Məhkəmə qərarları › İş №2-2(106)-33/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-33/2024

31.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-33/2024 31.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə X5 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli e-2-2(121)-1007/2023 saylı qətnaməsindən (hakim Z.Abbasov) cavabdehin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cəmiyyətin səhmdarlarının 12 iyul 2022-ci il tarixli növbədənkənar ümumi yığıncağının protokolunun və yığıncağının kimin təşəbbüsü ilə çağırıldığını təsdiq edən sənədlərin cəmiyyətin idarə heyətinin sədrinin imzası və möhürü ilə təsdiq edilmiş surətin, cəmiyyətin nizamnaməsinin, cəmiyyətin nizamnaməsinə əlavə və dəyişikliklərin layihəsinin cəmiyyətin idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin, yeni yaranmış MMC-nin nizamnaməsinin, bölünmə balansının, təhvil aktının cəmiyyətin idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin, cəmiyyətin özəlləşdirilməsi zamanı tərtib olunan Emissiya Prospektində cəmiyyətin balansında olan əsas vəsaitlərin, o cümlədən digər aktivlərin (debitor borcların, hesabalşma hesabında olan vəsait, kassada olan pul vəsaiti, anbarda olan materiallar və s.) və passivlərin tərkibi əks olunan hissəsinin cəmiyyətin idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin, 2019, 2020, 2021-ci illər üzrə cəmiyyətin maliyyə hesabatları, ona əlavələr və auditor aktlarının, debitor və kreditor borclar (tərkibi göstərilməklə) haqqında hesabatların, bu illər üzrə cəmiyyətin illik balanslarının surətlərinin cəmiyyətin idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin, 2019, 2020, 2021-ci illər üzrə cəmiyyətin aktivlərinin və öhdəliklərinin inventarizasiya aktlarının, cəmiyyətin balansında olan, o cümlədən ayrılan hüquqi şəxsə verilən əsas vəsaitlərin (əmlakın) siyahısının (balans, köhnəlmə, qalıq dəyəri göstərilməklə) idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin, cəmiyyətin yerləşdiyi sahənin plan cizgisinin (texniki passport), cəmiyyətin mülkiyyətində olan torpaq sahəsinin və qeyri-yaşayış sahələrinin daşınmaz əmlakın reyestrindən çıxarışların idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin, cəmiyyətin 2022-ci il üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrinin surətlərinin təqdim edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Oriyad Balıq” ASC-nin səhmdarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1-ci maddəsində nəzərdə tutulan hüquqların həyata keçməsi cəmiyyətin rəhbərliyinin vəzifələrindən sui-istifadəsi nəticəsində mümkünsüz olmuşdur və nəticədə hüquqları tam məhdudlaşdırılmışdır. 17 iyul 2022-ci il tarixində müvafiq sənədlərin ona təqdim edilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmişdir. Lakin, bu günə qədər onun hüquqları təmin olunmayıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli e-2-2(121)-1007/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının 12 iyul 2022-ci il tarixli növbədənkənar ümumi yığıncağının protokolunun, "xxxx" ASC-nin nizamnaməsinin, həmin nizamnaməyə əlavə və dəyişikliklərin layihəsinin, "xxxx" ASC-nin özəlləşdirilməsi zamanı tərtib olunan Emissiya Prospektində Cəmiyyətin balansında olan əsas vəsaitlərin, o cümlədən digər aktivlərin və passivlərin tərkibi əks olunan hissəsinin, 2019, 2020 və 2021-ci illər üzrə "xxxx" ASC-nin maliyyə hesabatlarının, auditor aktlarının, debitor və kreditor borclar haqqında hesabatların, bu illər üzrə Səhmdar Cəmiyyətin illik balanslarının, "xxxx" ASC-yə məxsus olan daşınmaz əmlaklar barəsində məlumatların, "xxxx" ASC-nin 2022-ci il üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrinin təsdiq edilmiş surətlərinin İddiaçı təqdim edilməsi öhdəliyi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə də, iddianın rədd edilməsini xahiş etlmişdir. Apellyasiya şikayəti onunla əsaslandırımışdır ki, məhkəmə öz qətnaməsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının 12 iyul 2022-ci il tarixli növbədənkənar ümumi yığıncağının keçirilməsi qənaətinə gəlsə də, iddiaçının bu barədə heç bir təsdiqedici sənəd təqdim etməməsini nəzərə almamış, qətnamədə ümumi yığıncağın keçirilməsi ilə əlaqədar heç bir sübutetmə vasitəsinə istinad etməmişdir. Əksinə, məhkəmə belə bir qənaətə gələrkən yalnız iddiaçının cavabdehə təqdim etdiyi kimi göstərilmiş sorğuya, xəbərdarlıq və ilkin mediasiya sessiyasına dəvət məktubuna istinad etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə baxış iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamış, cavabdeh məhkəmədə iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilrərək iddianın rədd olunmasını xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: xx.xx.2022-ci il tarixli, AB57187575 nömrəli depo hesabından çıxarışın surətindən görünür ki, İddiaçı nominal dəyəri 2 manat olan 962 ədəd adi adlı səhmin mülkiyyətçisi olmaqla "xxxx" ASC-nin səhmdarıdır; İddiaçı xx.xx.2022-ci il tarixli "xxxx" ASC-nin idarə heyətinin sədrinə ünvanladığı sorğudan görünür ki, iddiaçı həmin sorğu ilə Cəmiyyətin səhmdarlarının xx.xx.2022-ci il tarixli növbədənkənar ümumi yığıncağının protokolunun və yığıncağının kimin təşəbbüsü ilə çağırıldığını təsdiq edən sənədlərin Cəmiyyətin idarə heyətinin sədrinin imzası və möhürü ilə təsdiq edilmiş surətin; ASC-nin nizamnaməsinin, ASC-nin nizamnaməsinə əlavə və dəyişikliklərin layihəsinin Cəmiyyətin idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin; yeni yaranmış MMC-nin Nizamnaməsinin, bölünmə balansının, təhvil aktının Cəmiyyətin idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin; Cəmiyyətin özəlləşdirilməsi zamanı tərtib olunan Emissiya Prospektində Cəmiyyətin balansında olan əsas vəsaitlərin, o cümlədən digər aktivlərin (debitor borcların, hesabalşma hesabında olan vəsait, kassada olan pul vəsaiti, anbarda olan materiallar və s.) və passivlərin tərkibi əks olunan hissəsinin Cəmiyyətin idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin; 2019, 2020, 2021-ci illər üzrə Cəmiyyətin maliyyə hesabatlarını, ona əlavələrinin və auditor aktlarının, debitor və kreditor borclar (tərkibi göstərilməklə) haqqında hesabatların, bu illər üzrə cəmiyyətin illik balanslarının surətlərinin cəmiyyətin idarə heyətin idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətini; 2019, 2020, 2021-ci illər üzrə cəmiyyətin aktivlərinin və öhdəliklərinin inventarizasiya aktlarının, cəmiyyətin balansında olan, o cümlədən ayrılan hüquqi şəxsə verilən əsas vəsaitlərin (əmlakın) siyahısının (balans, köhnəlmə, qalıq dəyəri göstərilməklə) idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin; Cəmiyyətin yerləşdiyi sahənin plan cizgisinin (texniki passport), Cəmiyyətin mülkiyyətində olan torpaq sahəsinin və qeyri-yaşayış sahələrinin daşınmaz əmlakın reyestrindən çıxarışların idarə heyətinin sədrinin imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş surətinin; Cəmiyyətin 2022-ci il üzrə qiymətli kağız mülkiyyətçilərinin reyestrinin surətlərinin ona təqdim edilməsini xahiş etmişdir. Həmin sorğu xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən qəbul edilmişdir; İddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, "xxxx" ASC-yə məxsus sənədlərin surətlərinin 5 gün ərzində İddiaçı tədqim edilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə "xxxx" ASC-yə xəbərdarlıq edilmişdir; “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən xx.xx.2022-ci il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında cavabdeh "xxxx" ASC iştirak etməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 99.1-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər; 99.2-ci maddəsinə əsasən, açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə hesabat dövrü üzrə maliyyə göstəricilərini, aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdləri, cəlb edilmiş maliyyə vəsaitlərini, idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri, idarəetmə strukturu, inkişaf siyasəti, səhmdar kapitalının gəlirliyi və dividend siyasəti, idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər, investisiyaların həcmi və mənbəyi, cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi və ictimai layihələr barədə məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur; 106-1.3-cü maddəsinə əsasən, səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq, cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49- 1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək, bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq hüquqları vardır; 106-2.3-cü maddəsinə əsasən, səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir; 107-5.3-cü maddəsinə əsasən, səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarlar on beş təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir; 107-6.3-cü maddəsinə əsasən, səhmdarın tələbi ilə protokolun surəti ona təqdim edilməlidir; 1077.1 və 1077.5-ci maddələrinə əsasən, səhm mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəətindən dividendlər, ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyən investisiya qiymətli kağızıdır. Səhmin emitenti yalnız səhmdar cəmiyyəti ola bilər. Adi səhm mülkiyyətçisinə emitentin mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, emitentin fəaliyyətinin idarə olunmasında iştirak etmək və emitentin ləğvindən sonra qalan əmlakının bir hissəsini əldə etmək hüququnu verən səhm növüdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, iddiaçının səhmlərinin bir hissəsinə sahib olduğu səhmdar cəmiyyətin idarə olunmasında iştirak etmək, səhmdar cəmiyyətin fəaliyyəti barədə məlumat almaq və sair kimi qanunvericiliklə müəyyən olunan hüquqları olduğundan, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissəsinin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehin nümayəndəsi X1 apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli e-2-2(121)-1007/2023 saylı qətnaməsi cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar