Məhkəmə qərarları › İş №2-2(106)-33/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-33/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-33/2025 08.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddiası üzrə kommersiya işi üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit borcu tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi. Şirvan şəhəri, 08 may 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh4 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 09 avqust 2024-cü il tarixli e-2-2(121)-18/2024 saylı qətnaməsindən (hakim Z.Abbasov) İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətlərinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh4 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 026R********** saylı krеdit razılaşması üzrə 3498.41 manat məbləğində krеdit bоrcu, 647.78 manat məbləğində faiz bоrcu və 689.24 manat məbləğində cərimə borcu olmaqla, 026R********** saylı krеdit razılaşması üzrə 11181.14 manat məbləğində krеdit bоrcu, 1426.74 manat məbləğində faiz bоrcu və 5740.35 manat məbləğində cərimə borcu olmaqla, hər iki müqavilə ümumilikdə cəmi 23183 (iyirmi üç min yüz səksən üç) manat 34 (otuz dörd) qəpik məbləğində bоrcun, 200 manat mediasiya xərcinin və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Kürdəmir rayonu, Xırdapay kəndində xüsusi mülkiyyətdə olan 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan 2 mərtəbəli, 3 otaqlı, 93.9 kv.m yaşayış, 237.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 23183 (iyirmi üç min yüz səksən üç) manat 34 (otuz dörd) qəpik məbləğində bоrcunun, 200 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh4 ümumi müştərək qaydada tutulması, Cavabdeh1 mülkiyyətində olan Kürdəmir rayonu, Xırdapay kəndində xüsusi mülkiyyətdə olan 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan 2 mərtəbəli, 3 otaqlı, 93.9 kv.m yaşayış, 237.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüququnun itirilməsi, onların fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 026L**********94 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 026R********** saylı krеdit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 026R**********S saylı, xx.xx.2021-ci il tarixli 026R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 26501.59 manat ödəmiş, onun 3498.41 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 302 gün üçün hesablanmış faiz borcu 647.78 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 302 gün üçün hеsablanmış cərimə 689.24 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 026R********** saylı krеdit razılaşmasıəsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 24000 (iyirmi dörd min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 026R**********S saylı, xx.xx.2021-ci il tarixli 026R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 12818.86 manat ödəmiş, onun 11181.14 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 253 gün üçün hesablanmış faiz borcu 1426.74 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 253 gün üçün hеsablanmış cərimə 5740.35 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh4 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh – ipoteka qoyan Cavabdeh1 ilə Bank arasında bağlanılmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi əsasında Cavabdeh1 mülkiyyətində olan Kürdəmir rayonu, Xırdapay kəndində xüsusi mülkiyyətdə olan 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan 2 mərtəbəli, 3 otaqlı, 93.9 kv.m yaşayış, 237.2 kv.m köməkçisahədən ibarət fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 mülkiyyətində olan Kürdəmir rayonu, Xırdapay kəndində xüsusi mülkiyyətdə olan 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan 2 mərtəbəli, 3 otaqlı, 93.9 kv.m yaşayış, 237.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsianı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh – ipoteka qoyan Cavabdeh1 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 mаnаt dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində keçirilmiş məhkəmə iclaslarında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iddia tələbini qismən - əsas və faiz borcuna aid hissədə qəbul etdiklərini, cərimə borcunu isə qəbul etmədiklərini bildirmişlər. Şirvan Kommersiya Məhkəməsinin 09 avqust 2024-cü il tarixli e-2-2(121)-18/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2 müştərək qaydada xx.xx.2019-cu il tarixli 026R********** nömrəli kredit razılaşması üzrə 3498,41 manat məbləğində əsas borc, 392,69 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu, xx.xx.2020-ci il tarixli 026R********** nömrəli kredit razılaşması üzrə 11181,14 manat məbləğində əsas borc, 1162,57 manat məbləğində faiz borcu, 1000 manat məbləğində cərimə borcu və ödənilmiş 200 manat məbləğində mediasiya xərci, ipoteka predmetinə tutmanının yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat məbləğində və xidmət haqqı 30 məbləğində manat olmaqla, cəmi 17.529,81 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 93.9 kv.m yaşayış, 237.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, Kürdəmir rayonu, Xırdapay kəndində 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 93.9 kv.m yaşayış, 237.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 65500 manat məbləğlərində müəyyən edilsin, həmin əmlak açıq hərracdan satılsın və satışdan əldə edilən vəsaitdən 65500 manat məbləğində pul İddiaçı QSC-nə ödənilməsi, Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Şahbazov X5 rayonu, Xırdapay kəndində yerləşən 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 93.9 kv.m yaşayış, 237.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən çıxarılması, İddianın qalan hissədə təmin edilməsi, İddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 141,86 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilsin və cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi, Ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 Hesab №AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Şirvan Kommersiya Məhkəməsinin 09 avqust 2024-cü il tarixli e-2-2(121)-18/2024 saylı qətnaməsinin - ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 65500 manat müəyyən edilməsi hissəsində dəyişdirilməsi və ilkin satış qiymətinin yenidən qiymətləndirmə keçirilməklə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmeti olan Kürdəmir rayonu, Xırdapay kəndində xüsusi mülkiyyətdə olan 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan 2 mərtəbəli, 3 otaqlı, 93.9 kv.m yaşayış, 237.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin dəyəri 24.000 manat müəyyən olunmuşdur. Həmçinin birinci instansiya məhkəməsində müstəqil qiymətləndirici ("xxxx" MMC) tərəfindən işlə bağlı qiymətləndirmə rəyi verilmiş, ipoteka predmeti olan fərdi yaşayış evin likvid dəyəri 30 958 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən isə iş üzrə təkrar qiymətləndirmə təyin olunmuş və Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən ipoteka predmeti olan əmlakın likvid dəyəri 65500 manat müəyyən olunmuşdur. Hesab etmişlər ki, Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə müəyyən edilmiş qiymət əmlakın real bazar və likvid dəyərini əks etdirmir və əmlak ekspert tərəfindən əsassız olaraq həddindən yüksək qiymətləndirilmişdir. Belə ki, ipoteka müqaviləsi bağlandıqdan sonra hal-hazıradək ipoteka predmeti olan əmlakların dəyəri Məhkəmə Ekspertiza Mərkəzinin rəyində qeyd edildiyi kimi bir neçə dəfə arta bilməz. Mövcud iqtisadi vəziyyətdə və dünyada baş verən iqtisadi böhran şəraitində daşınmaz əmlakların satış qiymətlərində ipoteka müqaviləsi bağlanan vaxta nisbətdə cüzi fərq ola bilər. Bu fərq isə özünü əmlakın dəyərinin artması ilə yanaşı ipoteka müqaviləsi bağladığı tarixə nisbətən dəyərinin azalması şəklində büruzə verə bilər. Ekspert tərəfindən qiymətin müəyyən edilməsi meyarları, qiymətləndirmə metodu təsviri edilməli, xərc metodu, uyğun satışların müqayisəli metodu və s. üsullardan istifadə edilməklə konkret əmlakın qiymətləndirilməsində həmin metodlardan necə istifadə edildiyi, göstərilən nəticəyə necə gəlindiyi, həmin ipoteka predmetinin məbləğinin necə alındığı göstərilməlidir. Məhkəmə Ekspertiza Mərkəzinin rəyində əmlakın fərdi xüsusiyyətləri, vizual görünüşü, təmirliliyi, material sərfi və s. nəzərə alınmamış və nəticədə iş üzrə əmlakın dəyərinin reallığa uyğun olmayaq formada həddindən artıq şişirdilərək qeyd edildiyi rəy verilmişdir. Ekspert rəyində qiymətləndirmənin aparılması üçün bir neçə əsas metod olduğunu qeyd etsə də rəyində yalnız müqayisəli tədqiqat metodundan istifadə etmişdir. Belə ki, ekspert rəyinin tədqiqat hissəsində əmlakın dəyərini qiymətləndirilməsi ilə bağlı düsturlar, metodlar və s. qeyd olunsa da əmlakın qiyməti yalnız həmin ərazidə yerləşən əmlakların qiymətlərinin müqayisəli tədqiqi nəticəsində müəyyən olunmuşdur. Belə ki, ekspert öz rəyində 60000, 70000, 88000 və 75000 manat dəyərində olan fərdi yaşayış evlərinin qiymətlərini toplamış və həmin rəqəmləri əmlakların sayına bölməklə (60000+70000+88000+75000):4=73250 ipoteka predmeti olan əmlakın qiymətini müəyyən etmişdir. Halbuki həmin müqayisəli əmlakların qiymətlərinin mənbəyi, onların təmiri və hansı internet saytından götürülməsi barədə ekspert rəyində heç bir məlumat qeyd olunmamışdır. Lakin tərəfimizdən internet saytlarında müqayisəli araşdırmalar aparılan zaman ipoteka predmeti olan əmlakın yerləşdiyi ərazidə eyni ölçülü fərdi yaşayış evlərinin qiymətlərinin 44000, 45000, 42000 manat və hətta iddiaçının fərdi yaşayış evindən 2 dəfə böyük fərdi yaşayış evinin 55000 manat olduğu müəyyən olunmuşdur. Ekspertin düsturu ilə hesabladıqda isə (44000+45000+42000+55000):4=46500 manat (hətta 55000 manat dəyərində olan əmlak ipoteka predmeti olan əmlakdan 2 dəfə böyükdür) olduğu müəyyən olunur. Həmçinin məhkəmə birinci instansiya məhkəməsində qiymətləndirməni həyata keçirmiş "xxxx" MMC-nin rəyi ilə (30 958 manat) Məhkəmə Ekspertiza Mərkəzinin rəyi (65 500 manat) arasında kəskin fərqi araşdırmamış və düzgün hüquqi qiymət verməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın əvvəlki iclasında iştirak edən «Accessbank” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi N.Ələkbərov apellyasiya şikayətini müdafiə etmiş, yuxarıda şərh olunanların məzmunu ilə oxşar məzmunda izahat verərək şikayətlərinin təmin olunmasını xahiş etmişdir. O, məhkəməyə ərizə ünvanlayaraq sonuncu qiymətləndirmənin (Uniprise MMC-nin) rəyini (40800 manat) əsas götürərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən Cavabdeh4 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız olmasını və şikayətin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, ipoteka predmeti olan ev Kürdəmir rayonunun Xırdapay kəndində yerləşir. Bildirmişdir ki, evlərinin dəyəri 50-60 min manat civarında olar. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X4 məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 65500 manat müəyyən edilməsi hissəsində dəyişdirilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişldir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə qismən yoxlanılmasını düzgün hesab edir. İş üzrə təqdim edilmiş və əldə edilmiş sübutlar. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 026L**********94 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən, Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. İş materiallarında olan uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən, Cavabdeh4 uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 026R********** nömrəli kredit razılaşmasının 1.1-ci bəndinə əsasən, Bank məbləği 30.000 manat olan krediti aylıq faiz dərəcəsi 1,75% olmaqla 18 ay müddətinə Kredit Alana verir. İş materiallarında olan kreditin verilməsinə (köçürmə) dair qəbzin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 bank hesabına xx.xx.2019-cu il tarixdə 150 manat komissiya haqqı çıxılmaqla, 30.000 manat məbləğində pul (kredit) köçürülmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 026R********** nömrəli kredit razılaşmasının 1.1-ci bəndinə əsasən, Bank məbləği 24.000 manat olan krediti aylıq faiz dərəcəsi 1.6667% olmaqla 24 ay müddətinə Kredit Alana verir. İş materiallarında olan kreditin verilməsinə (köçürmə) dair qəbzin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 bank hesabına xx.xx.2020-ci il tarixdə 240 manat komissiya haqqı çıxılmaqla, 24.000 manat məbləğində pul (kredit) köçürülmüşdür. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Kürdəmir rayonu, Xırdapay kəndində 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 93.9 kv.m yaşayış, 237.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 026L**********94 nömrəli kredit xətti müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 24.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətindən görünür ki, Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka hüququ ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 026R**********S saylı və xx.xx.2021-ci il tarixli 026R**********SA saylı sazişlərə əsasən, kredit razılaşması və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, xx.xx.2019-cu il tarixli 026R********** nömrəli krеdit razılaşması üzrə son ödəniş tarixi xx.xx.2022-ci il kimi qeyd olunmuşdur. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, xx.xx.2020-ci il tarixli 026R********** nömrəli krеdit razılaşması üzrə son ödəniş tarixi xx.xx.2022-ci il kimi qeyd olunmuşdur. İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, xx.xx.2019-cu il tarixli 026R********** nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə əsas borc 3498,41 manat, faiz borcu 647,78 manat, cərimə borcu 689,24 manat məbləğində olmaqla, cəmi borc məbləği 4835,43 manat təşkil edir. İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, xx.xx.2020-ci il tarixli 026R********** nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə əsas borc 11181,14 manat, faiz borcu 1426,74 manat, cərimə borcu 5740,35 manat məbləğində olmaqla, cəmi borc məbləği 18348,23 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 026R********** nömrəli kredit razılaşmasına əsasən yaranmış 4492,88 manat məbləğində (3498,41 manat əsas, 392,69 manat faiz, 601,78 manat cərimə) borcun və xx.xx.2020-ci il tarixli 026R********** nömrəli krеdit müqaviləsinə əsasən yaranmış 17804,53 manat məbləğində (11181,14 manat əsas, 1162,57 manat faiz, 5460,82 manat cərimə) borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə kredit müqavilələrinə vaxtından əvvəl xitam veriləcəyi, müqavilələr üzrə əmələ gəlmiş borcun İddiaçı QSC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı QSC-nin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən mediasiya sessiyasında cavabdehlər iştirak etməmişdir. İş materiallarında olan “ödəniş qəbzi”nin surətindən görünür ki, İddiaçı QSC mediasiya sessiyasının keçirilməsi üçün Şəki 1 saylı Mediasiya Təşkilatının hesabına 200 manat vəsait ödəmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2- 2(121)-779/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/4144 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 026R********** nömrəli kredit razılaşmasına əsasən Cavabdeh1 əsas borc üzrə 3498,41 manat, faiz borcu üzrə 647,78 manat və xx.xx.2020-ci il tarixli 026R********** nömrəli kredit razılaşmasına əsasən Cavabdeh1 əsas borc üzrə 11181,14 manat, faiz borcu üzrə 1426,74 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ipoteka predmeti olan Kürdəmir rayonu, Xırdapay kəndində 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 93.9 kv.m yaşayış, 237.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin xx.xx.2025-ci il tarixinə orta bazar qiyməti 36421, likvid qiyməti 30958 manat olması göstərilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2- 2(121)-779/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texnik ekspertizasının 3-16-16/2-10/8404, 9/8651 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Kürdəmir rayonu, Xırdapay kəndində 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 93.9 kv.m yaşayış, 237.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribəm 73000 manat, likvid dəyəri isə 65500 manat məbləğində müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarında olan “Ölüm haqqında Şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425.2.). Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər (maddə 427.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Mülki Məcəllənin 432.4-ci maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Mülki Məcəlləsinin kredit müqaviləsi bağlanan zaman qüvvədə olan 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.2-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məcəllənin 319-cu maddəsinə görə; 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.2. İpoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər. Razılıqda həmçinin nəzərdə tutula bilər ki, ipoteka predmeti borclunun borclarının tam hesablanması şərtilə bazar qiymətinə satılsın və (və ya) satış zamanı ipoteka predmeti olmuş mənzili (yaşayış sahəsini) əldə edən şəxs qarşısında gələcəkdə borcluya və onun ailə üzvlərinə həmin mənzilin (yaşayış sahəsinin) kirayəçisi olmaq hüququ verən şərt qoyulsun. 319.3. İpoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Qanunun 36.1-ci maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə görə, Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin, cavabdehin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli Şirvan Kommersiya Məhkəməsinin 09 avqust 2024-cü il tarixli e-2-2(121)-18/2024 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçının iddiası qismən təmin edilmiş, qətnamədən iddiaçı narazı qalmış və iddiaçı apellyasiya şikayəti vermişdir. Qətnamə cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. İddiaçının apellyasiya şikayətinin yalnız bir dəlili vardır. Həmin dəlil ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 65500 manat müəyyən edilməsi hissəsində dəyişdirilməsi və ilkin satış qiymətinin yenidən qiymətləndirmə keçirilməklə müəyyən edilməsindən ibarətdir. Apellyasiya baxışında apellyasiya şikayətinin dəlilinə əsasən iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və əmlakın qiymətləndirməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən qiymətləndirmə aparılmış və ipoteka predmeti olan Kürdəmir rayonu, Xırdapay kəndində 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 93.9 kv.m yaşayış, 237.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin xx.xx.2025-ci il tarixinə orta bazar qiyməti 54.400, likvid qiyməti 40.800 (qırx min səkkiz yüz) manat olması göstərilmişdir. Göründüyü kimi ipoteka predmeti olan fərdi yaşayış evi tərəflər arasında ipoteka müqaviləsi bağlanan zaman 24000 manat dəyərində qiymətləndirilmişdir. Həmçinin mübahisəli fərdi yaşayış evi "xxxx" MMC likvid qiyməti 30958 manat olması, MEM-in rəyi ilə likvid dəyəri 65500 manat olması və nəhayət "xxxx" MMC tərəfindən likvid qiyməti 40.800 manat olması göstərilmişdir. Göründüyü kimi 2 müstəqil qiymətləndiricinin ipoteka predmeti olan fərdi yaşayış evinin qiymətləndirməsində evin dəyəri baxımından müəyyən yaxınlıq olsa da MEM tərəfindən evin likvid qiymətinin 65500 manat dəyərində müəyyən edilməsi əmlakın qiymətləndirilməsi baxımından kəskin fərqin olması müşaiyət olunur. Kollegiya hesab edir ki, "xxxx" MMC tərəfindən verilmiş rəy daha dolğun və obyektivdir. Belə ki, rəy tərtib edilərkən mübahisəli ərazidəki evlər müqayisəli tədqiq edilmiş, evə baxış keçirilməklə müvafiq dəyərləndirmə aparılmışdır. Yuxarıda şərh edilənlərə iddiaçı «Accessbank” Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 09 avqust 2024-cü il tarixli e-2-2(121)-18/2024 saylı qətnaməsi ipoteka ilə yüklü edilmiş Kürdəmir rayonu, Xırdapay kəndində 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 93.9 kv.m yaşayış, 237.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə dəyişdirilməli, ipoteka ilə yüklü edilmiş Kürdəmir rayonu, Xırdapay kəndində 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 93.9 kv.m yaşayış, 237.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 40.800 (qırx min səkkiz yüz) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün xidmət haqqı olan 300 manat pul məbləği cavabdehlərdən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN:AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ013501**********1944, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı iddia tələbi üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 10000 manatdan çox olduğundan, qətnamədən cavabdeh kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı «Accessbank” Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 09 avqust 2024-cü il tarixli e-2-2(121)-18/2024 saylı qətnaməsi ipoteka ilə yüklü edilmiş Kürdəmir rayonu, Xırdapay kəndində 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 93.9 kv.m yaşayış, 237.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə dəyişdirilsin. İpoteka ilə yüklü edilmiş Kürdəmir rayonu, Xırdapay kəndində 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 93.9 kv.m yaşayış, 237.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 40.800 (qırx min səkkiz yüz) manat müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün xidmət haqqı olan 300 manat pul məbləği cavabdehlərdən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN:AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ013501**********1944, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar