Məhkəmə qərarları › İş №2-2(106)-22/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-22/2024

11.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-22/2024 11.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, e-2-2(121)-1190/2023 saylı qətnaməsindən (hakim E.Abdullayev) iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 55000 (əlli beş min) manat əsas borcun, əldən çıxmış fayda olaraq 4400 (dörd min dörd yüz) manat pulun, vəkilə ödənilən 150 (yüz əlli) manat pulun, mediasiya xərci üçün ödənilmiş 400 (dörd yüz) manat pulun ümumilikdə 59.950 (əlli doqquz min doqquz yüz əlli) manat pul vəsaitinin alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhərində yaşayır və sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Cavabdeh onun tələbə yoldaşıdır və aralarında səmimi münasibət olmuşdur. 2018-ci ilin əvvəllərində cavabdeh ona 28 May metro stansiyasının yaxınlığında icarəyə mağaza götürüb mobil telefonların alqı-satqısı ilə məşğul olmağı təklif etmişdir. Cavabdeh ona telefon satışında yaxşı qazanc olduğunu bildirərək ortaqlıq təklif etmiş və ortaq olaraq 10.000 (on min) manat pul istəmişdir ki, satmaq üçün əlavə telefonlar alıb mağazaya gətirsin. O, da Asifin səmimiyyətinə inanaraq 2018-ci ilin əvvəllərində 28 May metrostansiyasının yaxınlığında işlədiyi mağazada Asifə 7.000 (yeddi min) manat pul vermişdir. Həmin vaxtdan şərik kimi onun yanında olmuşdur. Asif ona işlərin yaxşı getdiyi üçün əlavə pul qoyub al-veri daha da böyütmək istədiyini bildirmişdir. O, Asifin sözlərinə inanaraq mağazada telefon və aksessuar çeşidinin çoxalması üçün iki ay ərzində Asifə ümumilikdə 60.000 (altmış min) manat pul verdikdən sonra Asif mağazaya müxtəlif çeşidli telefonlar gətirmişdir. Mağazada bütün satış işlərini Asif özü həyata keçirmişdir. Bundan sonra təxminən 6 ay ərzində ümumi qazancdan 2.000 (iki min) manat olmaqla təxminən 15.000 (on beş min) manat pul götürmüş və götürdüyü pulun hesabı da Asif tərəfindən aparılmış və öz hesabat kitabında tarixlərin qeydini aparmışdır. 2018-ci ilin iyul ayında cavabdeh kredit götürmüş və o da cavabdehə zamin kimi kreditin götürülməsində iştirak etmişdir. Krediti cavabdeh öz məqsədlərinə istifadə etmişdir. 2020ci ilin əvvəllərində Covid-19 pandemiyası ilə bağlı mağazada satış azalmış və o, Asifdən heç bir qazanc tələb etməmişdir. Asiflə şərikli iş fəaliyyətinin zəif olduğunu görüb özü müstəqil fəaliyyətlə məşğul olmuşdur. Özü üçün geyim əşyaları mağazası açmışdır. Asifin də bu barədə məlumatı olmuşdur. Asif şərik olmaq üçün verdiyi 60.000 (altmış min) manat pulu hissə-hissə qaytaracağını ona söz vermişdir. O, da Asifə inanaraq öz işi ilə məşğul olmuşdur. Asiflə iş birliyi təxminən 6 ay olmuşdur. Şəriklikdən ayrılarkən hər-hansı məbləğin Asifin ona qaytarması barədə danışığı olmamışdır və oturub haq- hesab etməmişlər. Lakin Asif 60.000 (altmış min) manat borcunu müxtəlif vaxtlarda qaytaracağına söz versə də, vədinə əməl etməmişdir. Nəticədə Asif aralarında yaranmış səmimi münasibətdən istifadə edərək onu aldatmış və pulu qaytarmaq fikrindən yayınmışdır. Bu məsələ ilə əlaqədar məcbur olaraq Bakı şəhəri Baş Polis İdarəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində onun ərizəsi əsasında araşdırma aparılmış, onların izahatları alınmışdır. Qeyd olunan məlumatların doğru olmasını Nəsimi Rayon Polis İdarəsinin 22-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Orxan Qurbanovun xx.xx.2021-ci il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə sübut etmək olar. Cavabdeh izahatında iddiaçının dediklərini təsdiq edərək bildirmişdir ki, 2000-ci ildən Bakı şəhərində sahibkar kimi mobil telefonların satışı ilə məşğul olmuş, yaxın münasibətləri olduğu üçün o, Araza telefon satışında yaxşı qazanc olduğunu bildirmiş pul qoyaraq şərik kimi fəaliyyət göstərməyi təklif etmiş, İddiaçı da bununla razılaşaraq ilkin olaraq telefonların gətirilməsi üçün 7000 (yeddi min) manat pul vəsaiti vermiş,bir müddət sonra dövriyyə artsın deyə əlavə olaraq 48.000 manat olmaqla ümumilikdə ona 55000 manat pul vəsaiti vermişdir. İzahatda daha sonra qeyd edilmişdir ki, bir il ərzində hər biri 23000 (iyirmi üç min) manat qazanc əldə etsədə, Arazın ona verdiyi əsas borc yəni, 55000 (əlli beş min) manat yerində qalmış, 2020-ci ilin əvvəllərində pandemiya ilə əlaqədar ticarət azalmış və Araz şərikli fəaliyyət göstərməkdən imtina etmişdir. O da Araza bildirmişdir ki, ən yaxın zaman ərzində ona olan 55000 (əlli beş min) manat borcunu hissəhissə qaytarmağı söz versə də lakin, bu günə qədər həmin borcu qaytarmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, e-2-2(121)- 1190/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 55.000 manat məbləğində əsas borc, 100 manat məbləğində vəkilə ödənilən pul və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 400 manat olmaqla, ümumilikdə 55.500 (əlli beş min beş yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin-iddianın rədd edilməsinə dair hissədə ləğv edilməsini və iddianın tam şəkildə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iddianın rədd edilmə hissəsində qanunsuzluğa yol verərək iddianın zərərin əvəzinin ödənilməsi hissəsini əsassız hesab etmişdir. Lakin bildirmək istəyirlər ki, cavabdeh öz izahatında qeyd olunan pul vəsaitini yaxın zamanda qaytaracağını bildirsə də, bilərəkdən süründürməçiliyə yol verərək pulu qaytarmamış və nəticədə iddiaçının həmin puldan digər məqsədlər üçün istifadə etməsindən məhrum etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən sübutlar araşdırılmamışdır. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə ona qarşı pul tələbinə dair işə baxarkən o, əməliyyat olunmuşdur və məhkəmə icraatından xəbərsiz olmuşdur. Şirvan Kommersiya Məhkəməsi məhkəmə iclasının vaxtı və yeri barədə onu lazımi qaydada xəbərdar etməmiş, bildirişlər səhv ünvana göndərilmiş, məhkəmə onun iştirakını təmin etmədən xx.xx.2023-cü il tarixli, e-2- 2(121)-1190/2023 saylı qətnamə çıxarmışdır. Hörmətli Məhkəmə Kollegiyası! Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri kimi hakimlər tərəfindən işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-cimaddəsinin İİ və Vİİ hissələri) . O, İddiaçı iddiasını qəbul etmir, İddiaçı ilə tələbə yoldaşı olmuşdur. Buna görə də aralarında səmimi münasibətlər yaranmışdır. Qeyd etmişdir ki, 2019-cu ildə Arazla razılığa gəlmişlər ki, telefonların alqı-satqısı ilə məşğul olaq. Həmin vaxt nə onun sahibkarlıq fəaliyyəti olmuş, nə də ki, İddiaçı telefon satışı üzrə sahibkarlıq fəaliyyəti olmamışdır, ona görə də 28 May metrostansiyasının yanında qeyri-rəsmi mağaza kirayələyərək işə başlamışlar. Bizim birgə işə başlamaqları iddiaçının dediyi kimi 2018-ci ilin əvvəllərində deyil, 2019-cu ilin noyabr ayından 2020-ci ilin fevral-mart ayınadək olmuşdur. İşə başlamaq üçün o, 23000 manat, Araz isə 6500 manat pul qoymuşduq. Həmin mağazaya bir hissəsi nağd, çox hissəsi nisyə olmaqla telefonlar və aksessuarlar gətirərək satışı ilə məşğul olmuşduq. Mağazada satışa özü nəzarət etmiş və bütün hesablar onun tərəfindən aparılmışdır. Əvvəllər şərikli alverdən Araz mağazaya qoyduğu 6500 manat da daxil olmaqla 15000 manat pul götürmüşdür. 2020-ci ilin əvvəllərindən Covid-19 pandemiyası ilə əlaqədar satış tam zəifləmişdir. Buna görə də razılığa gəlmişlər ki, şərikli alveri dayandıraq. Aralarında son haqq-hesabı aparmış, hər biri mağazaya qoyduğu vəsaiti artıqlaması ilə götürmüşlər. Araza heç bir borcu qalmamışdır. O, "xxxx" QSC-dən öz məqsədləri üçün xx.xx.2018-ci il tarixdə 60 000 manat kredit götürmüş və həmin kreditə görə İddiaçı ona bank qarşısında zamin qalmışdır. İddiaçı həmin kreditin ödənilməsində yaranmış çətinlikləri görürdü və "xxxx"QSC-in xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək İddiaçı cavabdeh qismində göstərdiyini ona verilmiş məhkəmə bildirişindən görərək qorxduğundan və özünü sığortalamaq, ondan yazılı etiraf almaq üçün planlaşdırdığı qaydada, öz şəxsi münasibətlərindən istifadə edərək Bakı şəhəri, Baş Polis İdarəsinə rəsmi ərizə ilə müraciət edərək ondan 60000 manat pul tələb etmişdir. İddiaçı ərizəsi əsasında onu Bakı şəhəri, Baş Polis İdarəsinə çağırıb pulu tələb etdilər. Həmin vaxt ona təzyiqlər oldu, həbs ediləcəyi, pulu ödəməsə polisdə saxlanılacağı və barəsinmdə cinayət işi qaldırılacağı ilə hədələnmiş və həmin vaxt cərrahi əməliyyatdan yeni çıxdığı və həmin günü polis zorakılığından qurtarmaq üçün məcbur olub onların tələb etdiyi istədikləri izahatı yazmışdır ki, polisdən çıxıb evinə gedə bilsin. Ərizədə göstərilən 60000 min manat pulun "xxxx"QSC-dən götürülməsi, həmin pulun "xxxx"QSC-nin tələb etməsi və həmin işdə İddiaçı cavabdeh kimi tanınması, Şirvan Kommersiya Məhkəməsinin icraatında olmuş e-2-2(121)-26/2023 nömrəli kommersiya iş materiallarında təsdiq edilir. Bunlara əsasən də, məhkəmə tərəfindən müəyyən edilmiş bütün hallar qanunvericiliyin tələblərinə uyğun araşdırılmamış və əsassız qətnamə çıxarılmışdır. Məhkəmə hansı daxili inamına əsasən iş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Orxan Qubranov tərəfindən qəbul edilmiş, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 19 mart 2021-ci il tarixli qərarında göstərilən, “aparılmış araşdırma zamanı X2 vətəndaş İddiaçı etibarından sui-istifadə edərək aldatma yolu ilə əmlakını ələ keçirib dələduzluq etməsi müəyyən edilməmişdir”, “Toplanmış materialdan görünür ki, tərəflər arasında bağlanmış şifahi razılaşmaya əsasən qazanc əldə etmək məqsədi ilə şərikli biznes fəaliyyəti ilə məşğul olmaları, birgə biznes fəaliyyətində qazanc əldə etmələri, daha sonra birgə biznes fəaliyyətlərin iflasa uğraması, bu səbəbdən İddiaçı şərikli qoyduğu pul vəsaitini geri tələb etməsi xüsusatı cinayət xarakterli deyil, mülki mübahisə predmeti olduğundan öz həllini mülki qaydada məhkəmədə tapmalıdır ifadələrini və iş materiallarında olan “Cavabdeh Bakı şəhər Baş Polis İdarəsində yazdığı xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o, İddiaçı 55.000 manat borcunun qaldığını və hissə-hissə ödəyəciyini bildirmişdir” izahatını, hansı səbəb və əsasla sübut olaraq əsaslı saydığını və qanunun hansı normasına istinad etdiyini qətnamədə əsaslandırmamışdır. Bildirir ki, CPM-nin 207-ci maddəsində Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlara baxılması qaydası göstərilmişdir. 207.1.2-ci maddəyə əsasən, zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən,ekspertin rəyinin alınması ilə əlaqədar isə 20 (iyirmi) gündən, artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparılmalı və qərar qəbul olunmalıdır . Lakin həmin təhqiqat materialıqanunvericiliyin tələbinə əsasən əsassız olaraq icraatda saxlanılmış, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 19 mart 2021-ci il tarixdə qərar qəbul olunmuşdur. Şübhə doğuran məqam odur ki, əgər məhkəmə iş üzrə Bakı şəhər Baş Polis İdarəsində yazdığım xx.xx.2021-ci il tarixli izahatda İddiaçı 55.000 manat borcumun qaldığını və hissə-hissə ödəyəciyimi, göstərən izahatı subut kimi qəbul edəcəkdisə həmin izahatın əldə olunma hallarını, həmin izahat alınarkan qanunvericiliyin tələblərinə əməl edilib edilmədiyini, izahatın məhz polis idarəsində alınma səbəb və əsaslarını tam, ətraflı və obyektiv yoxlamalı, həmin izahatın möhtəbərliyinə tam əmin olmaq üçün Bakı şəhər Baş Polis İdarəsindən və Nəsimi RPİ-nin 22-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Orxan Qurbanov, icraatında olan İddiaçı ərizəsi əsasında toplanmış 1 saylı kitabda HK- 293 nömrə ilə qeydə alınmış materialı tələb edib nəzərdən keçirilib yoxlamalı idi ki, sübut olaraq qəbul etsin. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 vermiş olduqları apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, cavabdeh tərəfin apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməməsi hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 vermiş olduqları apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, iddiaçı tərəfin apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin əlavə olaraq göstərmişdir ki, 19 mart 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarını indiyədək mübahisələndirməmişlər. Həmçinin bu barədə digər dövlət orqanlarına da şikayət ərizəsi ilə müraciət etməmişlər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissədə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını, cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etməklə iddiaçı qətnaməni qismən, cavabdeh qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddiaçıya münasibətdə iddianın təmin edilməyən hissəsi üzrə, cavabdehə münasibətdə tam apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Kommersiya işinə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmaına dair” 09 iyul 2009-cu il tarixli plenumunun qərarında qeyd edilmişdir ki, Azərbaycan Resoublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin "ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı və cavabdeh tərəfin apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan Cavabdeh Bakı şəhər Baş Polis İdarəsində yazdığı xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, o, İddiaçı 55.000 manat borcunun qaldığını və hissə-hissə ödəyəciyini bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Orxan Qubranov tərəfindən qəbul edilmiş "Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 19 mart 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı X2 vətəndaş İddiaçı etibarından sui-istifadə edərək aldatma yolu ilə əmlakını ələ keçirib dələduzluq etməsi müəyyən edilməmişdir. Toplanmış materialdan görünür ki, tərəflər arasında bağlanmış şifahi razılaşmaya əsasən qazanc əldə etmək məqsədi ilə şərikli biznes fəaliyyəti ilə məşğul olmaları, birgə biznes fəaliyyətində qazanc əldə etmələri, daha sonra birgə biznes fəaliyyətlərin iflasa uğraması, bu səbəbdən İddiaçı şərikli qoyduğu pul vəsaitini geri tələb etməsi xüsusatı cinayət xarakterli deyil, mülki mübahisə predmeti olduğundan öz həllini mülki qaydada məhkəmədə tapmalıdır. İş materiallarında olan "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İşin hallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsindən hər iki tərəf apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdeh öz izahatında qeyd olunan pul vəsaitini yaxın zamanda qaytaracağını bildirsə də, bilərəkdən süründürməçiliyə yol verərək pulu qaytarmamış və nəticədə iddiaçının həmin puldan digər məqsədlər üçün istifadə etməsindən məhrum etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən sübutlar araşdırılmamışdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, tərəflər arasında yazılı razılaşma olmamışdır, həmçinin cavabdeh qeyd edilən pul vəsaitindən hər hansı gəlir əldə etməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Belə olan halda da, cavabdehin də mənafeləri nəzərə alınmalıdır və ondan pul vəsaitlərinin tutulması əsassızdır. Beləliklə, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Cavabdeh verdiyi apellyasiya şikayətində ona təzyiq edilməklə, Polis İdarəsində izahatlarının alındığını bildirmiş, iddiaçıya qeyd edilən məbləğdə borcunun olmasına dair izahatının iddianın əsası kimi qəbul edilməsini əsassız hesab etmişdir. Həmçinin cavabdeh tərəf 19 mart 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarını indiyədək mübahisələndirməmiş, bu barədə digər dövlət orqanlarına da şikayət ərizəsi ilə müraciət etməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və qeyd edir ki, cavabdeh izahatı təzyiq altında vermişdirsə, ən azından həmin qərardan şikayət verə bilərdi. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin də apellyasiya şikayətlərinin dəlilləri əsassızdır, heç bir mötəbər sübutla təsdiq edilmir. Buna görə də kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində göstərilənlər qətnamənin ləğv edilməsi üçün əsas deyil, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İşdən göründüyü kimi iddiaçının qətnaməni mübahisələndirilən hissəsinin dəyəri 4400 manatdır. Belə olan halda iddiaçının qətnamədən kassasiya şikayəti vermək hüququ müəyyən edilmir və verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, e-2-2(121)- 1190/2023 saylı qətnaməsi iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar