Məhkəmə qərarları › İş №2-2(106)-224/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-224/2025

15.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-224/2025 15.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X8 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 11 iyul 2025-ci il tarixli e-2-2(121)-1140/2025 saylı qətnaməsindən (hakim R.Nəbiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 25000 manat maddi ziyanın əvəzinin və 165 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbini dəqiqləşdirərək 1332021.32 (bir milyon üç yüz otuz iki min iyirmi bir rubl 32 qəpik) rubl maddi ziyanın günün manat məzənnəsinə uyğun olaraq və 165 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının vətəndaşı, fərdi sahibkar İddiaçı ilə Rusiya Federasiyası Moskva əyaləti, Q.Dmitrov, R.P.Nekrasovskiy, MKR, Stroyiteley 20 ünvanında qeydiyyata alınmış "xxxx" MMC arasında metal boruların alqı satqısı aparılmışdır. Metal boruların ümumi dəyəri 1332021,32 (bir milyon üç yüz otuz iki min iyirmi bir rubl 32 qəpik) rubl, yəni Azərbaycan manatı ilə 25000 manat pul Azərbaycan Respublikasının vətəndaşı, fərdi sahibkar İddiaçı tərəfindən satıcıya tam şəkildə ödənilmişdir. Alqı-satqıdan sonra metal boruların Azərbaycan Respublikasına nəql olunması üçün "xxxx" MMC ilə razılıq əldə olunmuş və metal borular "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə MMC-nin rəsmi tabeliyində olan yük maşınına yüklənərək Azərbaycana yola salınmışdır. Nəqliyyat vasitəsinin yüklənərək Bakı şəhərinə göndərilməsindən artıq 4 aya yaxın vaxt keçməsinə baxmayaraq sahibkara məxsus yükün çatdırılması bu günə qədər icrasız qalmışdır. Cavabdeh MMC-nin vəkili, eyni zamanda etibarnamə üzrə nümayəndəsi iddia tələbinin əsassızlığı ilə bağlı yazılı mülahizələrini təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Mülahizələrdə bildirilir ki, cavabdeh iddianı qəbul etmir və hesab edir ki, rədd edilməlidir. Əvvəla iddiaçı ilə Cavabdeh MMC arasında yük daşınması ilə bağlı heç bir münasibət yaranmamışdır. Keçirilmiş bütün məhkəmə iclaslarında iddiaçıya və onun nümayəndəsinə verilmiş suallara cavab olaraq dəfələrlə yükün itdiyi məlum olanadək Cavabdeh MMC-ni tanımadığını, ümumiyyətlə cavabdehlə heç bir yük daşınması ilə bağlı müqavilə bağlamadığını, əksinə bu vaxtadək onun bütün yüklərini "xxxx" MMC adlı bir şirkət tərəfindən daşındığını, onlarla arasında müqavilə olduğunu və sonuncu yükün daşınmasını da onların təşkil etdiyini bildirmişdir. İddiaçının ifadələri belə cavabdehlə aralarında heç vaxt yük daşıma ilə bağlı münasibətlərin yaranmadığını təsdiq edir. Bundan başqa Abşeron rayon Polis İdarəsində istintaqı aparılan cinayət işi üzrə avtomobilin sahibi X10 bildirmişdir ki, yükü daşıyan avtomobil ona məxsusdur və Bəxtiyar Qarayev adlı sürücü ilə öz aralarında yükün daşınması barədə razılaşmış, sonuncu isə həmin yükü satmışdır. Eyni zamanda avtomobilin sürücüsü olan (cavabdeh şirkətlə heç bir bağlılığı yoxdur, işçisi deyildir) Bəxtiyar Qarayev də izahatında bildirmişdir ki, ona yükün götürülməsi tapşırığını Tural Qasımov vermişdir. Həm avtomobilin sahibi, həm də sürücüsü izahatlarında yükün Cavabdeh MMC-nin sifarişi olmadan, ümumiyyətlə xəbəri və məlumatı olmadan götürdüklərini qəbul etmişlər. Mülki hüquq və vəzifələrin yaranmasının əsası müqavilələr və zərərin vurulması ilə bağlı digər hərəkətlərdir. Hazırki iş üzrə tərəflər arasında heç bir müqavilə bağlanmamış, hər hansı bir zərər vurulmamışdır. İddia tələbindən də göründüyü kimi yük Rusiya Federasiyasının ərazisində təhvil verilmişdir və həmin yükün Gömrükdən keçirilməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı bir rəsmiləşdirmə işi aparılmamışdır. Yükü götürən sürücü və avtomobilin sahibi yükün qəbul edilməsi, daşınması və çatdırılması öhdəliyini öz üzərinə götürmüşlər. Hesab edirəm ki, həm avtomobilin sahibi, həm də sürücü ilə yanaşı burada iddiaçının da səhvi vardır. Belə ki, o izahatlarında dəfələrlə qeyd etmişdir ki, onun yüklərini həmişə daşıyan şirkət "xxxx" MMC olmuşdur və mübahisəli yükün daşınmasını da onlar təşkil etmişlər. Burada iddiaçının əsas niyyəti işlədiyi şirkəti aradan çıxarmaqla bütün məsuliyyəti heç nədən xəbəri olmayan cavabdeh MMC-nin üzərinə atmaqdır. Lakin nəzərə almaq lazımdır ki, nə qanunvericiliyimiz, nədə ədalət anlayışı belə bir saxtalaşdırmanın, təqsir olmadan daşımanın məhkəmə qərarı əsasında təsdiqlənməsinə yol verə bilməz. Ədalətli məhkəmə araşdırması nəticəsində məhkəmə tərəfindən müəyyən edilən hal ondan ibarətdir ki, faktiki olaraq iddiaçı yükün daşınmasını "xxxx" MMC-yə həvalə etmiş, bundan sonra avtomobilin sahibi (mülkiyyətçisi) olan X2 Qarayev adlı şəxslə əlaqəyə girərək yükün daşınmasını təşkil etməyə çalışmış, sonuncu isə həmin yükü itirmişdir. Bütün bu proseslərdə cavabdehin heç bir məlumatı və təqsiri olmamışdır. İddiaçının istinad etdiyi iki əsas məqam vardır ki, bunlardan biri mübahisəli avtomobilin cavabdeh şirkətə icarə müqaviləsi əsasında verilməsi və yük daşınması ilə bağlı CMR-də “Profitransport” yazısı olan ştampın vurulmasıdır. İcarə müqaviləsi ilə bağlı bildirmək istəyirəm ki, qeyd edilən avtomobillə bağlı avtomobilin sahibi X10 ilə icarə müqaviləsi bağlansa da, avtomobil sonuncunun özündə olmuş və yükün daşınmasını o, özü həyata keçirmişdir. İcarə müqaviləsinin bağlanması məsuliyyətin yaranması üçün əsas ola bilməz. Belə ki, bütün sənədlərlə və izahatlarla müəyyən olunur ki, cavabdeh MMC-nin qeyd edilən yükün varlığından və daşınmasından xəbəri olmamışdır. İkinci isə CMR aktında olan ştampla bağlıdır ki, qeyd edilən ştamp bizə məxsus deyildir və kim tərəfindən vurulması barədə məlumatımız yoxdur. Çünki bu möhür deyildir ki, iddiaçıda saxlanılsın, bu sadəcə olaraq ştampdır və saxtalaşdırılması çox asandır. Burada əsas diqqət edilməli məqam məhz CMR aktındakı imzadır ki, bu da Bəxtiyar Qarayev adlı şəxsə məxsusdur və sonuncunun da cavabdeh şirkətlə heç bir bağlılığı yoxdur. Eyni zamanda məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, hazırkı işdən müəyyən edilir ki, iddiaçının hazırki iddia ilə cavabdehə qarşı məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək təmin olunmasını xahiş etmiş, izahatında əlavə olaraq göstərmişdir ki, onunla "xxxx" MMC arasında yükün daşınması barədə müqavilə bağlanmış və əvvəllər ona məxsus yüklər "xxxx" MMC tərəfindən daşınmışdır. Lakin, "xxxx" MMC-dən aldığı metal boruları daşınması üçün ilk öncə başqa şirkətlərə müraciət etmişlər, lakin boş maşın tapmaq mümkün olmamış, sonra başqa şəxslərin vasitəçiliyi ilə “Profi Transport" MMC tərəfindən daşınması barədə razılığa gəlinmişdir. O, “Profi Transport" MMC ilə şəxsən əlaqə saxlamamışdır. Tanışlar vasitəsilə şifahi razılaşma əldə olduğuna görə, sonradan bilmişdir ki, onun yükü “Profi Transport" MMC-nin tabeliyində olan yük maşını ilə gətiriləcəkdir. Yük təyinat yerinə çatdırıldıqdan sonra yükün daşınmasına görə 1750 ABŞ dolları ödəyəcəkdi. Əvvəlcədən ödəniş etməmişdir. Hesab edir ki, yükün təyinat yerinə çatdırılması məsuliyyəti cavabdehin üzərinə düşür. Cavabdeh MMC-nin vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək, təqdim etdiyi yazılı mülahizələrin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verib, iddianın rədd edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 11 iyul 2025-ci il tarixli e-2-2(121)-1140/2025 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya qarşı verilən yazılı etiraz və mülahizələrin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsində sadalanmışdır. Lakin məhkəmə mülki qanunvericiliyin tələblərinə əhəmiyyət vermədən pulun tutulması tələbinə dair iddianı zərər vurulması ilə heç bir bağlılığı olmayan cavabdehə qarşı təmin etməklə səhvə yol vermişdir. Məhkəmə yükü daşıdığı iddia edilən avtomobilin sahibi ilə cavabdeh arasında icarə müqaviləsinin olmasına istinad edərək məsuliyyətin cavabdehdə olması qənaətinə gəlmişdir. Burada məhkəmənin səhvi ondan ibarətdir ki, avtomobilin mülkiyyətçisi ilə cavabdeh arasında icarə müqaviləsi imzalansa da, faktiki olaraq avtomobil mülkiyyətiçisində olmuş, həm onun, həm də sürücünün cinayət işi üzrə araşdırma zamanı verdikləri izahatlarla, həm də iddiaçının məhkəmə iclasında verdiyi izahatla müəyyən olunmuşdur ki, qeyd edilən yükün daşınmasını mülkiyyətçi öz üzərinə götürmüş, o, sürücü ilə (hansıki, sürücünün cavabdeh şirkətlə heç bir bağlılığı yoxdur və cavabdehin işçisi deyildir) danışmış və yükün təhvil alınmasını ona tapşırmışdır. Buradan belə görünür ki, cavabdeh təşkilatın burada zərər vurulmasına şərait yaradan heç bir təqsirli hərəkəti olmamışdır. Mülki Məcəlləsinin 21.3-cü maddəsinin tələblərinə də məhkəmə düzgün hüquqi qiymət vermədən əleyhlərinə və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, Abşeron rayon Polis İdarəsində istintaqı aparılan cinayət işi üzrə avtomobilin sahibi X10 bildirmişdir ki, yükü daşıyan avtomobil ona məxsusdur və Bəxtiyar Qarayev adlı sürücü ilə öz aralarında yükün daşınması barədə razılaşmış, sonuncu isə həmin yükü satmışdır. Eyni zamanda avtomobilin sürücüsü olan (cavabdeh şirkətlə heç bir bağlılığı yoxdur, işçisi deyildir) Bəxtiyar Qarayev də izahatında bildirmişdir ki, ona yükün götürülməsi tapşırığını Tural Qasımov vermişdir. Həm avtomobilin sahibi, həm də sürücüsü izahatlarında yükün Cavabdeh MMC-nin sifarişi olmadan, ümumiyyətlə xəbəri və məlumatı olmadan götürdüklərini qəbul etmişlər. Burada məsələ sadəcə cavabdehin yükün təhvil alınmasından məlumatsız olması deyil, eyni zamanda yükün daşınması ilə bağlı hər hansı bir müqavilə bağlanmaması, ümumiyyətlə yükdaşıma münasibətlərinin yaranmamasıdır. Bundan başqa maddənin məzmunundan da göründüyü kimi vurulmuş zərərin əvəzinin tələb edilməsi üçün iki əsas hal diqqətə alınmalıdır. Bunlardan biri zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratmasıdır. Hazırki işin məhkəmə tərəfindən tam şəkildə müəyyən edilmiş halı ondan ibarət olmuşdur ki, avtomobilin mülkiyyətçisi icarə müqaviləsi bağlasa da, avtomobil onda olmuş, həmin avtomobillə yük daşınması ilə bağlı şirkətin işçisi olmayan şəxsə göstəriş və etibarnamə vermiş və hər ikisi bunu izahatları ilə təsdiq etmişlər. Bu hal isə artıq cavabdehin zərərin vurulmasına heç bir şərait yaratmadığını təsdiq edir. Lakin məhkəmə bu halı diqqətə almaq istəməmiş və nəticədə səhv hüquqi nəticəyə gəlmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1., 386.1 və 387.3-cü maddələrinin tətbiqində səhvə yol vermişdir. Belə ki, hazırki iş üzrə sadaladığı hallarla bağlı cavabdehin heç bir öhdəliyi yaranmamışdır. İddiaçıya faktiki olaraq zərər vuran şəxslər avtomobilin mülkiyyətçisi və sürücüsü olmuşdur ki, onların hərəkətləri ilə bağlı cavabdeh heç bir məsuliyyət daşıya bilməz. Bu bir daha təsdiq edir ki, məhkəmə səhvə yol vermişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi iş üzrə sübutlara obyektiv və qərəzsiz qiymət verməmiş, əksinə iddiaçının əvəzinə sübut toplamış, çəkişmə prinsipinin və ədalətli məhkəmə araşdırması prinsiplərini pozmuş, sanki iddiaçının hüquqlarını müdafiə edərcəsinə hərəkətlər etmiş, hakimə etiraz vermələrinə baxmayaraq əsassız olaraq təmin etməmiş, verdiyimiz vəsatətləri təmin etməmiş, eyni zamanda adı çəkilən "xxxx" MMC-ni, avtomobilin mülkiyyətçisini və sürücüsünü iş üzrə tərəf qismində əlavə etməmiş, hadisə ilə bağlı cinayət işi üzrə istintaq aparılmasına, həmin işin nəticəsinin hazırki işə birbaşa təsir etməsinə baxmayaraq, icraatın dayandırılması barədə vəsatətimizi də təmin etməmiş və tez-tələsik qətnamə çıxarmağa çalışmaqla hüquqlarını pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin də tələblərini pozmuş, iş üzrə məhkəmə iclasında araşdırılmış halları təhrif etməklə qətnamədə hüquqi qiymət vermişdir. Belə ki, tərəflərin hansı münasibətlərdə olmasını dəyərləndirməmiş, CMR aktındakı saxta ştampa istinad etməklə iddianı təmin etmişdir. Lakin həmin aktdakı imzaya diqqət etməmişdir. Hallbuki məhkəmənin qətnaməsində istinad etdiyi maddi hüquq normasında CMR aktının imza ilə təsdiqləndiyini qeyd etmişdir. Göründüyü kimi şirkətin işçisi olmayan şəxsin malı qəbul etməsinə və saxta ştamp vurmasına görə cavabdehin məsuliyyət daşıması anlayışı hüquqa və məntiqə uyğun gəlmir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehin vəkili, eyni zamanda nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə İddiaçı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib, iddia ərizəsinin, birinci instansiya məhkəməsində verdiyi izahatın məzmunları ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın isə rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası təfərlərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyası, Dmitrov şəhərində tərtib edilmiş **********5 nömrəli beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin (CMR) surətindən görünür ki, sahibkar İddiaçı məxsus, dəyəri 1332021,32 rubl olan yük (metal boru) daşıyıcı Cavabdeh MMC tərəfindən 53BC557/53ZB557 “dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Rusiya Federasiyası, Moskva vilayəti, Dmitrov ş., R.P.Nekrasovskiy, MKR, Stoyiteley, 20 ünvanından xx.xx.2024-cü il tarixdə yüklənir, yükün boşaldılma yeri Azərbaycan Respublikası Nəsimi rayonu, Ceyhun Səlimov, ev 16, mənzil 99-dur. “Göndərən” "xxxx" MMC, “Tapşırığı verən” "xxxx" MMC-dir. Həmin əmtəə-nəqliyyat qaiməsi (CMR) Cavabdeh MMC-nin ştampı ilə təsdiq olunmuşdur. xx.xx.2020-ci il tarixli, 459/20-П nömrəli müqavilənin və həmin müqaviləyə əlavə 204225 nömrəli Əlavənin surətindən görünür ki, “Yük Göndərən” "xxxx" MMC, “Tədarükçü” "xxxx" MMC və İddiaçı (Alıcı) arasında metal boruların alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqavilyə əsasən, Tədarükçü malı tədarük etməyi, Alıcı isə qəbul edib 1332021,32 rubl məbləğində ödəniş etməyi öz öhdəsinə götürür. **********/500701001 bəyannamədən görünür ki, malların gömrük dəyəri 1332021,32 rubl təşkil edir. xx.xx.2024-cü il tarixli “ödəniş hesabına” (№231408) əsasən ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına 1332021,32 Rusiya rublu məbləğində pul vəsaiti köçürülmüşdür. (“İcarəçi”) Cavabdeh MMC ilə (“İcarəyəverən”) X10 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 311 nömrəli “İcarə Müqaviləsi”ndən görünür ki, X10 özünə məxsus “Mercedes Aktros 1844 LS yəhərli dartıcı” markalı, 53-BC- 557 dövlət qeydiyyat nişanlı yük avtomobilini və “SCHMİTZ - yarımqoşqu” markalı, 53ZB557 dövlət qeydiyyat nişanlı yarımqoşqunu icarəyə vermişdir. Həmin müqavilənnin 4.1-ci və 4.2-ci bəndlərinə əsasən, Bu müqavilə xx.xx.2024-cü il tarixdən qüvvəyə minir və icarənin müddəti 3 il təşkil edir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilən “Nəqliyyat vasitəsinin buraxılış kartı ilə bağlı məlumat verilməsi barədə məktubuna əsasən, Cavabdeh MMC-nin müraciəti əsasında **-BC-*** dövlət qeydiyyat nişanlı avto nəqliyyat vasitəsinə xx.xx.2024-cü il tarixində beynəlxalq yükdaşımalarına dair buraxılış kartı verilmişdir. Sözügedən buraxılış kartı Cavabdeh MMC-nin müraciəti əsasında xx.xx.2024-cü il tarixində ləğv edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsininin istintaq Şöbəsinin müstəntiqi Kənan Yasinlinin xx.xx.2025-ci il tarixli, ********** saylı məktubundan görünür ki, onun trəfindən Qarayev Bəxtiyar oğlunun AR CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə istintaq aparılır. “Təqsirləndirilən şəxs qismində dindirilməsi barədə protokol”un surətindən görünür ki, X3 öz ifadəsində bildirmişdir ki, onun Bakı şəhər sakini X10 ilə ədavət və düşmənçiliyi yoxdur, onunla 2024-cü ilin avqust ayında tanışı Araz vasitəsilə tanış olmuşdur. Tural özünə məxsus X11 1844 LS yəhərli dartıcı markalı, 53-BC- 557 d.q.n avtomobilini idarə etmək üçün sürücü axtarırdı və o, Turala sürücü işlədiyini bildirmiş, sonra onlar razılaşmışlar və 2024-cü ilin avqust ayının 18-də Tural Qarayev ona məxsus avtomobili idarə etmək üçün Bəxtiyar Məmmədəli oğluna etibarnamə verərək X11 1844 LS yəhərli dartıcı markalı **-BC-*** d.q.n avtomobili Masazır rayonunda təhvil vermiş, o da, avtomobili götürdükdən sonra Sumqayıt şəhərinə gedərək orada 1 gün ərzində yük götürmüş, sonra isə xx.xx.2024-cü il tarixdə Samur keçid məntəqəsindən keçərək Moskva şəhərinə yola düşmüşdür. Onunla birlikdə 4 yük avtomobilidə eyni yükdən götürərək Moskva şəhərinə yola düşmüşlər, lakin o, yol getdiyi müddətdə onlardan ayrı düşmüşüdür. xx.xx.2024-cü il tarixdə yükü aparıb Moskva şəhərində boşaltmış, sonra Tural ona zəng edərək başqa bir yükü götürüb qayıtmağını demiş, o da, Tural dediyi ünvana gedərək yük yükləmiş, sonra Azərbaycana gəlmək üçün yola düşmüşdür. 2024-cü ilin avqust ayının təxminən 29-30-da Tambov vilayətində olan zaman axşam yeməyi yemək üçün yol kənarında dayanacaqda avtomobilini saxlamış, orada 3 dənə başqa Tırında dayandığını görmüş, o həmin şəxslərə yaxınlaşmış və onlarla danışan zaman həmin şəxslərin erməni olduğunu görmüş, onu yeməyə dəvət etmişlər, o da onlarla razılaşaraq oturub birlikdə yemək yemiş, sonra onlar ona qumar oynamağı təklif etmişlər o da onlarla razılaşmış, onlar birlikdə qumar oynamış və həmin zaman onlarla birlikdə konyak içmiş, 3-cü stəkan konyakı içdikdən sonra o heç nəyi xatırlamır, birdə iki gün sonra idarə etdiyi avtomobilin kabinasında oyanmışdır. O, avtomobildən düşüb baxdıqda, avtomobilin qoşqusunun yerində olmadığını görmüş, Sonra mobil telefonuna baxmış və orada Aşot adlı şəxsin mobil nömrəsini görmüş, o, Aşota zəng eləmiş və avtomobilin yükünün harada olmasını soruşmuş, o da onun yanında olan şəxsə yükü bağışladığını demiş, o isə, elə bir şey olmadığını, onun sərxoş olduğunu demiş və Aşota yükün harada olmasını soruşmuş, o da yükün yerini votsapla atmış, lakin sonra qərara gəlmişdir ki, Qazaxıstana gedsin və Azərbaycana qayıtmasın, buna görədə Qazaxıstana getmiş və orada olan tanışları vasitəsilə avtomobilin ön hissəsini də 2000 dollara satmış, həmin vaxtdan etibarən Qazaxıstanda və Gürcüstanda olmuş, lakin sonra qərara gəlmiş ki, Azərbaycana qayıdaraq avtomobilin sahibi ilə razılaşsın, Azərbaycana gələn zaman aeroportda polislər tərəfindən saxlanılmışdır. Tural Qasımovun AR DİN-nə E-müraciətin surətindən görünür ki, müraciətində ona məxsus olan Mercedes Aktros markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili X1 işlətmək məqsədilə yalnız sürmək və yükü aparıb boşaldıb ordan aparmaq üçün etibarnamə verdiyini, lakin həmin şəxs yükü boşaldıb, sonra Bakıya yük götürməli olduğu halda, yükü Moskvada satmış, sonra maşınla Qazaxıstan Respublikasına getmiş və maşını da Qazaxıstan Respublikasında satdığını bildirmişdir. Şirvan Kommersiya Məhkəməsi tərəfindən 05 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı şəhər Baş Gömrük İdarəsinə “Mercedes Benz” ACTROS 1844LS markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı və yarımqoşqu **-ZB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətlərdə ölkə daxilindən, ölkə xaricinə yük daşıma fəaliyyəti həyata keçirilib keçirilməməsi, əgər yük daşıma fəailyyəti qeyd edilən müddətlərdə həyata keçirilmişdirsə aparılan gömrük rəsmiləşdirilməsinə dair sənədlərin məhkəməyə təqdim olunması ilə bağlı verilmiş sorğu əsasında məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, 53BC557/53ZB557 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin məktubda qeyd olunan tarixlər aralığında “Samur” gömrük postundan ölkə ərazisindən kənara buraxılışı xx.xx.2024-cü il tarixində, saat 16:27 radələrində və xx.xx.2024-cü il tarixində, saat 02:13 radələrində həyata keçirilmişdir. Nəqliyyat vasitəsinin müvafiq buraxılış kartına dair məlumatların əldə olunması mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli cavab məktubuna əlavə edilmiş gömrük rəsmiləşdirilməsinə dair sənədlərdən görünür ki, 53BC557/53ZB557 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində “Samur” gömrük postundan ölkə ərazisindən kənara buraxılarkən gömrük rəsmiləşdirilməsinə təqdim olunmuş əmtəənəqliyyat qaimələrində (CMR) üzərində Cavabdeh LLC” yazıları olan ştempeldən istifadə olunmuşdur. ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 165 manat dövlət rüsumu ödənilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir, 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur, 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir, 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, 82.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir, 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır, 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə eyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 850.1-ci maddəsinə əsasən, Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 850.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 851-ci maddəsinə əsasən, yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. 852.1 və 852.2-ci maddələrinə əsasən, ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. 854.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: 854.1.1. yük göndərən ilə daşıyıcı arasında müqavilə; 854.1.2. bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; 854.1.3. yük alan tərəfindən yükün qəbul edilməsi; 854.1.4. müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeydşərtlər; 854.1.5. yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; 854.1.6. daşıyıcının yükə girov hüququ 854.7-ci maddəsinə əsasən, qaimənin tərtib edilmədiyi, yaxud yanlış və ya natamam tərtib edildiyi, yaxud itirildiyi halda da yük daşınması müqaviləsi qüvvədə olur. Müqavilənin iştirakçıları yük daşınması haqqında şərtləşdirdikləri müqavilənin mövcudluğunu və məzmununu sübuta yarayan hər bir vasitə ilə sübut edə bilərlər. 859.1-ci maddəsinə əsasən, Yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 780.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı aşağıdakı hallar istisna olmaqla şəxsən özü icra etməlidir: 780.1.1. vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil etdikdə; 780.1.2. tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəldikdə; 780.1.3. icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəldikdə. 780.4-cü maddəsinə əsasən hər bir halda vəkalət verən vəkalət alanın üçüncü şəxslərə qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı irəli sürə bilər. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın: 38.1-ci bəndinə əsasən, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi (bundan sonra — CMR) bu Qaydaların 22 nömrəli əlavəsində nəzərdə tutulmuş nümunəvi formaya uyğun üç nüsxədə tərtib edilir, yükgöndərən və daşıyıcı tərəfindən imzalanır. CMR üzrə yükgöndərən və daşıyıcının imzalarının rəsmiləşdirilməsi mətbəədə çap edilmə üsulu ilə və ya yükgöndərənin və daşıyıcının ştempelinin əvəz edilməsi yolu ilə aparıla bilər. CMR-in birinci nüsxəsi yükgöndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir və yükalana verilir, üçüncü nüsxəsi isə daşıyıcıda qalır. 38.6-cı bəndinə əsasən, daşıma bir neçə daşıyıcı tərəfindən yerinə yetirilərkən, CMR daşıma müqaviləsinin bağlanmasını təsdiq edən, mübahisə edilməyən sübutdur. 39.1-ci bəndinə əsasən, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarına görə ödənişin məbləği və hesablaşma qaydası sifarişçi və daşıyıcı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. 39.2-ci bəndinə əsasən, yük daşımalarının yerinə yetirilməsinə görə sifarişçi və daşıyıcı arasında hesablaşmalar müqavilə ilə hesablaşmanın başqa qaydası müəyyən edilmədikdə, yükgöndərən və yükalan tərəfindən müvafiq qeydin edildiyi CMR-in əlavə olunduğu daşıyıcının hesabatı əsasında həyata keçirilir. 42.1-ci bəndinə əsasən, Daşıyıcının vəzifələri: 42.1.8-ci bəndinə əsasən, müqavilə ilə müəyyən edilmiş müddətdə yükü haqq müqabilində olduğu yerdən təyinat məntəqəsinə çatdırmaq; 42.1.10-cu bəndinə əsasən, yükgöndərənlərə və ya yükalanlara daşıyıcı tərəfindən vurulmuş real zərərin əvəzini ödəmək; 48.2. Daşıyıcının avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarından irəli gələn məsuliyyəti. 48.1-ci bəndinə əsasən, Daşıyıcı aşağıdakılara görə məsuliyyət daşıyır: 48.2.1-ci bəndinə əsasən, əmtəə-nəqliyyat qaiməsinin və ya ona əlavə edilmiş sənədlərin itirilməsinə; 48.2.2-ci bəndinə əsasən, yükün tam və ya qismən itirilməsinə, o cümlədən zədələnməsinə və ya çatdırılmanın gecikdirilməsinə; 48.2.3-cü bəndinə əsasən, gömrük qaydalarına riayət olunmasına məsuliyyət daşıyır. 48.3-cü bəndinə əsasən, Avtonəqliyyat vasitəsinin xarici dövlətin ərazisində hərəkəti üçün “İcazə” blankı almış daşıyıcılar, həmin “İcazə” blankını (jurnalını) düzgün istifadə etməli, lazımi vəziyyətdə saxlamalı və vaxtında təhvil verməlidirlər. 48.4-ci bəndinə əsasən, Daşıyıcı yükün itirilməsi və ya çatdırılmanın gecikdirilməsinə görə aşağıdakı hallarda məsuliyyət daşımır: 48.4.1-ci bəndinə əsasən, itirilmə və ya çatdırılmanın gecikdirilməsi yükgöndərənin (yükalanın və ya ekspeditorun) təqsiri üzündən, yükə xas olan qüsur və ya qarşısı alınmaz qüvvə səbəbindən baş verdikdə; 48.4.2-ci bəndinə əsasən, yükgöndərənlə razılaşdırılmaqla və əmtəə-nəqliyyat qaiməsində göstərilməklə (əskiklik yol verilən normadan artıq olduğu və ya yük yeri itirilmiş hallar istisna olmaqla), tenti örtüsü olmayan avtonəqliyyat vasitəsindən istifadə edildikdə; 48.4.3-cü bəndinə əsasən, yükün qablaşdırılmaması və ya qablaşdırılmasının zədələnməsi yükün zədələnməsinə və ya korlanmasına səbəb olduqda; 48.4.4-cü bəndinə əsasən, itirilmə və ya korlanma yükün təbii xüsusiyyətləri-korroziyası, çürüməsi, quruyub azalması və sıxılması və ya parazitlərin və gəmiricilərin təsiri (əgər daşıma yükün istinin, soyuğun və ətraf havanın rütubətli təsirindən qorunması üçün xüsusi təchiz edilmiş avtonəqliyyat vasitəsilə yerinə yetirilirsə, daşıyıcı bu maddəyə istinad edə bilməz) nəticəsində baş verdikdə; 48.4.5-ci bəndinə əsasən, yük yerlərinin qeyri-qənaətbəxş nömrələnməsi və ya markalanması nəticəsində yük əskik çıxdıqda; 48.4.6-cı bəndinə əsasən, itirilmə və ya çatdırılmanın gecikdirilməsi canlı heyvanların daşınması (daşıyıcı öz xeyrinə bu bəndə yalnız o halda istinad edə bilər ki, o, şərait nəzərə alınmaqla, görməli olduğu bütün tədbirləri gördüyünü və təlimata uyğun olaraq hərəkət etdiyini sübuta yetirə bilsin) nəticəsində baş verdikdə. İşin müəyyən olunan faktiki hallarına əsasən yük daşınan “Mercedes Aktros 1844 LS yəhərli dartıcı” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və “SCHMİTZ yarımqoşqu” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu X10 adlı şəxsə məxsusdur, onunla Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən yük avtomobili yarımqoşqusu ilə birlikdə cavabdehə icarəyə verilmişdir. Müqavilə bağlandığı andan qüvvəyə minir və icarənin müddəti 3 ildir. Cavabdeh MMC-nin müraciəti əsasında **-BC-*** dövlət qeydiyyat nişanlı avto nəqliyyat vasitəsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən beynəlxalq yükdaşımalarına dair buraxılış kartı verilmişdir.Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin təqdim etdiyi rəsmi məlumatlara əsasən 53BC557/53ZB557 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində “Samur” gömrük postundan ölkə ərazisindən kənara buraxılarkən gömrük rəsmiləşdirilməsinə təqdim olunmuş əmtəə-nəqliyyat qaimələrin (CMR) üzərində Cavabdeh LLC yazıları olan ştempeldən istifadə olunmuşdur. xx.xx.2024cü il tarixdə Rusiya Federasiyası, Dmitrov şəhərində tərtib edilmiş **********5 nömrəli beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinə (CMR) əsasən sahibkar İddiaçı məxsus, dəyəri 1332021,32 rubl olan yük (metal boru) daşıyıcı Cavabdeh MMC tərəfindən 53BC557/53ZB557 “dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Rusiya Federasiyası, Moskva vilayəti, Dmitrov ş., R.P.Nekrasovskiy, MKR, Stoyiteley, 20 ünvanından xx.xx.2024-cü il tarixdə yüklənir, yükün boşaldılma yeri Azərbaycan Respublikası Nəsimi rayonu, Ceyhun Səlimov, ev 16, mənzil 99-dur. “Göndərən” "xxxx" MMC, “Tapşırığı verən” "xxxx" MMC-dir. Həmin əmtəə-nəqliyyat qaiməsi (CMR) Cavabdeh MMC-nin ştampı ilə təsdiq olunmuşdur. Yük xx.xx.2024-cü il tarixdə yola salınsa da, daşıyıcı tərəfindən təhvil verilməmişdir. 53BC557/53ZB557 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilən beynəlxalq yükdaşımalarına dair buraxılış kartı Cavabdeh MMC-nin müraciəti əsasında xx.xx.2024-cü il tarixində ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 38.6-cı bəndinə əsasən daşıma bir neçə daşıyıcı tərəfindən yerinə yetirilərkən, CMR daşıma müqaviləsinin bağlanmasını təsdiq edən, mübahisə edilməyən sübutu kimi çıxış etdiyindən, yük daşınan nəqliyyat vasitəsi cavabdehin icarəsində olmaqla, məhz cavabdehin müraciəti əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilən beynəlxalq yükdaşımalarına dair buraxılış kartı əsasında cavabdehin adından beynəlxalq yük daşımalarında iştirak etdiyindən, birinci instansiya məhkəməsi yuxarıda sadalanan maddi hüquq normaları baxımından haqlı olaraq iddianın əsaslı olması, ona cavab verməli olan şəxsə yönəldilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 11 iyul 2025-ci il tarixli e-2-2(121)-1140/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar