Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-284/2025 27.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işi üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi. İddia zaminlərə qarşı deyil, əsas borclunun vərəsələrinə qarşı yönəldilməlidir. Şirvan şəhəri, 27 noyabr 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X3, (sədrlik edən, məruzəçi) X4 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, e-2-2(121)-2005/2025 saylı qətnaməsindən (hakim.Z.Abbasov) İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və X1 müştərək qaydada 24954,37 manat məbləğində əsas bоrc və 0 manat faiz borcu оlmaqla, cəmi 24954,37 manat borcun və 164,86 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Səfərov Nahid Namiq oğlu arasında bağlanmış 17 iyul 2024-cü il tariхli, 900842-839312/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 22% dərəcəsi ilə 30000 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdehlər – Cavabdeh2 arasında 17 iyul 2024 il tariхli, 900842-839312/1 nömrəli və Cavabdeh1 arasında 17 iyul 2024 il tariхli, 900842-839312/1/2 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər bank qarşısında (bоrcalan tərəfindən 17 iyul 2024 il tariхli, 900842-839312/1 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. Bundan başqa, əsas borclu Səfərov Nahid Namiq oğlu xx.xx.2024-cü il tarixdə “Baş beynin diffuz travması” səbəbi ilə vəfat etmişdir. (Bu barədə ölüm haqqında şəhadətnamənin surəti də ərizəyə əlavə edilmişdir) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, “Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır.” Həmçinin həmin qərarın 3-cü bəndində qeyd edilmişdir ki, “Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəlisürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.” Beləliklə bank öhdəliyin icrasını zamindən tələb edə bilər. 07 aprel 2025-ci il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 24954.37 manat məbləğində əsas bоrcu və 0 manat faiz borcu оlmaqla, cəmi 24954.37 (İyirmi dörd min doqquz yüz əlli dörd (.37)) manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasınə xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də onların mövqeyini müəyyən etmək mümkün olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, e-2-2(121)- 2005/2025 saylı qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləgv edilməsini və bankın iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qeyd etmişdir ki, baxılan iş üzrə zaminlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliyin borclu tərəfindən pozulması ilə əlaqədar zaminlik müqavilələrindən irəli gələn öhdəliyi yaranmamışdır. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, borclu Səfərov Nahid Namiq oğlu kredit müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə həyata keçirilməli olan ilk ödənişdən əvvəl, xx.xx.2024-cü il tarixdə ölmüşdür. Buradan belə nəticə hasil olur ki, kredit müqaviləsi üzrə əsas borclu Səfərov Nahid Namiq oğlu tərəfindən kredit borcunun ödənilməsinin həyata keçirilməməsi onun ölümü ilə əlaqədar olmuşdur. Məhkəmə AR Konstitusiya Məhkəməsinin AR Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2018-ci il tarixli qərarını düzgün şərh etməmiş və kobud qanun pozuntusuna yol vermişdir. Belə ki, həmin qərarda göstərilir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Həmin Qərarda qeyd olunur ki, AR Mülki Məcəllənin 477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Bu həm də ondan irəli gəlir ki, zaminlik müqaviləsi ilə zamin kreditor qarşısında əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riskini öz üzərinə götürür və bu riskin reallaşacağı təqdirdə kreditora mənafeyini təmin edəcəyinə dair zəmanət verir. Yəni borclunun ölümü səbəbindən əsas öhdəliyin icra edilməməsi də zaminin təminat verdiyi risklər dairəsinə daxildir. Göründüyü kimi, AR Konstitusiya Məhkəməsinin AR Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2018-ci il tarixli Qərarında müəyyən edilmiş hüquqi mövqeyə görə borclunun ölümü əsas öhdəliyin xitamına səbəb olmur, borclunun ölümü zaminliyin xitamına səbəb olmur və borclunun ölümü səbəbindən əsas öhdəliyin icra edilməməsi zaminin təminat verdiyi risklər dairəsinə daxil olduğundan borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Əlavə olaraq, məhkəmə hesab etmişdir ki, baxılan iş üzrə iddiaçı ölmüş əsas borclunun vərəsələri müəyyən edilərək onlara qarşı tələb irəli sürülmədən zaminlərə qarşı tələblə çıxış etməkdə haqlı olmamışdır. Nəzərə alınsa ki, əsas borclu tərəfindən öhdəliyin pozulması borclunun təqsirli hərəkələri nəticəsində baş verməmiş, onun ölümü ilə əlaqədar olmuşdur, bu halda zaminlərin öhdəliyinin yaranmasından danışmaq olmaz. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat vermiş və şikayətlərinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, borcalan mərhum Səfərov Nahid Namiq oğlunun vərəsəsi yoxdur. Zaminlərin mərhumla hansı qohumluq əlaqəsinin olmasını araşdırmamışlar. Həmçinin mərhumun valideyinlərinin kim olması, mərhumun hər hansı əmlaklarının olması ilə bağlı da onlarda hər hansı rəsmi sübutlar yoxdur. Lakin şifahi olaraq bilirlər ki, mərhumun əmlakları var. Lakin ailədaxili münaqişə olduğundan bunları müəyyən edə bilməyiblər. Həmçinin qeyd etmişdir ki, mərhumun borclarından hazırda da ödənişlər edilir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, bankın iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti İddiaçı Açıq Səhmdar Cəmiyyətinə münasibətdə qətnamənin əsaslılığını tam yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.5-ci maddəsinə əsasən, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminin məsuliyyətinin əsaslarını və həcmini müəyyən edən Mülki Məcəllənin 472-ci maddəsinin tələblərinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1), əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 4 sentyabr 2012-ci il tarixli qərarında da öz əksini tapmışdır. Adı çəkilən Plenum qərarında qeyd olunmuşdur ki, “Kreditor qarşısında zaminlik öhdəliyinin əmələ gəlməsinin özünəməxsus əsası vardır. Belə ki, zaminlik müqaviləsinin bağlanması nə zaminin, nə də kreditorun hüquq və öhdəliklərinin yaranmasına səbəb olmur. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır. Beləliklə, zaminlik müqaviləsinin bağlanması ilə həmin öhdəlik yaranmadığından, zamin bu hüquqi faktın (yəni borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə) yaranmasına qədər öhdəliyin icra edilməsinə yönəlmiş hər hansı hərəkət edə bilməz.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Səfərov Nahid Namiq oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 900842-839312/1 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə ilə Səfərov Nahid Namiq oğluna 36 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 30000 manat məbləğində krеdit verilmişdir. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, xx.xx.2024-cü il tarixli, 900842-839312/1 nömrəli krеdit razılaşması üzrə ilk ödəniş tarixi kimi xx.xx.2024-ci il, son ödəniş tarixi isə xx.xx.2027-ci il kimi qeyd olunmuşdur. İş materiallarında olan İddiaçı QSC ilə Səfərov Nahid Namiq oğlu və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-ci il tarixli zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə görə zamin, borcalanın xx.xx.2024cü il tarixli, 900842-839312/1 nömrəli kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan “Ölüm haqqında Şəhadətnamə”dən görünür ki, Səfərov Nahid Namiq oğlu “Baş beynin diffuz travması” səbəbi ilə xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Səfərov Nahid Namiq oğlunun xx.xx.2024-cü il tarixli, 900842-839312/1 nömrəli kredit müqaviləsinə əsasən əsas borcu 24954,37 manat, faiz borcu 0 manat, cərimə borcu olmaqla, cəmi borc məbləği 24954,37 manat təşkil edir. Göründüyü kimi iddia təmin edilməmiş, qətnamədən İddiaçı Açıq Səhmdar Cəmiyyəti narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2018-ci il tarixli qərarını düzgün şərh etməməsi ilə bağlıdır. Hesab etmişlər ki, əsas borclunun ölümü səbəbindən öhdəliyin icra edilməməsi də zaminin təminat verdiyi risklər dairəsinə daxildir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2018-ci il tarixli Qərarında müəyyən edilmiş hüquqi mövqeyə görə borclunun ölümü əsas öhdəliyin xitamına səbəb olmur, borclunun ölümü zaminliyin xitamına səbəb olmur və borclunun ölümü səbəbindən əsas öhdəliyin icra edilməməsi zaminin təminat verdiyi risklər dairəsinə daxil olduğundan borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Kollegiya apellyasiya şikayətinin dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Müəyyən edilir ki, iddiaçı ilə Səfərov Nahid Namiq oğlu arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə, Kredit verən İddiaçı ASC borclu Səfərov Nahid Namiq oğluna borc (kredit) verməyi, Səfərov Nahid Namiq oğlu isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla Kredit verənə qaytarmağı öhdələrinə götürmüşlər. Həmin kredit müqaviləsi üzrə borclu Səfərov Nahid Namiq oğlunun öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış zaminlik müqavilələrinin şərtlərinə görə isə, Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə borclu Səfərov Nahid Namiq oğlunun öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürməyi və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirərək Səfərov Nahid Namiq oğluna kredit verməsi, sonuncunun həmin krediti alması, xx.xx.2024-cü il tarixli, 900842-839312/1 nömrəli krеdit razılaşması üzrə ilk ödəniş tarixi kimi xx.xx.2024-ci il olaraq şərtləşdirilməsi, Səfərov Nahid Namiq oğlunun xx.xx.2024-cü il tarixdə vəfat etməsi və Səfərov Nahid Namiq oğlunun ölümündən sonra kredit müqaviləsi üzrə ödənişlərin həyata keçirilməməsi baxılan işin mübahisəsiz hallarını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 4 sentyabr 2012-ci il tarixli qərarında da öz əksini tapmışdır. Adı çəkilən Plenum qərarında qeyd olunmuşdur ki, “Kreditor qarşısında zaminlik öhdəliyinin əmələ gəlməsinin özünəməxsus əsası vardır. Belə ki, zaminlik müqaviləsinin bağlanması nə zaminin, nə də kreditorun hüquq və öhdəliklərinin yaranmasına səbəb olmur. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır. Beləliklə, zaminlik müqaviləsinin bağlanması ilə həmin öhdəlik yaranmadığından, zamin bu hüquqi faktın (yəni borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə) yaranmasına qədər öhdəliyin icra edilməsinə yönəlmiş hər hansı hərəkət edə bilməz.” Birinci instansiya məhkəməsi hesab etmişdir ki, baxılan iş üzrə zaminlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliyin borclu tərəfindən pozulması ilə əlaqədar zaminlik müqavilələrindən irəli gələn öhdəliyi yaranmamışdır. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, borclu Səfərov Nahid Namiq oğlu kredit müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə həyata keçirilməli olan ilk ödənişdən əvvəl, xx.xx.2024-cü il tarixdə ölmüşdür. Buradan belə nəticə hasil olur ki, kredit müqaviləsi üzrə əsas borclu Səfərov Nahid Namiq oğlu tərəfindən kredit borcunun ödənilməsinin həyata keçirilməməsi onun ölümü ilə əlaqədar olmuşdur. Məhkəmə, borclunun ölümünun öhdəliyin pozulması kimi qəbul edilərək zaminlərə qarşı tələb irəli sürülməsini tamamilə əsassız hesab edərək vurğulamışdır ki, öhdəliyin pozulması (icra edilməməsi və ya lazımınca icra edilməməsi) iradəvi aktdır və məhz buna görə də, qanunvericilik borclunun kreditor qarşısında mülki məsuliyyətinin yaranmasını onun təqsirli pozuntuya yol verməsi ilə əlaqələndirmişdir. Məhkəmə qeyd etmişdir ki, kredit müqaviləsi üzrə borc şəxsi xarakterli, borclunun şəxsiyyəti ilə sıx bağlı olan öhdəlik olmadığına görə, borclunun ölümü halında kredit müqaviləsi üzrə onun öhdəlikləri universal hüquq varisliyi qaydasında mirası qəbul etmiş vərəsələrinə keçir. Buna görə də məhkəmə hesab etmişdir ki, kreditor kredit müqaviləsi üzrə əsas borclunun ölməsi faktını müəyyən etdikdə, əgər ölmüş şəxs həmin məqamadək müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirmişdirsə və ya öhdəliyin pozulması borclunun təqsirli hərəkələri nəticəsində baş verməmişdirsə, borcun ödənilməsi barədə tələbi ilk növbədə ölmüş şəxsin vərəsələrinə qarşı irəli sürməlidir. Vərəsələr tərəfindən borcun qaytarılmasına dair öhdəliklərin pozulması baş verdikdə zaminlik müqaviləsi üzrə öhdəliklər davam etdiyinə görə zaminin öhdəliyi yaranmış olur ki, bu zaman kreditorun zaminə qarşı tələb irəli sürməsi üçün hüquqi zəmin yaranır. Zaminlərin ölmüş şəxsin öhdəliklərinə görə mülki məsuliyyətinin əsasları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarında da ətraflı şərh olunmuşdur. Adı çəkilən qərarda xüsusilə vurğulanmışdır ki, “Müraciətdə qaldırılan borclunun ölümü halında onun öhdəliklərinə görə məsuliyyətin zamin və ya vərəsələr tərəfindən icra edilməli olması məsələsi ilə bağlı göstərilməlidir ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab etmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır.” Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin verilməsi üçün apellyator tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Hazırda mübahisələndirilən qətnamədə mübahisələndirilən hissədə iddianın qiyməti 10000 manatdan çox olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, e-2-2(121)- 2005/2025 saylı qətnaməsi İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün apellyator tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-284/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-284/2025
27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver