Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-313/2025 26.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli e- 2-2(121)-1903/2024 saylı qətnaməsindən iddiaçı və cavabdehlərdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətlərinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommerisya Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-dən ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulmalı olan 157090,22 ABŞ dolları məbləğində borcun "xxxx" MMC və "xxxx" MMC-dən birgə qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə 186806 ABŞ dolları əsas, 68705,67 ABŞ dolları faiz borcu, 9438,48 ABŞ dolları cərimə, 52990,03 ABŞ dolları məbləğində nümayəndəyə çəkilmiş xərc olmaqla, ümumilikdə 317940,18 ABŞ dolları məbləğində borcun tutulması və ipoteka predmetləri olan “Kapital-A” firmasına məxsus gəmilərə yönəldilməsi qət edilmişdir. Hazırda həmin qətnamə üzrə 91462 ABŞ dolları əsas borc,12638,19 ABŞ dolları faiz borcu, 52990,03 ABŞ dolları məbləğində nümayəndəyə çəkilmiş xərc olmaqla, ümumilikdə 157090,22 ABŞ dolları məbləğində icra edilməmiş borc öhdəliyi qalmaqdadır. Sözügedən qətnamənin 18 ildir icra edilməməsini nəzərə alaraq, ümumilikdə 157090,22 ABŞ dolları məbləğində qalıq borc məbləğinin ödənilməsi məqsədilə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə "xxxx" MMC və "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli “Öhdəliyin icra edilməsinə dair” Razılaşma imzalanmışdır. Həmin Razılaşmaya əsasən Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi üzrə "xxxx" MMC-dən tutulmalı olan borcun 50000 ABŞ dolları məbləğində hissəsinin xx.xx.2023-cü il tarixədək ödənilməsi öhdəliyini "xxxx" MMC öz üzərinə götürmüşdür. Həmin Razılaşmanın 2.4-cü bəndinə əsasən xx.xx.2023-cü il tarixədək ödəniş edilmədiyi təqdirdə qətnamə üzrə "xxxx" MMC-dən tutulmalı olan borc məbləğinin həm "xxxx" MMC-dən, həm də "xxxx" MMC-dən tutulması üçün müvafiq məhkəməyə müraciət olunması nəzərdə tutulmuşdur. Razılaşma üzrə 157090,22 ABŞ dolları məbləğində borcun ödənilməsi məqsədilə "xxxx" MMC və "xxxx" MMC-yə pretenziya məktubları göndərilmiş, lakin heç bir ödəniş edilməmişdir və bu səbəbdən də borc məbləğinin tutulması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalınmışdır. "xxxx" MMC sözügedən Razılaşmanı imzalamaqla öz iradə ifadəsini bildirmiş, bununla da "xxxx" MMC ilə birgə borclu statusunu öz üzərinə götürmüşdür. Şirvan Kommersiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, e-2-2(121)-1903/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq cavabdeh "xxxx" MMC-dən 157090,22 ABŞ dolları məbləğində pulun (ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək iddianın təmin olunan hissəsində qətnamənin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərəe ləğv olunması, iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 19 iyun 2025-ci il tarixli 2- 2(106)-94/2025 nömrəli qətnaməsi ilə (sədrlik edən – C.İmanov, hakimlər – P.Əhmədov və Q.Əliyev) "xxxx" MMC-nin apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul olunaraq "xxxx" MMC-yə qarşı yönələn iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının 20 noyabr 2025-ci il tarixli 2-2(102)-633/2025 saylı qərarı ilə (sədrlik edən – B.Məmmədli, hakimlər – V.Baxışova və B.Qəribov) kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 19 iyun 2025-ci il il tarixli 2- 2(106)-94/2025 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 15 dekabr 2025-ci il tarixli 2-2(106)-313/2025 saylı qərardadı ilə iddiaçı tərəfindən verilən apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilmişdir. İddiaçı tərəf məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2023-cü il tarixli “Öhdəliyin icra edilməsinə dair” Razılaşma üzrə qalıq borc ödənildiyinə görə iddia tələbindən imtina olunması zərurəti yarandığını, bu səbəbdən 2-2(106)-313/2025 saylı kommersiya işi üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəmədə iştirak etməmiş, nümayəndələri vasitəsilə təmsil olunmamışlar. Kollegiya MPM-in 376.2-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətləri əsasında işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin tələbdən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi prosessual qanunvericiliyə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardaddan kassasiya şikayəti verilir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.4, 384.0.5, 400, 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının iddiadan imtinası qəbul edilsin. Şirvan Kommersiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli e-2-2(121)-1903/2024 saylı qətnaməsi ləğv edilsin. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə kommersiya işinin icraatına xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qərardad qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2-2(106)-313/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-313/2025
26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver