Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-297/2025 17.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X5 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, X3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 12 avqust 2025-ci il tarixli e-2-2(121)-535/2025 saylı qətnaməsindən (hakim Z.Abbasov) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, X3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 021R********** saylı krеdit razılaşması üzrə 41078,21 manat krеdit bоrcu, 3843,37 manat faiz bоrcu və 1135,92 manat cərimə olmaqla, ümumilikdə 46057,50 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 228,17 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada хеyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus olan qeydiyyat nişanı **-HB-*** MAN TGA 18.310 YÜK markalı 2006-ci il tarixli buraxılış illi nəqliyyat vasitəsi olan yəhərli dartıcıya və qeydiyyat nişanı **-ZJ-*** Langendorf Qoşqu markalı, özüboşaldan tipli, 2001-ci il tarixli buraxılış illi nəqliyyat vasitələrinə yönəldilməsi, həmin nəqliyyat vasitələrinin açıq hərracdan satılması və həmin nəqliyyat vasitələrinin hərracdan satışından əldə olunan vəsait hesabına borcun İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 ümumi müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 021L**********79 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə ******* manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixli 021R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 manat məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 8921,79 manat ödəmiş, onun 41078,21 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 144 gün üçün hesablanmış faiz borcu 3843,37 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 144 gün üçün hеsablanmış cərimə 1135,92 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdeh – ipoteka verən Cavabdeh1 ilə Bank arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 021M**********02 saylı ipoteka müqaviləsi (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilib) əsasında qeydiyyat nişanı **-HB-*** olan, MAN TGA 18.310 YÜK markalı 2006-ci il tarixli buraxılış illi nəqliyyat vasitəsi olan yəhərli dartıcı iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş № 150154 saylı çıxarışlara əsasə Cavabdeh1 məxsus olan qeydiyyat nişanı **-HB-*** olan, MAN TGA 18.310 YÜK markalı 2006-ci il tarixli buraxılış illi nəqliyyat vasitəsi olan yəhərli dartıcı Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin еtmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsianı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə AR DİN BDYPİ-nin QİŞ-ə xx.xx.2024-cü il tarixində təqdim olunmuş və ərizə qeydə alınmışdır. İpoteka verən Cavabdeh1 həyat yoldaşı X3 xx.xx.2023-cü il tarixində Ağcabədi regional “Asan Xidmət” mərkəzində notariat ofisinə ərizə ilə müraciət edərək, Cavabdeh1 məxsus olan qeydiyyat nişanı **-HB-*** olan, MAN TGA 18.310 YÜK markalı 2006-ci il tarixli buraxılış illi nəqliyyat vasitəsi olan yəhərli dartıcının İddiaçı QSC-nin xeyrinə yüklü edilməsinə razı olduğunu bildirmişdir (Razılıq ərizəsinin surətiərizəyə əlavə olunur). Bundan başqa uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdeh – ipoteka verən Cavabdeh1 ilə Bank arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 021M**********01 saylı ipoteka müqaviləsi (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilib) əsasında qeydiyyat nişanı **-ZJ-*** olan, LANGENDORF QOŞQU markalı, özüboşaldan tipli, 2001-ci il tarixli buraxılış illi nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh1 məxsus olan qeydiyyat nişanı **-ZJ-*** olan, LANGENDORF QOŞQU markalı, özüboşaldan tipli, 2001-ci il tarixli buraxılış illi nəqliyyat vasitəsi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin еtmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə AR DİN BDYPİ-nin QİŞ-ə xx.xx.2024-cü il tarixində təqdim olunmuş və ərizə qeydə alınmışdır. İpoteka verən Cavabdeh1 həyat yoldaşı X3 xx.xx.2023-cü il tarixində Ağcabədi regional “Asan Xidmət” mərkəzində notariat ofisinə ərizə ilə müraciət edərək, Cavabdeh1 məxsus olan qeydiyyat nişanı **-ZJ-*** olan, LANGENDORF QOŞQU markalı, özüboşaldan tipli, 2001-ci il tarixli buraxılış illi nəqliyyat vasitəsinin İddiaçı QSC-nin xeyrinə yüklü edilməsinə razı olduğunu bildirmişdir (Razılıq ərizəsinin surətiərizəyə əlavə olunur). İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 12 avqust 2025-ci il tarixli e-2-2(121)-535/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli 021R********** nömrəli kredit razılaşması üzrə 41078,21 manat əsas borc, 3075,01 manat faiz borcu, 100 manat cərimə və 228,17 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 44481,39 manat məbləğində pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi, tələbin **-ZJ-*** qeydiyyat nömrəli Langedrof yarımqoşqu markalı və **-HB-*** qeydiyyat nömrəsi olan MAN markalı TGA 18.310 X11 nəqliyyat vasitələrinə yönəldilməsi, 2001-ci buraxılışlı **-ZJ-*** olan Langedrof yarımqoşqu markalı nəqliyyat vasitəsinin ilkin satış qiymətinin 17000 manat, 2006-ci il buraxılışlı ** HB *** qeydiyyat nömrəli MAN markalı TGA 18.310 X11 nəqliyyat vasitəsinin ilkin satış qiymətinin 18000 manat məbləğində müəyyən edilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-yə ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edimişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən Cavabdeh2 və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək dəyişdirilməsini, o cümlədən əsas, faiz və cərimə borclarının azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsas və faiz borcunu və cəriməni hesablayarkən yalnız bir ekspertiza ilə kifayətlənimiş, ekspertiza qarşısında düzgün suallar qoyulmamış, obyektiv həqiqəti ortaya çıxarmaq üçün təkrar eksperiza etməmiş və ilk ekspertizanın absurd rəyini sübut kimi qiymətləndirmişdir. Bundan başqa, nəqliyyat vasitələri qiymətləndirilərkən məhkəmə yalnız bir MMC-nin rəyini əsas götürmüş əlavə olaraq təkrar əmtəəşünaslıq ekspertizası təyin etməmişdir. Hansı ki, həmin MMC-nin absurd qiymətləndirməsi faktiki olaraq həmin nəqliyyat vasitələrinin likvid dəyərini yansıtmır. Bu səbəbdən, qətnamə ləğv edilməlidir. Məhkəmə iş üzrə müvafiq ekspertiza və qiymətləndirmə ilə bağlı rəylərdə təsbit olunan likvid dəyərindən aşağı absurd qiymətləri əsas götürərək faktiki olaraq mülkiyyətinin itirlməsinə və əmlak müstəqilliyinin məhdudlaşdırılmasına səbəb olan qətnamə qəbul etmişdir. Halbuki, hər iki hal üzrə 2-ci ekspertiza təyin olunsa idi həm mülkiyyəti və əmlak müstəqilliyi qorunar, həmdə iş üzrə obyektiv həqiqət təsbit edilərdi. Göründüyü kimi əsas və faiz borcunun habelə cərimənin müəyyən edilməsi və nəqliyyat vasitələrinin qiymətləndirilməsi ilə bağlı ekspertiza rəyləri absurd qiymətlər müəyyən etsə də məhkəmə təkrar ekspertiza etmək əvəzinə həmin rəylərin qüvvəsini öncədən müəyyən etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkləmədə iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin əsassız, formal mülahizələrdən ibarət olduğunu, qətnamənin icasını yubatmaq məqsədilə verildiyini bildirib, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdehlər və üçüncü şəxs üzürlü səbəblər olmadan məhkəmədə iştirak emtəmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə həmin şəxslərin iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini, qətnamənin əsas borc, cərimə və faiz hissədə azaldılmasını xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən borc məbləği və ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən olunması hissələrdə yoxlanılmasını düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissələrdə dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin (zamin) apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 021L**********79 nömrəli uzunmüddətli kredit və təminat müqavilənin surətindən görünür ki, Cavabdeh1 120 ay müddətinə, faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla ******* manat məbləğində kredit xətti açılmışdır. Eyni zamanda, Cavabdeh2 qeyd edilən kredit limiti müqaviləsi üzrə borcalan Cavabdeh1 ilə birlikdə kreditin ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 021R********** nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 aylıq 1,6667 faiz dərəcəsi ilə 36 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, **-ZJ-*** qeydiyyat nömrəli Langendrof Yarımqoşqu markalı və **-HB-*** qeydiyyat nömrəsi olan MAN markalı TGA 18.310 X11 nəqliyyat vasitələri İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq təsmi reyestrindən çıxarış”ın surətindən görünür ki, **-ZJ-*** qeydiyyat nömrəli Langendrof Yarımqoşqu markalı və **-HB-*** qeydiyyat nömrəsi olan MAN markalı TGA 18.310 X11 nəqliyyat vasitələri İddiaçı ASC-nin xeyrinə ipoteka hüququ ilə yüklü edilmişdir. Kreditin verilməsinə (köçürmə) dair qəbzin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 bank hesabına xx.xx.2023-cü il tarixdə 250 manat komissiya haqqı çıxılmaqla, 50000 manat məbləğində pul (kredit) köçürülmüşdür. “Ödəniş planı”nın surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, 021R********** nömrəli kredit razılaşması üzrə son ödəniş tarixi xx.xx.2026-cı il il kimi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli Maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixli müqavilə üzrə onun kredit müqaviləsinə əsasən əsas borcu 41078,21 manat, faiz borcu 3843,37 manat, cərimə borcu 1135,92 manat təşkil edir. İddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 və Cavabdeh2 xəbərdarlıq edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-535/2025 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/1373 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 021R********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2024-cü il tarixə əsas borcu üzrə 41087,72 manat, faiz borcu üzrə 3075,01 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-535/2025 nömrəli qərardadı ilə ipoteka predmeti daşınar əmlakın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlakın dəyərinin müəyyən edilməsinə dair xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatı ilə Cavabdeh1 məxsus 2001-ci buraxılış **-ZJ-*** olan Langendrof Yarımqoşqu markalı Özüboşaldanın xx.xx.2025-ci il vəziyyətinə bazar dəyəri 19500 manat, likvid dəyəri 17000 manat manat məbləğində, 2006-ci buraxılış qeydiyyat nömrəsi **-HB-*** olan MAN marka TGA 18.310 X8 xx.xx.2025-ci il vəziyyətinə bazar dəyəri 22500 manat, likvid dəyəri 18000 manat məbləğində olması müəyyən olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsasə verir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli sürdüyü öhdəliklərin icrası tələbi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (m. 470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (m. 470.2.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (m. 472.1.). Borc alan həmçinin zaminliklə təmin olunmuş kredit öhdəliyini icra etmədiyindən zamin Cavabdeh2 borc alan Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. İddiaçı cavabdehlərə göndərdiyi bildirişlə bütün borcu geri tələb edərək, müqaviləni birtərəfli qaydada ləğv etdiyini bəyan etmişdir. İşə baxan birinci instansiya məhkəməsi də məhz Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq təyin etmiş olduğu məhkəmə mühasibatlıq ekspertizası qarşısında kredit müqaviləsi üzrə müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edildiyi tarixə, yəni xx.xx.2024-cü il tarixinə hesablanan borcun müəyyən olunması ilə bağlı suallar qoymuş və verilən ekspert rəyini nəzərə alaraq borc məbləğini müəyyən etmişdir. Cavabdeh2 (zamin) apellyasiya şikayətində məhkəmənin yalnız bir dəfə təyin etdiyi ekspertizanın rəyinə əsaslanaraq borc məbləğini müəyyən etdiyini bildirsə də, ekspert rəyinin həqiqiliyini şübhə altına ala biləcək dəlillər gətirməmiş, ikinci dəfə ekspertizanın təyin edilməli olmasını hansı zərurətdən irəli gəlməsini əsaslandırmamışdır. Bundan başqa birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasları barədə məlumatlandırılsa da, məhkəmədə iştirak etməmiş, hər hansı bir vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun : 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir; 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır; 39.3-cu maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini (39.3.3-cü maddə) göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 1.0.9-cu maddəsinə əasasən ilkin satış qiyməti Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Yuxarıda qeyd olunmuş qanunvericilik aktı normalarına əsaslanaraq kollegiya hesab edir ki, tutmanın kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə ipotekaya qoyulmuş, ipoteka predmeti kimi çıxış edən yük avtomobillərinə yönəldilərək açıq hərrac yolu ilə satılması hissədə tələbi təmin edən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc alan müqavilədən irəli gələn öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən kreditor qarşısında icra edilməmiş öhdəliyi yaranmış və kreditor təminat kimi ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması tələbini irəli sürməkdə tam haqlı olmuşdur. Cavabdeh2 (zamin) apellyasiya şikayətində məhkəmənin ipoteka predmetlərinin ilkin satış qiymətinin yalnız bir qiymətləndirici təşkilatın mütəxəsis rəyi əsasında müəyyən etdiyini bildirsə də, mütəxəsis rəyinin həqiqiliyini şübhə altına ala biləcək dəlillər gətirməmiş, ikinci dəfə mütəxəsis rəyinin alınmalı olmasını hansı zərurətdən irəli gəlməsini əsaslandırmamışdır. Bundan başqa məhkəmə tərəfindən ipoteka predmeti olan yük avtomobillərinin müəyyən olunan ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayan arasında bağlanmış ipoteka müqavilələrindəki tərəflərin razılaşdırdıqları ilkin satış qiymətlərinə uyğundur. Belə ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ipoteka müqavilələrindən görünür ki, **-ZJ-*** qeydiyyat nömrəli Langendrof Yarımqoşqu markalı yük avtomobilinin ilkin satış qiyməti tərəflərin razılığı ilə 15000 manat, **-HB-*** qeydiyyat nömrəsi olan MAN markalı TGA 18.310 X11 nəqliyyat vasitəsinin ilkin satış qiyməti tərəflərin razılığı ilə 20000 manat müəyyən edilmişdir. Hazırki halda isə 2023cü ildə razılaşdırılmış dəyəri 15000 manat təşkil edən **-ZJ-*** qeydiyyat nömrəli Langendrof Yarımqoşqu markalı yük avtomobilinin ilkin satış qiyməti 17000 manat, 2023cü ildə razılaşdırılmış dəyəri 20000 manat təşkil edən **-HB-*** qeydiyyat nömrəsi olan MAN markalı TGA 18.310 X11 nəqliyyat vasitəsinin ilkin satış qiyməti 18000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissələrdə dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 12 avqust 2025-ci il tarixli e-2-2(121)-535/2025 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev
Məhkəmə qərarları › İş №2-2(106)-297/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-297/2025
17.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver