Məhkəmə qərarları › İş №2-2(106)-325/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-325/2025

14.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2-2(106)-325/2025 14.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X15 və X21 ibarət tərkibdə, katib X2, iddiaçının nümayəndəsi Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 iştirakı ilə, Şirvan Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Həsənova (Hüseynova) Nobat Ceyfun qızı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC-nin) cavabdehlər cavabdeh2 qızı və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC ilə Həsənov Şakir Əlif oğlu arasında bağlanmış 2021-ci il # ####### tarixli ***L************ saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 120 ay müddətinə illik faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla 300.000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilə çərçivəsində İddiaçı QSC ilə Həsənov Şakir Əlif oğlu arasında 2021-ci il # ####### tarixli ***R********** nömrəli kredit razılaşması bağlanmış və razılaşmaya əsasən bank tərəfindən borcalana 18 ay müddətinə aylıq faiz dərəcəsi 1,9167% olmaqla 15.000 manat məbləğində kredit verilmişdir. Uzunmüddətli kredit müqaviləsinin təminatı kimi İddiaçı QSC ilə zaminlər cavabdeh2 və cavabdeh1 arasında ayrı-ayrılqda 2021-ci il # ####### tarixli zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən zaminlər X5 Əlif oğlunun bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar. X9 Əlif oğlu kredit müqaviləsi bağlandıqdan 1 ay 8 gün sonra, yəni 2021-ci il ## ###### tarixində vəfat etmişdir. İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada Bankın хеyrinə ***R********** saylı krеdit razılaşması üzrə 14320.25 manat məbləğində krеdit bоrcu, 4827.46 manat məbləğində faiz bоrcu və 3886.52 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 23034 manat 23 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 159.1 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, X9 Əlif oğlu krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri ##.##.2021-ci il tarixdən banka qaytarmamışdır. Həsənov Şakir Əlif oğlu götürdüyü krеdit bоrcundan 679.75 manat ödəmiş, onun 14320.25 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həsənov Şakir Əlif oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2023-cü il tarixə 729 gün üçün hesablanmış faiz borcu 4827.46 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. ##.##.2023-cü il tarixə 729 gün üçün hеsablanmış cərimə 3886.52 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Həsənov Şakir Əlif oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər cavabdeh2, cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında X9 Əlif oğlu ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. X5 Əlif oğlunun ##.##.2021-ci il tarixdə vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli ************ saylı məktubuna əsasən, Həsənov Şakir Əlif oğlunun (ümumbirgə pay hüququ ilə) adına Saatlı rayonu, Ağarəhimli kəndində 0.30 ha həyətyanı torpaq sahəsi JN-***A saylı şəhadətnaməyə əsasən qeydiyyatdan keçmişdir və onun mülkiyyətindədir. Bununla bağlı, Saatlı rayon İcra Hakimiyyətinə sorğu verilmiş, məlum olmuşdur ki, X7 Əlif oğlunun (ümumbirgə pay) adına Saatlı rayonu, Ağarəhimli kəndində 0.30 ha həyətyanı torpaq sahəsi hazırda hər hansı şəxsin istifadəsində olmadığı bildirilmişdir. Həsənov Şakir Əlif oğlu VÖEN-dən istifadə edərək “xxxx” QSC ilə ##.##.2021-ci il tarixli ***R********** saylı kredit razılaşması bağlamışdır. Birinci instansiya məhkəməsində cavabdeh cavabdeh2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini əsassız hesab etdiyini, sözügedən iddiaya qarşı etiraz etdiyini, Həsənov Şakir Əlif oğlunun kreditin 1 ayını banka ödədiyini, lakin Həsənov Şakir Əlif oğlunun ## ###### 2021-ci ildə vəfat etdiyini, X7 Əlif oğlunun kredit götürəndə 68 yaşında olduğu, bu yaşda olan insanlar risk qrupuna aid olduğu üçün banklar tərəfindən kredit veriləndə kredit məbləğinin sığorta edildiyini, lakin X7 Əlif oğlu kredit götürəndə götürdüyü kreditin sığorta olunmadığını, bank əməkdaşları bank adından verilən krediti sığortalamadıqları üçün məsuliyyətə cəlb edilməli olduqlarını, "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası" haqqında Azərbaycan Respublikasının Mərkəzi Bankının ## ######## 2023-cü il tarixli, № **/* Qərarının 5.2.1.2-ci maddəsinə əsasən, borcalanın yaşı və iş təcrübəsi nəzərə alınmalı olduğunu, iddia ərizəsində kedit borcunun hesablama qaydasında səhvə yol verildiyini, “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası” haqqında Azərbaycan Respublikasının Mərkəzi Bankının ## ######## 2023-cü il tarixli, № **/* Qərarının, “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"-nın * nömrəli əlavəsinə görə, faktiki illik faiz dərəcəsinin (FİFD) hesablanması qaydasının göstərildiyini, cavabdehlərin 18 ay müddətində, X7 Əlif oğluna zamin durduqlarını, 18 ay müddətindən əlavə olaraq 1 il keçdiyini, zaminlik müddətinə xitam verilməli olduğunu, iddiaçı İddiaçı QSC-nin məhkəməyə təqdim etdiyi iddia ərizəsində borclu mərhum Şakir Həsənovun adına əmlak mövcud olduğunun göstərildiyini, borc tələbi üzrə mərhum Şakir Həsənovun vərəsələrinin müəyyən edilməli olduğunu, əmlak qiymətləndirildikdən sonra, həmin tələbin qiymətləndirilmiş hissədə vərəsələrə yönəlməli olduğunu, iddiaçı təşkilatın “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun # #### 2018-ci il tarixli Qəranna zidd hərəkət etdiyini bildirmiş və iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh cavabdeh2 nümayəndəsi X3 etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və cavabdeh2 ilə rəsmi nikahda olmaqla onun əri olduğunu, digər cavabdehin isə cavabdeh2 əmisi oğlu olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində cavabdeh cavabdeh1 iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin (hakim Zaur Abbasov) ## #### 2025-ci il tarixli, e-*- *(***)-**/**** saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada ##.##.2021-ci il tarixli ***R********** nömrəli kredit razılaşması üzrə 14268,33 manat məbləğində əsas borc, 4667,33 manat məbləğində faiz borcu, 200 manat məbləğində cərimə borcu və ödənilmiş 146,81 manat məbləğində dövlət rüsumuna görə vəsait olmaqla, cəmi 19282,47 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı QSC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı İddiaçı QSC tərəfindən artıq ödənilmiş 12,29 manat məbləğində dövlət rüsumunun iddiaçıya geri qaytarılması, ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər cavabdeh2 və cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X22, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ01360100000000003944 SWIFT BİK CTREAZ 22 Hesab №AZ**CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 425.1, 427.3, 445.2.1, 448.1, 460.1, 467, 470.1, 472.1, 472.2, 477.0.1, 477.0.2, 477.0.3, 477.0.4, 477-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (“MPM”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Qətnamədən cavabdeh Həsənova (Hüseynova) Nobat Ceyfun qızı apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının (hakimlər İmanov Cahid Fehruz oğlu, (sədrlik edən, məruzəçi) X1 və X8) ##.##.2025-ci il tarixli qətnaməsi ilə cavabdeh Həsənova (Hüseynova) Nobat Ceyfun qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şirvan Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsi iddia tələbinin və məhkəmə xərcinin cavabdeh Həsənova (Hüseynova) Nobat Ceyfun qızından tutulmasının qət edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin və məhkəmə xəricinin cavabdeh Həsənova (Hüseynova) Nobat Ceyfun qızından tutulması hissəsində təmin edilməməsi qət edilmişdir. İşə iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının (hakimlər X10 məruzəsi ilə, hakimlər X6 və X11) ## ###### 2025-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Həsənova Nobat Ceyfun qızı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Şikayətdə göstərilir ki, borclu kreditin 1 ayını banka ödəmiş, ## ###### 2021-ci ildə vəfat etmişdir. X7 Əlif oğlu kredit götürəndə 68 yaşı olub. Bu yaşda olan insanlar risk qrupuna aid olduğu üçün banklar tərəfindən kredit veriləndə kredit məbləği sığorta edilir. Lakin mərhum Ş.Həsənov sığorta olunmayıb. Apellyasiya şikayətinə görə, Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbinə əsasən, zaminliyə xitam verilməlidir. Şikayətdə qeyd edilir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun # #### 2018-ci il tarixli Qərarına zidd hərəkət edib. Məhkəmə qeyd edilən hallara diqqət yetirməmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun # #### 2018-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmiş və izahatında bildirmişdir ki, vərəsələr və cavabdehlər vəfat etmiş şəxsin yaxın qohumlarıdır. Həmçinin onlar zamin durarkən borclu ilə birlikdə məsuliyyət daşıyacaqlarından xəbərdar idilər. Şakir Həsənov vəfat etdikdən sonra heç bir ödəniş olmamışdır. Krediti götürdükdən sonra 1 ay ödəniş olunmuşdur. Bu da onu göstərir ki, zaminlər və borclunun övladları kreditin götürülməsindən xəbərdar idilər. Cavabdehlər apellyasiya baxışında iştirak etməmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 izahatında bildirmişdir ki, əmlakı 2025-ci ilin iyun ayında vərəsəliklə qəbul etmişdir. Atası 65 yaşında kredit götürmüş, 1 ay ödədikdən sonra vəfat etmişdir. Bank atasına kredit verəndə həmin məbləğ sığorta olunmalı idi. 3 aydan sonra bank faizləri dayandırmalı idi, lakin faiz çox hesablanmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 elektron informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, yekun qərar qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Kollegiya işə, MPM-in 376.2-ci maddəsinə əsasən işdə iştirak etməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qətnaməni cavabdeh cavabdeh2 mübahisələndirmişdir. Kollegiya işə cavabdehin apellyasiya şikayəti həddində baxır. Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşin hallarından görünür ki, İddiaçı QSC ilə Həsənov Şakir Əlif oğlu arasında bağlanmış 2021-ci il # ####### tarixli uzunmüddətli kredit çərçivəsində 2021-ci il # ####### tarixli ***R********** nömrəli kredit razılaşması bağlanmış və razılaşmaya əsasən bank tərəfindən borcalana 18 ay müddətinə aylıq faiz dərəcəsi 1,9167% olmaqla 15.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı QSC ilə zaminlər cavabdeh2 və cavabdeh1 arasında ayrı-ayrılqda 2021-ci il # ####### tarixli zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən zaminlər X5 Əlif oğlunun bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar. X9 Əlif oğlu kredit müqaviləsi bağlandıqdan 1 ay 8 gün sonra, yəni 2021-ci il ## ###### tarixində vəfat etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına görə, ##.##.2021-ci il tarixli ***R********** nömrəli kredit razılaşmasına əsasən ##.##.2023-cü il tarixə əsas borc 14320,25 manat, faiz borcu 4836,61 manat, cərimə borcu 3889,39 manat məbləğində olmaqla, cəmi borc məbləği 23046,25 manat təşkil edir. İddiaçının cavabdehlərə ünvanladığı ##.##.2023-cü il tarixli məktublardan görünür ki, İddiaçı QSC ilə Həsənov Şakir Əlif oğlu arasında bağlanmış ##.##.2021-ci il tarixli kredit razılaşmasına əsasən yaranmış 23034,23 manat məbləğində (14320,25 manat əsas, 4827,46 manat faiz, 3886,52 manat cərimə) borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə kredit müqavilələrinə vaxtından əvvəl xitam veriləcəyi, müqavilələr üzrə əmələ gəlmiş borcun İddiaçı QSC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının */**** nömrəli, ##.##.2025-ci il tarixli rəyinə görə, İddiaçı QSC ilə cavabdeh Həsənov Şakir Əlif oğlu arasında bağlanmış ##.##.2021-ci il tarixli ***R********** nömrəli kredit razılaşmasına əsasən Həsənov Şakir Əlif oğlunun ##.##.2023-cü il tarixə əsas borc üzrə 14268,33 manat, faiz borcu üzrə 4667,33 manat, ##.##.2023-cü il tarixə əsas borc üzrə 14268,33 manat, faiz borcu üzrə 6855,14 manat borcunun olması müəyyən olunur. İddiaçı QSC tələbində 14320.25 manat məbləğində əsas krеdit bоrcu, 4827.46 manat məbləğində faiz bоrcu və 3886.52 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 23034 manat 23 qəpik məbləğində borcu tələb etmişdir. Cavabdeh tərəf borc məbləğini mübahisələndirməmişdir. Cavabdeh tərəf şikayətində yalnız cavabdehlərin məsuliyyət daşımadığını bildirmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.” “Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.4. Zaminlik müqaviləsi ilə təmin edilmiş öhdəlik üzrə zaminin subsidiar məsuliyyəti nəzərdə tutulduğu halda, zaminin məsuliyyəti borclunun öldüyü gündən mirasın qəbul edildiyi günədək müddətdə dayandırılır.” “Maddə 501. Kreditorun icranı istənilən borcludan tələb etmək hüququ Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır.” “Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti və kreditorların təmin edilməsi zamanı sübutetmə yükü (Tərəflər arasında münasibətlərin yarandığı zaman qüvvədə olan) 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. “Maddə 1309. Mirasın açılması barədə kreditorlara məlumat vermək vəzifəsi Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.” Kredit üzrə borcun yarandığı müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, Qanunun tələbinə görə, kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır (MM, maddə 501). Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi doğru nəticəyə gəlmişdir. Qeyd edilməlidir ki, zaminin kreditor qarşısında öhdəliyi zaminliklə təminat altına alınmış əsas öhdəliyə münasibətdə əlavə (aksessor) xarakter daşıyır. Zaminin əsas borclu ilə bərabər kreditor qarşısında birgə məsuliyyət daşımasına (subsidiar məsuliyyət daşıması ilə bağlı hal istisna olmaqla), əsas öhdəliyin icra olunmaması və ya lazımınca icra olunmamasından irəli gələn bütün növ tələblərə qarşı əsas borclu ilə eyni məsuliyyətlə cavabdeh olmasına baxmayaraq, zaminin əlavə (aksessor) öhdəlik daşıyıcısı olması səbəbi ilə kreditor qarşısında öhdəliyinin yaranması, ona qarşı tələb irəli sürülə bilməsi üçün əsas öhdəlik üzrə vəzifələrin borclu tərəfindən pozulmasının baş verməsi tələb olunur. Yalnız bu hüquqi faktın baş verməsi, yəni borclunun öhdəliyini lazımınca icra etməsindən yayınması zaminin kreditor qarşısında öhdəliyinin yaranması üçün əsas yaradır. Zaminlik müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Burada nəzərə alınmalı olan əsas məqam ondan ibarətdir ki, zaminlik müqaviləsi gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması məqsədilə bağlandığından, zaminlik müqaviləsi bağlandığı andan qüvvəyə minsə də, həmin müqavilə üzrə hüquq və vəzifələr əsas öhdəliyin borclu tərəfindən pozulması halında yaranır. Buna görə də, kreditor zaminə qarşı tələbini yalnız əsas öhdəlik üzrə vəzifələrin borclu tərəfindən pozulması baş verdikdə irəli sürə bilər. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” # ######## 2012-ci il tarixli qərarında da öz əksini tapmışdır. Plenum qərarında qeyd olunmuşdur ki, “Kreditor qarşısında zaminlik öhdəliyinin əmələ gəlməsinin özünəməxsus əsası vardır. Belə ki, zaminlik müqaviləsinin bağlanması nə zaminin, nə də kreditorun hüquq və öhdəliklərinin yaranmasına səbəb olmur. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır. Beləliklə, zaminlik müqaviləsinin bağlanması ilə həmin öhdəlik yaranmadığından, zamin bu hüquqi faktın (yəni borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə) yaranmasına qədər öhdəliyin icra edilməsinə yönəlmiş hər hansı hərəkət edə bilməz.” Məhkəmə hesab etmişdir ki, kreditor kredit müqaviləsi üzrə əsas borclunun ölməsi faktını müəyyən etdikdə, əgər ölmüş şəxs həmin məqamadək müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirmişdirsə, borcun ödənilməsi barədə tələbi ilk növbədə ölmüş şəxsin vərəsələrinə qarşı irəli sürməlidir. Vərəsələr tərəfindən borcun qaytarılmasına dair öhdəliklərin pozulması baş verdikdə zaminlik müqaviləsi üzrə öhdəliklər davam etdiyinə görə zaminin öhdəliyi yaranmış olur ki, bu zaman kreditorun zaminə qarşı tələb irəli sürməsi üçün hüquqi zəmin yaranır. Eyni zamanda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il # #### tarixli Qərarında aşağıdakı nəticə qeyd olunmuşdur: - Borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. - Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. İşin hallarından görünür ki, əsas borclu Ş.Həsənov sağ olduğu dövrdə vəfat etdiyi tarixədək kredit müqaviləsi üzrə kredit ödənişini vaxtında etmiş və onun tərəfindən öhdəliyin icra edilməsinin hər hansı pozulması halı baş verməmişdir. Bununla yanaşı, işin mübahisəsiz halıdır ki, əsas borclu Ş.Həsənovun vəfatından sonra kredit müqaviləsi üzrə hər hansı ödəniş həyata keçirilməmişdir. Müqavilə müddəti başa çatdıqdan sonra da ödəniş edilməmişdir. Kredit müqaviləsi üzrə ödənişin aparılmaması öhdəliyin pozulması kimi qiymətləndirildiyi halda isə zaminin məsuliyyəti yaranmış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində zaminliyə xitam verilməsinin əsasları kimi əsas borclunun vəfat etməsi göstərilməmişdir. Zaminlərin ölmüş şəxsin öhdəliklərinə görə mülki məsuliyyətinin əsasları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun # #### 2018-ci il tarixli qərarında da ətraflı şərh olunmuşdur. Həmin Qərarda göstərildiyi kimi, “Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır.” Bundan başqa, müəyyən edilmişdir ki, iş üzrə cavabdeh cavabdeh2 kredit müqaviləsi üzrə əsas borclu olan Həsənov Şakir Əlif oğlunun nəvəsinin arvadı, digər cavabdeh cavabdeh1 isə cavabdeh2 əmisi oğludur. Kollegiya hesab edir ki, kredit müqaviləsi üzrə əsas borclu olan Həsənov Şakir Əlif oğlunun ##.##.2021-ci il tarixdə vəfat etməsindən, onun vəfatından sonra isə vərəsələri tərəfindən kredit ödənişlərinin həyata keçirilməməsindən məlumatlı olduqlarına görə, zamin olaraq cavabdehlərin kreditor qarşısında icra edilməyən öhdəliyə görə məsuliyyətləri yaranmışdır. Cavabdehlər tərəfindən müqavilə şərtlərinə əməl olunmadığı, pozuntulara yol verildiyi müəyyən edilir. Cavabdeh cavabdeh2 apellyasiya şikayətinin əsası kimi istinad etdiyi hala münasibətdə qeyd edilməlidir ki, qüvvədə olan qanunvericilikdə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsi) əsas borclunun ölməsi zaminliyin öhdəliklərinin xitamına səbəb olan hal deyil. Cavabdeh etirazında, borcalanın kredit götürəndə sığorta olunmadığını, bank əməkdaşları bank adından verilən krediti sığortalamadıqları üçün məsuliyyətə cəlb edilməli olduqlarını da qeyd etmişdir. Lakin bu da cavabdehləri məsuliyyətdən azad edən hal deyil. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, cavabdehlər müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiklərindən və iddiaçının xəbərdarlığına baxmayaraq, mövcud borcunu ödəmədiyindən bu, cavabdehlər tərəfindən öhdəliyinin yerinə yetirilməməsi hesab olunmalıdır. Ona görə də iddiaçı kredit borcunu, faizləri və cəriməni haqlı olaraq tələb etmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, qət etdi: Cavabdeh Həsənova (Hüseynova) Nobat Ceyfun qızının apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar