Məhkəmə qərarları › İş №2-2(106)-283/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-283/2025

18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-283/2025 18.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: icarə müqaviləsi üzrə mübahisə. Şirvan şəhəri, 18 dekabr 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X4 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əhmədli Murad İlham oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, e-2-2(121)-1783/2025 saylı qətnaməsindən (hakim. Z.Abbasov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Nöşət oğlu Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3800 manat məbləğində borcun və ödənilmiş 58 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə İddiaçı və Cavabdeh arasında **-SA-*** dövlət qeydiyyat nömrəli avtomobilin icarəsinə dair icarə müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən və təhvil-təslim aktı əsasında sözügedən avtomobil cavabdehə təhvil verilmişdir. İcarə müqaviləsinin 3-cü bəndinə əsasən icarəçi olaraq nəqliyyat vasitəsini 1 təqvim günü müddətinə icarəsi üçün icarəverənə 40 manat məbləğində icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh həmin icarə müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, icarə müqaviləsi bağlandığı gündən bu günədək 3800 manat icarə borcu movcuddur. Borcun ödənilməsi bağlı ona pretenziya məktubu göndərilsə də, bu günə qədər onun tərəfindən İddiaçı hər hansı bir ödəniş olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı Nöşət oğlu ərizə verərək məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə baxış iclasında iştirak etməmişdir. Buna görə də onun mövqeyini müəyyən etmək mümkün olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 16 sentyabr 2025-cü il tarixli e-2-2(121)-1783/2025 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Şirvan Kommersiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinin əsaslandırarkən qeyd etmişdir ki, iddiaçı icarə obyekti olan avtomobilin hansı tarixdə cavabdehdən təhvil alınmasını (götürülməsini), avtomobilin hansı müddətdə cavabdehin istifadəsində olmasını, hansı əsaslarla və müddətə icarə haqqı borcunun hesablanmasını təsdiq edən mötəbər və yetərli sübutları təqdim etməmişdir. Qeyd etmək istəyir ki, avtomobil təhvil təslim aktı əsasında təhvil verilmişdir. Bu işin mübahisəsiz halıdır və icarə müqaviləsində qeyd etmişdir ki, icarəçi avtomobili geri qaytararkən təhvil təslim aktında geri qaytarmalıdır. Ümumiyyətlə cavabdeh proseslərə gəlməməsi iddianın qəbul etməsinə bərabərdir. Məhkəmə bu halların heç birini nəzərə almamış, iddianı rədd etmişdir. Həmçinin tərəfindən cavabdeh məhkəməyə gəlmədiyi halda qiyabi qətnamə çıxarılması xahiş olunmuşdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini əsassız hesab etmiş, onun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçıya məxsus olan bir neçə avtomobili icarəyə götürərək qazanc əldə etmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus “Hundai Elantra” markalı avtomobilə dair icarə müqaviləsi bağlamış və elə həmin tarixdə, yəni xx.xx.2024-cü il tarixdə avtomobili iddiaçıdan təhvil almışdır. İcarə müqaviləsində günlük icarə haqqı 40 manat yazılsa da iddiaçı ilə aralarında günlük icarə haqqını 30 manat razılaşdırmış və iddiaçıya hər gün 30 manat icarə haqqı ödəmişdir. İcarəyə götürdüyü “Hundai Elantra” markalı avtomobillə cəmi 30 gün işləmiş, avtomobillə qəza etdiyi üçün iddiaçı ilə aralarında narazılıq yaranmış və iddiaçı avtomobili ondan almışdır. İddiaçının avtomobili ondan nə vaxt geri almasını xatırlamır. Həmin avtomobili iddiaçıya rəsmi olaraq təhvil-təslim aktı tərtib edərək qaytarmamışdır. Avtomobilin onda olduğu 30 gün ərzində iddiaçıya hər gün 30 manat ödəniş etmişdir. Ödənişlər barədə onda hər hansı sübut yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin o, məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edərək cavabdehdən xx.xx.2024-cü il tarixindək yaranmış borcun tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 676.0, 676.0.1, 676.0.2 və 676.0.3-cü maddələrinin birgə tələblərinə görə, kirayəyə verilən əşyanın kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olması, kirayəyə verilmiş əşyanın əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olması və üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmaması və ya bu istifadəni istisna etməməsi üçün kirayəyə verən məsuliyyət daşıyır. Həmin Məcəllənin 680.1-ci maddəsinə əsasən, kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: 680.1.1. binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri; 680.1.2. heyvanın kirayəyə verildiyi halda - qulluq və bəsləmə xərcləri. Həmin Məcəllənin 680.2-ci maddəsinə əsasən, kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 686-cı maddəsinə əsasən, əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəlləni 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cavabdehin izahatını və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğunda təmin edilməli, iş üzrə üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı Nöşət oğlu xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə (VÖEN) sahibkarlıq subyekti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə (VÖEN) sahibkarlıq subyekti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** SA *** qeydiyyat nişanlı, “X5” markalı, 2015-ci il buraxılışlı nəqliyyat vasitəsi X1 mülkiyyətindədir İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 295399 nömrəli etibarnamədən görünür ki, X2 ona məxsus olan əmlaklarının idarə edilməsini, onlara dair sərəncam verilməsini və s. hüquqi hərəkətlərin aparılmasını İddiaçı Nöşət oğluna etibar etmişdir. İş materiallarında olan iddiaçı (İcarəyə verən) İddiaçı Nöşət oğlu ilə cavabdeh (İcarəçi) Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Avtomobil icarəsi haqqında müqavilə”nin: 1.1-ci bəndinə əsasən, icarəverən qanuni əsaslarla ona məxsus olan “Toyota Prius C” markalı minik nəqliyyat vasitəsini, (sonradan “Nəqliyyat vasitəsi” adlandırılır; Dövlət nömrə nişanı: 77SA872 buraxılış ili 2015; Mühərrik № K057024: Rəngi ağ mirvari; Tip: XETCBEK; Ban: 5NPDH4A6GH688420) icarəyə verir, icarəçi isə həmin nəqliyyat vasitəsini xidmət ehtiyacları üçün öz istifadəsinə qəbul edir. 2.1-ci bəndinə görə, İcarəçinin öhdəlikləri aşağıdakılardır: 2.1.1-ci bəndinə əsasən, bu Müqavilənin 1.1. bəndində qeyd edilmiş Nəqliyyat vasitəsini «31» iyul 2024-cü il tarixdə qəbul etmək. 2.1.2-ci bəndinə əsasən, Nəqliyyat vasitəsinin icarəsinə görə nəzərdə tutulan icarə haqqını bu Müqavilədə qeyd edilən müddətdə və məbləğdə ödəmək. 2.1.7-ci bəndinə əsasən, İcarəçi müqavilədə nəzərdə tutulan ödənişi 5 (beş) gündən çox gecikdirərsə avtomobil icarəyəverən tərəfindən geri tələb oluna bilər. 2.1.9-cu bəndinə əsasən, İcarəyə alınmış nəqliyyat vasitəsini təhvil-təslim aktı əsasında icarəyəverəndən qəbul edir. 2.1.17-ci bəndinə əsasən, İcarəçi tərəfindən müqavilənin bütün bəndlərində nəzərdə tutulan əsaslara və qaydalara əməl olunmadıqda Nəqliyyat vasitəsinin sahibi birtərəfli qaydada tərəflər arasında bağlanmış müqaviləyə xitam verə bilər. 2.1.22-ci bəndinə əsasən, İcarəçi nəqliyyat vasitəsini icarəyəverənə geri qaytarmaq istədikdə ən az 10 (gün qabaqcadan xəbərdar etməlidir. 2.1.23-cü bəndinə əsasən, İcarəçi nəqliyyat vasitəsini icarayəverənə təhvil-təslim aktı əsasında geri qaytarmalıdır. 3.1-ci bəndinə əsasən, lcarəçi bu Müqavilədə qeyd edilmiş və icarəyə alınmış nəqliyyat vasitəsini 1 (bir) təqvim günü müddətinə icarəsi üçün icarəyəverənə 40 (qırx) manat məbləğində icarə haqqı ödəyir. 4.1-ci bəndinə əsasən, bu Müqavilə «31» iyul 2024-cü il tarixdən «27» noyabr 2026ci il tarixədək bağlanır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, İcarəyə verən BAN: 5NPDH4A6GH688420 seriya nömrəli, ** SA *** qeydiyyat nişanlı, “X5” markalı, 2015-ci il buraxılışlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə uyğun olaraq işlək vəziyyətdə içarəçiyə təhvil verir, icarəçi isə həmin nəqliyyat vasitəsini təhvil alır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2024-cü il tarixli “Avtomobil icarəsi haqqında” müqavilə” əsasında ödənilməmiş 3800 manat icarə haqqının 3 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin mübahisəli hallarını təşkil edən xüsusatları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşməsinə baxmayaraq, iddiaçı icarə obyekti olan avtomobilin hansı tarixdə cavabdehdən təhvil alınmasını (götürülməsini), avtomobilin hansı müddətdə cavabdehin istifadəsində olmasını, hansı əsaslarla və müddətə icarə haqqı borcunun hesablanmasını təsdiq edən mötəbər və yetərli sübutları təqdim etməmişdir. İddia ərizəsinə əlavə edilmiş sübutlar isə yuxarıda sadalanan işin mühüm əhəmiyyət kəsb edən hallarını təsdiq etmək üçün kifayət hesab edilə bilməz. Buna görə də məhkəmə iddiaçı icarə obyekti olan avtomobilin hansı müddət ərzində cavabdehin sahibliyində və istifadəsində olmasına, avtomobilin hansı tarixdə cavabdehdən təhvil alınmasına (götürülməsinə), eləcə də icarə haqqı borcunun hansı əsaslarla və hansı müddətə hesablanmasına dair sübutları məhkəməyə təqdim etmədiyinə görə iddianı təmin etməmişdir. Göründüyü kimi iddia təmin edilməmiş qətnamədən iddiaçı narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri işdə icarə müqaviləsinin olmasından, mübahisəli avtomobilin təhvil təslim aktı əsasında cavabdehə təhvil verilməsindən, icarə müqaviləsi üzrə ödənişlərin edilməməsindən, müqavilədə icarəçinin avtomobili geri qaytararkən təhvil təslim aktı əsasında geri qaytarılması göstərildiyi halda bunun məhkəmə tərəfindən nəzərə alınmamasından ibarətdir. Kollegiya apellyasiya şikayətinin qeyd edilən dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, kollegiyanın iclasında iştirak edən Cavabdeh iddiaçıya məxsus olan bir neçə avtomobili icarəyə götürərək qazanc əldə etmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus “Hundai Elantra” markalı avtomobilə dair icarə müqaviləsi bağlamış və elə həmin tarixdə, yəni xx.xx.2024-cü il tarixdə avtomobili iddiaçıdan təhvil almışdır. İcarə müqaviləsində günlük icarə haqqı 40 manat yazılsa da iddiaçı ilə aralarında günlük icarə haqqını 30 manat razılaşdırmış və iddiaçıya hər gün 30 manat icarə haqqı ödəmişdir. İcarəyə götürdüyü “Hundai Elantra” markalı avtomobillə cəmi 30 gün işləmiş, avtomobillə qəza etdiyi üçün iddiaçı ilə aralarında narazılıq yaranmış və iddiaçı avtomobili ondan almışdır. İddiaçının avtomobili ondan nə vaxt geri almasını xatırlamır. Həmin avtomobili iddiaçıya rəsmi olaraq təhvil-təslim aktı tərtib edərək qaytarmamışdır. Avtomobilin onda olduğu 30 gün ərzində iddiaçıya hər gün 30 manat ödəniş etmişdir. Ödənişlər barədə onda hər hansı sübut yoxdur. Müəyyən edilir ki, iddiaçı ona məxsus olan avtomobilini sahibkarlıq məqsədi ilə istifadə edilməsi üçün cavabdehin icarəsinə vermiş, cavabdeh isə icarəyə götürdüyü avtomobildən istifadəyə görə şərtləşdirilmiş icarə haqqının iddiaçıya ödənilməsinə dair öhdəlik götürmüş və onlar arasında olan bu münasibət xx.xx.2024-cü il tarixli “Avtomobil icarəsi haqqında” müqavilə ilə rəsmləşdirilmişdir. İddiaçı elə həmin gün icarə obyekti olan avtomobili işlək vəziyyətdə cavabdehə təhvil vermişdir. İddiaçı qeyd etmişdir ki, cavabdeh avtomobil onda olduğu müddət üçün ona icarə haqqı ödəməmiş və onun ödənilməmiş 3800 manat məbləğində icarə haqqı borcu qalmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi sübutetmə yükünün bölüşdürülməsi məsələsinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, müəyyən edilir ki, tərəflər arasında minik avtomobilinin icarəyə verilməsinə dair müqavilə bağlanmış, müqavilə şərtlərinə görə cavabdeh tərəfindən 1 gün üçün 40 manat məbləğində icarə haqqı ödənilməsi razılaşdırılmış, icarə obyekti olan avtomobil xx.xx.2024-cü il tarixdə cavabdehə təhvil verilmişdir. Belə olduğu halda cavabdeh avtomobili hansı tarixdə iddiaçıya qaytarmasını və avtomobilin onda olduğu müddətdə iddiaçıya icarə haqqı ödəməsinin sübutunu təqdim etməli idi. Cavabdeh isə Kollegiyanın iclasında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə avtomobili iddiaçıdan təhvil almış, həmin avtomobil onda cəmi 30 gün qalmış, iddiaçıya hər gün 30 manat icarə haqqı ödəmişdir. Ödənişlər barədə onda hər hansı sübut yoxdur. İcarəyə götürdüyü avtomobillə qəza etdiyi üçün iddiaçı ilə aralarında narazılıq yaranmış və iddiaçı avtomobili ondan almışdır. İddiaçının avtomobili ondan nə vaxt geri almasını xatırlamır. Göstərmişdir ki, həmin avtomobili iddiaçıya rəsmi olaraq təhvil-təslim aktı tərtib edərək qaytarmamışdır. Göründüyü kimi cavabdeh icarəyə götürdüyü avtomobilin onda cəmi 30 gün qalmasını qeyd etsə də mübahisəli avtomobili iddiaçıya geri qaytarması və həmin avtomobilə görə iddiaçıya günlük icarə haqqı ödəməsi ilə bağlı hər hansı mötəbər sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, bu halları sübutetmə yükü hazırda cavabdehin üzərində olmasına baxmayaraq, cavabdeh qeyd edilənləri sübut edə bilməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edərək cavabdehdən xx.xx.2024-cü il tarixindək yaranmış borcun tutulmasını xahiş etmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, göründüyü kimi iddiaçının iddia tələbi 3800 manat pulun alınmasından ibarətdir. Bu məbləğ cavabdehdən 95 gün üçün tələb edilən (3800/40=95) pul vəsatinə bərabərdir. Hazırda iddiaçı cavabdehdən xx.xx.2024-cü il tarixindək yaranmış borcun tutulmasını xahiş edir. Belə olan halda isə avtomobilin təhvil verildiyi xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək gün sayı 114 gün edir ki, (114x40=4560) bu rəqəmi də 40 manata vurduqda 4560 manat edir ki, bu da iddia tələbindən kənara çıxma hesab edilir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı özü də avtomobilin cavabdehdən nə vaxt təhvil almasının sübutunu məhkəməyə təqdim etməmişdir. Buna görə də kollegiya belə qənaətə gəlir ki, iddia iddia tələbi həcmində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, e-2-2(121)-1783/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməli, Cavabdeh 3800 (üç min səkkiz yüz) manat məbləğində pul və ödənilmiş 58 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı Nöşət oğluna verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan çox deyil. Buna görə də qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, e-2-2(121)- 1783/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh 3800 (üç min səkkiz yüz) manat məbləğində pul və ödənilmiş 58 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı Nöşət oğluna verilsin. Apellyasiya şikayəti verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar