Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-293/2025 04.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işi üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit müqaviləsi üzrə borcun cavabdehlərdən tutulması. Şirvan şəhəri, 04 dekabr 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X7 (sədrlik edən, məruzəçi), X9 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, e-2- 2(121)-304/2025 saylı qətnaməsindən (hakim. Z.Abbasov) Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4 və Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 39624,34 manat məbləğində kredit bоrcu, 4242,48 manat məbləğində faiz bоrcu və 1061,67 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 44928,49 manat məbləğində bоrcun və tərəfimizdən ödənilmiş 224,79 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, AccessBank» QSC ilə Cavabdeh4 və zaminlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 022L**********99 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh4 120 ay müddətinə ******* manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh4 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixli 022R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 2% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 45000 manat məbləğində məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 5375.66 manat ödəniş etmiş və оnun iddiaçıya 39624,34 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Cavabdeh4 kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 134 gün üçün hesablanmış faiz borcu 4242,48 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə baxış iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmişlər, həmçinin gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də onların mövqeyini müəyyən etmək mümkün olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, e-2-2(121)-304/2025 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə 39369,72 manat məbləğində əsas borc, 4242,48 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu, 224,79 manat dövlət rüsumu olmaqla, cəmi 43936,99 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh4 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, ödədiyi məbləğlərin nəzərə alınmaqla və iddianın cərimə hissəsində rədd edilməklə iddianın qismən təmin edilməsini, habelə ekspertiza xərcinin iddiaçı və cavabdehlər arasında bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, 2023-cü ilin aprel-dekabr ayları ərzində ödəniş etmiş, bank isə etdiyi ödənişləri nəzərə almayıb, etdiyi ödənişin ödənilməsini yenidən ondan tələb edir. Bu da bankın əsassız varlanmasına səbəb ola bilər. Etdiyi ödənişləri yenidən ödəməyə razı deyil. Maddi vəziyyəti çox aşağıdır, həmçinin aldığı əmək haqqı da digər kreditlərin ödənilməsinə sərf olunur. 2023-cü ilin 9 ayı ərzində ödəniş etsə də, həmin məbləğlər götürdüyü kredit məbləğindən çıxılmamışdır. İşi ilə əlaqədar üzürlü səbəblərdən məhkəmə iclaslarında iştirak etməmişdir, eyni zamanda başa düşmədiyi üçün iddia ərizəsinə etiraz, mülahizə və sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilən halları qətnamə aldıqdan sonra görmüşdür. Yəni, 9 ay ərzində etdiyi ödənişlərin ümumi borc məbləğindən çıxılmadığını öyrənmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh4 məhkəməyə ərizə gönrərərək işi ilə bağlı məhkəmə iclasına gələ bilməyəcəyini qeyd etmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə Cavabdeh4 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, ödədiyi məbləğlərin nəzərə alınmaqla və iddianın cərimə hissəsində rədd edilməklə iddianın qismən təmin edilməsini, habelə ekspertiza xərcinin iddiaçı və cavabdehlər arasında bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti Cavabdeh4 münasibətdə qətnamənin əsaslılığını qismən yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinin əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsinin tələblərinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2); Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.3). Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 022L**********99 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən, Cavabdeh4 120 ay müddətinə ******* manat məbləğində krеdit хətti açılmışdır. Eyni zamanda, zaminlər X1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 qeyd edilən kredit limiti müqaviləsi üzrə borcalan Cavabdeh4 ilə birlikdə kreditin ödənilməsi ilə bağlı öhdəlik götürmüşlər. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 022R********** nömrəli kredit razılaşmasının 1.1-ci bəndinə əsasən, Bank məbləği 45000 manat olan krediti aylıq faiz dərəcəsi 2% olmaqla 48 ay müddətinə Kredit Alana verir. İş materiallarında olan kreditin verilməsinə (köçürmə) dair qəbzin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh4 bank hesabına xx.xx.2023-cü il tarixdə 675 manat komissiya haqqı çıxılmaqla, 45000 manat məbləğində pul (kredit) köçürülmüşdür. İş materiallarında olan “Maliyyə arayışı”ndan görünür ki, xx.xx.2023-cü il tarixli, 022R********** nömrəli kredit razılaşması üzrə Cavabdeh4 xx.xx.2024-cü il tarixə olan əsas məbləğ üzrə borcu 39624,34 manat, faiz üzrə borcu 4242,48 manat, cərimə borcu 1061,67 manat olmaqla, cəmi borc məbləği 44928,49 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 022R********** nömrəli krеdit müqaviləsinə əsasən yaranmış 44928,49 manat məbləğində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı QSC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2- 2(121)-3285/2024 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/571 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 022R********** nömrəli kredit razılaşmasına əsasən Cavabdeh4 xx.xx.2024-cü il tarixə əsas borc üzrə 39369,72 manat, faiz borcu üzrə 4304,42 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İşin müəyyən edilmiş faktiki hallarını nəzərə alan birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə İddiaçı QSC Cavabdeh4 borc (kredit) verməyi, Cavabdeh4 isə aldığı borcu (krediti) faizi ilə birgə hissəhissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Məhkəmə işdə olan sənədlərə əsasən müəyyən etmişdir ki, iddiaçı tərəfindən kredit müqavilələri üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh4 həmin müqavilələr üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilələrin şərtlərinə uyğun olaraq iddiaçının Cavabdeh4 kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz hallarını təşkil edir. Lakin işdə olan “Maliyyə arayışı”nda və hesabdan çıxarışda əksini tapan məlumatlardan müəyyən olunur ki, Cavabdeh4 əsas və faiz borcundən ibarət ödənilməmiş kredit borcu qalmışdır. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, hesabdan çıxarışı, maliyyə arayışını və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, iddia edildiyi kimi Cavabdeh4 tərəfindən kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin vaxtında və lazımınca icra edilmədiyi aşkar olunur. Məhkəmə qeyd etmişdir ki, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür. Lakin cavabdehlər məhkəmə iclaslarında iştirak etməmişlər, həmçinin onlar tərəfindən iddiaya qarşı etiraz verilməmiş, iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə olan halda məhkəmə, kredit müqaviləsi üzrə borcun cavabdehlər tərəfindən iddiaçıya ödənilməməsinin sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh4 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi mahiyyət etibarı ilə qanuni və əsaslıdır. Məhkəmə, irəli sürülmüş iddia tələbini mahiyyəti üzrə qanuni hesab etməklə yanaşı, kredit müqaviləsi üzrə tələb olunan əsas və faiz borc məbləğləri ilə bağlı qeyd etmişdir ki, məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış, xx.xx.2023-cü il tarixli, 022R********** nömrəli kredit razılaşmasına əsasən Cavabdeh4 xx.xx.2024-cü il tarixə əsas borc üzrə 39369,72 manat, faiz borcu üzrə 4304,42 manat borcunun olması müəyyən edilmişdir. Ekspert rəyi ilə müəyyən edilmiş əsas və faiz borc məbləği ilə iddia ərizəsində tələb olunan müvafiq borc məbləğləri arasında fərq olsa da, iddiaçı əsas və faiz borc məbləğlərinə aid hissədə ekspert rəyini mübahisələndirməmiş, bununla da ekspertiza rəyində qeyd olunan məbləğlərlə razılaşdığını ifadə etmişdir. Buna görə də məhkəmə hesab edir ki, əsas borc məbləği məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyində göstərilən həddə, faiz borc məbləği isə maliyyə arayışında qeyd edilən həddə müəyyən edilməlidir. Göründüyü kimi iddia ərizəsi qismən təmin edilmiş, qətnamədən Cavabdeh4 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri;
1. 2023-cü ilin aprel-dekabr ayları ərzində ödəniş etməsindən, bankın isə etdiyi ödənişləri nəzərə almamasından,
2. işi ilə əlaqədar üzürlü səbəblərdən məhkəmə iclaslarında iştirak etməməklə və eyni zamanda başa düşmədiyi üçün iddia ərizəsinə etiraz, mülahizə və sübutlarını məhkəməyə təqdim edə bilməməsindən ibarətdir. Lakin işdən görünür ki, birinci instansiya məhkəməsi iş üzrə mühasibatlıq ekspertizası təyin etməklə cavabdehin banka olan borcunu araşdırmışdır. Müəyyən edilmişdir ki, təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/571 nömrəli, xx.xx.2024-cü il tarixli rəyi ilə İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023cü il tarixli, 022R********** nömrəli kredit razılaşmasına əsasən Cavabdeh4 xx.xx.2024-cü il tarixə əsas borc üzrə 39369,72 manat, faiz üzrə 4304,42 manat borcunun olması müəyyən edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsas borcu keçirilmiş ekspert rəyinə uyğun, faiz borcunu isə ekspert rəyində daha çox (4304,42 manat) müəyyən edildiyinə görə iddia tələbinə uyğun olaraq təmin etmiş, cərimə məbləğini isə cəmi 100 manat saxlamışdır. Göründüyü kimi cavabdeh 2023-cü ilin 9 ayı ərzində ödənişlər etdiyini, lakin bu ödənişlərinin bank və ekspert rəyi ilə nəzərə alınmadığını qeyd edir. Lakin keçirilmiş mühasibatlıq ekspertizasına nəzər saldıqda müəyyən edilir ki, ekspret xəbərdarlıq müddəti olan xx.xx.2024-cü il tarixindək olan borcu müəyyən etmişdir. Yəni, ekspertiza nəticəsində cavabdehin banka olan bütün ödənişləri nəzərə alınmışdır. Kollegiya cavabdehin ikinci dəlili ilə bağlı qeyd edir ki, müəyyən olunur ki, cavabdeh birinci instansiya məhkəməsinin bütün iclaslarının yeri və vaxtı barədə məlumatlandırılıb, lakin onlardan heç biri məhkəmə iclasında iştirak etməmişdir. Göründüyü kimi cavabdeh məhkəmə iclasında iştirak edərək iddia ərizəsinə etiraz, mülahizə və sübutlarını məhkəməyə təqdim etməyə imkanı olduğu halda bunu etməmişdir. Apellyatorun diqqətinə çatdırılr ki, sübutlar birinci instansiya məhkəməsində məhkəmə baxışı keçirilənədək təqdim edilməlidir. Şərh edilənlərə əsasən Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya şikayəti verilməsi üçün Cavabdeh4 tərəfindən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Hazırda mübahisələndirilən qətnamədə mübahisələndirilən hissədə iddianın qiyməti 10000 manatdan çox olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, e-2-2(121)-304/2025 saylı qətnaməsi Cavabdeh4 apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün Cavabdeh4 tərəfindən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.