Məhkəmə qərarları › İş №2-2(106)-27/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-27/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-27/2025 24.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə X2 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 1 oktyabr 2024-cü il tarixli e-2-2(121)-2129/2024 saylı qətnaməsindən (hakim E.Abdullayev) cavabdehlərdən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 7 mart 2023-cü il tarixli onlayn kredit verilməsinə dair məktub üzrə 10298.82 manat əsas borc, 640.88 manat faiz borcu və 314.79 manat cərimə, 7 mart 2024-cü il tarixdən 7 may 2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 86.35 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 11340.84 manat borcun və 124.02 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Tələb onunla əsaslandırılmışdır ki, 26 sentyabr 2022-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı ASC-nin “Lənkəran” filialından 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. 26 sentyabr 2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq 26 sentyabr 2022-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. 7 mart 2023-cü il tarixli tarixli onlayn kredit verilməsinə dair məktuba əsasən Cavabdeh3 İddiaçı ASC-dən illik 18% olmaqla 12 ay müddətinə 30000 manat məbləğində kredit götürmüşdür. 7 noyabr 2023-cü il tarixdə 7 mart 2023-cü il tarixli SMS_LOAN_********** saylı kredit müqaviləsinə əlavə saziş 1-ə əsasən kreditin müddəti 7 mart 2024-cü il tarixinə kimi uzadılmışdır. 2024cü ilin mayın 7-dək Cavabdeh3 banka 7 mart 2023-cü il tarixli onlayn kredit verilməsinə dair məktub üzrə 10298.82 manat əsas borc, 640.88 manat faiz borcu və 1259.17 manat cərimə borcu, 7 mart 2024-cü il tarixdən 7 may 2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 86.35 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 12285.22 manat borcu vardır. Cavabdeh3 7 mart 2023-cü il tarixli onlayn kredit verilməsinə dair məktub üzrə banka ümumi cərimə borcu 1259.17 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği onlayn kredit verilməsinə dair məktubdə nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 314.79 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 1 oktyabr 2024-cü il tarixli 2-2(121)-2129/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10298.82 manat əsas borc, 640.88 manat faiz borcu, 20 manat cərimə, ilik beş faizlə hesablanmış 86.35 manat faiz borcu və 120 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 11166.05 manat məbləğində pul tutularaq İddiaçı ASC-nə ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən Cavabdeh3 apellyasiya şikayəti verərək qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında kredit limiti və kreditin verilməsinə dair müqavilənin və veriləcək kreditin üzrə yaranmış borcun təminatı üçün tərəflər arasında zaminlik müqaviləsinin bağlandığı, kredit limitinin 100000 manat qeyd edilməsi, 30000 manat həcmində kreditin verilməsi işin mübahisəsiz hallarıdır. İşin mübahisəli halları isə ondan ibarətdir ki, iddiaçı həmin kredit məbləğindən ödənilməmiş 10298.82 manat əsas borcun qaldığını iddia edir. Buna faiz və cərimələr hesablayır. Lakin cavabdehin bu müddət ərzində ona nə qədər pul ödədiyini, ödənilmiş məbləğlərin hansı qaydada və hansı təyinat üzrə silindiyini qeyd etmir. Cavabdeh isə adı çəkilən kreditlə bağlı borclu qalmadığını və tam şəkildə ödədiyini deyir. Bunun əsası kimi də ona istinad edir ki, ümumilikdə müqavilə üzrə götürdüyü 30000 manat kreditdən il ərzində heç bir ödəniş etmədiyi halda, illik 18% şərtləndirildiyindən, cəmi faiz 5400 manat olmaqla, maksimum 35400 manat ödəməlidir. Lakin bu müddətlər ərzində ödədikləri 40000 manatdan artıq olmuşdur. İddiaçı ödənişləri düzgün hesablamadığı faizlərə silməklə, 20000 manat civarında pulunu əsas məbləğə silinməsindən yayındırmışdır. Bununla da süni borc məbləğini yaratmış və buna əlavə faiz və cərimələr hesablanmışdır. İddiaçı məhz buna görə də ödənişləri qəsdən məhkəməyə təqdim etməmişdir. Halbuki, kredit üzrə borcların təyin edilməsi üçün verilmiş kredit məbləği ilə yanaşı, faizlərin düzgün hesablanması, ödənişlərin təyinatı üzrə düzgün silinməsi əsas amillər olmaqla, mübahisənin ədalətli, obyektiv həll və cavabdehin məhkəmə müdafiəsinin təmin edilməsi məqsədləri üçün nəzərə alınmalı və işin nəticəsi üçün mühüm əhəmiyyətə malik hallardır. Lakin məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bu halları tam aydınlaşdırmamış, iddiaçının göstərdiklərini üstün tutmuş və mübahisəsiz hal kimi qəbul etmiş, bu da ödənişlə bağlı cavabdehin üzərinə yol verilməyən borca görə əlavə öhdəliklər qoyması ilə nəticələnən qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbləri baxımından müqavilə tərəfləri müqavilədə şərtləndirilmiş razılaşma tələblərinə uyğun davranmalıdırlar. Tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq iddiaçı cavabdehə illik 18%-lə 30000 manat məbləğində kredit vermişdir. Verilmiş kreditə ümumilikdə ödəniş aparılmadığı halda illik hesablanıla bilən məbləğ 5400 manat təşkil etdiyi bəllidir. Bu halda kreditə görə ödənilməli olan məbləğ maksimum 35400 manat təşkil edir. Lakin bu müddətlər ərzində cavabdehin ödədikləri 40000 manatdan artıq olmuşdur. İddiaçı cavabdeh tərəfin kreditdən qaytardığını danmır. Verdiyi kreditdən 10298.82 manat əsas borc qaldığını iddia edir. Buna faiz və cərimələr hesablayır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, hər hansı bir sübutlara söykənmədiyini bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər hər hansı bir üzürlü səbəbini bildirmədən məhkəmədə iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlədən Cavabdeh3 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümyəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin müəyyən olunan borc məbləği hissədə dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırsa da, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə qismən düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən, 120 ay müddətinə 100000 manat məbləğində krеdit xətti açılmışdır. xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən, zaminlər bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh3 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli tarixli onlayn kredit verilməsinə dair məktuba əsasən Cavabdeh3 İddiaçı ASC-dən illik 18 % olmaqla, 12 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məlumatlandırılmışlar. Apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/2168 saylı rəyinə əsasən ekspertiza qarşısında qoyulmuş suallar aşağıdakı formada cavablandırılmışlar: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2023-cü il tarixli Saziş şərtləri əsas götürülməklə Cavabdeh3 banka olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2024cü il tarixə (sualda göstərilən tarix) əsas borc üzrə 10033.21 manat, faiz borcu üzrə 185.61 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (sualda göstərilən tarix) 5%-lə hesablanan faiz borcu 83.61 manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsasə verir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli südüyü öhdəliklərin icrası tələbi qanuni və əsaslı olmuşdur. Borc alan həmçinin zaminliklə təmin olunmuş kredit öhdəliyini lazımınca icra etmədiyindən, zaminlər də borc alanla birlikdə kreditor qarşısında məsuliyyət daşımışlar. Bununla belə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, "Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur". Konstitutsiya Məhkəməsinin qeyd olunan qərarında formalaşan hüquqi mövqeyə, həminçinin qanunvericiliyin tələbinə görə kredit müqaviləsi müddətli olmaqla müəyyən vaxt çərçivəsi ilə məhdudlaşır. Hər bir şəxs müqavilə münasibətlərinə daxil olarkən bu hərəkətlərin onun üçün konkret hansı nəticələrə səbəb olacağını görmək imkanına malik olmalıdır. O cumlədən nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi kreditin qaytarılması üçün razılaşdırılmış müddətin xx.xx.2024-cü il tarixində bitməsini, bankın yalnız həmin tarixə mövcud əsas borcun qalığının və müqavilədə nəzərdə tutulan qaydada hesablanmış faizin, müqavilə müddəti bitəndən sonra isə 5%-lə hesablanan əldən çıxmış faydanın tutulmasını tələb etməsini nəzərə alan birinci instansiya məhkəməsinin yuxarıda sadalanan maddi hüquq normaları baxımından mübahisənin həllinə yanaşması doğru olmuşdur. Bununla belə apellyasiya şikayətinin dəlilləri üzrə aparılan araşdırma zamanı təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə xx.xx.2024-cü il tarixinə əsas borcun qalığı 10033.21 manat, faiz borcunun məbləği 185.61 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək olan müddət üçün 5%-lə hesablanan faiz borcunun məbləği 83.61 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin şərtlərindən irəli gələn, öhdəliklərin vaxtında və lazımınca icra edilməməsinə görə hesablanmış dəbbə pulunun tutulmasını yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından tələb etməkdə haqlıdır. Bununla belə kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Buna görə də, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil. Bu baxımdan kollegiya 314.79 manat cərimə məbləğinin azaldılaraq 20 manat məbləğində müəyyən edilməsi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri aparılan araşdırmanın nəticəsi olaraq qismən öz təsdiqini tapdığından qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi müəyyən olunan əsas borcun qalığı, müqavilə müddəti üçün hesablanmış faiz borcunun və müqavilə müddətindən sonra 5%-lə hesablanan faiz borcunun məbləğləri hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, mülki işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat ekspertiza xərci Cavabdeh3 alınaraq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 1 oktyabr 2024-cü il tarixli e-2-2(121)-2129/2024 saylı qətnaməsi müəyyən olunan 10298.82 manat əsas borc, 640.88 manat faiz borcu, illik beş faizlə hesablanmış 86.35 manat hissədə dəyişdirilərək, əsas borcun məbləği 10033.21 manat, faiz borcunun məbləği 185.61 manat, illik beş faizlə hesablanmış faiz borcunun məbləği isə 83.61 manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilməsin. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat ekspertiza xərci Cavabdeh3 tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar