Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-32/2024 28.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə X2 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi ilə, ilk iddia üzrə İddiaçı Cavabdehnə qarşı "torpaq sahəsinin zəbt edilmiş hissəsinin müəyyən edilərək həmin hissədən cavabdehin əmlakı ilə birlikdə çıxarılması", qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı "pul" tələbinə dair iddiaları üzrə Şirvan Kommersiya Məhkəməsinin 13 iyun 2023-cü il tarixli e-2-2(121)-600/2023 saylı qətnaməsindən (hakim Z.Abbasov) qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlk iddia üzrə İddiaçı cavabdeh Lucsaz İnternational” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “torpaq sahəsinin zəbt edilmiş hissəsinin müəyyən edilərək həmin hissədən cavabdehin əmlakı ilə birlikdə çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, ünvan 1ində MH seriyalı ******* saylı çıxarışla adına qeydiyyata alınmış 0.10ha torpaq sahəsinin 0.03ha hissəsinin icarəsi ilə bağlı (Lukoyl) Cavabdeh ilə aralarında bağlanmış icarə müqaviləsindən kənar cavabdeh tərəfindən zəbt edilmiş hissə müəyyən edilməklə həmin hissədən cavabdehin əmlakı ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus ünvan 1 ərazisində 10 sot torpaq sahəsində yerləşən yanacaq doldurma məntəqəsi vardır. Həmin əmlak çıxarışla onun adına dövlət qeydiyyatına alınmışdır. Cavabdeh təşkilatla sahibkarlıq məqsədilə 01 may 2022-ci il tarixdə adına qeydə alınmış 1000 kv.m torpaq sahəsinin 300 kv.m hissəsini icarə müqaviləsinə əsasən icarəyə vermişdir. Lakin cavabdeh təşkilat 300 kv.m hissədə müqavilə bağlanılmasına baxmayaraq təxminən 700 kv.m hissəni zəbt etmişdir. Onlara bununla bağlı şifahi xəbərdarlıq etsə də, nəticəsi olmamışdır. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etməli olmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı Cavabdeh MMCyə qarşı ilk iddiasının rədd edilməsini, İddiaçı və Cavabdeh MMC arasında bağlanmış 01 may 2022-ci il tarixli 01/2022 saylı icarə müqaviləsi üzrə icarə haqqı olaraq Cavabdeh MMC tərəfindən İddiaçı 2022-ci ilin sentyabr ayından 2023-cü ilin fevral ayı da daxil olmaqla artıq ödənilmiş 1921.2 manatın, icarə haqqından əlavə İddiaçı aldığı 580 manatın, Cavabdeh MMC tərəfindən transformatorun aktiv fəaliyyətə keçməsi üçün "xxxx" ASC-yə ödənilmiş 2350 manatın, generatordan istifadə ilə bağlı çəkilmiş xərcin əvəzi olaraq 480 manatın Cavabdeh MMC-yə ödənilməsi və ya həmin məbləğlərin ödəniləcək icarə haqqı ilə əvəzləşdirilməsinə yazılı razılıq verilməsi, habelə müqavilə üzrə təhvil verilməmiş qalan 96 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh MMC-yə təhvil verilməsi, həmin sahə MMC-yə təhvil verilənədək, aylıq icarə haqqının 679.32 manat məbləğində müəyyən edilməsi, həmçinin müqavilə obyekti olan yanacaq-doldurma məntəqəsindən Cavabdeh MMC tərəfindən istifadə edilməsinə İddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı tələb onunla əsaslandırılmışdır ki, ünvan 1ində 0.10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binası (YDM) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı (İcarəyəverən) və Cavabdeh MMC (İcarəyə götürən) arasında 01 may 2022-ci il tarixdə 01/2022 saylı icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin 1.4-cü bəndinə görə, müqavilənin obyekti DƏDRX-nin 6 saylı Beyləqan Ərazi Dairəsi tərəfindən 17 oktyabr 2009-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Füzuli rayonu, Bəhmənli kəndində yerləşən, ümumi sahəsi 1000 kv.m qeyri-yaşayış sahəsinin 300 kv.metrlik hissəsi təşkil edir. İcarə müqaviləsinin 2.1-ci bəndinə görə, müqavilənin predmeti "xxxx" MMC-nin icarə obyektindən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadə etməsi təşkil edir. İcarə müqaviləsinin 3.1-ci bəndinə görə, müqavilənin qüvvədə olma müddəti 3 il, 5.1-ci bəndinə əsasən aylıq icarə haqqı 1000 manat müəyyən edilmişdir. Tərəflər razılığa gəlmişlər ki, yanacaqdoldurma məntəqəsində yenidənqurma işlərinin aparılması, avadanlıqların alınaraq quraşdırılmasına zərurət olduğuna görə, icarə haqqının ödənilməsinə 2022-ci ilin sentyabr ayından başlanılacaqdır. İcarə müqaviləsinin 7.1.10-cu bəndinə görə, icarəyəverənin vəzifələrindən biri də icarə obyekti üzrə icarəyə verənin mülkiyyət hüquqlarına və bu müqaviləyə əsasən icarəyə götürənin icarədən istifadə etmək hüququna zidd olan və ya onları məhdudlaşdıran hər hansı digər fiziki və hüquqi şəxslərin, yaxud dövlət orqanlarının iddialarının mövcud olmadığına təminat verməkdir. Beləliklə də, müqavilə şərtlərindən göründüyü kimi, İddiaçı, Füzuli rayonu, Bəhmənli kəndində yerləşən və ona mülkiyyət hüququ əsasında məxsus qeyri-yaşayış sahəsinin 300 kv.metrlik hissəsini sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə 3 il müddətinə hər ay 1000 manat haqq ödəmək şərtilə Cavabdeh MMC-yə icarəyə verməli idi. Lakin İddiaçı üzərinə götürdüyü müqavilə öhdəliklərini lap əvvəldən lazımınca icra etməmişdir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş plan-sxemdə göstərildiyi kimi, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 300 kv.m qeyriyaşayış sahəsi təhvil verilməli olduğu halda, yalnız sahələri ümumilikdə 206 kv.m ibarət tikililər təhvil vermişdir. Müqavilə bağlandığı vaxtdan bu günədək icarə obyektinin təhvil verilməmiş qalan 94 kv.m. sahəsinin təhvil verilməsi barədə İddiaçı dəfələrlə müraciət olunmasına baxmayaraq, sonuncu müxtəlif bəhanələrlə müqavilənin həmin şərtini yerinə yetirməkdən yayınmışdır. İddiaçı bu hərəkətləri nəticəsində isə Cavabdeh MMC planlaşdırdığı işləri tam həyata keçirə bilməmiş, fayda əldə edə bilməmişdir. Göstərilənlərə əsasən hesab edirlər ki, müqavilə üzrə Cavabdeh MMC-yə bu günədək təhvil verilməmiş həmin 94 kv.m hissədən ibarət qeyri-yaşayış sahəsini də İddiaçı MMC-yə təhvil verməlidir. İddiaçı müqavilə üzrə nəzərdə tutulmuş 300 kv.m qeyri-yaşayış sahəsini Cavabdeh MMCyə təhvil verməməsinə baxmayaraq, İddiaçı Cavabdeh MMC-dən əvvəldən əldə ounmuş razılığa əsasən 2022-ci ilin sentyabr ayından başlamaqla hər ay 1000 manat məbləğində icarə haqqını tələb etmiş, MMC-də həmin məbləği hər ay İddiaçı hesabına köçürmüşdür. 01 sentyabr 2022-ci ildən başlamaqla Cavabdeh MMC tərəfindən İddiaçı bank hesabına ümumilikdə 6580 manat ödəniş olmuşdur. Göründüyü kimi, Elşən Məmmədov icarəyə 300 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsini verməli olduğu halda, yalnız 206 kv.m sahəni təhvil vermiş, lakin icarə haqqını 300 kv.m sahəyə görə almışdır. Bu vəziyyətdə müəyyən edilir ki, Cavabdeh MMC 2022-ci ilin sentyabr ayından başlayaraq hər ay İddiaçı 320.2 manat (1.000 manat : 300 kv.m = 3,3 manat (qeyri-yaşayış sahəsinin 1 kv.m sahəsinə görə icarə haqqının məbləği; faktiki istifadə üçün təhvil verilmiş 206 kv.m x 3,3 manat = 679,8 manat; 1.000 manat - 679,8 manat = 320,2 manat) artıq vəsait ödəmiş, həmin vəsaiti İddiaçı qəbul etməklə, MMC-nin hesabına əsassız varlanmışdır. MMC tərəfindən İddiaçı 2022-ci ilin sentyabr ayından 2023-cü ilin fevral ayı da daxil olmaqla aylıq icarə haqqları tam ödənildiyini nəzərə alınsa, o halda müəyyən edilir ki, həmin dövrdə MMC-nin İddiaçı artıq ödənilən vəsaitin məbləği 1921.2 manat təşkil edir. Göstərilənlərə əsasən hesab edirlər ki, təhvil verilməmiş 94 kv.m sahəyə görə 6 ay ərzində artıq ödənilmiş 1921.2 manatı İddiaçı Cavabdeh MMC-yə qaytarmalı və ya həmin məbləğ gələcək aylara görə ödəniləcək icarə haqqı ilə əvəzləşdirilməlidir. Bundan başqa, yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında bağlanmış müqavilə üzrə tərəflərin razılığına əsasən aylıq icarə haqqı 1000 manat müəyyən edilmişdir. Lakin Cavabdeh MMC 2022-ci ilin sentyabr ayından 2023-cü ilin fevral ayı da daxil olmaqla İddiaçı ümumilikdə 6580 manat ödəniş etmişdir ki, həmin məbləğin yalnız 6000 manatı 6 aylıq icarə haqqıdır. Qalan 580 manat isə İddiaçı əsassız tələbi ilə ödənilmiş pul vəsaitidir. Göründüyü kimi, bu halda da İddiaçı MMC-nin hesabına əsassız varlanmışdır. İddiaçı pozduğu digər müqavilə şərti isə, sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün icarəyə verilmiş obyektdən istifadəsinə yaradılan maneələrin törədilməsidir. Belə ki, İddiaçı müqavilədə nəzərdə tutulmuş 300 kv.metrdən ibarət qeyri-yaşayış sahəni tam ölçüdə verməməklə yanaşı, həmin obyektə giriş-çıxış yolundan istifadə üçün də Cavabdeh MMC-dən əlavə pul tələb edir. Halbuki, tərəflər arasında bağlanmış 01 may 2022-ci il tarixli müqavilə üzrə icarəyə verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsi - yanacaq-doldurma məntəqəsidir. Bu fakt İddiaçı adına verilmiş MH seriyalı ******* №-li çıxarışda öz əksini tapmışdır. Qarşılıqlı iddiaçının da məqsədi yanacaq-doldurma məntəqəsi işlətmək və gəlir əldə etmək olduğuna görə, məhz İddiaçıla 01 may 2022-ci il tarixli icrarə müqaviləsini bağlamışdır. Yanacaq-doldurma məntəqəsi dedikdə isə digər qurğularla yanaşı, nəqliyyat vasitələrinin həmin yolla maneəsiz məntəqəyə girib, yanacaq doldurub, daha sonra isə məntəqədən çıxmaları üçün ayr-ayrı giriş-çıxış yolları olan obyekt başa düşülür. Lakin İddiaçı əsassız olaraq əlavə pul almaq üçün maneələr yaratmaqla, obyektin giriş-çıxış yolundan istifadə etməyə çətinliklər yaradır. Bu baxımdan hesab edilir ki, İddiaçı bu kimi maneələrin yaratması qanunsuzdur və aradan qaldırılmalıdır. Bundan başqa, icarəyə verilən yanacaq-doldurma məntəqəsinin fəaliyyət göstərilməsi üçün həmin ərazidə elektrik transformatoru quraşdırılmışdır. Tərəflər arasında 01 may 2022-ci il tarixdə icarə müqaviləsi bağlandığı vaxt da həmin transformator orada mövcud olmuşdur. 2022-ci ilin sentyabr ayında "xxxx" ASC-nin əməkdaşları əraziyə gələrək, transformatora baxış keçirmiş və transformatorun həmin vaxt texniki vəziyyətinin ətrafdakılar üçün təhlükəli olduğunu bildirərək, nöqsanların aradan qaldırılmasını tələb etmişdir. Cavabdeh MMC tərəfindən bu barədə İddiaçı bildirilmiş, lakin o, həmin nöqsanları aradan qaldırmamış, nöqsanların aradan qaldırılması üçün də Cavabdeh MMC-yə vəsait verməmişdir. Nəticədə 19 saentyabr 2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları transformatoru şəbəkədən ayırmışlar. Yanacaq-doldurma məntəqəsinin işinin dayandırılmasının və daha çox itkiyə məruz qalmasının qarşısını almaq üçün Cavabdeh MMC 19 sentyabr 2022-ci il tarixdən 29 sentyabr 2022-ci il tarixədək özünə məxsus olan generator vasitəsilə (dizel yanacağı ilə təchiz olunmaqla) yanacaq doldurma məntəqəsinin iş rejimini əvvəlki səviyyədə saxlamağa nail olmuşdur. Lakin bu zaman Cavabdeh MMC nəzərdə tutulmayan əlavə xərclərə məruz qalmışdır ki, bu xərclər aşağıdakı kimdir: hər gün üçün (60 lt (1 gün) x 0,80 qəp = 48 manat x10 gün = 480 manat. Hesab edirlər ki, generatordan istifadə ilə bağlı Cavabdeh MMC-nin çəkidiyi xərcin əvəzi olaraq 480 manat İddiaçı tutulmalı və ya həmin məbləğ gələcək aylar üçün ödəniləcək icarə haqqı ilə əvəzləşdirilməlidir. Yanacaq-doldurma məntəqəsinə xidmət göstərən transformatorun təhlükəsiz qaydada istismara yararlı vəziyyətə gətirilməsi məqsədilə Cavabdeh MMC "xxxx" ASC ilə 20 sentyabr 2022-ci il tarixdə xidmət göstərilməsi haqqında 11519/22 saylı müqavilə bağlamaq məcburiyyətində qalmışdır. Müqavilə əsasında "xxxx" ASC-nin gördüyü işlərin həcmi 2349.38 manat qiymətləndirilmiş, bu barədə qiymtələndirmə razılaşdırma protokolu tərtib edilmiş, 2349.38 manat Cavabdeh MMC tərəfindən 28 sentyabr 2022-ci il tarixdə bank vasitəsilə "xxxx" ASC-yə ödənilmişdir. Cavabdeh MMC 27 sentyabr 2023-cü il tarixdə İddiaçı yazılı qaydada müraciət edərək, ödənilmiş həmin 2350 manatın və həmin tarixə transformatorun işlədilməsi ilə bağlı çəkilmiş 384 manat xərcin MMC-yə ödənilməsi və ya həmin məbləğlərin gələcəkdə icarə haqları ilə əvəzləşdirilməsini xahiş etmişdir. Hesab edilir ki, müqavilə şərtinə görə, icarəyə verilmiş yanacaq-doldurma məntəqəsinin fəaliyyəti üçün həmin sahəyə xidmət göstərən qurğuların, o cümlədən də transformatorun işlək və təhlükəsiz vəziyyətdə olması vəzifəsi İddiaçı üzərinə düşdüyü üçün, Cavabdeh MMC-nin "xxxx" ASC-yə ödədiyi 2349.38 manat da İddiaçı tərəfindən Cavabdeh MMC-yə qaytarılmalıdır. "xxxx" MMC tərəfindən İddiaçı 17 mart 2023-cü il tarixdə pretenziya məktubu göndərilsə də, o, pretenziyaya cavab verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində ilk iddia üzrə İddiaçı tərəfindən verilən iddianı müdafiə edib, ilk iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını, qarşılıqlı iddianın əsassız olduğunu bildirib rədd edilməsini xahiş etmiş, izahatında əlavə olaraq göstərmişdir ki, ünvan 1ində 0.10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binası 17 okytyabr 2009-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsusdur. Mülkiyyət hüququna dair çıxarışda qeyri-yaşayış sahəsinin ümumi sahəsi 27.78 kv.metr olsa da, icarəyə verilən zaman yanacaq doldurma məntəqəsi təyinatlı qeyriyaşayış sahəsinin faktiki ölçüsü çox olmuşdur. Cavabdehlə aralarında bağlanmış 01 may 2022-ci il tarixli 01/2022 saylı icarə müqaviləsində icarəyə verilən sahə 300 kv.metr göstərilmişdir, lakin ona məxsus olan qeyri-yaşayış sahəsi yerləşdiyi torpaq sahəsi ilə birlikdə faktiki olaraq tam şəkildə cavabdehin icarəsinə verilmişdir. İcarə müqaviləsi bağlanan zaman müqavilədə qeyd olunan 300 kv.metr sahənin icarə haqqı olaraq hər ay min manat razılaşdırılsa da, sonradan həmin məbləğin faktiki istifadə olunan sahənin ölçüsünə uyğun artırılacağı barədə tərəflər şifahi razılığa gəlmişlər. Lakin cavabdeh icarə müqaviləsi bağlandığı tarixdən deyil, 2022-ci ilin sentyabr ayından etibarən icarə haqqı olaraq hər ay 1000 manat ödəməyə başlamışdır, istifadə etdiyi qalan sahənin, yəni 700 kv.metr sahənin icarə haqqını isə ümumiyyətlə ödəməmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır və o, cavabdeh tərəfindən artıq istifadə olunan təxminən 700 kv.metr sahədən əmlakı ilə birlikdə çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əgər cavabdeh yeni şərtlərlə icarə müqaviləsi bağlanmasına razılıq verərsə, mübahisə həllini tapmış olar. Qarşılıqlı iddia ilə bağlı isə bildirir ki, qarşılıqlı iddia tamamilə əsassızdır. Belə ki, transformatorun təmiri və ya hər hansı bir şəkildə yenidən qurulması barədə aralarında heç bir razılaşma olmamışdır, icarə müqaviləsi bağlanan zaman transformator tam işlək vəziyyətdə olmuşdur. Qarşılıqlı iddiaçı öz fəaliyyəti ilə əlaqədar hər hansı bir xərc çəkmişdirsə, bu xərclərin ona heç bir aidiyyəti yoxdur. Qarşılıqlı iddia ərizəsində qarşı tərəfə icarəyə götürdüyü sahədən istifadəsinə maneə yaratması ilə bağlı göstərilənlər də həqiqətə uyğun deyildir. Belə ki, qarşılıqlı iddiaçı hal-hazırda da həmin sahədən maneəsiz istifadə edir və yanacaq doldurma məntəqəsi kimi öz fəaliyyətini davam etdirir. Nəzərdə tutulan sahədən az sahə icarəyə verməsi ilə əlaqədar tələbə münasibətdə qeyd edir ki, qarşı tərəflə hansı şərtlərlə razılığa gəldikləri, lakin məhz qarşı tərəfin təqsiri ilə razılaşmanın pozulduğunu artıq izahatında bildirmişdir. Əlavə olaraq bildirir ki, o icarə müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam terinə yetirmişdir. Birinci instansiya məhkəməsində ilk iddia üzrə İddiaçı vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə1 ilk iddianın əsaslı olduğunu bildirib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını, qarşılıqlı iddianın isə heç bir faktiki və hüquqi əsası olmamasından dolayı rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi Vəkil qarşılıqlı iddianın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını, ilk iddianın isə əsassız olduğunu bildirib rədd edilməsini xahiş etmiş, əlavə olaraq izahatında qeyd etmişdir ki, ilkin iddiaçı tərəflər arasında olan razılaşmanın şərtlərinə əməl etməmişdir. Belə ki, icarə müqaviləsi bağlanan zaman ilkin iddiaçının istifadəsində təxminən 300 kv.metrə yaxın ölçüsü olan qeyri-yaşayış sahəsi olmuşdur və tərəflər həmin qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi ərazinin tam şəkildə icarəyə verilməsi barədə razılığa gəlmişlər. Hər kəsə məlum olan faktdır ki, yanacaq doldurma məntəqəsinin fəaliyyəti üçün həmin qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi torpaq sahəsinin hissəvi şəkildə istifadə edilməsi mümkün deyildir. Lakin ilkin iddiaçı qeyri-yaşayış sahəsinin 206 kv.m hissəsini onlara təhvil vermiş, qalan 94 kv.metr hissəsi isə bu günədək onlara təqdim olunmamışdır. Buna baxmayaraq ilkin iddiaçı icarə haqqını 300 kv.m sahəyə görə alır. İcarəyə götürülən obyektdə zəruri təmir işləri aparıldığına görə tərəflərin razılaşmasına əsasən icarə haqqı 2022-ci ilin sentyabr ayından etibarən ödənilməyə başlanmışdır. Beləliklə görünür ki, ilkin iddiaçının guya onlar tərəfindən icarə haqqını əsassız olaraq 2022-ci ilin sentyabr ayından etibarən ödədikləri barədə bildirdikləri həqiqətə uyğun deyildir. Əksinə ilkin iddiaçı onlara təhvil verilməmiş sahənin də haqqını onlardan alaraq əsassız varlanmışdır. Qeyd edir ki, tərəflər arasında yaranmış mübahisənin səbəbi ilkin iddiaçının onlardan razılaşdırılmış məbləğdən artıq icarə haqqı tələb etməsidir. Bu isə onların razılaşmasına və bağladıqları icarə müqaviləsinin şərtlərinə uyğun tələb olmadığına görə hazırki mübahisəyə səbəb olmuşdur. Şirvan Kommersiya Məhkəməsinin 13 iyun 2023-cü il tarixli e-2-2(121)-600/2023 saylı qətnaməsi ilə hər iki iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin qarşılıqlı iddianın təmin olunmaması hissədə ləğv edilərək, qarşılıqlı iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etlmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsi tərəflər arasında yaranmış münasibətin xarakterinin müəyyən edilməsini və ona hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, tərəflərin hər ikisi tələblərinin faktiki əsası kimi aralarında bağlanmış 01 may 2022-ci il tarixli icarə müqaviləsinə istinad edirlər. Buna görə də həmin müqaviləyə əsaslanaraq irəli sürülmüş hər iki iddia tələbinin düzgün hüquqi həlli üçün ilk olaraq istinad olunan müqavilənin (əqdin) etibarlı olub-olmaması müəyyən edilməlidir. Hər iki iddia tələbinin əsaslandığı müqavilənin etibarsız olması halında həmin müqavilə üzrə hər hansı bir hüquqi nəticənin əmələ gəlməsindən (əqdin etibarsızlığın nəticələrinin tətbiqi ilə bağlı məsələlər istisna olunmaqla) və tərəflərin müqavilədən irəli gələn subyektiv hüquqlarının mövcudluğundan söz gedə bilməz. Məhkəmə, tərəflər arasında bağlanmış 01 may 2022-ci il tarixli icarə müqaviləsinə, onun məzmununa və predmetinə əsasən hüquqi qiymət verərək qeyd edir ki, icarə (əmlak kirayəsi) müqaviləsinin predmeti, icarə obyekti həmin müqavilənin mühüm şərtini təşkil edir. İcarə müqaviləsi öz hüquqi təbiətinə görə əşyanın müvəqqəti istifadəyə verilməsini ehtiva etdiyinə görə, icarəyə veriləsi əşya (obyekt) mövcud deyildirsə, icarə münasibətləri də yarana bilməz. Mübahisəli icarə müqaviləsinin məzmunundan görünür ki, icarə müqaviləsinin predmeti (obyekti) 1000 kv.metr ölçüdə qeyri-yaşayış sahəsinin (binanın, tikilinin) bir hissəsidir. Reallıqda göstərilən ölçüdə qeyri-yaşayış sahəsi mövcud olmadığına görə, tərəflər arasında bağlanmış icarə müqaviləsinin mühüm şərtini təşkil edən predmet barədə razılığın da əldə edilməsi mümkün deyildir. Buna görə də məhkəmə ilk növbədə hesab edir ki, tərəflər arasında imzalanmış 01 may 2022-ci il tarixli icarə müqaviləsi, onun məzmun və predmetinə nəzərən bağlanmamış sayılmalıdır. Məhkəmə, sahəsi təxminən 300 kv.metr olan qeyri-yaşayış sahəsinin hüquqi statusu ilə bağlı müəyyən edir ki, həmin qeyri- yaşayış sahəsi mülkiyyət hüququna dair çıxarışla ilkin iddiaçıya məxsus olan 27.78 kv.metr hissə çıxılmaqla özbaşına tikilidir. Belə ki, həmin ölçüdə qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilməsinə dair sənəd məhkəməyə təqdim olunmamışdır, eləcə də həmin tikilinin qanuni hesab edilməsini şərtləndirən hal aşkar edilməmişdir. Belə olan halda, həmin tikiliyə dair hər hansı bir formada sərəncam verilməsi qanunsuz hesab edilməlidir. Məhkəmə, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin hazırki icarə müqaviləsinin predmeti olub-olmamasının hüquqi qiymətləndirilməsi ilə bağlı qeyd edir ki, işdə olan sənədlərdən görünür ki, ilkin iddiaçının mülkiyyətində olan 27.78 kv.metr sahəli qeyriyaşayış binasının yerləşdiyi 0.10 ha torpaq sahəsi qeyri-yaşayış sahəsinin özəlləşdirildiyi tarixdən istifadə hüququ ilə, ilkin iddiaçı ilə Əmlak Məsəlləri Dövlət Xidməti arasında icarə müqaviləsi bağlandığı 11 may 2022-ci il tarixdən sonra isə icarə hüququ ilə ilkin iddiaçının istifadəsində olmuşdur. Göründüyü kimi, tərəflər arasında icarə müqaviləsi bağlanan zaman torpaq sahəsi ilkin iddiaçının istifadəsində olmuşdur. Belə ki, MH seriyalı, ******* nömrəli çıxarışda sözügedən torpaq sahəsinin ilkin iddiaçının istifadəsində olduğu qeyd olunmuşdur, həmçinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş cavab məktubunda həmin torpaq sahəsi üzərində hüququn forması kimi istifadə, torpaq sahəsi üzərində istifadəçinin isə İddiaçı olduğu göstərilmişdir. Əlavə olaraq, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 29.6-cı maddəsində nəzərdə tutulur ki, özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri həmin obyektlərin yerləşdiyi torpaq sahələrinin müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər, habelə müvafiq qərar (müqavilə) əsasında həmin torpaqdan daimi və ya müvəqqəti istifadə edə bilər. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin istifadəçisi kimi ilkin iddiaçı yalnız torpaq mülkiyyətçisinin yazılı razılığı ilə həmin torpaq sahəsinin digər şəxslərin istifadəsinə və ya icarəsinə verə bilərdi. Məhkəmənin qətnaməsi ilə qismən, iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi hissəsində razı deyillər, hesab edirlər həmin hissədə məhkəmə qətnaməsi əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. Bütün yuxarıda qeyd edilənlərə əsasən hesab edirik ki, iddia əsaslı olmasına baxmayaraq məhkəmə qarşılıqlı iddianı təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. İşə baxan məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, cavabdeh tərəfin izahatında göstərilənləri nəzərə almamış, MPM-in 4-cü, 9-cu, 76-cı, 77-ci, 217-ci maddələrini pozmuş, nəticədə isə iş üzrə ədalətsiz, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bu pozuntular isə birinci instansiyası məhkəməsinin qətnaməsinin MPM-nin 385ci maddəsinin tələblərinə görə apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bildirirlər ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin predmeti 300 kv.metr ölçüdə qeyri-yaşayış sahəsidir. Həmin qeyri-yaşayış sahəsinin faktiki mövcud olmasını əmlakın sahibi Elişən Mehdiyev də izahatında təsdiq etmişdir. Lakin birinci instansiya məhkəməsi yalnız çıxarışa əsaslanaraq, əraziyə yerli baxış keçirmədən, tərəyflərin izahatlarında verdikləri məlumatları nəzərə almadın, bu nəticəyə gəlmişdir ki, guya həmin ölçüdə qeyriyaşayış sahəsi mövcud deyil və buna görə də, tərəflər arasında icarə münasibətləri də yarana bilməzdi. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdeh isə nümayəndəsi vasitəsi ilə təmsil olunmamışdır və tərəflər gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı və Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv olunmasını xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, həmin çıxarışla ünvan 1ində istifadədə olan 0.10 ha torpaq sahəsində 1 girişli, 27.78 kv.metr ümumi, 14.26 kv.metr əsas, 13.52 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası (YDM) tam mülkiyyət hüququ üzrə xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. 01 may 2022-ci il tarixli 01\2022 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, həmin müqavilə ilə bir tərəfdən İddiaçı digər tərəfdən isə Cavabdeh MMC, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 6 saylı Beyləqan Ərazi Dairəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş **********2-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İcarəyə verənin mülkiyyəti sayılan **********- 75004 obyekt kodu olan, ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 1000 kv.metr qeyriyaşayış sahəsinin 300 kv.metr hissəsinin İcarəyə verən İddiaçı tərəfindən İcarəyə götürən Cavabdeh MMC-nin icarəsinə verilməsi barədə razılığa gəlirlər. Həmin müqavilənin: 3.1-ci bəndinə əsasən, müqavilə imzalandığı gündən qüvvəyə minir və 3 (üç) il müddətinə qüvvədədir; 4.1-ci bəndinə əsasən, müqavilə qüvvəyə mindiyi gün icarə obyekti icarəyə verən tərəfindən icarəyə götürənə təhvil verilir; 5.1-ci bəndinə əsasən, aylıq icarə haqqının ümumi məbləği 1000 (bir min) manat müəyyən edilir; 7.1.1-ci, 7.1.5-ci, 7.1.9-cu və 7.1.10-cu bəndlərinə əsasən, müqavilənin 4.1-ci bəndində göstərilən müddətdə icarə obyektini icarəyə götürənə müqavilə şərtlərinə uyğun olaraq yararlı vəziyyətdə təhvil verməyi, müqavilə müddətinin sonunadək müqaviləyə xitam verilməsi, müqavilə şərtlərinin dəyişdirilməsi ilə əlaqədar və icarə haqqının artırılmasına dair hər hansı iddia və etiraz bildirməməyi, bu müqavilənin şərtlərinə müvafiq qaydada sahəni icarəyə vermək üçün həm istənilən digər şəxslərdən, həm də müvafiq dövlət orqanlarından zəruri olan bütün icazələrin, lisenziyaların və ya səlahiyyətlərin alınması, sahə üzrə icarəyə verənin mülkiyyət hüquqlarına və bu müqaviləyə əsasən icarəyə götürənin sahədən istifadə etmək hüququna zidd olan və ya onları məhdudlaşdıran hər hansı digər fiziki və hüquqi şəxslərin, yaxud dövlət orqanlarının iddialarının mövcud olmadığına təminat verməyi icarəyə verən öhdəsinə götürür; 7.2.2-ci və 7.2.4-cü bəndlərinə əsasən, icarəyə götürənin bu müqavilənin qüvvədə olduğu müddət ərzində və onun uzadıldığı istənilən dövrdə icarə haqqını icarəyə verənə ödəmək, habelə sahə ilə bağlı istifadə məsrəflərini vaxtlı-vaxtında ödəmək, sahənin təmiri və ona xidmətlə bağlı aparılacaq bütün işlər barədə icarəyə verəni qabaqcadan şifahi və ya yazılı xəbərdar etmək vəzifələri vardır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini E.Yusubovla (“İcarəyəverən”) İddiaçı (“İcarəçi”) arasında bağlanmış “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2022-ci il tarixli, 2126 nömrəli müqavilənin: 1.1-ci bəndinə əsasən, İcarəyəverənin icarəyə verdiyi ünvan 1i ünvanındakı qeyriyaşayış binasının yerləşdiyi 1000.0 kv.metr torpaq sahəsi İcarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir; 1.3-cü bəndinə əsasən, torpaq sahəsinin icarəyə verilməsi onun üzərində mülkiyyət hüquqlarının verilməsinə əsas deyil; 2.1-ci bəndinə əsasən, icarəyə verilmiş torpaq sahəsinin təyinatı üzrə istifadəsinə və müqavilənin şərtlərinə əməl olunmasına nəzarət etmək, torpaq sahəsində bina və ya qurğuların tikilməsinə razılıq vermək, müvafiq razılıq olmadan tikilmiş bina və ya qurğuların sökülməsini icarəçidən tələb etmək, icarəyə verilmiş torpaq sahəsinin qorunması və mühafizəsi barədə icarəçidən məlumat almaq İcarəyəverənin hüquq və vəzifələrinə daxildir; 2.2-ci bəndinə əsasən, İcarəyəverənin yazılı razılığı ilə mövcud tikinti norma və qaydalara uyğun torpaq sahəsində təyinat üzrə səmərəli fəaliyyəti üçün zəruri olan tikinti işlərini aparmaq və avadanlıqlar quraşdırmaq, İcarəyəverənin yazılı razılığı ilə torpaq sahəsini subicarəyə vermək, icarəçi hüquqlarını girov qoymaq, icarəyə verilmiş torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə və torpaq üzərində qoyulmuş servitutlara əməl etmək İcarəçinin vəzifələrini təşkil edir; 4.1-ci bəndinə əsasən, bu müqavilə ilə icarə müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilir; 5.2-ci bəndinə əsasən, müqavilə qüvvədə olduğu müddətdə İcarəyəverənin razılığı olmadan torpaq sahəsi başqa hüquqi və fiziki şəxslərə icarəyə və istifadəyə verildikdə, girov qoyulduqda, habelə həmin torpaq sahəsində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparıldığı halda icarə müqaviləsi ləğv edilə bilər və torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəçidən geri alına bilər; 6.1-ci bəndinə əsasən, icarəyə verilən torpaq sahəsindən aşağıdakı məhdudiyyətlərlə istifadə edilir: - torpaq sahəsində hər hansı tikililərin inşasına və təyinatının dəyişdirilməsinə İcarəyəverənin yazılı razılığı ilə yol verilir; - torpaq sahəsinin subicarəyə verilməsinə İcarəyəverənin yazılı razılığı ilə yol verilir. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 01\2022 nömrəli icarə müqaviləsi üzrə Cavabdeh MMC tərəfindən transformatorun aktiv fəaliyyətə keçməsi üçün "xxxx" ASC-yə ödənilən 2350 manat məbləğində pul vəsaitinin və generatordan istifadə ilə bağlı yaranmış 384 manat məbləğində əlavə xərclərin geri qaytarılması və ya həmin məbləğin gələcəkdə icarə haqqı ilə əvəzlənməsi İddiaçı tələb olunmuşdur. Ödəniş tapşırıqlarının və hesabdan çıxarışın surətlərindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı bank hesabına xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək ümumilikdə cəmi 8600 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş cavab məktubunda göstərilir ki, ünvan 1ində yerləşən İddiaçı məxsus 27.78 kv.metr sahəsi olan qeyri-yaşayış binasının yerləşdiyi 0.10 ha torpaq sahəsinin hüquqi statusu – dövlət, məqsədli təyinatı –sahibkarlıq, torpaq sahəsi üzərində hüququn forması - istifadə, torpaq sahəsi üzərində istifadəçi İddiaçıdur və torpaq sahəsi üzərində hər hansı bir məhdudiyyət (yüklülük) yoxdur. xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin məzmunundan aydın olur ki, həmin müqavilənin predmeti ümumi sahəsi 1000 kv.metr qeyri-yaşayış sahəsinin 300 kv.metr hissəsinin icarəyə verilməsindən ibarətdir. Lakin işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən məlum olur ki, mübahisəli ərazidə 1000 kv.metr ölçüdə qeyri-yaşayış sahəsi mövcud olmamış, işdə olan mülkiyyət hüququna dair çıxarışdan da göründüyü kimi, ilkin iddiaçının mülkiyyətində 1 girişli, 27.78 kv.metr ümumi, 14.26 kv.metr əsas, 13.52 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası (yanacaq doldurma məntəqəsi) olmuşdur. Tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlara əsasən isə müəyyən edilmişdir ki, icarə müqaviləsi bağlanan zaman mübahisəli ərazidə təxminən 300 kv.metr sahəsi olan qeyri-yaşayış binası mövcud olmuşdur. Bundan başqa ilkin iddiaçı iddia ərizəsində adına qeydiyyata alınmış 1000 kv.metr torpaq sahəsinin 300 kv.metr hissəsini icarə müqaviləsinə əsasən cavabdehin (qarşılıqlı iddiaçının) icarəsinə verdiyini qeyd etmişdir. Mülki işə tətbiq edilən hüquq: Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC İddiaçı ilə aralarında bağlanmış 01 may 2022-ci il tarixli 01/2022 saylı icarə müqaviləsinin etibarsız əqd olmasından ibarət birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq qətnaməni qismən, cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi hissədə mübahisələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 351.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Tərəflərin tələblərinin əsası kimi istinad etdikləri müqavilə etibarsız hesab edildiyinə və ondan heç bir hüquqi nəticə əmələ gəlmədiyinə görə, hər iki tərəfin istinad etdikləri müqavilə üzrə iddia olunan subyektiv hüquqlarının yaranmamasından ibarət birinci instansiya məhkəməsinin mövqeyi işin faktiki hallarına uyğun olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 13 iyun 2023-cü il tarixli e-2-2(121)-600/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2-2(106)-32/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-32/2024
28.02.2024 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver