Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-278/2025 14.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 27 avqust 2025-ci il tarixli e-2-2(121)-1849/2025 saylı qətnaməsindən (hakim Zaur Abbasov) iddiaçı tərəfindən verilmiş apellysiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə LPO "xxxx" ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 3084,33 (üç min səksən dörd ABŞ dolları 33 sent) ABŞ dolları - bundan 1493,58 ABŞ dolları əsas, 439,48 ABŞ dolları faiz, 926,99 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 224,28 ABŞ dolları faiz borcunun və iş üzrə ödənilmiş 72,44 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, LPO İddiaçı ASC-nin Beyləqan filialı ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə cavabdehə “dövriyyə vəsaiti” məqsədi ilə 24 ay müddətinə illik 21,5 % dərəcəsi ilə 2500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 2845,93 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 3084,33 (üç min səksən dörd ABŞ dolları 33 sent) ABŞ dolları təşkil edir. Bundan 1493,58 (bir min dörd yüz doxsan üç ABŞ dolları 58 sent) ABŞ dolları əsas, 439,48 (dörd yüz otuz doqquz ABŞ dolları 48 sent) ABŞ dolları faiz, 926,99 (doqquz yüz iyirmi altı ABŞ dolları 99 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 224,28 (iki yüz iyirmi dörd ABŞ dolları 28 sent) ABŞ dolları faiz borcu təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-1849/2025 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdeh iddia tələbini əsas borca aid hissədə qəbul etdiyini, iddiaçı bank bağlandığına görə ödənişi həyata keçirə bilmədiyini, hesablanmış faiz və cərimə borcları ilə razı olmadığını bildirmişdir. Şirvan Kommersiya Məhkəməsinin 27 avqust 2025-ci il tarixli e-2-2(121)-1849/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə 1493,58 ABŞ dolları məbləğində əsas borc, 224,28 ABŞ dolları məbləğində gecikdirmə faizi borcu (ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) və ödənilmiş 48,61 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 2968,98 manat məbləğində pulun tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı LPO İddiaçı ASC apellyasiya şikayəti verərək faiz, cərimə borcları və ümumi borc məbləğinin "cəmi məbləğ" hissədə ləğv edilməsini və həmin hissələrdə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 6.2-ci bəndində qeyd olunur ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Fərmanın bu bəndi ilə Banklara fiziki şəxslərin vaxtı keçmiş kredit borclarına tətbiq edilmiş faizləri silmək və məhkəmədə olan işləri dayandırmaq üçün tədbirlər görməyi tapşıran təlimat verilmişdir, yəni vaxtı keçmiş kredit borclarının gecikmə günləri müəyyən bir həddi aşarsa (360 gün), Banklar buborclara restrukturizasiya tətbiq etməli idi. Əgər gecikmə günü yoxdursa, restrukturizasiya tətbiq edilməsi nəzərdə tutulmamışdır. Restrukturizasiya borcun ödənilməsi ilə bağlı çətinliklər yarandıqda (maddi vəziyyət, gecikmə günləri və s.) həyata keçirilir. Fərmanın heç bir bəndində vaxtı keçməmiş kredit borclarının restrukturizasiya olunması və həmin borc üzrə yaranmış faiz və dəbbə pulu (cərimə, penya) borclarının silinməsi səlahiyyətləri banklara və ləğvetmə prosesində olan banklara verilməmişdir. Qərarın 6.1-ci bəndində qeyd olunur ki, Fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: 6.1.1. həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1dək bağlanmalıdır; 6.1.2. fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17000 manatdan və ya 10000 ABŞ dollarından (Mərkəzi Bankın 2019-cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; 6.1.3. fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirir ki , əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmədiyi üçün kredit müqaviləsi üzrə yaranmış borc vaxtı keçmiş kredit borcu hesab edilmir. Ona görə də, hesablanmış faizlər və dəbbə pulu (cərimə, penya) Bank tərəfindən silinməmiş və eyni zamanda cavabdehin adı restrukturizasiya olunması təklif olunan kreditlər siyahısında olmamışdır. Bundan başqa bildirir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsi üzrə əsas və faiz borcları üzrə gecikmə günlərinin sayı 2019-cu ilin mart ayına, 360 gündən az, yəni 0 gün təşkil edir və bu MKR-dən çıxarışda öz əksini tapır. Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə Fərmana əsasən restrukturizasiya müqaviləsi yalnız o halda bağlanar ki, kredit müqaviləsi üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilsin. Birinci instansiya məhkəməsi isə qətnamədə qeyd etmişdir ki, “müəyyən olunur ki, hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə qeyd olunan Fərmanın təsiri altına düşür.” Bildiririk ki, borcun müvafiq Fərmanın şərtlərinə uyğun olaraq düzgün qiymətləndirilməsi vacibdir. Fərmanın məqsədi, sadəcə, borcalanların problemli kreditlərə münasibətdə hüquqlarını qorumaq deyil, həmçinin kreditorların da maliyyə maraqlarını təmin etməkdir. Bu səbəbdən, borcun bütün parametrlərinin və şərtlərinin diqqətlə nəzərdən keçirilməsi, həm borcalanın, həm də kreditorun hüquqlarının balanslaşdırılmasını təmin etməlidir. Lakin yalnız əsas məbləğ və bağlanma tarixi üzərində diqqət yetirmək, borcun digər şərtləri və dəyişən amilləri nəzərə almamaq, hüquqi baxımdan məqsədəuyğun və düzgün nəticələrə gətirib çıxarmamış, həmçinin qeyriadekvat və tam əsaslandırılmamış qərarın qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmənin "həm də digər əsaslara görə qeyd olunan Fərmanın təsiri altına düşür" ifadəsi ilə bağlı olaraq isə qeyd edirik ki, məhkəmə eyni zamanda digər əsaslara da əsaslanaraq qərar versə də, qətnamədə digər əsasların nədən ibarət olduğunu göstərməmiş, Fərmanın tətbiqinə dair olan "digər əsaslar"ın konkret olaraq nədən ibarət olduğu, ödəniş müddətləri və ya borcun strukturu kimi parametrlər haqqında heç bir izahat verilməmişdir. Bu vəziyyət, həm borcalan, həm də kreditor üçün hüquqi qeyri müəyyənlik yaradır və qərarın düzgünlüyünü və əsaslandırılmasını şübhə altına alır. Bu səbəbdən məhkəmənin qətnaməsində qeyd edilən "digər əsaslar"ın qeyd olunmaması, qətnamənin hüquqi baxımdan əsassız olmasına gətirib çıxarır. Birinci instansiya məhkəməsi qətnamədə yanlışlığa yol verərək Cavabdeh əsas və faiz borcunun ödənilməmiş qaldığını qeyd etmişdir. Lakin məhkəmə, bu borcun düzgün hesablanmasında və ya borcun qalıq məbləğlərinin müəyyən edilməsində səhv etmiş, yəni məhkəmə borcun tam məbləğini düzgün hesablaya bilməmiş, nəticədə iddia tələbinin yalnız restrukturizasiya olunmuş borc məbləği həddində təmin edilə biləcəyini hesab etmişdir. Lakin məhkəmə qətnaməsində Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanının konkret hansı bəndinə istinad edildiyi göstərilməmişdir, bu da həm borcalanın, həm də kreditorun hüquqlarının pozulmasına səbəb olur. Tərəflər arasında ********* nömrəli xx.xx.2025-ci il tarixli Kredit müqaviləsi üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişin 1.2 və 1.3-cü bəndlərinə görə kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8%, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 16 faiz dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilməli idi. Bankın cavabdehdən faiz borcu üzrə 439,48 ABŞ dolları məbləğində pulun tutulmasına dair iddia tələbi Bank ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin müddəalarına və qüvvədə olan qanunvericiliyin tələblərinə əsaslanır, iş materiallarına əlavə edilmiş sənədlərlə bu tələbin əsaslılığı sübuta yetirilir. Mülki Məcəllənin 462.1-ci maddəsinəgörə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinəgörə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Göründüyü kimi, 926,99 ABŞ dolları məbləğindəcərimə borcunun ödənilməsi ilə bağlı Bankın tələbi qanunvericiliyin müddəalarına uyğun olaraq tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən olunmuşdur. Lakin məhkəmə, cərimə məbləğini əsassız olaraq təmin etməmişdir. Şirvan Kommersiya Məhkəməsi sübutlara düzgün şəkildə diqqət yetirməmişdir. Belə ki, Problemli kreditlərlə bağlı məlumatların araşdırılması məqsədilə elektron portal vasitəsilə əldə olunmuş çıxarışda cavabdehin əsas kredit üzrə qalıq borcuna hesablanmış kompensasiya məbləğləri, həmin borcun restrukturizasiya üçün nəzərdə tutulmuş kreditlər siyahısına daxil edilmədiyi və digər əlaqəli göstəricilər barədə məlumatlar əks olunmuşdır. Birinci instansiya məhkəməsi qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları düzgün aydınlaşdırmamışdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdeh müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifələrini tam yerinə yetirməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. İddiaçı LPO İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin faiz, cərimə borcları və ümumi borc məbləği hissələrdə ləğv olunmasını xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmasını düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissələrdə qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur. LPO İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə ilə Cavabdeh “Dövriyyə vəsaiti” məqsədi ilə 24 ay müddətinə illik 21,05 faiz dərəcəsi ilə 2500 ABŞ dolları məbləğində krеdit verilmişdir. xx.xx.2025-ci il tarixli, “Ödəniş cədvəli”nın surətindən görünür ki, xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2017-ci il kimi qeyd olunmuşdur. xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinin restrukturizasiya edilməsinə dair xx.xx.2017-ci il tarixli, 01 nömrəli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 2845,93 ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. xx.xx.2025-ci il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh xx.xx.2015ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən 1493,58 ABŞ dolları əsas, 439,48 ABŞ dolları faiz, 926,99 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 224,28 ABŞ dolları faiz borcu olmaqla, cəmi borc məbləği 3084,33 ABŞ dolları təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən yaranmış 3084,33 ABŞ dolları məbləğində borcun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Mərkəzi Bankına verilmiş sorğuya 6-1-21/2-18763/2025 saylı xx.xx.2025 tarixli cavab məktubundan görünür ki, Cavabdeh (FİN: xxxxxxx) ilə LPO İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi Fərmanın təsiri çərçivəsinə düşmüş və həmin müqavilə üzrə cavabdehə cəmi 1393,31 manat kompensasiya məbləği hesablanmışdır. Məlumat bazalarına əsasən LPO İddiaçı ASC tərəfindən cavabdehə sözügedən müqavilə üzrə 60,66 manat güzəşt edildiyindən həmin məbləğin 41,26 manat hissəsi (19,40 manat hissəsi digər kredit təşkilatında olan kredit müqaviləsi üzrə hesablanmış kompensasiyadan çıxılmışdır) kompensasiya məbləğindən çıxılmış və qalan məbləğ - 1352,05 manat vəsait Cavabdeh sərəncamına verilmişdir. "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi" Qaydasının 3.3-cü bəndinə əsasən devalvasiya nəticəsində fiziki şəxsin xarici vayutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaradılmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesndə olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsasə verir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli sürdüyü öhdəliklərin icrası tələbi qanuni və əsaslı olmuşdur. Bununla belə məlumdur ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir; 1.1-ci bənd 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0.25 manat (0.15 ABŞ dolları) kimi. Fərmanın 2-ci bəndinə əsasən Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli; 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 6-cı bəndinə əsasən banklara tövsiyə edilmişdir ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Belə ki, birinci instansiya məhkəməsi Fərmanı mexaniki və formal şəkildə deyil, kreditin hüquqi və iqtisadi mahiyyətini, habelə Fərmanın sosial yönümlü məqsədini nəzərə alaraq tətbiq etmişdir. İş materiallarından, o cümlədən maliyyə arayışından və kompensasiya barədə Palata cavabından açıq şəkildə görünür ki, cavabdehin kredit borcu problemli kredit kimi qiymətləndirilmiş və həmin borc üzrə kompensasiya məbləği hesablanmışdır. Bu hal artıq kredit münasibətinin Fərmanın tətbiq dairəsinə daxil olduğunu təsdiq edir. İş materiallarında olan problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet portalından çıxarışdan görünür ki, Cavabdeh LPO İddiaçı ASC-nə olan kredit borcu üzrə 1393,31 manat məbləğində kompensasiya hesablanmışdır. Eyni zamanda, Fərmanın 6.2-ci bəndində banklara faizlərin silinməsi və borc yükünün yüngülləşdirilməsi ilə bağlı tədbirlərin görülməsi tövsiyə xarakterli deyil, sosial-iqtisadi mahiyyət daşıyan imperativ yanaşmadır. Birinci instansiya məhkəməsi də məhz bu hüquqi mövqedən çıxış edərək, cavabdehin faiz və cərimə borcuna görə məsuliyyətini aradan qaldırmışdır ki, bu da qanunvericiliyin məqsədinə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə iddianın mübahisələndirilən hissədə qiyməti (439,48 ABŞ dolları faiz, 926,99 ABŞ dolları cərimə) 1366,47 ABŞ dolları olmaqla, manata münasibətdə məzənnə üzrə 2322,99 manat təşkil edir ki, prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 27 avqust 2025-ci il tarixli e-2-2(121)-1849/2025 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanovı
Məhkəmə qərarları › İş №2-2(106)-278/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-278/2025
14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver