Məhkəmə qərarları › İş №2-2(106)-31/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-31/2024

17.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Malın, işin və xidmətlərin qüsurları nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-31/2024 17.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli e-2-2(121)-1003/2023 saylı qətnaməsindən (hakim Z.Abbasov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, UE55RU7140UXRU model Smart TV 4K Samsung markalı televizorun yararsız halasalınması nəticəsində 2000 manat, əldə çıxmış fayda kimi 300 manat, 50 manat mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş 43 manat olmaqla, ümumilikdə 2393 manat pul məbləğinin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Tələb onunla əsaslandırılmışdır ki, Hacıqabul şəhəri, ünvan 1 ünvanında yaşayır. Mülkiyyətində ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi vardır və həmin obyektdə VÖEN-lə internet klub kimi fəaliyyət göstərilir. Qeyd edilən obyekt üzrə istifadədə 20 kompyuter dəsti və 3 (play-station) oyun dəsti olmaqla, televizor dəsti fəaliyyət göstərir. Televizorlardan bir ədəd UE55RU7140UXRU model Smart TV 4K Samsung markalı televizor gün ərzində işləməsinə (qaralmasına) müştəri tərəfindən narazılıq olduğundan təmir üçün Şirvan şəhəri, H.Əliyev prospektində Cavabdeh fəaliyyət göstərdiyi təmir sexinə xx.xx.2023-cü il tarixdə müraciət edilmişdir. UE55RU7140UXRU model Smart TV 4K Samsung markalı televizorun led lampası istismar üçün yararsız olduğundan təmir edilməsi üçün aparmışdır. İddiaçıya ekranın sınıq olması halında təmirə yararsız olması bildirilmişdir. Təmir sexində ilk olaraq televizorun cərəyan yuvasına qoşulmaqla led lampanın dəyişdirilməsi müəyyənləşdirilmişdir. Televizor qoşulmuş, laylar yoxlanılmış və led lampanın əvəz edilməsinin lazım olduğu bildirilmişdir. Led lampanın təmir edilməsi üçün 120 manat təmir xərclərinin qarşılığında razılaşılmışdır. Daha sonra təmir sexinin ustası Cavabdeh 4 nəfər köməkçisi ilə televizoru müəyyən hissələrə ayırmağa başlamışlar. Televizoru sökməklə ekranın ön hissədən ibarət olan laylarını ayrılmaqla şaquli vəziyyətdə kənara qoymuşlar. Led lampanın baxışı zamanı sol lampaların 20 sm hissəsinin zəif işləməsi, bir lampanın sıradan çıxması məlum olmuşdur. Lampalar əvəz edildikdən sonra qoşulmuş, işlək vəziyyətdə ön hissənin layları yerinə yığılmağa başlanmışdır. Yığılma ərəfəsində layların ağ qatı masanın üzərinə aşmış, masanın üzərində olan əl alətləri layın üzərinə ləkə salmışdır. Buna iradını bildirmişdir. Sonradan təmir edilən televizoru elektrik yuvasına qoşarkən ekranın sınması məlum olmuşdur. Ekranın sınmasını bildirməklə Cavabdeh tərəfindən ilkin olaraq 660 manat pul təklif edilmişdir. Sonradan razılıq əldə edilmədiyindən cavabdeh xx.xx.2023-cü il tarixədək vaxt istəmiş və xx.xx.2023-cü il tarixədək razılaşmışlar. Hazırda təmir üçün aparılmış televizor cavabdeh tərəfindən təmir edilməmişdir. Özü təmir prosesində iştirak etməklə layların aşması və zədələnməsinin şahidi olmuşdur. Hazırda televizor cavabdeh tərəfindən təmir edilməmişdir, cavabdeh televizorun ekranını sındırdığı üçün vurulmuş ziyanı tələb etmək məcburiyyətində qalmışdır. Mübahisənin məhkəməyədək razılaşma yolu ilə həll edilməsi üçün cavabdehə pretenziya qaydasında müraciət etmiş, həmçinin mübahisənin mediasiya sesiyasında həll edilməsi üçün cavabdehə mediasiyaya dəvət məktubu göndərmişdir. Lakin cavabdeh nə pretenziya məktubuna, nə mediasiya məktubuna nədə mediatorun çağırışına heç bir cavab verməmişdir. Sonradan iddiaçı məhkəməyə elektron qaydada xx.xx.2023-cü il tarixli yazılı məlumat təqdim edərək əlavə olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixində səhər saat 10-12 radələrində Şirvan şəhərindəki Etibar adlı ustanın mağazasına gedərək orada ona 55 dyumlu 4k Samsung UE55RU7140UXRU (versiya FA04/URU7100) model televizorunun markasına aid led lampa quraşdırılması haqqında məlumat alıb qiyməti razılaşdırmışlar. Cavabdeh ona həmin led lampanın 80 manata öz qiymətinin olmasını bildirmiş və təmir haqqının da 50 manat olduğunu söyləmişdir. Cavabdeh ona ekranın sınıq olub-olmaması haqqında sual vermiş və o da, ekranın sınıq, eləcə də digər problemlərin olmadığını və yalnız led lampa dəyişəcəyini bildirmişdir. Etibar adlı ustayla 120 manata razı ola biləcəyini vurğulamış və Etibar usta onunla 120 manata led lampanın quraşdırılmasını razılaşmışlar. O da, “gedirəm televizorumu gətirməyə” sözünü deyib oradan ayrılıb birbaşa Hacıqabula oz internet klub mağazasından televizoru götürməyə getmişdir. Gələrkən yolda tanışı Mayıs adlı taksi sürücüsünə zəng edib onu da kluba çağırmış, nəhayət klubdan televizoru götürüb Etibar adlı ustanın yanına getmişdir. O, televizoru özü şəxsən maşından düşürüb Etibar ustanın mağazasındakı mərkəzdə olan iri stolun üstünə qoyaraq ona ekranın yoxlanmasını tələb etmişdir. O da öz növbəsində həmin stolda televizoru cərəyana qoşaraq yoxlamağa başlamış və özünün dediyi kimi televizorun doğurdan da tək led lampasında problem olduğunu bilmiş və ekranda heç bir zədə olmadığını görüb onunla 120 manata led lampanın yenilənməsinə razılaşmışdır. Bu vaxt cavabdehin yanında digər tələbə və kollegaları var idi. Bunlar usta ilə birlikdə xeyli müddətdən sonra ekranın arxa qapağını açmışlar. Bu arada usta Vahid adlı tələbəsini bu işdə köməyə dəvət etmişdir. Televizorun arxa dəmiri söküldükdən sonra növbə ekran hissələrinə gəlmiş və usta Etibar ekranı şəxsən əliylə televizorun üstündən sökməyə başlayanda, iddiaçı ona əl ilə sökməmək barədə etirazını bildirmiş, bunu cavabdehin taxçasında olan yapışqanlı ləvazımatla etməyi məsləhət etmişdir. Cavabdeh isə öz növbəsində iddiaçıya narahat olmamağını bildirərək, öz bildiyi kimi əli ilə televizorun ekranını və onun lay qatlarını sökərək kənarda bir oturacağın üstünə dik formada qoymuşdur. Bu işlər görülən zaman ekran və onun lay qatları usta tərəfdən yoxlanılmış və ideal vəziyyətdə olduğu bildirilmişdir. Bunu da cavabdehin ətrafındakı kollegaları da görüb, eşitmişlər. Ekran hissələri sağ-salamat olaraq kənardakı stola yığıldıqdan sonra onlar yenə qrup şəklində televizorun led lampasına gedən yolları sökməyə davam etmişlər. Nəhayət led lampaya çatdıqdan sonra onlar televizorun led lampasını yenidən qoşub yoxlamışlar və led lampanın sol tərəfindən hardasa 15-20 sm-lik hissəsinin zəif yandığını, soldan ortaya yaxın tərəfdən isə 1 led lampanın yanmadığını və xarab olduğunu görərək, ona da göstərmişlər. Qalan ortadan sağ tərəfə bütün led lampaların ideal vəziyyətdə olduğunu hamı görmüşdür. Usta bu lampaların sökülməsini tələbələrinə tapşırandan sonra lampalar sökülüb yeri təmizlənmiş və yeniləri o yerə quraşdırılmışdır. Led lampalar quraşdırıldıqdan sonra ekran və arxa layları yenidən həmin beş nəfər ustanın iştirakı ilə televizora yığılmağa başlanılmışdır. Televizor dik halda və üzü onların mağazasının qapısı tərəfə idi, iddiaçı isə televizorun arxası tərəfdə stolda kənarda oturmuşdur. Bu 5 usta da televizorun qarşısında hamısı iş gördükləri zaman televizorun arxasını tutmağı unutduqlarını görmüşdür və daxilində etiraz etmişdir ki, birdə görmüşdür ki, ekranın layları arxa tərəfdən arxadakı stolun üzərinə aşdılar. Bu stolun üzərində payalnik, digər ləvazimat və hissələr də olduğuna görə ekranın onların üzərinə düşdüyünü görüb narahat olmuşdur. Lakin bunların səhlənkarlığını və payalnikin üzərinə düşən hissələri anında qaldırmadıqlarını görüb yaxınlaşıb payalnikin üzərinə düşən hisssələri onun üzərindən götürüb onlara etirazını bildirmişdir. Usta Etibar ekran laylarını yenidən yerinə yığmağa başlamışdır. O da, ekran laylarından olan ağ kağız materialda payalnikin dəyən yerinin 2 yerdən qaraldığını görüb ustaya bildirmişdir ki, artıq bura zədələndi. Usta və onun Vahid adlı tələbəsi oradakı kollegaları onu narahat olmamağa çağırmış və bunun boş şey olduğunu bildirmişlər. O, yenə susaraq onsuzda artıq iş bitir deyə işin sonunu gözləməyə başlamış və geri çəkilib yenə öz yerində oturub bunlara nəzarət etməyə başlamışdır. Bundan sonra televizoru onlar üzü üstə yerə yıxıb yenidən işə qrup halında davam etmişlər. Bu dəfə televizorun qarşısından yuxarıda sağ tərəfində Vahid adlı ustanın nəyi isə bağlaya bilmədiyinin şahidi olmuşdur. Bu işin nədənsə çox çəkdiyini görən usta sonda özü həmin sahəyə gəlib nə isə o da xeyli qurdaladığdan sonra nəhayət televizorun ekranını yığmışlar və sonra televizoru dikəldib cərəyana qoşub yoxlamışlar. Ekrana baxdıqdan sonra bunların bir-birlərinə baxaraq təəccübləndiyini görmüş və anlamışdır ki, bunlar artıq ekranı səhlənkarlıq edərək sındırmışlar. O, televizorun arxa tərəfində oturduğuna görə ekranı görməmişdir və yenə də özünü ekranın sınmağına inandırmamağa çalışıb səbrlə gözləmişdir. Bu vaxt usta Etibar tələbələrindən onun maşınından kartını, şəxsiyyət vəsiqəsini axtarıb tapıb gətirmələrini tələb etmişdir və bu vaxt çox narahat olduğu müşahidə olunmuşdur. Etibar usta çölə çıxıb kimlərləsə telefonda xeyli danışdıqdan sonra mağazaya qayıdıb televizoru yenidən qaldırıb ekrana baxanda iddiaçı da orada nə baş verdiyini görmək üçün ekrana baxmağa yaxınlaşmışdır və ekranın sol aşağıdan sağ yuxarı tərəfə tamamilə sındığını və ekranın sağ yuxarı tərəfində xeyli əziklərin olduğunu görmüşdür. Bundan bir az əvvəl bu mağazaya tanıdığı Nahid adlı Hacıqabul sakini olan bir şəxs də gəlmişdi ki, o da ekranın sınığını görmüşdür. Biraz keçdikdən sonra usta ona yaxınlaşıb belə hallar olur deyə onu sakitləşdirmək üçün şirin dilə tutub ona ekranı sındırdığını və özünün də tezliklə düzəldəcəyini və yaxut da ekranın 660 manata olduğunu bildirib istərsə ona 660 manatdan 120 manat öz quraşdırıb təmir etdiyi led lampanın pulunu çıxıb yerdə qalan 540 manatı əlbə-əl ona verməyi və televizoru aparıb başqa yerdə düzətdirməyi təklif etmişdir. O da öz növbəmdə ekranın dəqiq harda və neçəyə olub-olmamasını bilmədiyi üçün onun bu şirin sozlərinə inanmayıb onun bu televizoru elə özünün düzəldib ona təhvil verməsini söyləmişdir. Bundan sonra o, Bakıya aparıb gətirmək üçün taksi pulunu da özü tərəfindən veriləcəyini bildirmişdir. O, cavabdehə “Şirvanda hazır bunu 100-120 manata düzəldəcək usta vardı, elə ona aparıb düzəltdirə bilərdim. Sadəcə olaraq Siz ustaya 1 dəfə qida bloku düzəltdirmişdim deyə istədim elə bunu da siz təmir edəsiniz. Siz sındırmısınız siz də bu əziyyəti özünüz çəkin, məni bu işə qatmayın və bu hadisə sizin öz səhlənkarlığınızdan baş verdiyi üçün özünüz cəzasını çəkin. Mən zatən bu televizorun işləməməsinə görə gündəlik xeyli ziyan çəkəcəm demişdir. Ustanın çox hay-küy saldığını görüb nəhayət o, ilk öncə razı olmasa da sonda məcbur olub taksilərin necəyə aparacağını onun yanında tanışı Nahidin köməkliyi ilə öyrənmişdir ki, taksilərdən biri 70 manata digəri isə 50 manata Sumqayıtda Etibar ustanın dediyi məkana aparıb gətirə bilir. Buna görə də məcbur olub ustayla razılaşmışdır ki, 50 manat taksi pulunu da özü versin, amma bir şərtləki o, Sumqayıt Samsung servis mağazasında dediyi kimi ekran hissələrinin yenisini qoyacaqdır, daha işlənmişini yox. Usta da öz növbəsində ona 18-20 fevralda həmin servisin gömrükdən məhsulları gəlib ordan çıxmasını gözlədikləri üçün hazırda olmadığını və həmin vaxtı gözləməyi ona bildirmişdir. Ustanın istəyi ona ekranın pulunu verib özünün gedib alıb təmir elətdirmək idi ki, buna da iddiaçı razı olmamışdır. Bu aralarda bir neçə ustaya zəng edərək həmin məhsulun olub-olmamasını maraqlanmış və məhsulun fakt olaraq hec kimin əlində olmadığını bildiyindən ustaya bu işi özünün görəcəyini bildirmişdir. Ona ekranı sındırdığını öz tərəfindən xərc çəkiləcəyini və bu hadisənin məsuliyyətini özü tərəfindən baş verdiyini və belə halların olduğunu bildirərək, eləcə də onun maqnitofon ustası olan şəxsdə mənə ekranımın onlar tərəfdən qoyulub təhvil veriləcəyini və heç bir problem olmayacağını söz verdikləri üçün o, bu şəxslərə fevralın 20-si yox, lap 21-inə kimi möhlət verib onlarla razılaşıb mağazadan çıxmışdır. Çıxarkan usta Etibar ondan led lampanın 120 manat borcunu istəmiş, o isə həmin pulu verməmişdir və televizoru hazırlayıb ona təhvil verəndə, ona bu borcu verəcəyini bildirmişdir. Bu aralarda özü də saytlardan servislərlə əlaqə saxlayıb lazım olan detalları maraqlanmış və bu hissələrin Azərbaycanda heç ***-**** manata hazırda tapıla bilməyəcəyini görmüşdür. Narahat olsa da ustanın özünün ona bildirdiyi tanıdığı Sumqayıt Samsung servisinin məhsulun gəlib Azərbaycan gömrüyündə 18-20 fevralda ordan çıxacağı sözünü xatırlayıb, ustanın variantının gözləməyə qərar vermişdir. Söhbətin üstündən 8-9 gün keçmişdi ki, bir gün Etibar usta ona zəng edərək, sabah yağış yağmazsa Bakıya gedib televizorun ekranını düzəltdirəcyini bildirərək, ondan led lampanı dəyişdirdiyinə görə 120 manat borcu istəmişdir ki, guya sındırdığı ekranın yerinə yenisini almaqı üçün pulu çatışmır. O, ustaya etibar etmədiyi üçün onunla razılaşmanı nəzərinə çatdıraraq bildirmişdir ki, televizoru danışdıqları kimi tamam hazır edəndə ona 120 manatını verib televizoru götürəcəkdir. 12 gün sonra, 18 fevral tarixində ustaya birdə zəng etmişdir. Bu dəfə usta onun yanına gəlməyini xahiş etmişdir. Səhərisi gün 19 fevralda cavabdehin yanında getmiş, mağazaya daxil olduqdan sonra usta onu yuxarı mərtəbəyə dəvət edib televizoru göstərərək ondan ekrana baxmağını istəmişdir. O da, ekranın şübhəli göründüyünü görüb ustadan televizorun hazır olub-olmadığını soruşmuşdur. Usta isə ona televizorun guya elə sınıq vəziyyətdə gətirdiyini bildirmişdir. O da, aşağı enib ustanın digər yoldaşlarının yanında bu söhbəti etməyi tələb etmiş və dərhal ondan ayrılıb aşağı mərtəbəyə enmişdir. Ustanın aşağıdakı kollegalarından söhbətin necə olduğunu soruşsa da, hamısı onun üzünə duraraq ustalarının dediyi sözləri təsdiqləyib onun tərəfini tutmuşlar. Usta Etibar ona bu söhbətin 2-3 gündür baş verdiyini bildirmiş və bu az müddət olduğu üçün ekranın sınığının görünməsinin 10 gündən sonra ortaya çıxacağını və yaxud da yalnız led lampanı dəyişdikdən sonra görsənə biləcəyini söyləmişdir. O da, ustaya ekranın heç cərəyana qoşulmadan belə ekran çatının sınığının elə üzdən görünməsini bildirmiş və bundan savayı ona ekranı elə ilk oncə özünün yoxlayıb salamat gördüyünü xatırlatmış və birdə bildirmişdir ki, əgər ekran sınıq olsa idi, ekran söküləndə bu görünərdi. İddiaçı “necə olur ki, ekran sökülür, amma sınıq görünmür, əvəzində isə yeni led lampa dəyişildikdən sonra ekranı geri bir də qaytarıb yığırsız, o ekranın zədəsini görmürsüz?” sualını verib söhbətinə davam etmiş və qeyd etmişdir ki, ekran sınıq olsaydı cavabdeh bir usta kimi onu heç qəbul etməzdi və ekranın sınıqları elə söküləndə üzərlərinə aşardı. Xeyli müzakirələr və mübahisələrdən sonra cavabdeh öz kollega və tələbələri ilə özlərinin düz, iddiaçının isə səhv olduğunu bildirməklərindən sonra iddiaçı onlara bu işlə bağlı polisə müraciət edəcəyini bildirərək oradan uzaqlaşmışdır. Televizorun led lampasını dəyişməzdən əvvəl hər bir usta öz biliyinə və qaydalara əsasən ekranı və digər hissələri yoxladığdan sonra led lampaları yeniləri ilə dəyişir. Televizorun ekranı yoxlanılmadan led lampalar təmir edilməz. Ekranın hər bir zədəsinin onu açmadan yoxlanması mümkündür. Bunun üçün hər bir özünə usta deyən şəxslərin bildiyi qaydalar vardır ki, bu işdə usta onu nədənsə etiraf etmir. Televizorda bu şəxslərin əl izləri də olmalıdır. Odur ki, işin tam ədalətli araşdırılmasını xahiş eşdir. Cavabdeh iddiaya tqarşı yazılı etiraz təqdim edərək iddianın əsassız olduğunu bildirmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı ona məxsus 1 ədəd televizoru xx.xx.2023-cü il tarixdə fəaliyyət göstərdiyi sexin qarşısına avtomobillə gətirmiş və tək özü avtomobildən endirərək qucağında sexə aparmışdır. İddiaçı televizoru açıq vəziyyətdə bağlama olunmadan gətirmişdir. Televizor gətirildikdən sonra müayinə edərkən televizorun yuxarı hissəsinin sol tərəfində əl barmaq ləkə formasında basılması müəyyən edilmiş və bunun iddiaçıdan izahı soruşulduqda, iddiaçı gətirilərkən ola bilsin ki, onun tərəfindən olduğunu, lakin əhəmiyyət vermədiyini, lakin iddiaçı cavabdehdən niyə görə soruşduğunu bildirdikdə, cavabdeh iddiaçıya irad tutaraq televizorun ekran hissəsinə toxunmaq olmazlığını və götürərkən yalnız yan hissələrindən götürülməsinin yol verildiyini, belə olan halda televizorun ekranın zədələnməsi ehtimalının olduğunu izah etmişdir. Sonra televizoru cərəyan yuvasına qoşaraq ümumi vəziyyətini nəzərdən keçirtmək istəmiş, lakin televizor qoşulduqda led lampanın istismar üçün yararsız olduğu və led lampanın dəyişdirilməsinə zərurət olduğunu iddiaçıya bildirilmişdir. Led lampanın dəyişdirilməsi üçün 120 manat təmir xərcinin tələb edildiyi iddiaçıya bildirilmiş, iddiaçı etiraz etməyərək razılaşdığını və lampanın dəyişdirilməsini bildirmişdir. Beləliklə, cavabdeh tərəfindən televizorun led lampası dəyişdirildikdən və televizor cərəyan yuvasına qoşulduqdan sonra televizorun ekranının ağarması halında ekranın yuxarı hissəsində, yuxarıda qeyd edildiyi kimi iddiaçı tərəfindən sexə gətirilərkən ekranın yuxarı hissəsinin sol nahiyəsində əl barmaq ləkə formasında basılması hissəsindən aşağı tərəfə doğru ləkələrin olduğu müəyyən edilmişdir. Bu isə ekranın həmin nahiyədən əl barmağın sərt basılması nəticəsində zədələnməsindən və iddiaçı tərəfindən televizor sexə gətirilərkən səhlənkarcasına yanaşıldığından ekranın zədələndiyindən xəbər verir. İddiaçı isə zədənin onun tərəfindən edilmədiyini və televizorun cərəyan yuvasına qoşulduqdan sonra baş verdiyini bildirərək etiraz etdi. Lakin cavabdeh iddiaçıya hər şeyin onun müşahidəsi ilə aparıldığını və iradının əsassız olduğunu bildirmişdir. İddiaçı cavabdehdən bunun nə qədər xərcinin olduğunu soruşduqda 660 manat olduğunu və razı olduğu halda iki-üç günə öyrənib deyə biləcəyini söyləmişdir. Lakin iddiaçı yenidən razılaşmayaraq televizorun ekranının onun deyil, cavabdehin səhvindən sındığını bildirərək razılaşmadığını və etiraz etməklə televizoru aparmaqdan imtina edərək cavabdeh tərəfindən xərcini çəkməklə düzəlməsini, zəhmət haqqının nə olacağı təqdirdə ödəyəcəyini bildirərək uca səslə sexdə hay-küy salmağa başlamışdır. Cavabdeh iddiaçıya öz etirazını bildirərək xərci onun çəkməli olmadığını, lakin təmirində zəhmət haqqını nəzərə alacağını bildirmişdir. İddiaçı razılaşmayaraq sexi tərk etmiş və sonradan ərazi üzrə polis şöbəsinə ərizə ilə müraciət etmiş və sahə üzrə sahə müvəkkili tərəfindən cavabdeh dəvət edilərək vəziyyəti anlatmağını bildirmişdir. Cavabdeh tərəfindən şifahi olaraq təfsilatı ilə sahə müvəkkilinə bildirilmiş və sahə müvəkkili şikayətin əsassız olduğunu və bu barədə iddiaçıya cavab verəcəyini bildirmişdir. Belə ki, söhbət əsnasında sahə müvəkkili cavabdehə bildirmişdir ki, iddiaçı tərəfindən televizorun görüntüsünü göstərərək televizorun guya sexə gətirilərkən tam saz vəziyyətdə olduğunu, lakin sonradan sexdə guya cavabdeh tərəfindən sonradan ekranın sındığını sübut etməyə çalışdığını, amma telefonda görüntünü nəzərdən keçirtdikdə çəkilişin sonradan çəkildiyini və xx.xx.2023-cü il tarixə təsadüf etdiyini müəyyən etməklə etirazını iddiaçıya bildirmişdi. Lakin iddiaçı sonradan dəfələrlə cavabdehin işlədiyi sexin qarşısına gələrək mobil telefonla çəkilişlər etmiş və yüksək səslə müxtəlif sözləri cavabdehin ünvanına səsləndirirək bilərəkdən müştərilər arasında usta kimi olan nüfuzuna xələl gətirməyə çalışmışdır. Həmçinin dəfələrlə istifadə etdiyi mobil telefondan cavabdehin istifadə etdiyi mobil nömrəyə zəng edərək müxtəlif formada təkidlər əsasında 2000 manat xərc alacağını bildirmişdir. Cavabdeh isə iddiaçıya niyə görə 2000 manat tələb etdiyini soruşduqda, əvəzində iddiaçı cavabdehə televizoru alarkən qiymətinin 2000 manat olduğunu və yeni televizor alacağını bildirmişdir. Lakin cavabdeh iddiaçıya əvvəla televizorun niyə görə aldığı qiyməti və həmçinin yenisinin alacağını bildirirək cavabdehdən 2000 manat istədiyini, halbuki, 2019-cu il tarixdə alındığını və həmin tarixdən sonra işlətdiyini, həmçinin də televizorun ekranının dəyişdirilməsi üçün 660 manat vəsaitin lazım olduğu və dəyişdiriləcəyi halda yenidən işlək vəziyyətdə olacağını və cavabdeh tərəfindən zəhmət haqqı alınmadan yerdə qalan məbləğin ödəniləcəyi təqdirdə televizorun yenidən işlək vəziyyətdə olmasının mümkünlüyünü bildirmişdir. Bütün bunlara baxmayaraq iddiaçı təkidlə cavabdehdən 2000 manat pulu istədiyini və cavabdeh isə ona etiraz etdiyini və artıq bütün bunlardan yorulduğundan mübahisəni sivil yolla həll edilməsini bildirmişdir. İddiaçı iddia ərizəsində cavabdehə pretenziya məktubunun göndərildiyini və həmçinin mediasiya sessiyasına gəlmədiyini əsas gətirməklə guya cavabdehin mübahisənin sivil yolla həllindən yayındığını qeyd edir. Lakin cavabdehə gələn məktubda ilk olaraq Lənkəran rayon 1 saylı Mediasiya şurasına gəlməyi göstərildiyindən, cavabdeh Lənkəran rayonununa getmişdir, amma oradan cavabdehə belə bir mübahisə predmeti üzrə icraatda işin olmadığı bildirilmişdir. İkinci dəfə cavabdehə gələn məktubda isə Sabirabad 1 saylı Mediasiya Şurasına getməyi bildirilmişdir, lakin bu dəfə də yanlışlıq olduğunu düşünən cavabdeh mediasiya sessiyasında üzürlü səbəblərdən iştirak edə bilməmişdir. Bu isə ona əsas vermir ki, cavabdeh iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi iddia tələbi üzrə göstərilən hallara görə günahkar hesab edilməlidir. İddiaçının bu tələbi tamamilə əsassızdır və sübut növü kimi qəbul edilməməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddiasını müdafiə edib, iddia ərizəsinin və ona əlavənin yuxarıda şərh olunan məzmunları ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, mübahisə obyekti olan televizoru xx.xx.2020-ci il tarixdə almışdır, televizorun led lampasında əvvəlcədən nasazlıq var idi, lakin 2023-cü ilin fevral ayında televizorun ekranında qaralma çoxaldığına görə, əvvəllər bir dəfə xidmətlərindən istifadə etdiyi cavabdehə televizoru düzəltmək üçün müraciət etmək qərarına gəlmişdir. Ona məxsus olan televizorun ekranının sındırılmasında tək Cavabdeh deyil, orada olan digər şəxslər də cavabdehdirlər və onlar da məsuliyyət daşıyırlar. Hesab edir ki, televizor yaxşı təmir olunarsa yararlı vəziyyətə gələ bilər, lakin cavabdeh televizoru təmir etmək istəmir. Birinci instansiya məhkəməsində Cavabdeh iddiaya qarşı təqdim etmiş olduğu etiraz ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək rədd olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, televizorun ekranını o sındırmamışdır, televizor təmir üçün ona verilərkən ekranı artıq sınmış vəziyyətdə olmuşdur. Bir təcrübəli usta kimi bildirir ki, televizora yeni ekran quraşdırılarsa, televizor tam işlək vəziyyətə gətirilə bilər. Şirvan Kommersiya Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli e-2-2(121)-1003/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, İddiaçı məxsus UE55RU7140UXRU model Smart TV 4K Samsung markalı televizorda olan qüsurun aradan qaldırılması və həmin televizorun tam işlək vəziyyətdə iddiaçıya təhvil verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmuş, 50 manat mediasiya xərci və 43 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 210 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, iddiaçı ilk dəfə ona məxsus sexə televizoru tək gətirdiyinə görə ona iradını bildirmişdir ki, daşınma qaydasını pozmuşdur. Çünki qeyd edilən televizor ya qutusunda gətirilməli, yada açıq gətirilirsə iki nəfər şəxsin köməyi ilə xüsusi qaydada gətirilməlidir. Əlavə olaraq iddiaçıya bildirmişdir ki, televizorun ekranında sınıq olsa televizor yararsız olacaqdır. İddiaçının televizoru tək gətirməsi televizorun salamatlığı ilə bağlı şübhə yaratdığı üçün iddiaçıya xəbərdarlıq etdi. Televizoru iddiaçının gözü qarşısında 3 dəfə cərəyan yuvasına taxdı. İşıqlanma olmadığı üçün iddiaçıya bildirdi ki, televizorun arxa qapağın açacaq və led işıqları dəyişəcək, lakin ekran sınıbsa artıq heç bir şey etmək mümkün olmayacaqdır. İddiaçının öz iştirakı ilə led işıqları dəyişdi, ekranı yerinə qoydu, televizoru işə salandan sonra ekran altı işıqlanma yarandı və həmin vaxt göründü ki, ekranda barmaq izi vardır və ekran barmaqla sıxılma nəticəsində sınmışdır. Televizorun daşınmasında iştirak etmədiyi üçün ekran iddiaçının özü tərəfindən daşınma qaydalarını pozduğu üçün sınmışdır. Əlavə olaraq, televizorun led işıqlarını dəyişdiyi zamana tərəfindən televizorun ekranına heç bir zədə yetirilməmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21.1, 21.2, 1096.1 və 1096.2-ci maddələrə istinad etsə də, bir daha bildirir ki, tərəfindən iddiaçıya məxsus televizora heç bir zərər yetirilməmişdir. Bundan əlavə, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2-2(121)-1003/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş UE55RU7140UXRU model Smart TV 4K Samsung markalı televizorun arxa qapağının, örtüyünün aralanması hər hansı kənar müdaxilə nəticəsində yaranması istisna edilmir, həmin televizorun səthində kənar predmetin təsirindən yarana bilən mexaniki zədə, iz aşkar edilməsi müəyyən olunmuşdur. Göründüyü kimi ekspert rəyi ilə televizorda mexaniki zədə aşkar edilmədiyi müəyyən edilibsə, məhkəmənin hansı əsasla tərəfindən televizora zədə yetirilməsi qənaətinə gəlməsi başa düşülən deyil. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəmişdir. Birinci instansiya məhkəməsi ciddi prosessual pozuntuya yol verərək iddia tələbindən kənara çıxmışdır. Lakin qətnamədə hansı müstəsna hala görə iddia tələbindən kənara çıxdığını əsaslandıra bilməmişdir. Birinci instansiya məhkəməsi işin həqiqi hallarını müəyyən etmədən yəni mənim iddiaçıya məxsus televizora heç bir zədə yetirməməyimə və eləcə də ekspert rəyi nəticəsində televizorda hər hansı zədə aşkar edilməməsinə baxmayaraq sonda təqsirli olması barədə düzgün olmayan nəticəyə gəlmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmiş, etiraz iddia əriəsi və sonradan iddia ərizəsninə verilən əlavə ilə oxşar məzmunda əsaslandırılmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə zamanı bu şəxs nəyinki onu, eləcədə məhkəməni, hətta ekspertizanı aldatmağa başlamışdır. Beləki televizorun ekranını dəyişdirərək özgə ekran qoyaraq onu Ədliyyə Nazirliyinə göndəribmiş və eləcədə son məhkəmə vaxtındada onu hakimin qarşısına çıxartmışdır. Eekranında onun üzərində çalışmış 5 ustanın barmağ izləri olmalıydı. Ən azından ekspertiza rəyində heç olmazsa barmağ izləriylə bir rəy bildirilməlydi. Ekranında hansı zərbədən sındıdırlmasıda çətin bir iş deyildi. Eləcədə ekranın doğurdanda televizora aid olmasını bilmək ədliyyə üçün problem olmamalıydı. Çox təəssüfki burdada haqsızlığa uğradı. Keçmiş məhkəmə zamanındada bu şəxsin yalanları haqqındada məhkəmədə sual edib, səhv cavablar aldıqdan sonra möhtərəm hakimə öz subutlarını 7 dvd diskində təqdim etmişdi. Çox gumanki bu şəxs televizoru sındırdığı gündən ekran axtarışı edib tapa bilmədiyi kimi, indidə tapa bilmədiyindən yəqinki vaxt qazanmaq üçün bu şansdan istifadə edir. Televizorun məsələsinin gec həllini görüb məcbur olub Finca bankdan 2000 manat kredit götürərək boş qalmış tv yerinə digər LG markalı televizor almalı oldu ki, gəlirində geriləmə olmasın. Çox təəssüfki bu aldığı televizor xarab olan televizorun keyfiyyətində olmadığından hal hazırdada problemlər yaşayır. Beləki müştəriləri yeni televizorun əvvəlki kimi keyfiyyətli göstərmədiyindən onunla bir aldığı o biri televizorlarda oturmağa üstünlük elədilər. Buna görədə çəkdiyi xərci ödəmədiyindən yenidən vergi borcları yaranır və qazancında yenə geriləmələr baş verməkdədir. Keçən dəfəki məhkəmədən narazı qalmışdır. Beləki televizorunu zibil halına salan şəxsə yenidən təmir edib ona verilməsi istənilmişdir. Burda suallar yaranır. Axı bu şəxs usta deyil, o bunu necə təmir edəcək? Onu təmir etdikdən sonra onu bilərəkdən yenidən xarab olmaması üçün zəmanəti kim verəcək? Televizoru öz keyfiyyətində göstərəcəkmi? Bəs gündəlik itirilmiş qazancları necə olacaq? Axı buna görə kommersiya məhkəməsinə üz tutmuşdur ki, gündəlik qazancları yerinə qayıtsın. Hazırda televizorsuz, qazancsız və aldanmış olaraq qalmışdır, bəs bu ədalət hardadır? Bu şəxs hakimi, onu və Ədliyyə Nazirliyini aldadıb, indidə burda hakimlərin 3-nü birdənmi aldatmaq istəyir? Dövlətin qanunu bu qədərmi çarəsizdir belə şəxslərə qarşı? Dövlət üçün can qoyan bir şəxs kimi belə haqsızlığı əlbətdə bağışlamayacaq. Məhkəmə işində subut kimi verdiyi 7 ədəd dvd disklərinə mümkündürsə baxılsın və ya onları yenidən təqdim etmək gərəkirsə şərait yaradılsın, onları yenidən göndərsin. Hal hazırda onu elektron məhkəmə portalından göndərməyə imkan olmadığından xahiş edir nəzərə alınsın. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, Cavabdeh birinci instansiya məhkəməsində iddiaya qarşı təqdim etmiş olduğu yazılı etirazında və məhkəmə baxışında verdiyi izahatlarda televizorun ekranının iddiaçı tərəfindən avtomobildən düşürərkən ekrana barmaqları ilə basması nəticəsində sınmasını bildirsə də, xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında verdiyi izahatında bunun tam əksini bildirmiş və göstərmişdir ki, iddiaçı televizoru ona təqdim edərkən televizorun ekranında sınıq olduğunu görməmişdir. Ekranın sınıq olduğunun aşkar edilməsindən sonra iddiaçıya həmin qüsuru yeni ekran alaraq aradan qaldıracağını və ya yeni ekranın alınması üçün iddiaçıya pul ödəməyə razı olduğunu bildirmişdir. İş materiallarında olan fiziki şəxs haqqında məlumatdan görünür ki, İddiaçı xx.xx.2006cı il tarixdə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə, Cavabdeh xx.xx.2004-cü il tarixdə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışlar. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, yararsız hala salınmış UE55RU7140UXRU model Smart TV 4K Samsung markalı televizorun dəyəri və digər ödənişlər olmaqla, cəmi 2.393 manat məbləğində pulun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan “ödəniş qəbzi”nin surətindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün Sabirabad 1 saylı Mediasiya Təşkilatının hesabına 50 manat vəsait ödəmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(121)-1003/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-texniki ekspertizasının 3/1374 və 10/6529 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş UE55RU7140UXRU model Smart TV 4K Samsung markalı televizorun arxa qapağının, örtüyünün aralanması hər hansı kənar müdaxilə nəticəsində yaranması istisna edilmədiyi, həmin televizorun səthində kənar predmetin təsirindən yarana bilən mexaniki ədə, iz aşkar edilmədiyi müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 210 manat təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 772.1-ci maddəsinə əsasən, görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 771-ci maddəsinə əsasən, podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, cavabdeh iddiaçı ilə bağlamış olduğu podrat müqaviləsi üzrə müqavilədə nəzərdə tutulan işi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından azad icra etməli olduğundan, iddiaçı cavabdehə qarşı qüsurların aradan qaldırılmasını tələb etməkdə tam haqlı olmuşdur. İddiaçının tələbi televizorun qüsurlu təmiri nəticəsində yetirilmiş zərərin əvəzinin ödənilməsi olsa da, birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə mübahisə obyekti olan televizorda olan qüsurun aradan qaldırılaraq tam işlək vəziyyətdə iddiaçıya təhvil verilməsi vəzifəsini cavabdehin üzərinə qoymuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq, onu apellyasiya qaydasında mübahisələndirməmişdir. Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə obyekti olan televizorda olan qüsurun aradan qaldırılaraq tam işlək vəziyyətdə iddiaçıya təhvil verilməsinə dair nəticəyə gəlməklə iddia tələbindən kənara çıxmamışdır. Belə ki, iddiaçının hüquqi marağı ona məxsus olan əşyanın zədələnməsi nəticəsində ona dəymiş ziyanın aradan qaldırılmasında olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə iddianın qiyməti 10000 manatdan az olduğundan qətnamədə kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli e-2-2(121)-1003/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar