Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-280/2025 10.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Vəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi, iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 5 sentyabr 2025-ci il tarixli e-2-2(121)-1534/2025 saylı qətnaməsindən (hakim R.Nəbiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 128800 manat borcun, əsas məbləğə 5% dərəcəsi ilə hesablanmış 6440 manat dəbbə pulunun və ödənilmiş 418,80 manat dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında birgünlük diri cücələrin alqı-satqısına dair QE/SB-01 nömrəli, xx.xx.2022 ci il tarixli müqavilə bağlanılmışdır. Müqavilənin müddətinin bitmə tarixi xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Qeyd olunan müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşması protokoluna əsasən bir cücənin qiyməti 1,1 manata razılaşdırılmışdır. Mövcud müqavilə üzrə tərəflərindən elektron qaimə faktura ilə cavabdehin Sabirabad rayonunda yerləşən sexində xx.xx.2022-ci il tarixdə dəyəri 38500 manat, xx.xx.2022-ci il tarixdə 40700 manat, xx.xx.2022-ci il tarixdə 10000,10 manat, xx.xx.2022-ci il tarixdə 27500 manat, xx.xx.2022ci il tarixdə 39600 manat, xx.xx.2023-cü il tarixdə 33000 manat, xx.xx.2023-cü il tarixdə 33000 manat, ümumilikdə 222300,10 manat dəyərində birgünlük cücələr təhvil verilmişdir. Qəbul edilmiş məhsul üzrə yaranmış borcdan cavabdeh bügünədək bank hesabına köçürmə yolu ilə cəmi 93500 manat vəsait ödəmişdir. Müqavilə üzrə qalıq borc 128800,10 manatdır. Dəfələrlə borcun ödənilməsi cavabdehdən tələb olunsada, sonuncu borcun ödənilməsi üçün heç bir əməli tədbir görməmiş, əksinə müxtəlif bəhanələrlə borcun ödənilməsindən daim yayınmışdır. Mübahisənin məhkəməyəqədər nizama salınması məqsədilə cavabdehə 128800,10 (bir yüz iyirmi səkkiz min səkkiz yüz manat 10 qəpik) manat qalıq borcun və ona hesablanmış dəbbə pulunun ödənilməsi barədə qanunvericiliklə müəyyən olunmuş qaydada pretenziya məktubu göndərilmişdir. Buna baxmayaraq cavabdeh həmin borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh yazılı ərizə təqdim edərək iddiaçı "xxxx"MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə 140-150 minlik mal aldığını, həmin malların dəyərinin çox hissəsini ödədiyini, qalıq borcunun 5-6 min təşkil etdiyini, qeyd etdikləri ilə bağlı sübutlarını təqdim edəcəyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 5 sentyabr 2025-ci il tarixli e-2-2(121)-1534/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh 82700,10 (səksən iki min yeddi yüz manat, on qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 357,60 (üç yüz əlli yeddi manat, altmış qəpik) manat pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edərək, iddia tələbinin həmin hissədə də təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" MMC alıcı olaraq Cavabdeh bir günlük cücə məhsullarını müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşma protokoluna əsasən həmin protokolda göstərilən adda, göstərilən sayda, miqdarda, qiymətdə və çatdırılma, təhvil verilmə müddətində satmalı, “Alıcı” isə öz növbəsində hər partiya üzrə məhsulun tam satış dəyərini qabaqcadan və ya 100 faizini bir günlük məhsul təhvil verildikdən sonra 5 iş günü müddətində sifariş verdiyi malı müqavilədə nəzərdə tutulmuş qaydada vaxtında qəbul etməli və ödənişləri həyata keçirməli idi. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh Alıcıya göndərilən mallara dair 6 ədəd qaimə təqdim edilmiş və həmin qaimələrə əsasən malların dəyəri 182 700,10 manat təşkil etmişdir. Həmin qaimələrdə göstərilən mallardan başqa Alıcı tərəfindən Satıcıya müqaviləyə uyğun olaraq heç bir sifariş verilməmiş, müqavilədə nəzərdə tutulan bir günlük cücə məhsulları qəbul edilməmişdir. Bu fakt iş materialları ilə də təsdiq olunur. Belə ki, iddiaçı Satıcı həmin qaimələrdə göstərilən mallardan başqa malların təqdim edilməsini və cavabdeh Alıcı tərəfindən təhvil alınmasını sübut edə biləcək heç bir sənəd təqdim edə bilməmişdir. Məhkəmə prosesində səhhətində yaranmış problemlə bağlı iştirak edə bilməmiş və vəkillə müqavilə bağlamağı mümkün olmaması səbəbindən müdafiə hüququnu təmin etməyi mümkün olmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehə ümumilikdə 222.300,10 manat dəyərində malların təhvil verdiyini bildirsə də, işdə olan malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə fakturalardan müəyyən edilir ki, cavabdehə ümumilikdə 182700 manat məbləğində mal təhvil verilmiş, cavabdeh tərəfindən isə 93500 manat məbləğində ödəniş edilmişdir. Nəticədə cavabdehin iddiaçıya 89200,1 manat məbləğində borcu qalmışdır. Cavabdehin iddiaçıya ümumilikdə 89200,1 manat borcunun olması öz təsdiqini tapdığından, o cümlədən cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, eyni zamanda işin faktiki hallarına və qanunvericiliyin qeyd olunan normalarına əsasən iddia tələbi əsas borca münasibətdə qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Hesab edir ki, məhkəmənin məsələyə bu cür yanaşmasının heç bir hüquqi əsası yoxdur. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis polkovnik-leytenantı Elzadə Cəfərov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında izahatı alınmış "xxxx" MMC-də direktor müavini vəzifəsində işləyən və müqavilə üzrə bütün danışıqların aparıldığı X5(faktiki rəhbər) izahatında qeyd etmişdir ki, Cavabdeh satılan məhsulun ödəniş forması əsasən hesabdan hesaba köçürmək və bəzən də nağd formada həyata keçirilmişdir. Eyni zamanda Rəhilə Sadıqova izahatında qeyd etmişdir ki, "xxxx" MMC-nin direktoru Murad Sadıqovun rəsmi şikayəti ilə polis orqanlarına müraciət etmiş, MMC-də aparılan araşdırma ilə Cavabdehlə MMC arasında xx.xx.2022-ci il tarixdə bir günlük cücələrin satışı ilə bağlı müqavilə bağlandığı, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə olan müddət ərzində ona 222300 manat dəyərində məhsul satıldığı, həmin müddətdə onun tərəfindən məhsulun 93500 manatının ödənildiyi, 128800 manat ödənilməmiş qaldığı məlum olmuşdur. Bundan başqa Rəhilə Sadıqova izahatında göstərmişdir ki, Murad Sadıqovun zamin durması ilə Elmana zavodların nisyə verdikləri yemin dəyəri ilə MMC-dən götürdüyü bir günlük cücələrə görə MMC-yə 307750 manat borcu olduğu, Elman həmin məbləğin 83500 manatını bank vasitəsilə MMC-nin hesabına, 97268 manat məbləği isə karta köçürməklə, nağd formada sürüçülərlə göndərməklə, iki partiya toyuq verməklə ödəmiş, Cavabdeh MMC-yə verməli olduğu 122584 manat pulu verməkdən imtina etdiyini bildirmişdir. İş materiallarına iddiaçının özü tərəfindən sübut kimi təqdim edilmiş cinayət işinin başlanmasının rədd olunması dair materiallardan da göründüyü kimi Alıcı olaraq tərəfindən ödənişlər həm bank vasitəsilə rəsmi olaraq ödənilməklə həyata keçirilmiş, həm Satıcı tərəfindən təqdim edilmiş karta köçürülmüş, eləcə də nağd ödəniş edilmişdir. Bildirir ki, ödəniş formasına dair bu fakt həqiqətdir, bu faktı təsdiq edir və əlavə edir ki, sürücü vasitəsilə göndərdiyi pullar Rəhilə Sadıqovaya təqdim edilib və sürücü bu faktı təsdiq edə bilər. Təəssüf ki, işə baxan məhkəmə iddia tələbinin təmin edilməsi üçün heç bir legitim sübut olmadığı halda, iddia tərəfinin şübhəli dəlillərini əsas götürüb iddianı qismən də olsa təmin etmişdir. Halbuki, qeyd edilən qərardan da göründüyü kimi, "xxxx" MMC-də direktor müavini vəzifəsində işləyən və işlərə faktiki rəhbərlik edən X3 izahatında etiraf edir ki, ümumilikdə 190768 manat mən ödəniş olunub. Təqdim etdiyi qaimələrə əsasən ümumilikdə 182700 manat borcu yaranmışdır. Maraqlıdır, işə baxan məhkəmə də iddianı qismən təmin edərkən, digər bir mötəbər sübut olmadığından, yalnız Satıcı tərəfindən göndərilmiş elektron qaimələrə istinad etmiş və bu əsasla da iddianı qismən təmin etmişdir. Lakin məhkəmə Alıcı olaraq ödənildiyi və Satıcı tərəfin özünün də etriaf etdiyi kimi kart hesablarına köçürmələri, nağd ödənişləri nəzərə almamış, bununla bağlı heç bir araşdırma aparmamış, nəticədə şübhəli qənaətə gəlmişdir. Beləliklə qeyd edilənlərdən də göründüyü kimi iddiaçı iddia tələbini sübut edə bilməmiş, məhkəmənin qətnaməsində qət etdiyi məbləğ həcmində borcu qalmamış, məhkəmə isə bu hallara qiymət verməmiş, tələm tələsik qərar qəbul etməyə üstünlük vermişdir. Beləliklə iş materiallarından kifayət qədər aydın görsənir ki, iddiaçının göstərdiyi qaimələrə əsasən qaimələrdə olan malların dəyəri tam ödənilmişdir, ödənilən məbləğlə bağlı həmin məbləğin yenidən tutulması barədə qərar qəbul etməsi məhkəmənin ədalətsiz mövqedən çıxış etməsinə dəlalət edir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, cavabdeh apellyasiya şikayətində 182700 manat dəyərində mal təhvil aldığını etiraf edir. Aldığı malların dəyərinin tam ödənilməsinə dair cavabdeh birinci instansiya məhkəməsinə hər hansı bir sübut verməmişdir, baxmayaraq ki, məhkəmə dəfələrlə cavabdehin iştirakını təmin etmək məqsədilə prosesləri təxirə salmış, işə baxılma müddətini uzatmışdır. Cavabdeh aldığı mallara görə ödənişləri iddiaçının verdiyi kart hesablarına köçürməklə, həmçinin taksi sürücüləri ilə nəğd qaydada göndərməklə etdiyini bildirsə də, buna dair hər hansı birn sübut təqdim etməmişdir. Bundan başqa tərəflər arasında bağlanan müqavilənin şərtlərində hesablaşmaların bank hesabı üzərində aparılmalı olması ayrıca şərt kimi müəyyən edilmişdir. Müqavilə üzrə isə cavabdehin ödədiyi məbləğ iddialarında bildirdikləri kimi 93500 manat təşkil edir ki, həmin pul vəsaiti iddiaçının bank hesabına köçürülməklə ödənilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdeh üzürlü səbəblər olmadan məhkəmədə iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissədə ləğvini və həmin hissədə də rəddini xahiş etmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin olunan hissədə yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materillarında olan sənədlərlə aşağıdakılar məyyən olunur: "xxxx" MMC ilə X4 (Alıcı) (VÖEN:**********) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, QE/SB-01 nömrəli “Alqı-satqı Müqaviləsi”nin: -1.1-ci bəndinə əsasən “Alıcı” Müqavilə ilə birgünlük diri cücələrin (bundan sonra “məhsul” adlandırılacaq) dəyərini “Satıcı”ya ödəyir, “Satıcı” isə müqaqviləyə uyğun olaraq məhsulu “Alici”nin mülkiyyətinə verir. -1.2-ci bəndinə əsasən, Məhsulun növü, miqdarı, tərkibi, qiyməti və digər əlamətləri və xarakterik xüsusiyyətləri Müqavilənin ayrılmaz hissəsi olan əlavə ilə müəyyənləşdirilir (qiymətlərin razılaşma pratakolu, hesab faktura və.s) və Tərəflər arasında hesablaşma üçün əsas kimi qəbul edilir. -2.1-ci bəndinə əsasən, “Alıcı” Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə “Satıcı”dan üçüncü şəxslərin hüquqlarından azad olunmuş, razılaşdırılmış çeşiddə və keyfiyyədə olan məhsulu tələb etmək. -2.1.2-ci bəndinə “Satici”dan müqavilə şərtlərinin tələblərinin vaxtında və lazımınca icra edilməsini tələb etmək. -2.1.3-ci yarımbəndinə əsasən, “Satıcı” müqavilənin şərtlərinə və tələblərinə əməl etmədikdə müqaviləni birtərəfli qaydada ləğv etmək. -2.1.4 Qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək. -2.2. “Alıcı”nın vəzifələri. -2.2.1. Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə “Satıcı”dan üçünci şəxslərin hüquqlarından azad olunmuş ,razılaşdırılmamış çeşiddə və keyfiyyətdə olan məhsula görə ödənişi həyata keçirmək. -2.2.2 Müqavilə üzrə öhdəliklərin vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək. -2.3. “Satici”nin hüquqları. -2.3.1.Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə məhsula görə ödənişin həyata keçrilməsini “Alıcı”dan tələb etmək. 3.1.Müqavilə üzrə ödənişlər “Satıcı”nın Müqavilənin 1.2-ci bəndinə uyğun Müqavilənin ayrılmaz hissəsi olan əlavə əsasında aparılır. 3.2. Müqavilə bağlandıqdan sonra “Alıcı” hər partıya üzrə məhsulun tam satış dəyərini qabaqcadan və ya 100 faizini birgünlük məhsulu təhvil verdikdən sonrs 5 iş günü müddətində müqavilənin 3.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəyir. 3.3. Müqavilə üzrə hesablaşmalar Azərbaycan manatı (AZN) ilə aparılaraq bank hesabına köçürmə yolu ilə həyata küçrilir.Tərəflər Azərbaycan Respublikasınin mövcud qanunvericiliyinə nəzərdə tutulmuş tələblərə uyğun olaraq bütün vergilərin, rüsumların, lisenziya haqlarının və digər ödənişlərin aparılmasına məsuliyyət daşıyırlar. Bir tərəf digər tərəfin vergilərin, rüsumların, lisenziya haqlarınin və digər ödənişlərin aparmamağına görə məsuliyyət daşımır. İş materialında olan 20 sentyabr 2022-ci il tarixli QE-SB-01 nömrəli Alqı-Satqı Müqaviləsinə əsasən 1 saylı əlavə 20 sentyabr 2022-ci il Qiymət razılaşdırılması protokolundan görünürki ROSS-308 (1 günlük cücələr) 1,10 qəpik dəyərində razılaşdırılmışdır. İş materiallarında olan EBCG 037382 nömrəli, xx.xx.2022-ci il tarixli (38500.00manat), EBCİ 786859 nömrəli, xx.xx.2022-cü il tarixli (40700,00 manat), EBCJ 177390 nömrəli xx.xx.2022-cü il tarixli (10000,10 manat), EBCO 057463 nömrəli, xx.xx.2022-cü il tarixli (27500.00 manat), EBCO 679394 nömrəli, xx.xx.2023-cü il tarixli (33000.00 manat) və EBDG 733702 nömrəli,xx.xx.2023-cü il tarixli (33000.00 manat), malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 182700 manat məbləğində birgünlük cücələr ona təhvil verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli, pretenziya məktubunun surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış Alqı satqı müqaviləsi üzrə yaranmış 128800,10 manat borcun və əsas məbləğin 5% - 6440 manat məbləğində dəbbə pulunun 10 gün müddətində MMC-nin bank hesabına ödənilməsi barədə X1 məlumatlandırmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir; 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 608-ci maddəsinə əsasən, əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. İş materiallarına əlavə olunan sənədlərlə tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış QE/SB-01 nömrəli “alqı-satqısı müqaviləsi”indən irəli gələn münasibətlərin formalaşdığı, alıcı qismində çıxış edən Cavabdeh satıcı qismində çıxış edən "xxxx" MMC qarşısında götürmüş olduğu (diri cücələrin) mallara görə, malların dəyərinin tam olaraq ödənilməsi formasında icra edilməmiş pul öhdəliyinin yarandığı müəyyən olunur. Bu iş materiallarına əlavə edilən elektron qaimə fakturalar, cavabdeh tərəfindən köçürmə yolu ilə qismən edilən ödənişlər, cavabdehin iddiaçının pretenziyasını cavablandırmaması, iddiaçıdan 182700 manat dəyərində malı təhvil aldığını etiraf etməsi, dəyərini tam olaraq sübuta yetirə bilməməsi ilə tam təsdiqini tapır. Malları (diri cücələri) təhvil almış alıcı (cavabdeh) onu alğı-satqı müqaviləsində nəzərdə tutulan qaydada və müddətdə ödəmək vəzifəsini icra etmədiyindən, satıcı (iddiaçı) verilmiş malların ödənilməsini tələb etməkdə tam haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 5 sentyabr 2025-ci il tarixli e-2-2(121)-1534/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov
Məhkəmə qərarları › İş №2-2(106)-280/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-280/2025
10.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver