Məhkəmə qərarları › İş №2-2(106)-35/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-35/2024

30.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-35/2024 30.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Tofiq Xudayar oğlu Heydərov və Samir İlham oğlu Mayılovdan ibarət tərkibdə, katib X3, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 işitrakı ilə, Şirvan Kommersiya Məhkəməsinin 09 avqust 2023-cü il tarixli e-2-2(121)-1099/2023 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri, Şirvan Kommersiya Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli e-2-2(121)-1099/2023 saylı əlavə qətnaməsindən ilkin iddia üzrə iddiaçı tərəfindən ayrıca verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı subicarə müqaviləsinin ləğv edilməsi və cavabdeh tərəfindən tikilmiş tikililərin onun hesabına sökülməsi tələbinə dair ilkin iddiası, iddiaçı Cavabdeh İddiaçı qarşı razılaşmanın, aralarında bağlanmış torpağın subicarə müqaviləsinin bağlandığı tarixdən qvvədən düşmüş hesab edilməsi tələbinə dair qarşılıqlı iddilara dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunu cavabdehdən alınaraq ona verilməsi barədə ilkin iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırılmışdır: Füzuli rayon İcra Hakimiyyəti başçısının 26 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı ilə ona taxılçılıqla məşğul olmaq üçün rayonun inzibati ərazisinə aid olan keçmiş 3 ha nömrəli qış otlaq fondu ərazisindən tərtib və təsdiq edilmiş yerquruluşu planına uyğun Füzuli rayonu 4 nömrəli taxılçılıq təsərrüfatı rayonunda yerləşən 1000 ha torpaq sahəsi ayrılmış və xx.xx.2017ci il tarixli icarə müqaviləsinə əsasən ona 45 il müddətinə icarəyə verilmişdir. xx.xx.2022-ci ildə həmin torpaq sahəsinin 400 hektarlıq sahəsi üzrə Cavabdeh ilə aralarında subicarə müqaviləsi imzalamışdır. Müqavilənin 9-cu maddəsinə əsasən “icarəçi” icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə tikinti-quraşdırma işləri apara bilməz. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq onun xəbəri və razılığı olmadan ona icarəyə verilmiş sahədə tikinti işləri aparmışdır. O, cavabdehə icarəyə verdiyi sahədə əkin işləri həyata keçirmişdir. Cavabdeh əkdiklərini biçərək müəyyən pul əldə etmək istəyir. Sözügedən sahədə əkilmiş əkinlər cavabdeh tərəfindən biçilərək satılacaqdır. Cavabdeh icarə müqaviləsində göstərilən tələblərə zidd hərəkət edir, bu səbəbdən icarə müqaviləsi ləğv edilməlidir. Belə ki, qanunvericiliyə uyğun olaraq cavabdehə pretenziya məktubu göndərilmiş, eyni zamanda mediasiya təşkilatına müraciət olunmuş, lakin cavabdeh nə pretenziyaya müsbət cavab vermiş, nə də mediasiyada razılıq əldə edilə bilmişdir. Sonra İddiaçı ilkin iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh ilə onun arasında bağlanılmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh tərəfindən 400 ha torpaq sahəsində onun tərəfindən inşa edilmiş tikililərin onun hesabına sökülməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ilkin iddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilənin 2-ci bəndinin məzmunundan aydın olur ki, torpaq sahəsi təyinatına uyğun yəni, əkinçilik məqsədi ilə istifadə olunmalıdır. Əlavə olaraq, həmin maddədə icarəyə götürülmüş torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq icarəçinin vəzifəsi kimi müəyyən olunmuşdur. O və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli subicarə müqaviləsi xx.xx.2017-ci il tarixində bağlanmış icarə müqaviləsinin predmetinin tərkib hissəsi olan 400 ha torpaq sahəsinin Cavabdeh subicarəyə verilməsi ilə bağlı olmuşdur. Subicarə müqaviləsi bağlanarkən əsas şərt bağlanmış icarə müqaviləsinin müddəalarına uyğun olmasıdır. İddiaçı yenidən ilkin iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun tərəfindən əkilmiş əkinlərin Cavabdeh tərəfindən biçilməsi zamanı dəymiş zərərin real bazar qiymətinə uyğun kompensasiyasının ödənilməsi, xx.xx.2022-ci il tarixli subicarə müqaviləsinin ləğv edilməsi, sözügedən ərazidə cavabdeh tərəfindən tikilmiş tikililərin onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa, Abbasov X2 İnqilab Turab oğuna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli subicarə müqaviləsinə əsasən icarəsində olan 400 ha torpaq sahəsindən istifadə etməsi ilə bağlı İddiaçı tərəfindən yaradılmış maneələrin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış xx.xx.2022- ci il tarixli subicarə müqaviləsinə əsasən İddiaçı icarəsində olan 1000 ha torpaq sahəsinin 400 ha hissəsini icarəyə götürmüşdür. Subicarə müqaviləsinə əsasən həmin 400 ha hissə onun adına icarə torpaq sahəsi kimi DƏDRX-də **********66 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Müqavilə bağlandıqdan bir müddət sonra İddiaçı müxtəlif bəhanələrlə ondan torpağı geri almağa çalışmışdır. Aralarında münaqişələrə görə hazırda Füzuli rayon polis şöbəsinin icraatında araşdırma materialı da vardır. İddiaçı işçisinin ona xəsarət yetirməsi və əkilmiş sahənin suvarılması üçün yaratmış olduğu maneələrlə bağlı sübutları mövcuddur. Artıq həmin torpaq sahəsindən istifadə etməyi dözülməz hala gəlmişdir. Bu il suvarılmama səbəbindən külli miqdarda maddi ziyana düşmüşdür. İlkin iddia iddia tam absurd fikirlərə əsaslanır. Belə ki, göstərilən tikili onun tərəfindən deyil, İddiaçı tərəfindən tikilmiş və bu barədə onun Füzuli rayon İcra Hakimiyyətindən icazə almasına dair sübutu mövcuddur. Cavabdeh qarşılıqlı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə aralarında mövcud olmuş xx.xx.2021-ci il tarixli razılaşmanın aralarında bağlanmış torpağın subicarə müaviləsinin bağlandığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən qüvvədən düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh dəqiqləşdirilmiş tələbini onunla əsaslandırmışdır ki, onun tərəfindən əkilmiş xx.xx.2021-ci il tarixli razılaşmanın mövcudluğu onun hüquqlarını kobud surətdə pozur. Belə ki, həmin razılaşmanı əldə edərkən torpaq sahəsi ilkin iddiaçının mülkiyyətində olmuşdur. Lakin sonradan aralarında subicarə müqaviləsi bağlandıqdan sonra artıq onun həmin əmlak üzərində dövlət qeydiyyatına alınmış hüquqları əmələ gəlmişdir. Hesab edir ki, həmin razılaşma öz hüquqi qüvvəsini subicarə müqaviləsi bağlandığı andan itirmiş hesab edilməlidir. Birinci instansiya məhkəməsində mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Füzuli rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2 xx.xx.2023-cü il tarixdə olan məhkəmə hazırlıq iclasında iştirak edərək, ilkin və qarşılıqlı iddiaların həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə1 məhkəmə hazırlıq iclasında iştirak edərək, ilkin iddiaya etiraz etmiş, qarşılıqlı iddianın həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1099/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə ilkin iddia “iddiaçı tərəfindən əkilmiş əkinlərin cavabdeh tərəfindən biçilməsi zamanı dəymiş zərərin real bazar qiymətinə uyğun kompensasiyasının ödənilməsi barəsində” hissəsində baxılmamış saxlanılmışdır. Şirvan Kommersiya Məhkəməsinin (hakim N.Misirzadə) e-2-2(121)-1099/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə həm İddiaçı Cavabdeh qarşı– xx.xx.2022-ci il tarixli subicarə müqaviləsinin ləğv edilməsi, cavabdeh tərəfindən tikilmiş tikililərin onun hesabına sökülməsi barəsində ilkin iddiası, həm də Cavabdeh İddiaçı qarşı– xx.xx.2021-ci il tarixli razılaşmanın aralarında bağlanmış torpağın subicarə müqaviləsinin bağlandığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən qüvvədən düşmüş hesab edilməsi barəsində qarşılıqlı iddiası rədd edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən həm İddiaçı, həm də Cavabdeh apellyasiya şikayəti vermişlər. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı şikayət verərək, birinci instansiya məhkəməsi qərardadının ləğv edilməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1099/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə qərardaddan verilmiş şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilmiş, Şirvan Kommersiya Məhkəməsinin 9 avqust 2023cü il tarixli e-2-2(121)-1099/2023 saylı qərardadı ləğv edilmiş, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı tələbi “iddiaçı tərəfindən əkilmiş əkinlərin cavabdeh tərəfindən biçilməsi zamanı dəymiş zərərin real bazar qiymətinə uyğun kompensasiyasının ödənilməsi” hissədə mahiyyəti üzrə baxılıb həll edilməsindən ötrü Şirvan Kommersiya Məhkəməsinə qaytarılmışdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli əlavə qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı tələbi “iddiaçı tərəfindən əkilmiş əkinlərin cavabdeh tərəfindən biçilməsi zamanı dəymiş zərərin real bazar qiymətinə uyğun kompensasiyasının ödənilməsi” hissəsində rədd edilməsi qət edilmişdir. Əlavə qətnamədən də İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İlk iddia üzrə İddiaçı xx.xx.2023-cü il tarixli qətnamədən verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Cavabdeh subicarə müqaviləsi ilə ona verilmiş torpaq sahəsində inşa etdiyi qurğuların əsl məqsədinin nə olduğu məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə aydınlaşdırmamışdır ki, dəmyə suvarma sistemi ilə suvarılan torpaq sahəsində subartezan quyusunun qurulmasında məqsəd nədir? Bununla yanaşı, orada quraşdırılmış əlavə tikililərin nə məqsədlə quraşdırılması, təyinatına uyğun cavabdeh tərəfindən istifadə edilməməsi məsələsi məhkəmə tərəfindən araşdırılmamışdır. İlk iddia üzrə Cavabdeh xx.xx.2023-cü il tarixli qətnamədən verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsi qətnaməsini qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilərək qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qarşılıqlı iddianı rədd etməklə kobud qanun pozuntusuna yol vermişdir. Onun konstitusion hüququ pozulmuşdur. İlk iddia üzrə İddiaçı əlavə qətnamədən verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli əlavə qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, sözügedən Füzuli rayonu, 4 nömrəli taxılçılıq təsərrüfatı rayonunda yerləşən 400 hektarlıq torpaq sahəsində əkin işləri İddiaçı tərəfindən aparılmış, lakin Cavabdeh tərəfindən biçilməsi ehtimalı olduğu üçün bununla bağlı müvəqqəti təminat tədbiri barədə ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət olunmuş, lakin Şirvan Kommersiya Məhkəməsinin qərardadı ilə ərizə təmin edilmədiyi üçün, iş üzrə apellyasiya şikayəti verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmişdir. Lakin Cavabdeh qanuni qüvvəsini almış qərardadın tələblərini pozaraq İddiaçı tərəfindən əkilmiş əkinləri biçmişdir. Mübahisəli 400 ha torpaq sahəsinin 350 ha hissəsinə dair ərizəçi ilə maraqlı şəxs Cavabdeh və onun qardaşları X1, X5 arasında 25 sentyabr 2021-ci il tarixdə Horadiz şəhərində bağlanmış razılaşmaya əsasən, sonuncular 2021-2022, 2022-2023 və 2023-2024-cü əkin-biçin ilində ərizəçi tərəfindən 350 ha sahədə əkin-biçin işləri aparılmasına heç-bir müdaxilə və maneəçilik törətməyəcəklərinə dair öhdəlik götürmüşlər. Həmin razılaşmaya uyğun olaraq da ərizəçi tərəfindən mübahisəli 400 ha torpaq sahəsinin 350 ha hissəsində taxıl əkilmişdir. Bunu təsdiq edən "xxxx" MMC ilə ərizəçi arasında aqrokimyəvi malların satışına dair bağlanmış müqavilə üzrə 30 noyabr 2022-ci il və 16 dekabr 2022-ci il tarixli qiymət razılaşdırma protokollarını, Kənd Təsərrüfatı Nazirliyinin şəhadətnaməsi əsasında toxumçuluq fəaliyyəti göstərən X12 (VÖEN**********) ilə ərizəçi arasında 1 noyabr 2022-ci ildə bağlanmış buğda və arpa toxumlarının alqı-satqısına dair müqaviləni təqdim etmişdir. Sözügedən 100 hektar sahəsinin 400 hektar sahəsində əkilən taxıllar bütün sənədlərlə sübuta yetirilir ki, İddiaçı tərəfindən əkilmişdir. Çünki toxumların, gübrələrin alınması ilə bağlı təqdim olunan sənədlər 2021-2022-ci illəri əhatə edir, yəni əkindən əvvəlki sənədləri əhatə edir. Lakin Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan sənədlər isə 2022-ci ilin əkininə aiddir və dolayısı ilə 350-500 hektar torpaq sahəsindəki taxılların İddiaçı tərəfindən əkildiyi müəyyən olunmuşdur. Füzuli Rayon Polis Şöbəsi tərəfindən aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, Abbasov X2 İnqilab Turab oğlu tərəfindən əkilən ərazinin qanunsuz olaraq 100 hektarı sahəsini biçmişdir. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında iştirak edən ilk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsi qətnaməsini qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilərək qarşılıqlı iddianın təmin edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, 1000 ha torpaq sahəsini İnqilab götürmüş, aralarında 600-400 nisbətində bölmüşlər. Bunu notarial qaydada da təsdiq etmişlər. Ziyan MTT qəbul olunan dövrdə dəymişdir. Ziyan 400 ha hissədə dəymişdir. 400 ha-dan ibarət torpaq sahəsində tikililər 2019-cu ildən, yəni subicarə müqaviləsi bağlanmazdan öncə var idi. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı dəymiş zərərin real bazar qiymətinə uyğun kompensasiya edilməsinə dair iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2024-cü il tarixdə keçiriləcək məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmiş və işin baxılmasının təxirə salınmasını xahiş etmişdir. Ona görə işin baxılması xx.xx.2024-cü il tarixə təyin edilmişdir. İddia üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil1 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2024-cü il tarixdə keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, həmin tarixdə başqa məhkəmə prosesində iştirak edəcəyini bildirmiş, ona görə məhkəməni onun iştirakı keçirilməsini, müvəkkili tərəfindən verilmiş etiraza baxılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək işə hakim İlham Əsədovun sədrliyi ilə baxılmasına etiraz etdiyini bildirmiş, bununla belə, apellyasiya baxışına gəlməmişdir. Onun etirazı baxılmamış saxlanılmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Füzuli rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin təmsilçiləri apellyasiya baxışında iştirak etməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Kollegiya işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası iş üzrə materialları nəzərdən keçirib, tərəflərin izahatlarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə və əlavə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin aşağıdakı faktiki halları müəyyən edilmişdir: Füzuli rayon İcra Hakimiyyəti başçısının 26 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı ilə rayonun Kürdlər kəndindən məcburi köçkün, taxılçılıq sahəsində xeyli təcrübəsi olan İddiaçı (4№-li taxılçılıq təsərrüfatı) taxılçılıqla məşğul olmaq üçün rayonun inzibati ərazisinə aid olan keçmiş 3 ha nömrəli qış otlaq fondu (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 619S nömrəli, xx.xx.2016-cı il tarixli sərəncamı ilə təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmiş və dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmiş) ərazisindən tərtib və təsdiq edilmiş yerquruluşu planına uyğun 1000.0 hektar torpaq sahəsinin müvəqqəti (45 il müddətinə) icarəyə verilməsi barədə göstəriş verilmişdir. Füzuli rayon İcra Hakimiyyəti ilə icarəçi İddiaçı arasında xx.xx.2017-ci ildə bağlanmış 18 nömrəli torpaq icarəsi (torpaq sahəsinin icarəyə verilməsi haqqında) müqaviləsinə əsasən Füzuli rayon İcra Hakimiyyəti başçısının 26 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı əsasında əkinçilik məqsədilə 1000 ha torpaq sahəsi 45 il müddətinə icarəyə verilmişdir. Müqavilənin 2.12-ci bəndinə əsasən icarəçinin icarəyə verənin razılığı ilə icarəyə götürülmüş torpaq sahəsində torpaqdan təyinatı üzrə səmərəli istifadə etmək məqsədilə tikililər və avadanlıqlar quraşdırmaq hüququ vardır. Füzuli rayonu 4 nömrəli taxılçılıq təsərrüfatı ərazisində yerləşən 1000.0 ha ehtiyat fondu torpaqlarına (əkin) aid torpaq sahəsi üzərində İddiaçı icarəyə verilməsi dövlət qeydiyyatına alınmış, bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir. İşin hallarından müəyyən edilir ki, İddiaçı icarəsində olan torpaq sahəsinin 400 ha hissəsini Cavabdeh subicarəyə vermiş, həmin sahə sonuncunun adına dövlət qeydiyyatına alınmışdır. Belə ki, icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında xx.xx.2022-ci ildə bağlanaraq notariat qaydada təsdiq olunmuş 3M-45 reyestr nömrəli icarə müqaviləsinə görə İddiaçı Füzuli rayon İcra Hakimiyyətinin 26 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı əsasında xx.xx.2017-ci ildə bağlanmış 18 saylı icarə müqaviləsi üzrə 45 il müddətinə icarəsinə verilmiş Füzuli rayonu 4 nömrəli taxılçılıq təsərrüfatı ərazində yerləşən 1000.0 ha ehtiyat fondu torpaqlarından 400.0 ha hissəsini dövlət büdcəsinə illik 1520 manat icarə haqqı ödənilməsi şərti ilə xx.xx.2062-ci ilədək subicarəyə vermişdir. Həmin müqavilənin 9-cu bəndinə əsasən icarəçi icarəyəverənin razılığı olmadan icarəyə götürülən sahədə tikinti işləri apara bilməz. İddiaçının icarəsinə verilmiş torpaq sahəsinin 600.0 ha hissəsi üzərində İddiaçı dövlət qeydiyyatına alınmış və onun adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli müvafiq çıxarış verilmişdir. Eləcə də, subicarəyə verilmiş 400.0 ha ehtiyat fondu torpaqlarına aid torpaq sahəsi üzərində Cavabdeh Füzuli rayon xüsusi notariusunun 3M-45 saylı, xx.xx.2022-ci il tarixli icarə hüququnun alqı-satqısı müqaviləsi üzrə icarə hüququ xx.xx.2022- xx.xx.2062-ci il tarixədək dövlət qeydiyyatına alınmış, onun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci ildə verilmiş **********66 reyestr, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan başqa, müəyyən edilir ki, subicarə müqaviləsi bağlanmamışdan əvvəl tərəflər arasında torpaq sahəsinə dair başqa razılaşma da olmuşdur. İş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci ildə Horadiz şəhərində tərtib olunaraq imzalanmış razılaşmanın surətindən görünür ki, tərəflər mübahisəli torpaq sahəsindən istifadə ilə bağlı aşağıdakı formada razılığa gəlmişlər: Füzuli rayon İcra Hakimiyyətinin 26 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı əsasında taxılçılıqla məşğul olması üçün İddiaçı 45 il müddətinə icarəyə verilmiş 1000 hektar torpaq sahəsindən, aralarında olan qohumluq əlaqələrinə görə İddiaçı şifahi razılaşma əsasında Cavabdeh verdiyi və sonuncunun 2017-ci ildən əkin-biçin apararaq istifadə etdiyi 400 hektar torpaq sahəsinin 350 hektarını, yeni razılaşmaya əsasən Cavabdeh 3 il müddətinə əkin-biçin işləri aparmaq üçün İddiaçı geri qaytarır. Yeni razılaşmaya əsasən Cavabdeh və onun qardaşları Füzuli Abbasov, Nəcməddin Abbasov, Ələmşad Abbasov 2021-2022, 2022-2023 və 2023-2024-cü əkin-biçin ilində (torpağın fors- major və hər hansı bir səbəbdən əkilmədiyi və ya dincə qoyulduğu il razılaşdırılmış həmin üç ilə daxil deyil) İddiaçı tərəfindən həmin 350 ha sahədə əkin-biçin işləri aparılarkən heç-bir müdaxilə və maneəçilik törətməyəcəklərini öhdəlik olaraq üzərlərinə götürmüşlər. Hazırki tələbində İddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsini, icarə hüququna xitam verilməsini, tikililərin sökülməsini, ziyanın ödənilməsini xahiş etmişdir. İddiaçı icarə müqaviləsinin ləğvi barədə tələbini belə əsaslandırmışdır ki, cavabdeh torpaq sahəsindən təyinatı üzrə istifadə etməmiş, müqavilənin şərtlərini pozaraq onun xəbəri və razılığı olmadan icarəyə verilmiş sahədə tikinti işləri aparmışdır. Cavabdehin müqavilə şərtlərinə əməl etmədiyi, torpağı təyinatı üzrə istifadə etmədiyi halda iddiaçının tələbi keçərlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər həmin Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Qanunun tələbinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə 713-cü maddəsinə əsasən əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verilməsi və müqavilənin ləğvinin əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719-cu maddəsində nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 719.4-cü maddəsinə əsasən, icarə müqaviləsi 30 ildən çox müddətə bağlandıqda müqavilənin istənilən iştirakçısı 30 ildən sonra müqavilənin ləğvinə dair bildirişi icarənin növbəti ilinin sonu üçün qüvvəyə minməklə icarənin hər hansı ilinin üçüncü iş günündən gec olmayaraq verə bilər. Əgər müqavilə icarəyə verənin və ya icarəçinin bütün ömrü üçün bağlanmışdırsa, ləğvetməyə yol verilmir. Məcəllənin 719.7-ci maddəsinə əsasən, həmin Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Həmin Məcəllənin 685.1-ci maddəsinə əsasən, əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. Bundan başqa, torpaqdan məqsədli təyinatına görə istifadə edilməməsi həm də Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin tələblərinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam veriləsi üçün əsasdır. Həmin Məcəllənin 73-cü maddəsinin 3-cü bəndinə əsasən bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir). “Torpaq icarəsi haqqında” Azərbaycan Rerspublikası Qanununun 15-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun məlumatı olmadan icarəyə götürdüyü ərazidə tikinti işləri aparmış, orada su hövzələri inşa etmişdir. İş materiallarına əlavə olunmuş, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı aparatının hüquq şöbəsinin 5-43-5/2-1673/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş peyk görüntülərinə dair foto-şəkillərdə, peyk görüntülərindən çıxarılmış 2019, 2020, 2021, 2022-ci ilin fevral ayına qədər çəkilmiş şəkillərdə mübahisəli tikililərin və su hövzələrinin (göllərin) möcud olması müəyyən edilir. İş materiallarına əlavə edilən Füzuli rayon İcra Hakimiyyətinin başçısı aparatının hüquq şöbəsinin 5-43-5/2-1747/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, bəhs olunan 400 hektar torpaq sahəsində 0,12 ha ərazini əhatə edən (kordinatları X-707499 Y-4400270), və 0,10 ha ərazini əhatə edən (kordinatları X-707519 Y-4400323) göllər, sahəsi təqribən 1580 kv.metr (kordinatları X-707429 Y-4401388) və sahəsi təqribən 1483 kv.metr (kordinatları X-707456 Y-4400416) olan təyinatı məlum olmayan iki qanunsuz tikinti müəyyən edilmişdir. Aparılan araşdırılmalar zamanı peyk görüntüləri vasitəsi ilə müəyyən olunmuşdur ki, həmin ərazidə olan göllər və qanunsuz tikililər 2019, 2020 və 2021-ci illərdə aparılmışdır (foto şəkillər əlavə olunur). Ərazidə olan artezan quyuları barədə isə bildirilir ki, X8 İdarəsindən bildirilmişdir ki, istismara 2020-ci ildə verilmiş reper nömrəsi 30/460 olan bir ədəd artezan quyusu X8 idarəsinin balansındadır. Bundan başqa əlavə olaraq bildirilir ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1982-ci il tarixli, 254 nömrəli sərəncamı ilə həmin torpaq sahələri qış otlaq sahəsi kimi keçmiş X11 Vilayətinin (DQMV) istifadəsinə verilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 60 nömrəli Qərarı ilə həmin torpaqlar yenidən Füzuli rayon inzibati ərazisinə daxil edilmişdir. Həmin torpaqların keçmiş DQMV-nin istifadəsində olduğu zaman yəni, 1982-ci ildən 1991-ci illərə qədərki, dövürləri haqqında Rayon İcra Hakimiyyətində və X8 idarəsinin heç bir məlumat mövcud deyildir. İş materiallarına əlavə olunan olan ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 ərizəsindən və ona əlavə edilən peyk görüntülərinə dair foto-şəkillərin surətlərindən görünür ki, peyk görünütlərində həqiqətən həmin qurğular 2019-2020-2021-2022-ci ilin əvvəlinədək mövcud olmuşdur. Bu, həmin foto peyk görüntülərində tarixlərdə öz əksini tapmışdır. Bundan başqa, verilmiş şikayətə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ərazi İdarəsi tərəfindən tərtib edilmiş aktda həmin qurğuların onlar tərəfindən tikilmədiyi öz təsdiqini tapmışdır. Bundan başqa, Füzuli rayon İcra Hakimiyyətinin başçısı aparatının hüquq şöbəsinin 5- 43-5/2-1306/2023 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, tikinti işləri xx.xx.2022-ci ildə Füzuli rayon İcra Hakimiyyətinin razılıq məktubu əsasında 1-ci icarəçi İddiaçı tərəfindən 2019-2020-2021-ci illərdə aparılmışdır. Müasir innovativ texnologiyanın elektron müşahidənəzarət sisteminin peyk görüntüsü vasitəsilə aparılan təhlillər zamanı həmin ərazidə inşa edilmiş 2 ədəd açıq tipli göl suvarmaq məqsədilə İddiaçı tərəfindən 2019-2020-2021-ci illərdə aparıldığı müəyyən edilmişdir. Cavabdeh subicarəsində olan torpaq sahəsindən təyinatına uyğun istifadə etməklə ərazidə hər hansı tikinti-quraşdırma işləri aparmamışdır. İşdə olan Azərbaycan Meliorasiya və X13 Səhmdar Cəmiyyəti X8 İdarəsinin 08/02 saylı, xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, 4h-da yerləşən 1000 hektardan ibarət olan torpaq sahəsinin ərazisində yerləşən, 2020-ci ildən istismara verilmiş və idarənin balansında olan yalnız 1 ədəd (reper nömrəsi 30/460 kordinatı 39.728065,47,421506) Subartezian quyusu mövcuddur. Ərazidə mövcud olan digər 1 ədəd Subartezian quyusunun Füzuli SSİ-ə aiddiyyəti yoxdur. Beləliklə, müəyyən edilmişdir ki, subicarəyə verilmiş torpaq sahəsində olan göllər və mübahisəli tikililər qeyd edilən torpaq sahəsi cavabdehə subicarəyə verilməmişdən əvvəl, yəni 2019, 2020 və 2021-ci illərdə mövcud olmuşdur. Bundan əlavə, torpaq sahəsində yerləşən artezan quyulardan biri 2020-ci ildən istismara verilmiş və Azərbaycan Meliorasiya və X13 Səhmdar Cəmiyyəti X8 İdarəsinin balansındadır. İddiaçının ilkin iddiasının əsası kimi istinad etdiyi hal məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Odur ki, ilkin iddia “subicarə müqaviləsinin ləğv edilməsi” hissəsində iddianı təmin etməyən məhkəmə doğru nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, müqavilənin ləğv edilməsi hissədə iddianı təmin etmək üçün əsas yoxdur. Müqaviləyə xitam verilməsi üçün qanunvericilkdə nəzərdə tutulmuş digər əsaslar da müəyyən edilmir. İddiaçının digər tələbi “cavabdeh tərəfindən tikilmiş tikililərin onun hesabına sökülməsi” barədədir. İlkin iddia tələbi həmin hissədə də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddəsinin 1-ci hissəsinə əsasən, torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ- hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Həmin Məcəllənin 58-ci maddəsinin 2-ci hissəsinə əsasən, qanunvericilikdə, habelə istifadə və icarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən müvəqqəti istifadə (icarə) müddəti başa çatdıqdan sonra istifadəçi (icarəçi) tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir. Məhkəmə düzgün olaraq belə qənaətə gəlmişdir ki, mübahisəli torpaq sahəsi cavabdehə subicarə müqaviləsi əsasında icarəyə verildikdən sonra onun tərəfindən həmin torpaq sahəsində hər hansı tikinti-quraşdırma işlərinin aparılması müəyyən edilmədiyindən, cavabdeh tərəfindən tikilməyən tikililərin onun hesabına sökülməsinə dair iddia tələbi təmin edilə bilməz. Odur ki, ilkin iddia tələbi göstərilən hissədə də rədd edilməlidir. İddiaçı həm də cavabdehdən vurulmuş ziyanı tələb etmişdir. İddiaçı onun tərəfindən əkilmiş əkinlərin Cavabdeh tərəfindən biçilməsi zamanı dəymiş zərərin real bazar qiymətinə uyğun kompensasiyasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı ona zərər dəyməsi, zərərin mövcudluğu, dəymiş maddi zərərin miqdarı, zərərin cavabdeh tərəfindən vurulması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən sübut təqdim edilmədiyindən, ona zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. İddiaçı nümayəndəsi xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı dəymiş zərərin real bazar qiymətinə uyğun kompensasiya edilməsinə dair iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, zərərin ödənilməsi hissədə iddiaçı öz tələbini müdafiə etməmişdir. Kollegiya hesab edir ki, zərərin ödənilməsi hissədə də iddianı təmin etmək üçün əsas yoxdur, odur ki, bu hissədə də apellyasiya şikayəti təmin edilməməlidir. Qarşılıqlı iddia tələbində Cavabdeh, tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli razılaşmanın aralarında bağlanmış torpağın subicarə müaviləsinin bağlandığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən qüvvədən düşmüş hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında sərgilədiyi hüquqi mövqeyinə görə, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub- olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Torpaq sahəsi ilə bağlı xx.xx.2021-ci il tarixdə razılaşma notariat qaydasında təsdiq edilməmiş və həmin razılaşmaya əsasən hüquqlar dövlət reyestrində qeydiyyata alınmamışdır. Mülki Məcəllənin 146-cı maddəsinə əsasən: 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mübahisələndirilən razılaşmaya əsasən hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmadığından, tərəflərin heç birinin qeyd edilən torpaq sahəsinə dair göstərilən razılaşmadan irəli gələn hər hansı hüquqları da olmamış və həmin razılaşma qüvvəyə minməmişdir. Məhkəmə hesab etmişdir ki, qeyd edilən razılaşma qüvvəyə minməmişdir. Odur ki, qüvvəyə minməmiş razılaşmanın qüvvədən düşmüş hesab edilməsinə dair qarşılıqlı iddia da təmin edilə bilməz. Bundan başqa, sözügedən xx.xx.2021-ci il tarixdə razılaşmadan sonra tərəflər arasında torpaq sahəsinə dair rəsmi qediyyatdan keçmiş xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsi tərəflər arasında olan münasibətləri rəsmi olaraq tənzimləmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, tərəflər öz aralarında xx.xx.2022-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş subicarə müqaviləsi bağlamaqla, xx.xx.2021-ci il tarixli razılaşmanın ləğv edilməsinə (qüvvədən düşməsinə) dair öz iradə ifadələrini bildirmişlər. Odur ki, həmin razılaşmanın yenidən məhkəmə qaydasında qüvvədən düşmüş hesab edilməsinə zərurət yoxdur. Buna görə də hazırki qarşılıqlı iddia tələbi əsassızıdır və qarşılıqlı iddia rədd edilməlidir. Bu hissədə də Kollegiya birinci instansiya məhkəməsini mövqeyi ilə razılaşır və hesab edir ki, qarşılıqlı iddiaya dair hissədə də apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Göstərilənlər onu deməyə əsas verir ki, Şirvan Kommersiya Məhkəməsinin 09 avqust 2023-cü il tarixli qətnaməsi və 17 noyabr 2023-cü il tarixli əlavə qətnaməsi qanuni və əsaslıdır. Apelyasiya şikayətlərini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, hər iki qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya şikayətləri təmin edilmədiyindən, şikayətlərin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qətetdi: İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 09 avqust 2023-cü il tarixli e-2-2(121)-1099/2023 saylı qətnaməsi və Şirvan Kommersiya Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli e-2-2(121)- 1099/2023 saylı əlavə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən ondan 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar