Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-27/2023 04.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Süleymanov Məftun Süleyman oğlunun, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ("xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli 1137 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır; bundan sonra - "xxxx" ASC) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra - "xxxx") qarşı pulun tutulması, müqavilənin ləğv edilərək lizinq obyekti olan texnoloji avadanlıqların və onların yerləşdiyi tikilinin (binanın) kommunikasiya ilə birlikdə saz vəziyyətdə geri qaytarılması tələbinə dair kommersiya işi üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27 iyul 2015-ci il tarixli 2-2(86)-66/2015 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 160000 manat məbləğdə əsas borcun, 24645 manat məbləğdə cərimənin və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 184675 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 06 aprel 2012-ci il tarixli 13-LA/12 saylı müqavilənin ləğv edilərək lizinq obyekti olan texnoloji avadanlıqların və onların yerləşdiyi tikilinin (binanın) kommunikasiya ilə birlikdə saz vəziyyətdə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC və "xxxx" ASC arasında bağlanmış 06 aprel 2012-ci il tarixli 13-LA/12 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini müqavilələrin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə qiyməti ******* manat olan, saatda 1500 baş məhsuldarlığı olan quş kəsim sexinin avadanlıqlarının quraşdırılması ilə birlikdə lizinqə götürmüş, cavabdeh müqavilə üzrə texnoloji avadanlıqların ümumi dəyərindən 218000 manat məbləğində ilkin ödəniş aparmış, qalan məbləği isə lizinq ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh "xxxx" ASC öz üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə 01 iyun 2014-cü il tarixədək 218000 manat məbləğ ödəməli olduğu halda cavabdeh tərəfindən 58000 manat məbləğ ödəniş olunmuş, lakin müqavilə üzrə 160000 manat məbləğ borcu qalmışdır. Qeyd olunan borc məbləğinin ödənilməsi barədə cavabdehə 30 yanvar 2014-cü il tarixli ASC/2-216 nömrəli pretenziya məktubu göndərilsə də, borc öhdəliyi tam şəkildə yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış 06 aprel 2012-ci il tarixli 13-LA/12 nömrəli müqavilənin 4.2-ci maddəsinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Buna uyğun olaraq da, ödəniş qrafiki üzrə 01 iyun 2014-cü il tarixədək olan borcun məbləği 160000 manat və gecikdirilən günlərə görə hesablanmış cərimənin məbləği isə 24645 manat məbləğ təşkil edir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27 iyul 2015-ci il tarixli 2-2(86)-66/2015 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, tərəflər arasında bağlanmış 06 aprel 2012-ci il tarixli 13-LA/12 nömrəli lizinq müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə yaranmış 160000 manat məbləğdə əsas borc, 24645 manat məbləğdə cərimə və 30 manat məbləğdə dövlət rüsumu, cəmi 184675 manat məbləğdə pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, lizinq obyekti olan texnoloji avadanlıqların və onun yerləşdiyi tikilinin (binanın) kommunikasiya ilə birlikdə saz vəziyyətdə cavabdeh "xxxx" ASC-dən alınaraq iddiaçı "xxxx" ASC-yə geri qaytarılması qət edilmişdir. Cavabdeh "xxxx" ASC 03 sentyabr 2015-ci il tarixdə apellyasiya şikayəti verərək Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27 iyul 2015-ci il tarixli e2-2(86)66/2015 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 dekabr 2015-ci il tarixli e-2-2(106)-47/2015 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh "xxxx" ASC 29 iyun 2022-ci il tarixində kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 dekabr 2015-ci il tarixli e-2- 2(106)-47/2015 saylı qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 11 noyabr 2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 dekabr 2015-ci il tarixli 2- 2(106)-47/2015 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin adıçəkilən qərarında qeyd edilmişdir ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması, cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməməsinə dair kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir və belə nəticəyə gəlir ki, bu hal MPM-in 418.4 və 418.4.5-ci maddələrinin tələblərinə əsasən şikayətlərin dəlillərindən asılı olmayaraq iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas olduğundan, qətnamə ləğv edilməli, tərəflərin iştirakı təmin edilməklə işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsində 2015- ci il 23 sentyabr, 2015-ci il 28 oktyabr, 2015-ci il 16 noyabr və 2015-ci il 8 dekabr tarixlərə təyin edilmiş məhkəmə iclaslarına dair bildirişlər tərəflərə göndərilsə də, həmin bildirişlərin tərəflərə çatdırılmasını təsdiq edən sənədlər (poçt qəbzi, xəbərnamə və s.) iş materiallarına əlavə edilməmişdir.Bu səbəbdən də, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış hesab edilə bilməz. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən işə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmiş cavabdehin iştirakı olmadan baxılmaqla ədalət mühakiməsinin konstitusion prinsipləri olan çəkişmə və tərəflərin bərabərliyi prinsipi pozulmuşdur. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, həmçinin son vaxtlar formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmaqla ödənilməsi tələb edilən dəbbə pulunun məbləğinə MM-in 467-ci maddəsinin tələbləri baxımından yenidən qiymət verilməli, işə baxılarkən tərəflərin iştirakları təmin edilməli, sübutların yenidən qiymətləndirilməsi və mübahisənin qanuni həlli təmin edilməlidi A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ: Cavabdeh "xxxx" ASC apellyasiya şikayətini birinci instansiya məhkəməsi tərəfindən tələb edilən borcun və həmin borca hesablanmış faizlərin yaranma səbəblərinin araşdırılmaması ilə əsaslandırmış və məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Süleymanov Məftun Süleyman oğlu məhkəmədə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinin təmin edilməməsini və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27 iyul 2015-ci il tarixli 2-2(86)-66/2015 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. O, həmçinin bildirmişdir ki, "xxxx" ASC başqa şəxs tərəfindən yaxın zamanlarda alınmış və lizinq obyektinin müəyyən hissələrinin oğurlanması baş vermişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 dekabr 2014-cü il tarixli arayışından və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinin 11 dekabr 2014-cü il tarixli məlumatından görünür ki, cavabdeh "xxxx" ASC (VÖEN **********) 27 aprel 1998-ci il tarixdə D-2665 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş, 15 yanvar 2005-ci ildə 6 saylı Ərazi Vergilər İdarəsində uçota alınmış, hüquqi ünvanı AZ 1311, Biləsuvar rayonu Səmədabad kəndidir. İş materiallarına əlavə edilmiş 06 aprel 2012-ci il tarixli 13-LA/12 nömrəli lizinq müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC ilə "xxxx" ASC arasında texnoloji avadanlıqların dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi, lizinq alan texnikaların dəyərindən 218000 manat məbləği əvvəlcədən lizinq verənə ödəməsi, qalan hissəsini isə ödəniş qrafikində (2 nömrəli əlavəyə) göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürməsi və lizinqə verən isə bu müqavilədə göstərilən texnoloji avadanlıqları satan şirkət tərəfindən tam komplektləşdirlilmiş, quraşdırılmış və işlək vəziyyətdə bütün sənədlərlə (texniki pasport, istismar təminatı) birlikdə lizinq alana verilməsində iştirak edərək bu öhdəliyin yerinə yetirilməsini təmin etməsi şərti ilə texnoloji avadanlıqların lizinqə verilməsi barədə müqavilə bağlanaraq, saatda 1500 baş məhsuldarlığı olan quş kəsim sexinin texnoloji avadanlığının quraşdırılması ilə birlikdə lizinqə vermiş və həmin müqavilə üzrə tərəflər müəyyən mülki hüquq və vəzifələr əldə etməklə öz üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin “Texnikaların, texnoloji avadanlıqların, ehtiyat hissələrinin tədarükü və təminatı” şöbəsinin baş mütəxəssisi Lalayev İbrahim Hüseyn oğlunun, “Swisspoint Merehants LTD” şirkətinin nümayəndəsi Elşad Yusibovun, "xxxx" ASC-nin İdarə Heyətinin sədri Babayev Əli Bəbir oğlunun iştirakları ilə tərtib edilmiş 06 aprel 2012-ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, lizinq obyekti lizinq götürən Babayev Əli Bədir oğluna “Swisspoint Merehants LTD” şirkətinin səlahiyyətli nümayəndəsi Elşad Yusibovun iştirakı ilə işə salınaraq və işçiləri mütəxəssislər tərəfindən təlimatlandırılaraq tam normal şəkildə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin "xxxx" ASC-yə ünvanladığı 30 yanvar 2014-cü il tarixli ASC/2-216 saylı pretenziya məktubunun təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2012-ci il tarixli 13-LA/12 nömrəli müqaviləyə əsasən cavabdehin ödəniş qrafiki üzrə 01 yanvar 2014-cü il tarixinədək 167000 manat borcunun yarandığı, gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimənin ödənilməli olduğu, ödəməyəcəyi təqdirdə müqavilənin ləğv edilərək lizinq obyekti olan avadanlığın saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin məhkəməyə ünvanladığı 17 iyul 2014cü il tarixli ASC/2-1667 nömrəli məktubunda qeyd edilmişdir ki, cavabdeh lizinqə götürdüyü, ümumi dəyəri ******* manat olan kənd təsərrüfatı texnikaları üçün cəmiyyətin hesabına 218000 manat ilkin ödəniş etmiş, qalan ******* manat məbləğə isə ödəniş qrafiki tərtib olunmuşdur. Bu ödəniş qrafiki üzrə 01 aprel 2014-ci il tarixədək 218000 manat ödəməli olduğu halda 58000 manat ödəniş olunmuşdur. Cavabdehin 06 iyun 2014-cü il tarixə borcu 160000 manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə 24645 manat məbləğ təşkil edir. İş materiallarına əlavə edilmiş iddiaçının məhkəməyə ünvanladığı 17 iyul 2014-cü il tarixli ASC/2-1668 saylı lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, cərimə məbləği 24645 manat məbləğ təşkil edir. Beləliklə, mülki işin müəyyən olunmuş hallarına əsasən iddiaçı "xxxx" ASC və cavabdeh "xxxx" ASC arasında 06 aprel 2012-ci il tarixli 13-LA/12 nömrəli lizinq müqaviləsi bağlanmış, cavabdeh "xxxx" ASC lizinqə götürdüyü və ümumi dəyəri ******* manat məbləğ olan kənd təsərrüfatı texnikaları üçün cəmiyyətin hesabına 218000 manat məbləğdə ilkin ödəniş etmiş, qalan ******* manat məbləğə isə ödəniş qrafiki tərtib olunmuşdur. Həmin ödəniş qrafiki üzrə 01 aprel 2014-ci il tarixədək 218000 manat məbləğdə pul vəsaiti ödənilməli olduğu halda cəmi 58000 manat məbləğ ödəniş olunmuşdur. Cavabdehin 06 iyun 2014-cü il tarixə borcu 160000 manat məbləğ və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə isə 24645 manat məbləğ təşkil edir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Habelə, 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 747-1.1-ci maddəsinə görə lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır. MM-in 747-2-ci maddəsinə əsasən lizinq obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və daşınmaz əşyalardır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə görə əsas vəsaitlər istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir. Əsas vəsaitlər aşağıdakı kateqoriyalara ayrılır: binalar, tikintilər və qurğular; maşınlar, avadanlıq və hesablama texnikası; nəqliyyat vasitələri və digər əsas vəsaitlər. MM-in 747-5.1-ci maddəsinə əsasən lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. MM-in 748.1-ci maddəsinə görə lizinq müqaviləsi yazılı formada bağlanılır. MM-in 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. MM-in 748-10.1, 748-10.2 və 748-10.4-cü maddələrinin tələbinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27 iyul 2015-ci il tarixli 2-2(86)-66/2015 saylı qətnaməsi cərimə borcunun tutulması hissədə dəyişdirilməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sübutlardan - lizinq müqaviləsi, maliyyə arayışı və s.-dən məlum olur ki, iddiaçı "xxxx" ASC hazırkı iddianı qaldırmağa lizinq müqaviləsindən irəli gələn müvafiq subyektiv hüquqlara malikdir. Qeyd edilməlidir ki, tərəflər arasında mübahisə predmeti olan 06 aprel 2012-ci il tarixli lizinq müqaviləsinin bağlanması və adıçəkilən müqaviləyə uyğun olaraq izinq obyekti olan müvafiq texnikaların cavabdeh "xxxx" ASC-yə təhvil verilməsi işin mübahisəsiz halları olmaqla, iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Göründüyü kimi, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 yanvar 2017-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 28 dekabr 2020-ci il tarixli qərarlarında göstərilmişdir ki, Konstitusiyanın bu prinsiplərini əsas götürərək dövlət, iqtisadiyyatın inkişafı, xalqın rifahının yüksəldilməsi məqsədilə müəyyən güzəştlər tətbiq edərək lizinq bazarının inkişaf etdirilməsinə şərait yaratmışdır. Azərbaycan Respublikasında lizinq münasibətlərinin inkişaf etdirilməsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılması, sahibkarlığın təşviq edilməsi, kənd təsərrüfatı mallarının istehsalçılarının maddi və texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi, sahibkarlığı maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin həvəsləndirilməsi, ümumilikdə ölkədə rifahın yaxşılaşdırılması və sairdir. Beləliklə də, lizinq beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alətin unikallığı ondan ibarətdir ki, o özündə icarə, kredit və alqı-satqı müqavilələrinin elementlərini birləşdirərək bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırır. Bu müqavilə konstruksiyasının hər üç tərəfi onun faydalarından mikrosəviyyədə, dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar. Belə ki, lizinq alan maliyyələşmə alətindən istifadə etməklə, bu və ya digər əmlakı daha sürətlə ödəmə qabiliyyətinin daha az maliyyə analizinə cəlb etməklə nisyə satın alır, lizinq verən lizinq obyektinin lizinq müddətində onun mülkiyyətində qalmaqla daha təminatlı şəkildə maliyyələşməsini həyata keçirir, satıcı isə bu üsulla daha məhsuldar satışlar həyata keçirir. Mülki Məcəllədə mülki-hüquqi müqavilələrin bir növü kimi nəzərdə tutulmuş lizinq, əsasən iqtisadi dövriyyənin müqavilə növlərindən biridir. İştirak edən subyektlərin risklilik dərəcəsini balanslaşdırmaq məqsədi ilə mülki qanunvericilikdə müəyyən mülki-hüquqi müqavilələrin subyekt tərkibinə dair xüsusi tələblər ola bilər. Lakin hazırda qüvvədə olan mülki qanunvericilikdə lizinq müqaviləsinin tərəflərinə dair hər hansı bir xüsusi tələb müəyyən olunmur. Yuxarıda göstərilənlərlə yanaşı, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə də lizinqin inkişafı üçün zəruri şəraitin yaradılması imkanlarının nəzərə alınması öz əksini tapmışdır. Məhkəmə kollegiya qeyd edir ki, qanunvericiliyə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Bununla da, lizinq verəni maraqlandıran şərt haqqın vaxtında və tam həcmdə ödənilməsi, gecikdirmə yarandığı halda isə müqavilə ilə müəyyən olunmuş cərimə və ödənişlərin tələb edilməsidir. Bu baxımdan lizinq müqaviləsində lizinq obyektindən gəlir götürülməsi mütləq şərt kimi qoyulmur. Lakin lizinq alan üçün lizinqin cəlbediciliyi məhz lizinq obyektindən gəlir əldə etməklə lizinqin sonunda həmin obyektin onun mülkiyyətinə keçməsi ola bilər və tərəflərin iradə ifadələrinə uyğun olaraq həmin şərt müqavilədə göstərilə bilər. MM-in 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. MM-in 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. MM-in 467-ci maddəsinə görə məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləlikə, kollegiya diqqətə çatdırır ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər. Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur.Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, ödənişi tam etməmiş, nəticədə iddiaçı onun və digər cavabdehlərin əsas, faiz və cərimə borcu yarandığını iddia etmiş və məhkəməyə iddia ilə müraciət etmək hüququndan istifadə etmişdir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan sənədlərin (sübutların) tərəflərin izahatları ilə müqayisəli təhlilinə əsasən belə qənaətə gəlir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 27 iyul 2015-ci il tarixli 2-2(86)-66/2015 saylı qətnaməsi cərimə (dəbbə) borcunun tutulması hissədə dəyişdirilməli, 06 aprel 2012-ci il tarixli 13-LA/12 saylı müqavilə üzrə hesablanmış 24645 (iyirmi dörd min altı yüz qırx beş) manat məbləğdə cərimə (dəbbə) pulunun məbləği azaldılaraq 2000 (iki min) manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilməməlidir. “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Bununla bərabər, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətində Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27 iyul 2015-ci il tarixli 2-2(86)-66/2015 saylı qətnaməsinin ləğvi və ya digər hissələrdə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27 iyul 2015-ci il tarixli 2-2(86)-66/2015 saylı qətnaməsi cərimə (dəbbə) borcunun tutulması hissədə dəyişdirilməli, "xxxx" ASC və "xxxx" ASC arasında bağlanmış 06 aprel 2012-ci il tarixli 13-LA/12 saylı müqavilə üzrə hesablanmış 24645 (iyirmi dörd min altı yüz qırx beş) manat məbləğdə cərimə (dəbbə) pulunun məbləği azaldılaraq 2000 (iki min) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-27/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-27/2023
04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver