Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-259/2025 05.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X8 ibarət tərkibdə, Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi, İddiaçı1, Cavabdeh2 və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı1 Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 14 avqust 2025-ci il tarixli e-2-2(121)-1520/2025 saylı qətnaməsindən (hakim Z. Abbasov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı1 Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 10111 manat pul vəsaitinin və məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumuna ekvivalent məbləğin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı1 Şirvan şəhərində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rəşid Məmmədov arasında malların pərakəndə göndərilməsi işlərinin icrası məqsədilə şifahi olaraq bağlanmış razılaşma şərtlərinə uyğun olaraq tərəfindən 10111 manat pul vəsaiti Cavabdeh2 məxsus AZ71PAHA41040AZNSC********** №li sahibkar hesabına mədaxil edilmiş, lakin həmin razılaşma ilə götürülən öhdəliklər bu günə qədər icra olunmamışdır. Həmin öhdəliklərin icrasız qalması səbəbi kimi mədaxil edilmiş pul məbləğinin müqavilə tərəfi olan Rəşid Məmmədova çatdırılmaması göstərilmiş, belə olduqda isə, sözügedən xüsusat üzrə cavabdeh heç bir hüquqi əsas olmadan İddiaçı1 məxsus 10111 manat pul vəsaiti hesabına eyni həcmdə əsassız olaraq varlanmışdır. Yaranmış tələb üzrə pretenziya qaydasında Cavabdeh2 ünvanlanan xəbərdarlıq məktubuna cavab olaraq həmin məbləğin Rəşid Məmmədova çatdırıldığı mülahizə xarakterli əsaslarla bildirilmiş, bununla belə mübahisənin məhkəməyədək həll yolları effektsiz qalmışdır. Belə olduğu təqdirdə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən pul köçürülməsi onunla heç bir yazılı və ya şifahi razılaşma olmadan həyata keçirilmişdir. İddiaçı ilə onun arasında müqavilə bağlanmamış, hər hansı mal, xidmət və ya digər öhdəlik barədə razılıq olmamışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən onun bank hesabına köçürülən məbləğ əslində Rəşid adlı üçüncü şəxs tərəfindən təşkil edilmiş əməliyyatla bağlıdır. Bu əməliyyat haqqında öncədən onun məlumatı və razılığı olmamış, həmin vəsait onun tərəfindən tələb edilməmiş və onun xeyrinə istifadə edilməmişdir. Hesab kartına daxil olan vəsait onun iradəsindən kənar köçürülmüşdür və onun tərəfindən sərəncam verilməmişdir. Bu baxımdan iddiaçının ona qaşrı irəli sürdüyü pul tələbi əsassızdır. Əsassız varlanma nəticəsində tələb yalnız əsassız olaraq əldə edilmiş və saxlanılan əmlak barəsində irəli sürülə bilər. Bu vəsaiti əldə etməmiş və saxlamamış, əksinə vəsaitin onun kartına köçürülməsi onun iradəsindən kənar baş vermişdir. Mülki Məcəllənin 390 və 405-ci maddələrinə əsasən müqavilə yalnız tərəflərin qarşılıqlı razılığı əsasında bağlana bilər. Cavabdehlə iddiaçı arasında yazılı və ya şifahi müqavilə mövcud deyil. Müqavilə öhdəliyi olmadan pul köçürülməsi əsasında tələb irəli sürmək qanunsuzdur. Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf iddia tələblərini sübut etməlidir. İddiaçı onunla bağlanmış müqaviləni, pul köçürülməsinin Cavabdeh2 xeyrinə ifadəsini və ya hər hansı öhdəliyin mövcudluğunu sübut edən sənəd təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 46 və 57-ci maddələrinə əsasən, iş üzrə əhəmiyyət kəsb edən şəxs Rəşid adlı üçüncü şəxsdir. Pul köçürülməsinin təşəbbüskarı və əlaqəli şəxs odur. Onun iştirakı olmadan işin obyektiv araşdırılması mümkün deyil. Bu səbəbdən həmin şəxsin üçüncü şəxs qismində cəlb olunması zəruridir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı1 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, Cavabdeh2 onun hesab kartına pul köçürülməsindən məlumatlı olmuş, onun razılığı ilə hesab kartına pul mədaxil edilmişdir. Cavabdeh2 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib bildirmişdir ki, onun hesabına mədaxil edilən vəsait X4 tərəfindən məxaric edilmişdir. Dediklərinin təsdiqi olaraq bank hesabından çıxarışı məhkəməyə təqdim etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 14 avqust 2025-ci il tarixli e-2-2(121)-1520/2025 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh2 10111 manat məbləğində pul vəsaiti və 121 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 10232 manat məbləğində pul tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh2 vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək ləğv edilməsi və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əsassız varlanmanın zəruri tərkib hissələri sübuta yetirilməyib. Məhkəmə MMin 1091-1092 maddələrini tətbiq edərkən tələb olunan dörd şərtin ((a) apellyantın varlanması, (b) iddiaçının məhrum olması, (c) səbəb əlaqəsi, (d) hüquqi əsasın olmaması) birlikdə sübuta yetirilməsinə hüquqi qiymət verməmişdir. Birinci instansiya varlanma faktını yalnız mədaxil əməliyyatı ilə eyniləşdirmiş, vəsaitdən faktiki faydalanma və saxlanma (retensiya) elementlərini araşdırmamışdır. Halbuki iş materiallarında hesabdan növbəti gün 10004,62 AZN məxaric olunduğu görünür. Bu hal apellyantın pulun məhz öz xeyrinə istifadə etmədiyini göstərir və varlanma elementini istisna edir. MM-in 1092.3-ə görə varlanmış şəxs qaytarma tələb olunan anda varlı olmadığını sübut edərsə, tələb istisna edilir; yalnız hüquqi əsasın olmadığını əvvəlcədən bilən şəxs barəsində istisna tətbiq olunmur. Birinci instansiya apellyantın belə bir bilgi və iradəsini sübutla göstərməmiş, əksinə, subyektiv mülahizələrlə nəticəyə gəlmişdir. Məhkəmə MPMin 77.1-ci maddəsinin tələbini pozaraq apellyantdan mədaxilin hansı hüquqi əsasla baş verdiyini və kimin tərəfindən məxaric edildiyini “təsdiq edən” sübutları təqdim etməyi tələb etmiş, iddiaçının isə apellyantın faktiki və əsassız varlanmasını sübut öhdəliyini daşımasını təmin etməmişdir. İddiaçı apellyantın puldan faydalandığını və saxladığını göstərən heç bir sübut təqdim etməmişdir. İş materiallarına, eləcə də iddiaçının polisə verdiyi izahatlara görə mədaxilin təşəbbüskarı və alqı satqı münasibətinin mərkəzi figur şəxsi məhz X2r. Onun iştirakı olmadan mübahisənin tam, hərtərəfli və obyektiv araşdırılması mümkün deyil. Birinci instansiya bu şəxsin işə zəruri üçüncü şəxs (və ya hətta cavabdeh) qismində cəlbi barədə vəsatəti təmin etməmiş, bununla mübahisənin predmetini və səbəb əlaqəsini aydınlaşdırmadan qətnamə qəbul etmişdir. Bu, işin nəticəsinə təsir edən mühüm prosessual pozuntudur. Məhkəmə iddiaçının pretenziya məktubu, polis materialları, bank çıxarışları kimi sənədləri selektiv qiymətləndirmiş, mədaxilin təyinatı (ticarət kartı/hesablaşma növü, əməliyyatın təyinat mətnləri, alıcının/satıcı tərəfin rekvizitləri) və məxaricin alıcısı barədə bankdan sorğu verilməsi kimi zəruri prosessual hərəkətləri yerinə yetirməmişdir. MPMin 217.1 və 217.3-cü maddələrinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmalı, 217.5-ci maddəyə görə isə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara istinad edilməlidir. Bu tələblər təmin olunmamışdır. Birinci instansiya tərəflər arasında müqavilə münasibəti yoxdur deyə konstatasiyanı edir, lakin eyni zamanda, apellyantın guya “bunu bilərək” pul əldə etdiyini yazır. “Bilmə” elementi sübutsuzdur, əksinə, iş materiallarındakı ardıcıl mədaxil məxaric əməliyyatları apellyantın vasitəçi/keçid hesabı rolunda olduğu ehtimalını gücləndirir. Əsassız varlanmanın tərkib elementləri (MM-in 1091– 1092) kimi yalnız mədaxil faktı varlanma demək deyil, faktiki faydalanma və saxlanma (retensiya) araşdırılmalıdır. Hesabdan 12 dekabr 2024 tarixli 10004,62 manat məxaric varlanma əlamətini zəiflədir. Apellyant qaytarma tələb olunan anda varlı olmadığını bank jurnalları ilə göstərdikdə tələb istisna edilir, yalnız əvvəlcədən hüquqi əsasın olmadığını bilən şəxsə tətbiq olunmur. İddiaçı apellyantın faktiki varlandığını, bu varlanmanın öz hesabına baş verdiyini və hüquqi əsasın olmadığını sübut etməlidir, isbat yükünün cavabdehin üzərinə çevrilməsi prosessual pozuntudur. Faktiki fayda əldə edən üçüncü şəxs (X5 və/ya əlaqəli təchizatçı) işə cəlb olunmadan mübahisəni həll etmək mümkün deyil. MPM 46, 57-ci maddələri üzrə zəruri üçüncü şəxs statusu araşdırılmalıdır. Bankdan əməliyyat jurnalları, təyinat mətni, benefisiar rekvizitləri, POS/MİD/TİD, MCC, autorizasiya kodları və s. tələb edilmədən qənaət formalaşdırılması selektiv qiymətləndirmədir. Fərid Əli arasında heç bir yazılı/şifahi müqavilə yoxdur, bu səbəbdən müqavilə öhdəliyi əsasında tələb yarana bilməz, iddia yalnız əsassız varlanma (və ya delikt) düzənində qiymətləndirilə bilər. OTP kodunun bildirilməsi kartın məhdud ticarət təyinatı (yalnız siqaret alışına yönəlik onlayn məxaric) fonunda faktiki varlanma yaratmır, pis niyyət iddiası sübutdan kənardır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı yazılı etiraz təqdim edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslındırılır ki, cavabdeh ona məxsus bank hesabına pulun mədaxil olunmasının hüquqi əsası olmadığını bilmiş, sonrakı əməliyyatlar isə bilavasitə onun sərəncamı ilə aparılmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş, tərəfimdən Cavabdeh2 ünvanlanan pretenziya məktubuna verilmiş cavabdan görünür ki, o, müvafiq əməliyyatların icrasına şəxsən sərəncam vermiş, lakin mülahizə xarakterli ifadələrlə belə hərəkətlərə Rəşid Məmmədovun təkidi ilə yol verildiyini bildirmişdir. Göründüyü kimi, apellyator əsassız varlanma faktının mahiyyətindən xəbərdar olduğundan bu halda yaranmış hüquq münasibətlərinə MM-in 1092.3-cü maddəsinin varlanmış şəxsin xeyrinə olan müddəaları tətbiq edilə bilməz. Belə ki, həmin normaya görə, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1-ci və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Lakin varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Apellyatorun ikinci dəlilinə münasibətdə bildirirəm ki, hazırkı işə X1 cəlb edilməsi baxılan işin onun maraqlarına toxunması və işin obyektiv həllinə təsiri baxımından lüzumsuzdur. Belə ki, tərəfimdən ödənilmiş 10111 manat pul vəsaitinin Murad Hüseynova məxsus bank hesabına mədaxil edilməsi və onun sərəncamı ilə (OTP kodundan istifadə edilməklə) məxaric edilməsi işin mübahisələndirilməyən hallarıdır. Bu halla bağlı əlavə araşdırmanın aparılması (bank əməliyyatlarından çıxarış əldə edilməsi, avtorizasiya kodunun tələbi, bank nümayəndəsinin şahid qismində dindirilməsi və s.) işin qeyd olunan mühüm əhəmiyyətli halının təsdiqi üçün əhəmiyyət daşımadığından lüzumsuzdur. X7 münasibətdə istinad etdiyi dəlillər onun mübahisələndirilən qətnamənin ləğvi üçün deyil, həmin şəxsə qarşı reqres iddia üzrə pul tələbinin əsaslarını təşkil edir. Şikayətin üçüncü dəlili ilə bağlı nəzərinizə çatdırıram ki, əsassız varlanma faktı üzrə tələb olunan pul məbləğinin tərəfimdən Murad Hüseynovun bank hesabına mədaxil edilməsi işin mübahisəsiz halı olduğundan məhkəmə haqlı olaraq həmin əməliyyatların hüquqi əsaslarının və kim tərəfindən məxaric edilməsinin təsdiq olunması vəzifəsini cavabdehə münasibətdə müəyyən etmişdir. Həmin xüsusatlar qarşı tərəfin əsassız mülahizələri ilə əsaslandırıldığından qəbul edilməmişdir. Apellyatorun növbəti dəlilləri ilə bağlı bildirirəm ki, maddi və prosessual hüquq normaları işə düzgün tətbiq edilmişdir. Belə ki, əsassız varlanmanın dispozisiya şərtlərini təşkil edən hallar, yəni varlanan şəxsin hüquqi əsas olmadan varlanması, belə varlanmaya tərəflər arasında müqavilə və ya digər qanuni əsasın olmaması iş materialları ilə tam sübuta yetirilir. Murad Hüseynovla yaranmış hüquq münasibətləri mənimlə Şirvan şəhərində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rəşid Məmmədov arasında malların pərakəndə göndərilməsi işlərinin icrası məqsədilə tərəfimdən ödənilməli olan pul məbləğinin onun hesabına ödənilməsi barədə əldə olunan razılıqdan törəmişdir. Belə razılaşmanın yekununda öhdəliklərin icrasız qalması səbəbi kimi mədaxil edilmiş pul məbləğinin müqavilə tərəfi olan Rəşid Məmmədova çatdırılmaması olaraq göstərilməsi Murad Hüseynova münasibətdə əsassız varlanma faktını meydana gətirmişdir. Qeyd edilənlərlə bağlı iddia tələbinin əsasını təşkil edən xüsusatlar da birinci instansiya məhkəməsində toplanan iş materialları ilə tam sübuta yetirilmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh2 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi, izahatında göstərdi ki, Hacıqabulda ərzaq mağazası işlədir. X5 “Vektor” şirkətində ekspeditor işləyir, onun mağazasına tütün məmulatları verirdi. Pul ödənişlərinin həyata keçirilməsi üçün mağaza işlədən şəxslərin kart məlumatları ekspeditorlarda olur. Kartına pul köçürülməsindən məlumatı olmamışdır. Rəşid ona zəng vurub demişdir ki, sənin kartına pul atmışam. Səhəri günü karta köçən pulu Rəşidin tapşırığınqa sasən “Vektor” şirkətinin hesabına köçürmüşdür. Bu köçürməni təsdiq edən bank hesabından çıxarışı birinci instansiya məhkəməsinə təqdim etmişdir. X13 arasındakı razılaşmadan xəbəri olmayıb. Ümumiyyətlə Fəridi əvvəllər tanımamışdır. Məhkəmədə cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə İddiaçı1 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. İzahatında göstərdi ki, Rəşid adlı şəxsi “Vektor” şirkətində işləyən ekspeditor kimi tanımış, işlətdiyi mağaza üçün ondan tütün məhsulları götürmüşdür. Aldığı tütün məmulatlarının pulunu adına açılan karta köçürürdü. Sonuncu dəfə adına olan kart bağlandığından pul ödəyib tütün məmulatları sifariş edə bilməmişdir. Bununla bağlı ekspeditor Rəşidə müraciət etmiş, sonuncu ona kart nömrəsi verərək pulu həmin karta köçürməsini demişdir. Həmin karta alacağı tütün məmulatları üçün “Milliön” aparatından 10111 manat pul köçürmüşdür. Həmin anadək kart sahibini tanımamışdır. Sonra sifariş etdiyi tütün məmulatları gəlməmiş, Rəşid telefonunu açmamışdır. Bildiyinə görə o günlərdə Rəşid işdən çıxarılmışdı. Kart sahibi Əlinin telefonunu digər satış təmsilçilərindən axtarıb tapmışdır. Pul vsaitini Əlinin kart hesabına köçürdüyündən, Əlidən tələb edir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur. ünvan 1 ünvanında yerləşən “Milliön” elektron ödəmə sistemi üzərindən 11 dekabr 2024cü ildə saat 15:49:37-də Cavabdeh2 adına olan AZ71PAHA41040AZNSC********** hesabına siqaret üçün 10111 manat vəsait köçürülmüşdür. Ali Huseynovun adına olan AZ71PAHA41040AZNSC********** hesabı üzrə "xxxx" ASC-nin təqdim ediyi çıxarışdan görünür ki, 11 dekabr 2024-cü il tarixdə “Milliön” elektron ödəmə sistemi üzərindən siqaret üçün ödənilən 10111 manat pul vəsaiti hesaba köçürülmüşdür. Sonradan 12 dekabr 2024-cü il tarixdə 10004,62 manat pul vəsaiti həmin hesabdan “Vektor” şirkətinin hesabına köçürülmüşdür. Neftçala Rayon Polis Şöbəsinin birinci instansiya məhkəməsinin sorğusu əsasında təqdim etdiyi materialda olan sənədlərlə aşağıdakılar müəyyən olunur: 2 mart 2025-ci il tarixdə saat 12:14-də İddiaçı1 adlı şəxs DİN 102 xidmətinə zəng edərək bildirmişdir ki, 11 dekabr 2024-cü il tarixdə ona tütün satacağını vəd edən Məmmədov Rəşid adlı şəxsin kart hesabına ümumilikdə 10111 manat pul göndərmiş, lakin sonuncu vədinə əməl etməmişdir; 5 mart 2025-ci ildə Nağıyev X9 Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 11 dekabr 2024-cü ildə əslən Ağdam rayon sakini olan, lakin Şirvan şəhərində yaşayan X5 ona olan inam və etibarından sui-istifadə edərək Hacıqabul şəhər sakini olan “Haqqın Yolu” adlı marketin sahibi “Əli” adlı şəxsin kartın 10111 manat pul göndərməsini deyərək, bunun əvəzində ona “Vest”, “Class”, “Prima”, “Maqna”, “Vinston”, “İd”, “Vinçester”, “Sobrania” markalı siqaret satacağına dair yalan vəd verib aldatmaqla, ona qarşı dələduzluq etmişdir, 5 mart 2025-ci ildə Nağıyev X9 Rayon Polis Şöbəsinə verdiyi izahatında göstərmişdir ki, Ağdam rayon sakini olan Şirvan şəhərində yaşayan 1992-ci il təvvəlüdlü X3 xeyli müddətdir tanıyır, onunla heç bir ədavət və düşmənçiliyi də yoxdur. Neftçala şəhəri ərazisində mağaza işlətdiyi zaman Məmmədov Rəşid siqaret satışı ilə məşğul olurdu. xx.xx.2024-cü il tarixdə X5 onun inam və etibarından su-istifadə edərək, Hacıqabul şəhər sakini olan “Haqqın Yolu” adlı marketin sahibi olan “Əli” adlı şəxsin kartına 10111 manat pul göndərməsini deyərək bunun əvəzində ona “Vest”, “Class”, “Prima”, “Maqna”, “Vinston”, “İd”, “Vinçester”, “Sobrania” markalı siqaret malları satacağına dair yalan vəd verib aldatmaqla, ona qarşı dələduzluq etmişdir. Belə ki, siqaret satışı ilə bağlı nağd pulla alqı-satqı olmadığı üçün sonradan bu işlə bağlı məcburi qaydada tanıdığı həmin “Əli” adlı şəxsin "xxxx"a məxsus ticarət kartına pul atmışdı. Rəşiddən pulunu geri istəsə də, Rəşid heç bir məbləğdə pul qaytarmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 784-cü maddəsinə əsasən vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. Kollegiya hesab edir ki, işin müəyyən olunan faktiki hallarına əsasən hazırki iş üzrə tərəflər arasında hər hansı bir müqavilə münasibətləri yaranmamışdır ki, ondan irəli gələrək öhdəliklərin icra edilib-edilməməsi müzakirə predmeti olsun. Cavabdeh işdə adı keçən X5 adlı şəxsin tapşırıqlarını icra edən şəxs olmuş, bunun üçün öz bank hesab nömrəsini sonuncuya təqdim etmiş, sonucu iddiaçı ilə əldə etdiyi razılaşma əsasında satacağı tütün məmulatlarına görə pul vəsaitini həmin kart hesabına köçürtdürmüş, sonradan isə cavabdehə başqa bir tapşırıq verərək həmin vəsaitini işlədiyi “Vektor” şirkətinin hesabına köçürtdürmüşdür. İddiaçı özü də, əvvəllər cavabdehi tanımadığını, onunla hər hansı bir müqavilə münasibətlərində olmadığını, yalnız dəyərini ödədiyi tütün məmulatlarının Rəşid Məmmədov tərəfindən təqdim edilməməsindən sonra cavabdehin telefonunu tapıb, onunla əlaqə saxladığını, pulu cavabdhehin kart hesabına köçürdüyüdan, cavabdehdən tələb etdiyini bildirir. Cavabdeh həmçinin iddiaçının hesabına əsassız varlanan şəxs deyildir, iş materiallarından cavabdehin hüquqi əsas olmadan iddiaçının (məhrum olanın) hesabına əmlak əldə etməsi müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillərlə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə iddianın qiyməti 10111 manat təşkil edir ki, prosessual qanunvericiliyə əsasən qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 393 və 402.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 14 avqust 2025-ci il tarixli e-2-2(121)-1520/2025 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı1 Cavabdeh2 qarşı pul tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov
Məhkəmə qərarları › İş №2-2(106)-259/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-259/2025
05.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver