Məhkəmə qərarları › İş №2-2(106)-217/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-217/2024

23.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-217/2024 23.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X10 Tərlan oğlunun sədrliyi ilə, X oğlu və X6 ibarət məhkəmə tərkibində, İddiaçı "xxxx" Açiq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Şirkəti X5 qarşı kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-3662/2024 saylı 26 noyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: "xxxx" ASC "xxxx" Şirkətinə və X5 qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək "xxxx" Şirkəti və müəssisənin təsisçisi və direktoru X5 məxsus obyektlərə dair mülki hüquqi müqavilələrin bağlanmasının cavabdehlərə qadağan edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli AZ/037244 saylı “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” şəhadətnaməsi ilə X2 mülkiyyətində olan Saatlı şəhəri Heydər Əliyev prospekti ünvanında yerləşən daşınar əmlaka sığorta təminatı verilmişdir. 18 oktyabr 2015-ci il tarixində Saatlı şəhəri Heydər Əliyev prospekti ünvanında yerləşən "xxxx" şirkətinə ticarət mərkəzində yanğın hadisəsi baş vermişdir. Hadisə nəticəsində X3 məxsus daşınar əmlaka 47527 manat məbləğdə real zərər dəymişdir. Baş vermiş hadisə ilə bağlı 1361/FŞ//Fİ-082/2015-2016 nömrəli sığorta aktına əsasən X3 23760 manat məbləğdə sığorta ödənişi ödənilmişdir. Onlar tərəfndən Şirvan Kommersiya Məhkəməsində cavabdehlər "xxxx" şirkətinə və X8 qarşı cavabdehlərdən 41196 manat pulun, 200 manat mediasiya xərcinin və 13,59 manat dövlət rüsumunun, ümumilikdə 41409,59 manat məbləğində pulun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə iddia qaldırılmış, Şirvan Kommersiya Məhkəməsinin 10 oktyabr 2023cü il tarixli 2-2(121)-334/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X1 qaydasında ödənilmiş pul vəsaitinin əvəzi olaraq 41196 manat məbləğində pul, 200 manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13,59 manat olmaqla, ümumilikdə 41409,59 manat məbləğində pulun tutularaq "xxxx" ASC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi və ekspertiza tədqiqatının dəyəri olan 100 manatın iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. "xxxx" ASC tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(106)-25/2024 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Şirvan Kommersiya Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2-2(121)- 334/2023 saylı qətnaməsinin mübahisələndirilən – iddianın "xxxx" Şirkətinə qarşı təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməsi, "xxxx" şirkətindən və X1 qaydasında ödənilmiş pul vəsaitinin əvəzi olaraq 41196 manat, mediasiya xərcinin əvəzi olaraq 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13,59 manat, ümumilikdə 41409 manat 59 qəpik məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. "xxxx" Şirkəti tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmişdir, Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-2(102)-402/2024 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(106)-25/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra "xxxx" ASC tərəfindən ödənilmiş 23760 (iyirmi üç min yeddi yüz altmış) manat məbləğində sığorta ödənişinin subroqasiya tələbi qaydasında cavabdeh "xxxx" Şirkəti və müəssisənin təsisçisi və direktoru X4 tutulmasına dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişik. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-2124/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" Şirkətindən 23760 manat məbləğində sığorta ödənişinin və 161,28 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Mülki Məcəllənin 7.1-ci maddəsinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin Məcəllənin 936-cı maddəsi subroqasiya hüququnu təsbit edir və sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən, həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququnu təsbit edir. İddiaçı "xxxx" ASC-nin subroqasiya hüququndan istifadə etməsi nəticəsində ona geri qayıtmalı olan sığorta ödənişi məbləği iddiaçının mülkiyyətidir. Bu baxımdan cavabdehlər tərəfindən əmlaklarının satışı və ya həmin əmlaklar üzərində sərəncam verilməsinə dair başqa mülki hüquqi müqavilələrin bağlanması gələcəkdə təmin edilməsi gözlənilən iddia tələbi üzrə tutmanın həmin əmlaklara yönəldilməsi imkanını aradan qaldırır və iddiaçının mülkiyyət hüquqlarını pozur. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-3662/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" Şirkətinə və X5 qarşı “Əmlaklara dair mülki hüquqi müqavilələrin bağlanmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi, iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Qərardadda göstərilmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə cavabdehlər arasında hüquqi mübahisə pul tələbi ilə əlaqədar olmuş və bu mübahisəyə müvafiq məhkəmələr tərəfindən hüquqi qiymət verilmişdir. Hazırkı iddianın faktiki hüquqi əsasını cavabdehlər tərəfindən əmlaklarının satışı və ya həmin əmlaklar üzərində sərəncam verilməsinə dair başqa mülki hüquqi müqavilələrin bağlanması gələcəkdə iddia tələbi üzrə tutmanın həmin əmlaklara yönəldilməsi imkanını aradan qaldırması və bununla da iddiaçının hüquqlarının pozulmasını təşkil edir. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddia ərizəsindən və ona əlavə edilmiş sənədləri nəzərdən keçirdikdə aydın olur ki, hazırkı iddia üzrə iddiaçı ilə cavabdeh arasında mövcud olmuş mübahisəyə artıq müvafiq məhkəmə aktları ilə hüquqi qiymət verilmişdir. Hazırkı iddia isə iddiaçının artıq təmin edilmiş tələblərinin icrasını təmin etmək məqsədi ilə qaldırılmışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra sənədi üzrə icra məmurunun məcburi icra tədbirləri görmək, o cümlədən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi hüququ vardır. Eyni zamanda icra sənədi üzrə tərəflərin icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbi qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrası ilə əlaqədardır və iddiaçının müvafiq məhkəmə aktının icrası ilə bağlı həmin məhkəmə aktının icrasını həyata keçirən icra məmuruna müraciət etmək hüququ vardır. Bundan başqa, məhkəmə qeyd edir ki, MPM-in Xİİİ fəslində müvəqqəti təminat tədbirləri nəzərdə tutulmuşdur. Müvafiq əsaslar olduqda maraqlı şəxslər həmin tədbirlərin tətbiqi ilə bağlı məhkəməyə müraciət edə bilər. Lakin bu müraciət iddia icraatı qaydasında iddia ərizəsi ilə deyil, MPM-in 157-ci maddəsinin tələbi nəzərə alınmaqla ərizə ilə mümkündür. İddiaçı "xxxx" ASC-nin şikayət ilə məhkəməyə müraciət edərək Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-3662/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və iddia ərizəsini icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə yalnış olaraq iddia ərizəsini icraata götürməmişdir. Belə ki, iddia tələbində göstərilən tədbirlərin (mülki hüquqi xarakterli əqdlərin bağlanmasının qadağan edilməsi) həm də “İcra haqqında” Qanunda qətnamənin məcburi icrası qaydasında həyata keçirilməsinin nəzərdə tutulması tələbə iddia icraatı qaydasında baxılmasına mane olmur və qanunvericilikdə də belə bir hal nəzərdə tutulmamışdır. Məhkəmə göstərilən qərardadı çıxarmaqla iddiaçının məhkəməyə müraciət etmək hüquqlarını pozmuşdur. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-3662/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" ASC-nin şikayətinin təmin edilməməsi, Şirvan Kommersiya Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması və həmin qərardaddan "xxxx" ASC tərəfindən verilmiş şikayətin işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını yazılı icraat qaydasında nəzərdən keçirib hesab edir ki, iddiaçının şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 2- 2(121)-3662/2024 saylı 26 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı mövqeyi ilə razıdır və birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının hər hansı pozuntusuna yol verilməsini aşkar etmir. Kollegiya qeyd edir ki, məhkəmə qanunvericiliyin tələblərindən kənara çıxa bilməz və iddiaçının şikayətində qeyd etdikləri formal dəlillərdən ibarət olub mövcud qərardadın ləğvi üçün əsas ola bilməz. Belə ki, “İcra haqqında” Qanun Azərbaycan Respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və kommersiya mübahisələrinə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariusun icra qeydlərinin, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir. Habelə həmin Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu baxımdan Qanunun İİİ və İV fəsillərində Məcburi icra tədbirləri və onların tətbiqinin əsasları, həmçinin tələbin borclunun əmlakına yönəldilməsi qaydası nəzərdə tutulmuşdur. Adıçəkilnə qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. MPM-nin 234.1-ci maddəsiə əsasən Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Məhkəmə kollegiyası eyni zamanda diqqətə çatdırır ki, hər bir şəxs qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Şəxsin məhkəməyə müraciət etdiyi andan məhkəmə müdafiəsi hüququ başlanır. Ədalətli məhkəmə araşdırılması, şəxsin sonradan əsassız məhkəmə çəkişməsinə cəlb edilməsinin qarşısının alınmasından ötrü iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasını hüquqi müəyyənlik prinsipi baxımından qaçılmaz edir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Bu səbəbdən də, işə baxan məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlardan kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-3662/2024 saylı 26 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar