Məhkəmə qərarları › İş №2-2(106)-25/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-25/2024

28.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-25/2024 28.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin X19 Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X42 ibarət məhkəmə tərkibində, X115 oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Qanuni nümayəndə, cavabdeh "xxxx" şirkətinin nümayəndəsi Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" şirkətinə və Cavabdeh2 qarşı subroqasiya qaydasında pulun ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli e-2-2(121)-334/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şirvan Kommersiya Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli e-2-2(121)-334/2023 saylı qətnaməsi ilə (hakim Elşən Abdullayev) iddianın qismən təmin edilməsi, Cavabdeh2 subroqasiya qaydasında ödənilmiş pul vəsaitinin əvəzi olaraq 41196 manat məbləğində pul, 200 manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13,59 manat olmaqla, ümumilikdə 41409,59 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi və ekspertiza tədqiqatının dəyəri olan 100 manatın iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, onun ləğvini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı "xxxx" ASC cavabdehlər "xxxx" şirkətinə və Cavabdeh2 qarşı cavabdehlərdən 41196 manat pulun, 200 manat mediasiya xərcinin və 13,59 manat dövlət rüsumunun, ümumilikdə 41409,59 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 18 oktyabr 2015-ci il tarixində Saatlı şəhəri Heydər Əliyev prospektində yerləşən "xxxx" şirkətinə məxsus ticarət mərkəzində yanğın hadisəsi baş vermişdir. Hadisə nəticəsində "xxxx"ASC-də sığorta təminatı almış və ticarət mərkəzinin yaxınlığında yerləşən X33 məxsus daşınmaz əmlaka, X77 məxsus daşınmaz əmlaka, X14 məxsus daşınmaz əmlaka zərər vurulmuşdur. Baş vermiş yanğın hadisə ilə bağlı "xxxx" ASC-də sığorta olunmuş əmlaklar üzrə X33 məxsus daşınmaz əmlaka görə 2423 manat, X77 məxsus daşınar əmlaka görə 29700 manat, X14 məxsus daşınmaz əmlaka 9073 manat olmaqla, ümumilikdə 41196 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yanğın hadisəsi ilə bağlı Saatlı Rayon Məhkəməsinin 1(055)-46/2016 saylı 22 sentyabr 2016-cı il tarixli hökmünə əsasən cavabdeh Rzayev X85 şəhəri Heydər Əliyev prospektində fəaliyyət göstərən "xxxx" şirkətinə məxsus ticarət mərkəzində yerləşən 29 nömrəli piştaxtanın istifadəçisi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 1.2, 6.1, 6.2, 6.4, 6.5-ci, “Elektrik qurğularının quraşdırma qaydaları”nın 2.1.21-ci və “Elektrik enerjisindən istifadə qaydaları”nın 9.1-ci bəndlərinin tələblərini kobud surətdə pozaraq yanğın təhlükəsizliyinə riayət etməyib istifadəsində olan piştaxtaya elektrik şəbəkəsi ilə bağlanmış müqaviləyə əsasən elektrik enerjisinin verilməsi üçün alüminium kabellə çəkilmiş elektrik xəttini qaydalara uyğun istismar etməyərək ticarət mərkəzinin ərazisində digər sahibkarlar tərəfindən istifadə olunan ticarət sahələrini elektrik enerjisi ilə təmin etmək məqsədi ilə ona məxsus alüminium kabelə mis naqillərin “soyuq burma” üsulu ilə birləşməsinin və həmin xətlərin digər obyektlərin yanar materiallarının üzəri ilə çəkilməsinin qarşısını almaması, mülkiyyətində olan xətlərin elektrik yükünə görə düzgün seçilməsini və elektrik təbiətli qəza hallarından mühafizə olunmasını təmin etmədiyindən ehtiyatsızlıqdan 18 oktyabr 2015-ci il tarixdə saat 02 radələrində çəkilmiş elektrik xəttinin X92 tərəfindən istifadə olunan 17 nömrəli piştaxtanın üzərindən keçən hissəsində elektrik təbiətli qəza halının yaranması nəticəsində yaxınlıqda yerləşən yanar materialların alışmasından yanğın baş verməsi və yanğın yüksələn xətt üzrə inkişaf edərək digər sahələrə yayılaraq 3500 m sahədə yerləşən mağazalar və piştaxtalar, eləcə də satış üçün nəzərdə tutulmuş sənaye, məişət və s. mallar yanaraq məhv olması nəticəsində "xxxx" şirkətinə tikintisinə 408240 manat, X64 əmtəə üzrə 6008 manat, X43 əmtəə üzrə 3836 manat, X5 əmtəə üzrə 5975 manat, X78 əmtəə üzrə 19300 manat, tikinti üzrə 9198 manat, cəmi 28498 manat. X20 əmtəə üzrə 986 manat, X15 əmtəə üzrə 10000 manat, X79 əmtəə üzrə 3463 manat, tikinti üzrə 4599 manat, cəmi 8062 manat, X54 əmtəə üzrə 4604 manat, X65 əmtəə üzrə 2066 manat, X21 əmtəə üzrə 1427 manat, X22 əmtəə üzrə 33000 manat, X9 əmtəə üzrə 50600 manat, X23 əmtəə üzrə 7160 manat, X24 əmtəə üzrə 20193 manat, X80 tikinti üzrə 9198 manat, X16 əmtəə üzrə 2000 manat, X6 əmtəə üzrə 12304 manat, X66 əmtəə üzrə 12816 manat, X10 əmtəə üzrə 2000 manat, X25 əmtəə üzrə 6465 manat, X26 əmtəə üzrə 5615 manat, X67 əmtəə üzrə 413 manat, X17 əmtəə üzrə 173 manat, X81 əmtəə üzrə 604 manat, X34 əmtəə üzrə 900 manat, X35 əmtəə üzrə 51987 manat, tikinti üzrə 9198 manat, cəmi 61185 manat, X36 əmtəə üzrə 429 manat, X2 əmtəə üzrə 12900 manat, X27 əmtəə üzrə 2650 manat, X11 əmtəə üzrə 2175 manat, X68 əmtəə üzrə 5700 manat, X69 əmtəə üzrə 6490 manat, X44 əmtəə üzrə 2070 manat, X37 əmtəə üzrə 881 manat, X28 əmtəə üzrə 525 manat, X45 əmtəə üzrə 4010 manat, X46 əmtəə üzrə 1620 manat, X3 əmtəə üzrə 714 manat, X55 əmtəə üzrə 1220 manat, X18 əmtəə üzrə 47527 manat, tikinti üzrə 9198 manat, cəmi 56725 manat, Soltanov Zabiİ Səməndar oğluna tikinti üzrə 11520 manat, X47 əmtəə üzrə 165 manat, X38 əmtəə üzrə 1760 manat, X1 əmtəə üzrə 1270 manat, X4 əmtəə üzrə 5080 manat, X48 əmtəə üzrə 30008 manat, X29 əmtəə üzrə 3560 manat, X82 əmtəə üzrə 22245 manat, tikinti üzrə 4599 manat, cəmi 26844 manat, X49 əmtəə üzrə 7784 manat, X83 əmtəə üzrə 5227 manat, X70 əmtəə üzrə 36717 manat, X77 əmtəə üzrə 36290 manat, X12 əmtəə üzrə 3800 manat, X7 əmtəə üzrə 3810 manat, X56 tikinti üzrə 11541 manat 30 qəpik, X30 tikinti üzrə 8760 manat, X71 tikinti üzrə 9198 manat, X84 əmtəə üzrə 121516 manat, X39 əmtəə üzrə 20975 manat. X13 tikinti üzrə 9198 manat, Saatlı rayon Kooperativ Cəmiyyətinə tikinti üzrə 20736 manat, X8 əmtəə üzrə 1366 manat cəmi ******* manat 30 qəpik ziyan dəyməklə ağır nəticələrə səbəb olması məhkəmə istintaqında tamamilə sübuta yetirilmişdir. Həmin hökmə əsasən Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı "xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ekspert rəyində montyor X57 ilə yanaşı "xxxx" şirkətinin vəzifəli şəxslərinin də mülki hüquq pozuntusu törədildiyi qeyd edilmişdir. Məhkəmə iş materiallarında olan ifadələrdən və əmrlərdən müəyyən etməmişdir ki, yanğın hadisəsinin baş verməsinə gətirib çıxaran hüquqazidd əməl 2010-cu il tarixində törədilmişdir. Yəni, elektrik montyoru X57 ilə xx.xx.2009-cu il tarixində bağlanılan və xx.xx.2013-cü il tarixində xitam verilən mülki hüquqi-müqavilə qüvvədə olduğu zaman. Bundan başqa, ekspert rəyində qeyd olunmuşdur ki, elektrik montyoru ilə yanaşı, "xxxx" şirkətinin digər vəzifəli şəxslərinin də məsuliyyəti olmuşdur. İş materiallarında olan sənədlərə əsasən elektrik xətləri çəkilən (2010-cu il) və yanğın hadisəsi baş verən (2015-ci il) dövrdə "xxxx" Şirkətinin vəzifəli şəxsləri – rəhbərliyi (direktoru) X58 olmuş, xəzinədar X50 isə ticarət mərkəzi üzrə yanğın təhlükəsizliyinə və elektrik təsərrüfatına cavabdeh şəxs kimi təyin olunmuşdur. Lakin birinci instansiya məhkəməsi "xxxx" şirkətinin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət etmək vəzifəsi qoyulmuş vəzifəli şəxslərinin məsuliyyətini yaradan normativ hüquqi aktlara nəzər yetirmədən, onların hüquqazidd əməllərinin hansı müddətdə törədildiyini araşdırmayaraq səhv qənaətə gəlmişdir. Göründüyü kimi, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, məhkəməyə kifayət qədər sübutlar təqdim etmişlər. Əməliyyat-istintaq idarəsinin 2015-ci il baxış protokolundan müəyyən edilir ki, Əhədov Qubad 2009-2013-cü illər arasında "xxxx" Şirkətində elektik montyoru işləmişdir. Belə ki, o, şirkətdə əmək müqaviləsi əsasında işləməsə də, faktiki olaraq tapşırıq müqaviləsi əsasında fəaliyyət göstərmişdir. Onlarda olan məlumata əsasında şəxs hadisədən sonra, yəni 2016-cı ildən etibarən şirkətdə əmək müqaviləsi əsasında fəaliyyət göstərmişdir. Ə.Qubadovun hüquqazidd şəkildə elektrik naqillərini çəkməsi nəticəsində də, bazarda yanğın hadisəsi baş vermişdir. İddiaçı cavabdehlərdən müştərək qaydada pulun xeyrinə tutulması barədə iddia qaldırsa da, birinci instansiya məhkəməsinin müvafiq qətnaməsi ilə iddia qismən təmin edilmiş, pul yalnız Cavabdeh2 onların xeyrinə tutulmuşdur. Halbuki, baş vermiş yanğın hadisəsində məsuliyyət şirkət rəhbərliyinin üstünə də düşür. Belə ki, Ə.Qubadov şirkətin işçisi olmuşdur. Buna görə də, onun təqsirli hərəkətlərinə görə şirkət məsuliyyət daşımalıdır. Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından da müəyyən edilir ki, bu tip işlərdə əmək müqaviləsi olmasa belə, işçi ilə işəgötürən arasındakı faktiki münasibətlər məhkəmə tərəfindən nəzərə alına bilər. Digər tərəfdən, məhkəməyə təqdim etdikləri xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məhkəmə iclas protokollarında da bu fakt təsdiqini tapır ki, Əhəd Qubadov "xxxx" şirkətinin işçisi olmuşdur. Digər bir protokolda da, həmin şirkətin nümayəndəsi etiraf etmişdir ki, Ə.Qubadov onların işçisi olmuş və müqavilə əsasında fəaliyyət göstərmişdir. Növbəti məhkəmə iclasında həmin müqaviləni təqdim edəcəyini bildirsə də, məhkəməyə təqdim etməmişdir. Ə.Qubadov qeyd edilən tarixdə elektrik naqillərini orada çəkdiyini istintaq zamanı da etiraf etmişdir. Məhkəmə hökmündəki şahid ifadələri ilə də bu hal öz təsdiqini tapır. Cavabdeh "xxxx" şirkətinin nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin icraatında iş olmuşdur. Belə ki, "xxxx" ASC "xxxx" şirkətini və digər şəxsləri cavabdeh kimi cəlb etmişdir. İddiaçı tərəf hazırda Ə.Qubadovu ittiham etsə də, orada Qubadı yox, "xxxx" ASC-ni cavabdeh kimi cəlb etmişdir. O işin hazırkı işlə bağlılığı var və bu halı təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim etmişdir. Ə.Qubadovun onda olan izahatı var. Hansı ki, izahatında o, elektrik naqillərini çəkərkən "xxxx" şirkətindən razılıq almadığını, şirkət tərəfindən ona hər hansı bir göstəriş verilmədiyini bildirmişdir. Ə.Qubadov əvvəl "xxxx" Şirkətində işləsə də, o, yanğın hadisəsi baş verən zaman "xxxx" ASC-nin işçisi olmuşdur. Ə.Qubadov naqilləri Cavabdeh2 xahişi ilə çəkdiyini bildirmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərar var. Hansı ki, Ə.Qubadov və digər şəxslər barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Nəzərə alınmalıdır ki, Zakir Əliyevlə sığorta müqaviləsi bağlanmış, həmin müqavilə xx.xx.2015-ci il tarixdə qüvvəyə minmişdir. Həmin müqavilənin qüvvəyə minməsindən cəmi 2 saat sonra məlum yanğın hadisəsi baş vermişdir. Yanğından 10 gün sonra sığortalıya pul ödənilmişdir. Əlavə olaraq, sayğac 2010-cu ildə quraşdırılarkən həmin vaxt Ə.Qubadov "xxxx" ASC-də növbətçi elektrik işləmişdir. Bazarda sayğaclar başqa-başqa şəxslərə məxus olmuşdur. Cavabdeh2 müraciətindən sonra sayğac onun adına keçmiş, elektrik naqilləri onun piştaxtasının üstündən çəkilmişdir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Ə.Qubadov "xxxx" Şirkətinin işçisi olmuşdur. Orada müqavilə əsasında işləyib-işləmədiyini dəqiq deyə bilməsə də, bazarda hamı onu şirkətin işçisi kimi tanımışdır. Belə ki, bazarda bütün elektrik işləri onun tərəfindən həyata keçirilirdi. Bazar rəhbərliyinin icazəsi olmadan orada hər hansısa bir hərəkət aparmaq olmaz. Ə.Qubadovla elektrik naqillərini çəkdirərkən şirkət rəhbərliyindən müvafiq icazələr almışlar. Qeyd edir ki, Ə.Qubadov yanğından sonra da, yəni 2015-ci ildə də bazarda elektrik naqilləri çəkmişdir. Onu hadisədən sonra bir neçə dəfə bazarda görmüşdür. Həmin tarixdən sonra da bazarda işləmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli e-2-2(121)-334/2023 saylı qətnaməsi qismən – iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməklə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan xx.xx.2015-ci il tarixli yanğın haqqında ilkin aktda qeyd edilmişdir ki, xx.xx.2015-ci il tarixində Saatlı şəhəri Heydər Əliyev prospektində fəaliyyət göstərən "xxxx" şirkətinə məxsus ticarət mərkəzində yanğın hadisəsi baş vermişdir. İşdə olan BA seriyalı 460544 saylı daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, X33 məxsus olan Saatlı şəhəri Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır. İşdə olan 4027/FŞ/CFİ-0311/2016 nömrəli sığorta aktından görünür ki, X33 məxsus olan Saatlı şəhəri Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2015-ci il tarixində baş vermiş yanğın nəticəsində zədələnmişdir və müəyyən edilmiş zərərin məbləği 500 manat azadolma məbləği çıxılaraq cəmi 2423 manat təşkil etmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli 1537 saylı ödəniş tapşırığına əsasən 2423 manat məbləğdə pul vəsaiti "xxxx" ASC tərəfindən “X144 Klubu” MMC-yə ödənilmiş və işdəki sənədlərdən aşkar olur ki, həmin MMC-nin rəhbəri X40r. İşdə olan 037251 saylı əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsindən görünür ki, X77 məxsus olan daşınar əşyalar "xxxx" ASC tərəfindən sığortalanmışdır. İşdə olan 1360/FŞ/Fİ-080/2015-2016 nömrəli sığorta aktından görünür ki, X77 məxsus olan Saatlı şəhəri Heydər Əliyev prospektində yerləşən ticarət obyektində olan sənaye malları xx.xx.2015-ci il tarixində baş vermiş yanğın nəticəsində zədələnmiş və müəyyən edilmiş zərərin məbləği 29700 manat məbləğ təşkil etmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli 6844 saylı ödəniş tapşırığından görünür ki, 29700 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən X77 ödənilmişdir. İşdə olan BA seriyalı 536208 saylı daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, X18 məxsus olan Saatlı şəhəri Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır. İşdə olan 1398/FŞ/CFİ-0262/2016 nömrəli sığorta aktından görünür ki, X18 məxsus olan Saatlı şəhəri Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2015-ci il tarixində baş vermiş yanğın nəticəsində zədələnmişdir və müəyyən edilmiş zərərin məbləği 9073 manat məbləğ təşkil etmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli 6821 saylı ödəniş tapşırığından görünür ki, 9.073,35 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən X18 ödənilmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(055)-46/2016 saylı hökmü ilə vətəndaş Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, həmin maddə ilə o, 2 il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında texniki təhlükəsizliyə məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2017-ci il tarixli 1(102)-1525/2017 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Cavabdeh2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2017-ci il tarixli qərarından iş üzrə zərərçəkmiş şəxslər X59 və X105 tərəfindən verilmiş kassasiya şikayətlərindən imtina etmələrinə dair ərizələri təmin edilmiş və kassasiya şikayətlərinə baxılmasına xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2023-cü il tarixli 10/4974 saylı ekspert rəyində qeyd edilmişdir ki, "xxxx" şirkətinə məxsus ticarət mərkəzində ticarətlə məşğul olan Cavabdeh2 istifadəsində olan ticarət obyektinə (piştaxtaya) elektrin şəbəkəsi ilə bağlanmış müqaviləyə əsasən elektrik enerjisi verilməsi üçün alyümin kabellə çəkilmiş elektrik xəttini “Elektrik qurğularının quraşdırma qaydaları”na uyğun quraşdırıb istismar etməyərək, ticarət mərkəzinin ərazisində yerləşən digər ticarət sahələrini elektrik enerjisi ilə təmin etmək məqsədilə ona məxsus alyümin kabelə “soyuq burma” üsulu ilə mis naqillərlə elektrik xətlərinin birləşməsinə, həmin xətlərin yanar materiallardan olan digər ticarət obyektlərinin üzəri ilə çəkilməsinə icazə verdiyinə, eləcə həmin xətlərin elektrik yükünə görə düzgün seçilməsini və elektrik təbiətli qəza hallarından mühafizə olunmasını təmin etmədiyinə görə, onun tərəfindən “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 6.1, 6.2, 6.4, 6.5-ci bəndlərinin, “Elektrik qurğularının quraşdırma qaydaları”nın 2.1.21ci və “Elektrik enerjisindən istifadə qaydaları”nın 9.1-ci bəndlərinin tələbləri pozulmuşdur. "xxxx" şirkətinə məxsus ticarət mərkəzində Cavabdeh2 istifadəsində olan ticarət obyektinə (piştaxtaya) elektrik xəttini yolverilməz üsulla, yəni yanar materialların üzəri ilə çəkdiyinə və həmin xəttin çəkilməsi zamanı naqillərin birləşmə yerlərini sıxaclama üsulu ilə birləşdirmədiyinə görə “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 6.4, 6.5-ci bəndlərinin və “Elektrik qurğularının quraşdırma qaydaları”nın 2.1.21-ci bəndinin tələbləri qərardadın təsviri hissəsində göstərildiyi kimi həmin xəttin çəkilməsini həyata keçirmiş elektrik montyoru X57 tərəfindən pozulmuşdur. Qərardadın təsviri hissəsində göstərildiyi kimi, elektrik montyoru X57 tərəfindən Cavabdeh2 istifadəsində olan ticarət obyektinə (piştaxtaya) elektrik xəttinin ticarət mərkəzinin rəhbərliyinin icazəsi ilə çəkildiyini və bu barədə rəhbərliyin xəbərinin olmasını nəzərə aldıqda, "xxxx" Şirkətinə məxsus ticarət mərkəzində yerləşən ticarət obyektinə (piştaxtaya) elektrik xəttinin yolverilməz üsulla çəkilməsinə nəzarət aparılmadığına görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 1.9-cu bəndlərinin tələbləri "xxxx" Şirkətinin vəzifəli şəxsləri tərəfindən pozulmuşdur. “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 1.9, 6.1, 6.2, 6.4, 6.5-ci bəndlərinin, “Elektrik qurğularının quraşdırma qaydaları”nın 2.1.21-ci bəndinin və “Elektrik enerjisindən istifadə qaydaları”nın 9.1-ci bəndinin tələblərinə riayət olunmaması yanğın hadisəsinin baş verməsinə gətirib çıxarmışdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə, yəni iddianın təmin edilməyən hissəsində yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. MM-in 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə görə sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Qanunun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Qeyd olunan Qanunun 36.1.1-ci maddəsinə əsasən yanğın, ildırım düşməsi nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi sığorta hadisəsi hesab olunur. Kollegiya yuxarıda gsötərilənlərlə yanaşı, diqqətə çatdırır ki, MM-in 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Habelə, MM-in 1099-cu maddəsinin tələblərinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Məhkəmə sadalanan normaların imperativ tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin qeyd olunan dəlilləri əsaslıdır və birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir. Birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmək üçün əhəmiyyət kəsb edən işin bütün faktiki hallarını araşdırmamışdır. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işin tam hüquqlu məhkəmə olaraq tam və hərtərəfli araşdırılması zamanı müəyyən edilmişdir ki, 08 oktyabr 2015-ci il tarixində Saatlı şəhəri Heydər Əliyev prospekti ünvanında yerləşən "xxxx" şirkətinə məxsus ticarət mərkəzində baş vermiş yanğın hadisəsində Cavabdeh2 ilə yanaşı bilavasitə "xxxx" şirkəti də məsuliyyət daşıyır. Kollegiya qeyd edir ki, işin hallarına əsasən X57 "xxxx" şirkətində elektrik montyoru işləmişdir. Belə ki, işdə olan FHN Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2015-ci il tarixli baxış protokolundan müəyyən edilir ki, X57 "xxxx" şirkətində elektrik montyoru işləmişdir. Habelə yuxarıda qeyd edilən yanğın hadisəsi üzrə araşdırma zamanı əldə edilmiş istintaq ifadələrindən aşkar olur ki, şirkətin nümayəndələri X57 ilə xx.xx.2009-cu il tarixdə müqavilə bağlamış, bundan sonra o, həmin şirkətdə xidmət etmişdir. Bununla yanaşı, X57 xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixlərdə istintaqa verdiyi ifadələrdə bazarda müqavilə əsasında elektrik montyoru işlədiyini və Cavabdeh2 məxsus piştaxtaya elektrik naqillərini özünün çəkdiyini etiraf etmişdir. Eyni zamanda, iddiaçı tərəfindən təqdim edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X91 Xidmətinin 03 noyabr 2023-cü il tarixli 3-17-5/2-44188/2023 saylı məktubundan da müəyyən edilir ki, "xxxx" şirkəti ilə xx.xx.2016cı il tarixdə nəzarətçi-elektrik X57 arasında əmək müqaviləsi bağlanmışdır. Qeyd edilməlidir ki, MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Bu baxımdan, Şirvan Kommersiya Məhkəməsinin 23 may 2023-cü il tarixli məhkəmə iclasının videoyazısından müəyyən edilir ki, cavabdeh "xxxx" şirkətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, X31 əsas iş yeri elektrik şəbəkəsi olmuşdur. Bazarda isə mülki-hüquqi müqavilə əsasında işləmişdir. O, verilən suallara cavab olaraq Q.Əhədovun müqaviləni "xxxx" şirkətilə bağlamasını bildirmiş və həmin müqavilənin növbəti məhkəmə iclasında gətirib məhkəməyə təqdim edəcəyini qeyd etmişdir. Kollegiya qeyd olunanlara əsasən belə yekun qənaətə gəlir ki, X57 və "xxxx" şirkətini arasında əvvəllər, yəni məlum yanğın hadisəsi baş verdiyi vaxt mülki-hüquqi müqavilə (tapşırıq müqaviləsi) mövcud olmuş, sonrakı tarixlərdə isə o, şirkətin əmək müqaviləsi əsasında işçisi olmuşdur. Baş vermiş yanğın hadisəsində məsuliyyəti Cavabdeh2 əlavə bilavasitə Ə.Qubadov yox, onun çalışdığı şirkət, yəni işəgötürən "xxxx" şirkəti də daşıyır. Büqtqn bunlarla yanaşı, diqqətə çatdırılmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixliqərarında göstərilmişdir ki, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının - işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Kollegiya cavabdeh "xxxx" şirkətinin təqdim etdiyi sübutlara münasibətdə qeyd edir ki, təqdim edilən sübutlar mötəbər deyildir. Habelə Sübutların qiymətləndirilməsi barədə qərarda X32 haqqında cinayət təqibinin istisna edilməsi, onun mülki-hüquqi məsuliyyətdən azad edilməsini şərtləndirmir. Məhkəmə qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli e-2- 2(121)-334/2023 saylı qətnaməsi mübahisələndirilən – iddianın cavabdeh "xxxx" şirkətinə qarşı təmin edilməyən hissəsində ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, subroqasiya qaydasında ödənilmiş pul vəsaitinin əvəzi olaraq 41196 manat məbləğində pul vəsaiti, habelə mediasiya xərcinin əvəzi olaraq 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13,59 manat məbləğində pul vəsaiti cavabdehlər "xxxx" şirkətindən və Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Habelə MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bundan başqa, MPM-in 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 107 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" şirkətindən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli e-2-2(121)-334/2023 saylı qətnaməsi mübahisələndirilən – iddianın cavabdeh "xxxx" Şirkətinə qarşı təmin edilməyən hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilsin. Cavabdehlər "xxxx" şirkətindən və Cavabdeh2 subroqasiya qaydasında ödənilmiş pul vəsaitinin əvəzi olaraq 41196 manat, mediasiya xərcinin əvəzi olaraq 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13,59 manat, ümumilikdə 41409 (qırx bir min dörd yüz doqquz) manat 59 (əlli doqquz) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 107 (yüz yeddi) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" şirkətindən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kasasiya şikayəti verilə bilər. Həmin müddət ərzində şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar