Məhkəmə qərarları › İş №2-2(106)-291/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-291/2025

08.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2-2(106)-291/2025 08.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi, iddiaçı Ağayev Məmmədhüseyin Şükür oğlunun, cavabdeh Nərimanov Farid Ağasət oğlunun, digər cavabdeh Qasımov Arif Səlif oğlunun nümayəndəsi Qasımov Əziz Arif oğlunun iştirakları ilə, iddiaçı Ağayev Məmmədhüseyin Şükür oğlunun cavabdehlər Qasımov Arif Səlif oğlu və Nərimanov Farid Ağasət oğluna qarşı pul tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 2 sentyabr 2025-ci il tarixli e-2-2(121)-1502/2025 saylı qətnaməsindən (hakim Zaur Abbasov) cavabdehlərdən Nərimanov Farid Ağasət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Ağayev Məmmədhüseyin Şükür oğlu cavabdehlər Qasımov Arif Səlif oğlu və Nərimanov Farid Ağasət oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 5810 manat və dövlət rüsumuna görə ödənilmiş 80 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınıb xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlərlə uzun illər bir-birlərini tanımışlar və birbirlərinə inamları olmuşdur. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2024-cü ilin aprel ayında cavabdehlər onu aldadaraq İrandan tərəvəz məhsulu gətirmək adı ilə ondan 17460 manat pul almışlar. Sonradan müəyyən mübahisələrlə pulunun 11650 manatını qaytarmışlar və bu günə kimi 5810 manat borcları qalmışdır. Dəfələrlə pulunu istəsə də, pulunu verməmişlər. Məcburiyyət qarşısında qalıb Biləsuvar RPŞ-nə şikayət etmişdir. Biləsuvar RPŞ-də araşdırma aparılarkən cavabdehlər hər ikisi ona 5810 manat borclu olduqlarını etiraf etmişlər. Pulu dekabr ayına kimi hissə-hissə verəcəklərini bildirsələr də, bu günə kimi verməmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı Ağayev Məmmədhüseyin Şükür oğlu iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh Qasımov Arif Səlif oğlu iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, iddiaçı ilə şərikli ticarət etmişlər, lakin ziyana düşmüşlər. İrandan gətirdikləri malları gömrükdən buraxılmadığı üçün xarab olmuş, buna görə də iddiaçı ilə aralarında mübahisə yaranmışdır. Cavabdeh Nərimanov Farid Ağasət oğlu iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, tərəfindən 23500 manat, Ağayev Məmmədhüseyin Şükür oğlu tərəfindən isə 17460 manat pul qoyularaq İrandan badımcan gətirmişlər. Sonuncu iki maşında mal xarab olduğuna görə zərər etmişlər və buna görə də aralarında mübahisə düşmüş, iddiaçının onlardan şikayət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 2 sentyabr 2025-ci il tarixli e-2-2(121)-1502/2025 saylı qətnaməsi ilə iddia təmin olunaraq, cavabdehlər Qasımov Arif Səlif oğlu və Nərimanov Farid Ağasət oğlundan 5810 manat pul vəsaiti və ödənilmiş 80 manat dövlət rüsumu olmaqla, cəmi 5890 manat məbləğində pulun tutularaq iddiaçı Ağayev Məmmədhüseyin Şükür oğluna ödənilməsi qət edimişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən Nərimanov Farid Ağasət oğlu apellyasiya şikayəti verərək ləğv olunması, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, qətnamənin 4-cü səhifəsində qeyd edilir ki, “Məhkəmə işin mübahisəsiz hallarına istinadən müəyyən edir ki, iş üzrə tərəflər öz aralarında şifahi əqd bağlayaraq, şərikli ticarət fəaliyyəti barədə razılığa gəlmişlər. Həmin razılaşmanın şərtlərinə görə, iddiaçı cavabdehlərə müəyyən məbləğdə pul verməyi, bunun müqabilində isə cavabdehlər həyata keçirəcəkləri ticarət fəaliyyəti nəticəsində əldə edilmiş gəlirdən iddiaçıya müvafiq pay verilməsini öhdələrinə götürmüşlər. İşin məhkəmə araşdırması zamanı iddiaçı ilə cavabdehlər arasında ziyana məruz qalınacağı halda iddiaçının verdiyi pulun ona geri qaytarılmayacağı barədə razılığın əldə olunması faktı müəyyən olunmamışdır”. Beləliklə məhkəmə tərəflərin arasında şərikli ticarət fəaliyyəti barədə razılığın olmasını işin mübahisəsiz halı kimi qəbul etmişdir. Yəni tərəflər İran İslam Respublikasından meyvə-tərəvəz məhsullarını Azərbaycan Respublikasına gətirib sataraq gəlir əldə etmək məqsədilə razılığa gəlmişlər və onlar alqı-satqı müqaviləsində şəriklər kimi iştirak etmişlər. Bu isə tərəflərin arasında borc münasibətlərinin olmasını istisna edir. İddiaçı iddia ərizəsində borc münasibətlərini və əsassız varlanmaya dair münasibətləri nizamlayan normalara istinad etsə də, məhkəmə Mülki Məcəllədə iddiaçı və cavabdehlər arasında yaranmış bu münasibəti nizamlayan normaların olmaması qənaətinə gəlmiş və iddianın təmin olunması üçün mülki qanunvericiliyin əqdlərə və öhdəliklərə dair normalarına istinad etmişdir. Məhkəmə iddiaçıdan 17460 manat pulun 11650 manatının kim tərəfindən, nə vaxt, hansı formada qaytarılmasını, iddiaçıya məxsus karta Meyvəli bazarında mal almış şəxslərin onun kartına köçürdükləri 7750 manatın geri qaytarılmış 11650 manata daxil olub olmamasını və 7750 mantın mənşəyini araşdıraraq sübutlara qiymət verməli idi. Birinci instansiya məhkəməsində iddiaçının “Meyvəli” Ticarət mərkəzində birgə al-verin nəticələrinə dair söhbətin videogörüntüsünü əks etdirən diski təqdim edilmişdir. Həmin vaxt iddiaçı özü xahiş etmişdi ki, çəkiliş onun üçün lazımdır ki, şərikli münasibətlə bağlı gələcəkdə ola biləcək mübahisələrin həllində istifadə edilə bilnsin. Birinci instansiya məhkəməsinə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçıya məxsus kart hesabına bir neçə dəfəyə 7750 manat ödənişlər etmişlər. Bundan başqa məhkəmədə bildirmişdir ki, iddiaçı ilə iddia ərizəsində göstərildiyi kimi bir dəfə yəni 2024-cü ilin aprel ayında şərikli al-ver ediblər. Hələ 2023-cü ildən birlikdə şəriklər kimi İrandan müxtəlif meyvə-tərəvəz məhsulları gətiriblər. Bu alverdən qazancları da olub və qazanclarını bölüşmüşlər. Bunu iddiaçı özü də təkzib edə bilməz. Yəni iddiaçı hadisələri təhrif edərək, elə qələmə verir ki, guya onu aldadaraq pulu alınıb. Bu isə həqiqətə uyğun deyil. Şərikli al-ver etməklərinə dair dəlillər isə iddiaçı M.Ağayevin Meyvəli bazarında çəkilmiş videodisk və iddiaçının Qaradağ polis idarəsinə yazdığı şikayət və orada olan araşdırma materialları təşkil edir. Məhkəmədə bunları səsləndirsə də, məhkəmə bu xüsusatlara qiymət verməmişdir. Halbuki həqiqəti aşkar etmək üçün birinci instansiya məhkəməsi Qaradağ Polis İdarəsindən iddiaçı M.Ağayevin şikayətinə dair materialları əldə edə bilərdi. İddiaçı ilə aralarında mövcud olmuş şərikli ticarət münasibətində zərərin bölüşdürülməsinə dair razılaşmanın məhkəmə tərəfindən aşkara çıxarılmamasına dair hallar sübut edilməmişdir. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi üçün istinad etdiyi cinayət işinin başlanılmasının rədd edilməsi qərarına gəldikdə bildirir ki, o, Biləsuvar RPŞ-nin təhqiqat bölməsində şifahi dindirilib, amma heç bir yazılı sənədə imza atmamış. Orada izahat sonradan yazılıb və kimsə tərəfindən imzalanıb və qərar qəbul edilib. Həmin qərar gizlədilib. Birinci instansiya məhkəməsində iddiaçının həmin qərara istinad etdiyini gördükdə qərardan şikayət verərək bildirmiş ki, izahatdakı imza onun deyil. Həmin şikayətdə imzanın ekspertizasını xahiş etmişdir. Qeyd edir ki, analoji olaraq digər cavabdeh də təhqiqat zamanı heç bir izahata imza atmamışdır. Həmin şikayəti Biləsuvar rayon Prokurorluğundadır və bu günə qədər heç bir cavab verilməyib. Həmin izahatda olan imzaların ekspertiza edilməsini xahiş edir. Çünki bu həqiqəti ortaya çıxara bilər. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh Nərimanov Farid Ağasət oğlu apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Biləsuvar RPŞ-dən daxil olmuş təhqiqat materialında adından olan izahatdakı imza ona məxsus olsa da, iltizamda adının qarşısında icra olunan imza ona məxsus deyildir. Çünki o, heç bir iltizama qol çəkməmişdir. İş üzrə təyin olunmuş ekspertizanın rəyində də, iltizamdakı imzanın ona məxsus olmadığı müəyyən edilmişdir. 28 yanvar 2026-cı il tarixdə keçirilən məhkəmə baxış iclasında iştirak edən cavabdeh Qasımov Arif Səlif oğlu apellyasiya şikayətinin təmin olunmasını xahiş edib izahatında göstərmişdir ki, işi bu vəziyyətə gətirib çıxaran alverləri olub. Hər biri alver üçün pul qoymuşlar və 2 il birlikdə alver etmişlər. Sonra Faridin dayısı rəhmətə getdi. Özü hal hazırda Xankəndində fəhlə işləyir. Polis tərəfindən təqdim olunan təhqiqat materiallarında adından olan izahatda və itizamda adının qarşısında olan imzalar ona məxsusdur. Polisdə iltizama qol çəkdikdən sonra, Məmmədhüseyn şikayətini geri götürmüşdü. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlərdən Nərimanov Farid Ağasət oğlu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materillarında olan sənədlərlə aşağıdakılar məyyən olunur. Ağayev Məmmədhüseyn Şükür oğlunun 27.07.2024-cü il tarixdə DİN 102 xidmətinə müraciəti əsasında açılmış HK-1/1404 nömrəli yoxlama materialı üzrə Biləsuvar rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Rövşən musayevin 10.08.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən aparılan araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, Biləsuvar şəhəri, Müşfiq küçəsi, ev 16da yaşayan Ağayev Məmmədhüseyn Şükür oğlu müraciətində göstərdiyi xüsusat yəni, Qasımov arif Səlif oğlu və Nərimanov Farid Ağasət oğlu ilə 2024-cü ilin aprel ayında razılaşaraq İran İslam Respublikasından tərəvəz məhsulu gətirmək məqsədilə onlara 17460 manat pul verməsi, həmin puldan 11650 manatının qaytarılması, 5810 manat pulun qalması təsdiqini tapmışdır. Araşdırma materialında olan Ağayev Məmmədhüseyn Şükür oğlunun izahatından görünür ki, Arif və Farid ona bildirmişlər ki, alver etmək istəyirsə köməklik etsin, onlar alver edib pulunu qaytararlar və əlavə pul da verərlər. Onlara inanıb 17460 manat pul vermiş, onlara alverə başlamışdılar. Özü də bir neçə dəfə onların yanına getmişdir. Ona bir dəfə 9000 və bir dəfə də 2650 manat pul qaytardılar. Lakin 5810 manat pulunu qaytarmadılar. Araşdırma materiallarında olan Narimanov Farid Ağasəf oğlunun izahatından görünür ki, 2024-cü ilin aprel ayında Məmmədhüseyn, Arifl və o razılaşaraq meyvəli bazarında alver etməyə başlamışlar. 15000 manat o, 17460 manat Məmmədhüseyn, 31000 manat isə Arif pul qoyaraq Arandan tərəvəz məhsulu olan badımcan gətizdirmişlər. Məhsul gömrükdə və yolda gecikdiyinə görə qəbul edən zaman xərab olduğunu görmüşlər. Aldıqları məhsul satışa getmədiyi üçün meyvəli bazarında müəyyən edilmiş yerə boşaltmışlar və ümumilikdə 58000 manat ziyan etmişlər. Buna baxmayaraq o və Arif şərikləri olan Məmmədhüseynə 11650 manat pul qavytarmışlar və aralarında 5810 manat pul qalmışdı. Məmmədhüseyn bildirmişdi ki, biz şərikik, alverdə hər şey ola tbilər, siz ziyana getmisinizsə, mən də ziyana getmişəm. Gələn il alver edərik, ziyanımızı götürərik. Bizim Məmmədhüseyn Ağayevə 5810 manat pul qaldı. Məmmədhüseyn bildirdi ki, sizdə ziyanq etmisiniz, məndə ziyan etmişəm və bir-birimizdən ayrıldıq. Mən və Arif Məmmədhüseyni aldatmamışıq və onun pulunu mənimsəməmişik. Araşdırma materiallarına əsasən Qasımov Arif Səlif oğlu da, Narimanov Farid Ağasəf oğlunun izahatı ilə oxşar məzmunda izahat vermişdir. Araşdırma materialında olan Qasımov Arif Səlif oğlu və Nərimanov Farid Ağasəf oğlunun 08.08.2024-cü il tarixli iltizamından görünür ki, onlar Ağayev Məmmədhüseyn Şükür oğluna 5810 manat borclarının olduğunu etiraf edərək, həmin pulu 2024-cü ilin dekabr ayına kimi qaytaracaqlarına söz vermişlər. İddiaçının cavabdehə ünvanladığı 15.01.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehdən borclu olduğu pulun tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə borcun və digər xərclərin ödənilməsi barədə məhkəməyə müraciət olunacağı barədə cavabdeh Qasımov Arif Səlif oğlu və Nərimanov Farid Ağasət oğluna xəbərdarlıq edilmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı 2024-cü ilin aprel ayında cavabdehlərlə birgə alver edib qazanc əldə etmək məqsədi ilə onlara 17460 manat məbləğində pul verdiyini, həmin pulun 11650 manat hissəsini cavabdehlərin ona geri qaytardıqlarını, lakin 5810 manat hissəsini borclu qaldıqlarını, borcun qaytarılmasının təmin edilməsi məqsədi ilə polisə şikayət etdiyini, cavabdehlərin polis araşdırması zamanı verdikləri izahatlarında 5810 manat məbləğində borcu qaytaracaqlarına dair vəd vermələrinə baxmayaraq, borcu qaytarmadıqlarını iddia edir. Cavabdehlər 17460 manat məbləğində pulu iddiaçıdan aldıqlarını etiraf etsələr də, həmin pulu iddiaçı ilə birgə ticarət aparmaq məqsədi ilə aldıqlarını, satış üçün gətirdikləri mallar xarab olduğu üçün ziyana düşdüklərini, iddiaçının da ziyana şərik olmasının gərəkdiyini bildirirlər. Apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5 mart 2026cı il tarixli 4/2022 nömrəli rəyi ilə ekspertiza qarşısında qoyulmuş suallar aşağıdakı formada cavablandırılmışdır:

1. Ekspertizaya təqdim edilmiş, Nərimanov Fərid Ağasət oğlunun adından olan 08.08.2024-cü il tarixli “İzahafın 2-ci vərəqində “Nərimanov Farid” yazılarının qarşısında olan imza - Nərimanov Fərid Ağasət oğlu tərəfindən icra edilmişdir.

2. Ekspertizaya təqdim edilmiş, Nərimanov Farid Ağasət oğlunun adından olan 08.08.2024-cü il tarixli “İzahafın 2-ci vərəqində “Nərimanov Farid” yazılarının qarşısında olan imza ilə Qasımov Arif Səlif oğlu ilə Nərimanov Farid Ağasət oğlunun adlarından olan 08.08.2024-cü tarixli “İltizam”ın aşağı hissəsində “Nərmanov F.” yazılarının qarşısındakı imzanın - eyni şəxs tərəfindən icra olunub-olunmaması haqqında tədqiqat prosesinin təsviri hissəsinin göstərilən səbəblərdın müəyyən etmək mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 124 manat təşkil etmişdir.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir, Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur, Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir, Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır, Maddə 218.3 Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1.1 Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir, Maddə 1.2 Mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaq, mülki dövriyyəni təmin etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq bu Məcəllənin vəzifələri kimi müəyyən olunmuşdur, Maddə 6.2 Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, Maddə 11.1 Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası), Maddə 11.5 Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz, Maddə 13 Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir, Maddə 14.1. və 14.2.1 Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, Maddə 329.2 Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır, Maddə 329.3 Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur, Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər, Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır, Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır, Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir, Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın, Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin müəyyən olunan faktiki hallarına görə tərəflər arasında formalaşan münasibət ortaq iş görmə (şəriklik) müqaviləsi üzərində qurulmuşdur. Belə ki, tərəflər qazanc əldə etmək məqsədilə həmin pul qoyub İran İslam Respublikasından tərəvəz məhsullarının gətirib mevəli bazarında satışını təşkil etmişlər. Bu məqsədlə iddiaçı cavabdehlərə 17460 manat məbləğində pul vermiş, həmin pulun 11650 manat hissəsini cavabdehlər iddiaçıya qaytarmış, 5810 manat hissəsi qaytarılmamışdır. Tərəflərin Biləsuvar rayon Polis Şöbəsinin təhqiqat bölməsində aparılan araşdırma zamanı verdikləri izahatlarından görünür ki, cavabdehlər iddiaçı ilə aralarında 5810 manat pulun qaldığını etiraf etmişlər. Bundan başqa polisdə verilən iltizamda cavabdehlərdən Arif Qasımov iddiaçıya 5810 manat borclarının qaldığını etiraf etmiş, həmin pulu 2024-cü ilin dekabr ayına kimi ödəyəcəklərini öhdəsinə götürmüşdür. Təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə qeyd olunan iltizamın Farid Nərimanov tərəfindən də, imzalanması müəyyən edilməsə də, sonuncu izahatında Məmmədhüseynlə aralarında 5810 manat pulun qaldığını bildirmişdir. Mülki Məcəllənin 7-ci bölməsində (xüsusi hissə) ortaq iş görmə (şəriklik) ilə bağlı hər hansı müqavilə növü mövcud deyildir. Lakin bu cür müqavilə növünün tərəflər arasında bağlanması və onun tərəfləri üçün hüquq və vəzifələrinin yaranması əsası yuxarıda göstərilən normalar baxımından qadağan edilməmişdir. Bir çox xarici yurisdiksiyalarda birgə fəaliyyət (şəriklik) haqqında müqavilələrin bağlanması sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı geniş istifadə olunan müqavilə növüdür. Ümumilikdə şərikliklə əlaqədar birgə fəaliyyət müqaviləsinin mahiyyəti tərəflərin razılaşdığı məqsədə nail olmaq üçün ümumi iqtisadi marağın təmin edilməsinə yönəlmişdir. Bu baxımdan həmin növdən olan müqavilə tərəfləri onların təşkilati müstəqilliyini (fərdi sahibkar, kommersiya hüquqi şəxsi) ehtiva etsə də, mənfəət əldə edilməsi ilə bağlı öz məqsədlərinə nail olmaq üçün sırf yatırım (pul, digər əmlak, o cümlədən peşə bilikləri və bacarıqları və s.) qoymalarını mütləq şərt kimi müəyyənləşdirir. Belə olan təqdirdə şərikliklə bağlı birgə fəaliyyətdə şərikli kapital kimi əmlak elementi belə fəaliyyətin əsasını yaradır. Digər tərəfdən belə müqavilə mahiyyət etibarı ilə konsensual müqavilə olmaqla bu cür münasibətin iştirakçıları arasında əvəzli münasibətin mövcudluğuna dəlalət etmir, yəni yatırımın (pul və s.) bir iştirakçıdan bilavasitə digərinə ötürülməsini nəzərdə tutmur. Bundan başqa yatırımın həyata keçirilməsi şərikliklə bağlı birgə fəaliyyət müqaviləsinin bağlanması məqsədilə deyil, artıq bağlanmış müqavilənin icrasının təmin edilməsinə yönəlir. O da nəzərə alınmalıdır ki, şərikliklə bağlı birgə fəaliyyət haqqında müqavilənin iştirakçıları məhz belə müqavilənin bağlandığı andan məsuliyyət (onun icra edilməməsi və ya lazımınca icra edilməməsi halında) daşıyırlar. Kollegiya hesab edir ki, cavabdehlər tərəfindən iş görmə (şəriklik) razılaşmasının şərtlərinin pozulmasını, iddiaçı tərəfindən verilən 17460 manat puldan 11650 manatının qaytarılaraq, 5810 manat borclarının qaldığını qəbul etmələrini, bununla da, iddiaçıdan aldıqları pulu qaytarmaqla bağlı öhdəliyin daşıyıcıları olmalarını təsdiq etdiklərini nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq həmin məbləğdə pulun yetirilən maddi zərər kimi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə iddianın qiyməti 5810 manat təşkil edir ki, prosessual qanunvericiliyə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza tədqiqatının dəyəri, ekspertizanın təyin olunmasının təşəbbüskarı olan cavabdehlərdən Nərimanov Farid Ağasət oğlundan tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 2 sentyabr 2025-ci il tarixli e-2-2(121)-1502/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 124 manat ekspertiza xərci cavabdehlərdən Nərimanov Farid Ağasət oğlundan tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN 1700326621, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN1401555071, Müxbir hesab AZ 41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar