Məhkəmə qərarları › İş №2-2(106)-282/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-282/2025

03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-282/2025 03.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X2 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət məhkəmə tərkibində, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli, e-2-2(121)-95/2025 saylı (hakim Zaur Abbasov) qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-cü il tarixli kredit müqaviləsi üzrə 13386,16 manat əsas borc, 694,72 manat faiz borcu və 6,21 manat cərimə borcu olmaqla, cəmi 14087,09 manat borcun tutulması və ödənilmiş 132,26 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli, e-2-2(121)-95/2025 saylı qətnaməsi ilə İddia ərizəsi qismən təmin edilmiş, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 13745,09 manat məbləğində əsas borc, 1257,71 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu, ödənilmiş 132,26 manat dövlət rüsumu olmaqla, cəmi 15235,06 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, İddianın qalan hissədə təmin edilməməsi, Ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 Hesab №AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti vermişdir. Şirvan Kommersiya Məhkəməsi Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətini mülki iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 363.1.3-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, qaytarılır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir: «İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.». Apellyasiya şikayətini nəzərdən keçirdikdə aydın olur ki, cavabdehə göndərilmiş Şirvan Kommersiya Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli qətnaməsində məhkəmə qətnaməsinin surəti rəsmi qaydada verildikdən sonra 1 ay müddətində qətnamədən apellyasiya şikayəti vermək hüququ izah olunmasına baxmayaraq cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin qəbul edilməsindən qanunvericiliklə müəyyən olunmuş bir aylıq müddət keçdikdən sonra məhkəməyə daxil olmuşdur. Belə ki, müəyyən edilir ki, Şirvan Kommersiya Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli qətnaməsi Cavabdeh3 poçt vasitəsilə xx.xx.2025-ci il tarixdə göndərilmiş, Cavabdeh3 həmin qətnaməni xx.xx.2025-ci il tarixdə almışdır. (i/v. səh. 181 və 185). Cavabdeh3 tərəfindən apellyasiya şikayəti elektron sistem vasitəsilə xx.xx.2025-ci il tarixdə verilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti məhkəməyə vaxında verilmişdir. Apellyasiya şikayətinə nəzər saldıqda müəyyən edilir ki, cavabdeh Şirvan Kommersiya Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə əlavə etmişdir. X3 Məhkəməsi cavabdehin müddətin bərpası barədə ərizəsinə münasibət bildirməyərək apellyasiya şikayətini baxılması üçün Apellyasiya instansiyasına göndərmişdir. Beləliklə məhkəmə kollegiyası belə hesab edir ki, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün (müddətin bərpası barədə ərizəyə baxılması) mülki iş Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Şirvan Kommersiya Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli, e-2-2(121)-95/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması (müddətin bərpası barədə ərizəyə baxılması) üçün mülki iş Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar