma kimi qeyd edilməmişdir və qanunu tətbiq edən orqanın öhdəliyinə buraxılmışdır. Birinci instansiya məhkəməsi 2.815,42 Manat cərimənin azaldaraq 200 manat etməsi ilə MM-in 467-ci maddəsində göstərilən kreditorun bütün əsaslı mənafələrini nəzərə almayaraq, qeyd edilən maddənin müddəalarını pozmuşdur. Məhkəmə yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd etsə də, bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamış və bununla da qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Cavabdeh tərəfindən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına cavabdeh razılığını bildirmişdir. Qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarından biri kimi dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərərlərin qarşısını almaq, məqsədi güdmüşdür. Məhkəmə qətnamədə MM-in 448.1-ci maddəsinə istinad etməmiş, ümumiyyətlə cavabdehin risk dairəsinə aid olan öhdəlikləri düzgün müəyyən etməmişdir. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Bu səbəbdən də, qətnamə ilə müəyyən edilən 2.815,42 manat cərimə məbləğinin azaldılaraq 200 manat saxlanılması əsaslı hesab edilə bilməz. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən kommersiya işinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli 2-2(121)- 384/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, işdə görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 27 faiz olmaqla dövriyyə vəsaiti məqsədi ilə 36 ay müddətinə 11500 manat məbləğində kredit verilmişdir. İşdən görünür ki, Cavabdeh2 ilə bank arasında ZM-2261 nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İşdən görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələri üzrə bağlanmış 03 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının cəmi 7128.15 ABŞ dolları təşkil edən qalığı konvertasiya edilməklə (1 USD = 1.45 AZN) 10335.82 AZN təşkil etmişdir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2021-ci il tarixədək uzadılmışdır. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 qeyd edilən kredit müqaviləsi üzrə 4.313,60 manat əsas borc, 2.706,20 manat faiz borcu, 621,60manat gecidkirilmiş faiz borcu, 2.815,42 manat cərimə borcu, cəmi 10.456,82 manat kredit borcu vardır. İş materiallarında olan bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit borcunun olması, borcun və hesablanmış faizlərin tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər məlumatlandırılmışlar. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2328 saylı rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla ekspert qarşısında qoyulmuş suallar üzrə Cavabdeh1 xx.xx.2021-ci il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) əsas kredit borcu 4.599,49 manat, faiz borcu 1.370,52 manat, xx.xx.2023- cü il tarixə (maliyyə arayışında qeyd olunan tarixə) əsas kredit borcu 4.599 manat, faiz borcu 1.370,52 manat, illik 5% lə hesablanan faiz borcu 652,87 manat müəyyən edilmişdir. İş materiallarında olan mediasiya arayışından görünür ki, İddiaçı ASC tərəfindən 205 manat məbləğində mediasiya dair xərc ödənilmişdir. İş materiallarından görünür ki, Cavabdeh1nın 20 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsirinə düşmür, ona hazırkı iş üzrə kreditin restrukturizasiya olunması təklif olunmamışdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri həddində qətnamənin mübahisələndirilən hissədə qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi qanunvericliyin tələblərinə uyğun olaraq bağlanılmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh həmin müqaviləyə əsasən öhdəliklərini yerinə yetirməmiş və bu səbəbdən də Cavabdeh1 iddiaçıya kredit müqaviləsinə əsasən borcu yaranmışdır. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını Cavabdeh1 tələb etməkdə haqlıdır. Habelə cərimə tələbi tərəflər arasında bağlanılmış kredit müqaviləsindən irəli gəlir. Yəni, həmin müqavilələrin 6.1.3-cü bəndinə əsasən ödəəniş şərtlərinə əməl olunmadığı halda hər bir gecikdirilmiş günə görə ödənilməyən borc məbləğinin 0,1 faizi həcmində cərimə ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 200 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə və sahibkarlıq fəaliyyətinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə digər Cavabdeh2 mülki məsuliyyətinə münasibət bildirərək qeyd edir ki, öhdəlik zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqaviləsindən görünür ki, əsas öhdəliyin icrası vaxtı xx.xx.2021-ci il tarixdə başa çatmış, lakin iddiaçı xx.xx.2024-cü il tarixdə icra edilməmiş öhdəlik üzrə zamin Cavabdeh2 qarşı iddia irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. MM-in 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Beləliklə, iddiaçının apellyasiya şikayətində göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Habelə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Həmçinin MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Şirvan Kommersiya Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli 2-2(121)-384/2024 saylı qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün konkret əsaslar müəyyən edilmir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 386, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli 2-2(121)-384/2024 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-209/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-209/2024
24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver