Məhkəmə qərarları › İş №2-2(106)-29/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-29/2022

28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-29/2022 28.09.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdeh X4 iştirakları ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X6 qarşı "pul" tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli e-2-2(121)-2224/2022 saylı qətnaməsindən (hakim İ.Cabbarov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh X6 qarşı sadələşdirilmiş icraat qaydasında "pul" tələbinə dair iddia ərizəsi Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 2019-cu il 01 iyun tarixli 09/00024291nömrəli operativ lizinq müqaviləsinə əsasən 1500 manat borcun və 60 manat mediasiya xərcinin, cəmi 1560 manat pul vəsaitinin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, cavabdeh X9 ilə aralarında bağlanmış 2019-cu il 01 iyun tarixli 09/00024291 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Niva Effekt SK-5ME-1 markalı traktor ona istifadəyə verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 1500 manat öhdəlikdən heç bir ödəniş edilməmişdir. Cavabdehin cəmiyyətə hal-hazırda 1500 manat borcu vardır. Cavabdeh borcunu vaxtında qaytarmadığından, dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsələr də, bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.1-ci bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh "xxxx" ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehlə bağlanmış müqavilənin 2.2.4-cü bəndinə görə texnikanın istifadəsinə görə ödəniş həyata keçirilmədikdə, texnikanı qeyd-şərtsiz geri qaytarmaqla borc məbləğinin ödənilməsinə dair cavabdeh öhdəlik daşıyır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən cavabdeh öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 284-5.1 və 284-5.2-ci maddələrinin tələbinə müvafiq olaraq iddia ərizəsinin surəti prosessual hüquq və vəzifələrinin izahı barədə bildirişlə cavabdehə təqdim olunmuş, qanunla müəyyən olunan müddət ərzində cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etiraz verməmişdir. Şirvan Kommersiya Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli e-2-2(121)- 2224/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyaisya şikayəti verərək ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, iddiaçı “Aqroservis" (keçmiş “Aqrolizinq" ASÇ) Açıq Səhmdar Cəmiyyəti ilə aramızda bağlanmış 01 iyun 2019-cu il tarixli, 09/00024291 saylı lizinq müqaviləsinə əsasən, 1 ədəd "Niva Effekt SK-5ME-1" markalı taxılyığan kombayn istifadəsinə verilmişdir. Sözügedən müqaviləyə əsasən iddiaçı "xxxx" ASC tərəfindən istifadəsinə verilmiş 1 (bir) ədəd “Niva Effekt SK-5ME-1" markalı taxılyığan kombayn üçün ilkin ödəniş 750 manat ödəndikdən sonra, 2 ay müddətinə 1500 manat pul ödəməli idi. Bildirir ki, "xxxx" ASC tərəfindən istifadəsinə verilmiş 1 (bir) ədəd "Niva Effekt SK-5ME-1” markalı taxılyığan kombaynı götürəndə sözügedən kombayının mühərrikinin nasaz halda olduğu aşkar olundu. Bundan sonra dərhal "xxxx" ASC-nin Saatlı rayonu filialına müraciət etmişdir. “Niva Effekt SK-5ME-1" markalı taxılyığan kombaynın mühərrikini təmir etdirə bilmədiyi üçün, kombayını istifadə edə bilmədi. Qeyd edir ki, istifadəsində olan kombayının ehtiyat hissəsini "xxxx" ASC təmin etməli idi. "Niva Effekt SK-SME-1” markalı taxılyığan kombayn qoşqusu ilə "xxxx" ASC-nin Saatlı rayonu filalının traktor qarajında saxlamışdı. Ondan sonra kombayını istifadə etməmişdir. 06 iyun 2019-cu ildə "xxxx" ASC-nin əməkdaşlarının iştirakı ilə “Niva Effekt SK-5ME-1" markalı taxılyığan kombaynın nasaz olması barədə akt tərtib edilmişdir. Həmin aktda kombayının işlədiyini təsdiq edən motor-saat göstəricisinin qeyd edilməmişdir. Bu hal kombayını istifadə etmədiyini bir daha sübut edir. Kombayın istifadəsində cəmi 5 gün qalmışdır. Müqavilə öhdəlikləri üzrə iddia müddəti 3 ildir. Bildirir ki, iddiaçı təşkilatla aralaırnda bağlanmış müqavilənin qüvvədə olam müddəti 2 ay olmuşdur. 2022-ci ilin avqust ayında "Aqroservis” ASC-nin iddia qaldırmaq hüququnu itir. Lakin iddiaçı təşkilat 2022-ci ilin sentyabr ayında məhkəməyə iddia ərizəsi ilə müraciət edib. Məhkəmə bu hala hüquqi qiymət verməli idi. Xahiş edir ki, müddətin keçməsi ilə əlaqədar məsələyə baxılsın. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Şirvan Apellyasiya Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərardadı ilə Mülki prosessual Məcəllənin 394-1.4-cü maddəsinə müvafiq olaraq işə tərəflərin iştirakları ilə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmədə cavabdeh X9 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə ididaçının nümayəndəsi X7 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin olunmamasını xahiş etdi və izahatında göstərdi ki, cavabdehin texnikanı 06 iyun 2019-cu ildə "xxxx" ASC-nin əməkdaşlarına təhvil verməsinə dair şikayətin dəlilləri əsassızdır. Əslində texnika hələ 6 aprel 2019-cu il tarixindən saz vəziyyətdə cavabdehin istifadəsinə verilmiş və 05 avqust 2019-cu il tarixinədək cavabdehin istifadəsində olmuşdur. Bunu məhkəməyə təqdim etdikləri 05 avqust 2019-cu il tarixli texnikanın təhviltəsliminə dair akt təsdiq edir. Texnika yanacaq sistemi nasaz vəziyyətdə cavabdeh tərəfindən təhvil verilmiş, həmin akt cavabdeh tərəfindən imzalanmışdır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan 2019-cu il 01 iyun tarixli 09/00024291 saylı lizinq müqaviləsinin surətindən görünür ki, 1 ədəd Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombayna dair "xxxx" ASC ilə X9 arasında lizinq müqaviləsi imzalanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli "xxxx" ASC-yə məxsus olan texnikanın texniki veziyyəti barədə aktlardan görünür ki, "xxxx" ASC-nin Sabirabad RN-nin Saatlı rayon bölməsinin istifadəsində olan texnika saz vəziyyətdə mexanizator X3 təhvil verilmişdir. "xxxx" ASC-nin Sabirabad RN-nin Saatlı rayon bölməsinin rəhbəri X5 tərəfindən X6 təhvil verilmiş və bu barədə tərəflər arasında akt tərtib olunaraq imzalanmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, X4 "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 2019-cu il 01 iyun tarixli 09/00024291 saylı müqaviləyə əsasən lizinqə götürdüyü qalıq dəyəri 1500 manat olan kənd təsərrüfatı texnikası üçün cəmiyyətin hesabına qrafik üzrə ödəniş edilməmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X6 ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən ödəniş qrafiki üzrə 1500 manat borc yaranmışdır. Bağlanmış müqavilənin 2.2.4-cü maddəsinə görə lizinq müqaviləsi üzrə əmələ gəlmiş əsas borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan texnikaların saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə X6 xəbərdarlıq edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Cavabdehin apellyasiya şikayətinə qoşma olaraq əlavə etdiyi 06 iyun 2019-cu il tarixli aktdan görünür ki, “Niva Effekt SK-5ME-1" markalı taxılyığan kombayn mühərriki, yanacaq sistemi nasaz vəziyyətdə "xxxx" ASC-nin Saatlı rayon bölməsinin rəhbəri X3 təhvil verilmişdir. İddiaçının nümayəndəsinin məhkəmə baxışı zamanı təqdim etdiyi 05 avqust 2019-cu il tarixli aktdan görünür ki, “Niva Effekt SK-5ME-1" markalı taxılyığan kombayn yanacaq sistemi nasaz vəziyyətdə "xxxx" ASC-nin Saatlı rayon bölməsinin rəhbəri X3 təhvil verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar, 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır, 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir, 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər, 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən halda, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur, Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır, Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir, Məcəllənin 748-10.2-ci maddəsinə əsasənlizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir, İşin müəyyən olunan hallarına əsasən tərəflər arasında 2019-cu il 01 iyun tarixli 09/00024291saylı lizinq müqaviləsi bağlanılmış və tərəflərin müqavilə üzrə hüquq və vəzifələri müəyyən olunmuşdur. Cavabdeh X9 həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, müqaviləyə əsasən lizinqə götürdüyü kənd təsərrüfatı texnikası üçün "xxxx"ASC-nin hesabına 1500 manat lizinq ödənişini etməmiş, müqavilə üzrə 13 iyun 2022-ci il tarixə 1500 manat borcu qalmışdır. Cavabdehə borc məbləğinin ödənilməsi barədə xəbərdarlıq göndərilsə də, sonuncu lizinq müqaviləsi üzrə yaranmış borcunu ödəməmişdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması–öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlər olduğundan, lizinq verənin lizinq alandan lizinq obyektindən istifadə etdiyi dövr üçün hesablanan lizinq ödənişlərini iddiaçya ödəməli, həmçinin lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Cavabdeh iddiaçı ilə bağlamış olduğu lizinq müqaviləsi üzrə lizinq obyektindən istifadəyə görə lizinq ödənişləri etməli olduğundan, iddiaçının müqavilədə nəzərdə tutulan qaydada lizinq ödənişlərini tələb etməsi yuxarıda sadalanan qanunvericilik qanunvericilik aktı normaları baxımından əsaslı olmuşdur. Kollegiya cavabdehin apellyasiya şikayətinin "Niva Effekt SK-5ME-1” markalı taxılyığan kombaynın mühərrikinin nasaz halda olması səbəbindən cəmisi 5 gün istifadə edə bilməsindən və 06 iyun 2019-cu ildə "xxxx" ASC-nin əməkdaşlarına təhvil verməsindən ibarət dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlil məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, texnikanın 06 iyun 2019-cu il tarixində iddiaçının səlahiyyətli nümayəndəsinə təhvil verilməsi, sonrakı tarixlərdə cavabdehin həmin texnikadadan istifadəsini mümkünsüz edərdi. Lakin iş materiallarına əlavə edilmiş 05 avqust 2019-cu il tarixli digər aktdan görünür ki, lizinq obyekti olan “Niva Effekt SK-5ME-1" markalı taxılyığan kombayn cavabdeh tərəfindən yanacaq sistemi nasaz vəziyyətdə "xxxx" ASC-nin Saatlı rayon bölməsinin rəhbəri X3 təhvil verilmişdir. Qeyd olunan hal isə cavabdehin həmin texnikadan 05 avqust 2019-cu il tarixinədək istifadə etməsinin birbaşa sübutudur. Kollegiya mübahisə üzrə iddia müddəti tətbiq olunaraq, iddianın rədd edilməsi hissədə apellyasiya şikayətinin dəlilinə qiymət verərək hesab edir ki, hazırki iş üzrə apellyasiya baxışı zamanı iddia müddətinin tətbiqi yolverilməzdir. Belə ki, tərəflər arasında 01 iyun 2019-cu il tarixdə bağlanmış müqavilənin 7-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və taxılyığan kombayn üçün 2 ay müddətində qüvvədə olur. İş materiallarına əsasən iddiaçı müqavilə müddətinin 01 avqust 2019-cu il tarixində bitməsi, texnikanın 05 avqust 2019-cu ildə təhvil verilməsinə rəğmən, müvafiq iddia ərizəsi ilə 09 sentyabr 2022-ci ildə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasına dair birinci instansiya məhkəməsi tərəfindən cavabdeh X6 göndərilmiş bildiriş, 16 sentyabr 2022-ci il tarixdə cavabdeh Asif İmanova çatdırılmış, sonuncu tərəfindən qanunla müəyyən olunan müddət ərzində iddiaçının tələbinə qarşı əsaslandırılmış etiraz verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apelyasiya şikayətinə əlavə edilə bilər və bu halda apelyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Kollegiya hesab edir ki, cavabdeh birinci instansiya məhkəməsində gedən icraat barədə məlumatla olaraq, həmin məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə vermədiyindən, apellyasiya baxışı zamanı iddia müddətinin tətbiqini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin cavabdehə münasibətdə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh X4 apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli e-2-2(121)- 2224/2022 saylı qətnaməsi cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar