Məhkəmə qərarları › İş №2-2(106)-319/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-319/2025

29.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-319/2025 29.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə iddiaçı "xxxx" MMC-nin vəkili Vəkil Şirvan Kommersiya Məhkəməsinin iddia ərizəsinin baxılmamış saxlanması haqqında xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi ilə bağlı vəsatətinin təmin edilməməsi barədə Şirvan Kommersiya Məhkəməsinin 25 noyabr 2025-ci il tarixli, 2- 2(121)-2301/2025 saylı qərardadından iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyənetdi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli 2-2(121)-2301/2025 saylı qərardadı ilə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi (vəkili) Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli 2-2(121)-2301/2025 saylı qərardadının ləğv olunmasını və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsi 13 noyabr 2025-ci il tarixli 2-2(121)-2301/2025 saylı qərardadı ilə iddia ərizəsini baxılmamış saxlanılmışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, tərəflər 13 noyabr 2025-ci il tarixə təyin olunmuş məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin iddiaçının nümayəndəsi məhkəmənin hazırlıq iclasına gəlməmiş, gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirməmiş və bu səbəblərin üzürlü olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, həmin günə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən başqa məhkəmə iclaslarında iştirak etdiyini və Şirvan Kommersiya Məhkəməsinin Bakı şəhərindən 100 km. məsafədən uzaqda yerləşdiyini, həmçinin növbəti məhkəmə iclasında məhkəmənin tapşırığı əsasında sənəd təqdim edəcəklərini nəzərə alaraq, Şirvan Kommersiya Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli qərardadını ləğv edilməsini və işin hazırlıq iclasına təyin edilməsi barədə qərardad qəbul etməyi xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(121)-2301/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin baxılmamış saxlanması haqqında Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(121)-2301/2025 saylı qərardadının ləğv edilməsi barədə vəsatətinin (ərizənin) təmin edilməməsi qərara alınmışdır. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi vəkili Vəkil şikayətlə məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-2301/2025 saylı 25 noyabr 2025-ci il tarixli qərardadının ləğv edilməsi, şikayətin təmin olunması barədə yeni qərardad çıxarılmaqla işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsini baxılmamış saxlama barədə düzgün nəticəyə gəlməmiş və qərardadını onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadı ilə xx.xx.2025-ci il tarixə məhkəmə iclası təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar (iddiaçının vəkili xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iştirak etmiş və məhkəmə bildirişinə şəxsən imza etmişdir), lakin onlar məhkəmə iclaslarına gəlməmişlər və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Halbuki, məhkəmə iddia ərizəsini baxılmamış saxlamaqda haqlı olmamış və əsassız olaraq qeyd olunan qərardadı çıxarmışdır. Qeyd etmişlər ki, iddia ərizəsi MPM-nin tələblərinə riayət edilməklə verildiyindən həmin qərardad ləğv edilməli və iddia ərizəsinin icraatı təzələnməlidir. Belə ki, həmin günə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən başqa məhkəmə iclaslarında iştirak etdiyini və Şirvan Kommersiya Məhkəməsinin Bakı şəhərindən 100 km. məsafədə uzaqda yerləşdiyini nəzərə alaraq, həmçinin növbəti məhkəmə iclasında məhkəmənin tapşırığı əsasında sənəd təqdim edəcəyini bildirməsini nəzərə almamış və nəticədə sözügedən qərardadı qəbul etmişdir. Məhkəmənin hazırki iddia tələbinin mülki icraat qaydasinda baxılmalı olmasını qəbul etməməsi, eyni zamanda iddia ərizəsinin baxılmamış saxlanılması nəticəsinə gəlməsi əsassız və qanunsuz olmaqla yanaşı, hazırki halda məhkəməyə müraciət etmək hüquqlarını məhdudlaşdırmışdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(121)-2301/2025 saylı qərardadı ilə sözügedən qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmış və həmin qərardaddan verilmiş şikayət, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilərək mahiyyət üzrə baxılmasından ötrü iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı Şirvan Kommersiya Məhkəməsinin bundan əvvəlki - 29 oktyabr 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş, lakin ondan sonrakı 13 noyabr 2025-ci il tarixinə təyin edilmiş hazırlıq iclasında heç bir üzrlü hal göstərmədən iştirak etməmişdir. Buna görə də birinci instansiya məhkəməsi 13 noyabr 2025-ci il tarixə təyin olunmuş məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsinin hazırlıq iclasına gəlməməsi və səbəblərin üzürlü olması barədə sübutları məhkəməyə təqdim etmədiyindən, MPM-nin 259.0.6-cı maddəsinə əsaslanaraq iddia ərizəsini baxılmamış saxlamışdır. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək 13 noyabr 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasında başqa məhkəmə iclaslarında iştirak etməli olduğuna, həmçinin Şirvan Kommersiya Məhkəməsinin Bakı şəhərindən 100 km məsafədə yerləşdiyinə görə üzürlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd etmişdir. İddiaçının nümayəndəsi (vəkili) tərəfindən ərizəyə əlavə edilmiş cədvəldən (cild 3, səh 54) görünür ki, onun 13 noyabr 2025-ci il tarixində saat 09:40-da Binəqədi Rayon Məhkəməsində, saat 10:30-da Nəsimi Rayon Məhkəməsində, həmçinin həmin gün 11:15-də Bakı Apellyasiya Məhkəməsində, iclasda olacağı görsənir. İşdən də göründüyü kimi iddiaçının nümayəndəsinin vəsatəti birinci instansiya məhkəməsi tərəfindən üzrlü hal kimi dəyərləndirilməmiş və vəsatət təmin edilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi vəsatəti təmin etməməkdə haqlı olmamışdır. Belə ki, MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-nin 260.5-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Göründüyü kimi iddiaçı və cavabdeh məhkəmənin birinci hazırlıq iclasında iştirak etmiş və müvafiq izahatlar da vermişlər. Məhkəmə araşdırma aparılması üçün hazırlıq iclasını növbəti - xx.xx.2025-ci il tarixə təxirə salmışdır. Həmin iclasda cavabdeh tərəf iştirak etsə də iddiaçı tərəf iştirak etməmiş və iddiaçı həmin iclasda iştirak edə bilməməsini yuxarıdakı kimi izah etmişdir. MPM-nin 259.0.7-ci maddəsinin tələbinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin “birinci çağırışına gəlmədikdə”, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi iddiaçı tərəf məhkəmənin birinci iclasına gəlmişdir. Belə olduğu halda birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlaya bilməzdi. Göründüyü kimi, iddiaçının nümayəndəsi (vəkili) məhkəmənin birinci hazırlıq çağırışında iştirak etmiş, həmçinin məhkəmənin 13 noyabr 2025-ci il tarixli iclasında üzrlü səbəbdən iştirak edə bilməməsi ilə əlaqədar sübutlarını məhkəməyə təqdim etmişdir. Buna görə də Kollegiya hesab edir ki, MPM-in 260.5-ci maddəsinin tələbləri baxımından iddiaçının vəsatəti təmin edilməli idi. İddiaçı "xxxx" MMC-nin nümayəndəsinin (vəkili) şikayəti təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 25 noyabr 2025-ci il tarixli, 2-2(121)-2301/2025 saylı qərardadı ləğv edillərək sonrakı prosessual hərəkətlər yerinə yetirilməsi üçün kommersiya işi Şirvan Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: İddiaçı "xxxx" MMC-nin nümayəndəsinin (vəkili) şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 25 noyabr 2025-ci il tarixli, 2-2(121)-2301/2025 saylı qərardadı ləğv edilsin. Sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün kommersiya işi Şirvan Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar