Məhkəmə qərarları › İş №2-2(106)-36/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-36/2024

25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-36/2024 25.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "İnci Kredo” Kredit İttifaqı MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Açar sözlər: kredit müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə borcun ödənilməsi Şirvan şəhəri, 25 yanvar 2024-cü il X8 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Kredit İttifaqı MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2- 2(121)-1128/2023 saylı qətnaməsindən (hakim Namidar Misirzadə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Kredit İttifaqı MMC cavabdehlər Cavabdeh və Zamin qarşı - cavabdehlərlə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin ləğv edilməsi, cavabdehlərdən kredit borcu üzrə 4700 manat, faiz borcu 475,36 manat və cərimə borcu üzrə 284,90 manat, cəmi 5460,26 manat və ödənilmiş 75 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5535,26 manat məbləğin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə Yardımlı Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh və X5 ilə "xxxx" MMC arasında SİF- 2019/10-76, Z-2019-71 saylı, xx.xx.2019-cu il tarixli kredit və zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə 36 ay müddətində illik 5% olmaqla 5000 manat verməklə üzərinə düşən öhtəliyi yerinə yetirmişdir. Müqaviləyə əsasən, Cavabdeh sahibkarlıq məqsədilə 36 ay müddətində qaytarma şərtləri daxilində və onun kredit aldığı gündən başlayaraq illik 5% faiz ödəməsi şərti ilə 5000 manat vəsaiti məbləğində pul götürmüşdür. Cavabdehlər 5000 manat əsas borcu və ona hesablanmış 577,36 manat faizi xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilə kimi ödəməli idi. Lakin, cavabdehlər xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşlar. Müqavilə bağlanan gündən hazırki günə qədər iddiaçıya cəmi kredit borcu üzrə əsas məbləğ 300 manat, faiz borcu üzrə 102 manat kredit ödənişi etmişlər. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdehlərin iddiaçıya kredit borcu üzrə 4700 manat, faiz borcu 475,36 manat və cərimə borcu üzrə 284,90 manat, cəmi 5460,26 manat borcları vardır. Yardımlı Rayon Məhkəməsinin 2(038)-419/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh və X2 xx.xx.2019-cu il tarixli, SİF-2019/10-76 saylı kredit müqaviləsi üzrə 4700 manat əsas kredit borcu, 475,36 manat faiz borcu, 20 manat cərimə borcu olmaqla ümumilikdə 5195,36 manat məbləğində pul və 75 manat məbləğində ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı Kredit İttifaqı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-626/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Yardımlı Rayon Məhkəməsinin 2(038)- 419/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinin ləğv olunması və mülki işin məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh X3 qeyd etmişdir ki, iş materiallarında tərəfindən xx.xx.2022-ci il tarixli "xxxx" MMC-dən təqdim edilmiş çıxarış mövcuddur, həmin çıxarışda borcu 3500 manat göstərilmişdir, iddianı həmin hissədə qəbul edir. İş materiallarında İddiaçı Kredit İttifaqı MMC tərəfindən xx.xx.2022-ci il tarixli "xxxx" MMCdən təqdim edilmiş çıxarış mövcuddur, həmin çıxarışda borcu 4700 manat göstərilmişdir, həmin çıxarışla razı deyil, belə ki, iddiaçı tərəfindən borcu çox hesablanmışdır. Cavabdeh X4 birinci instansiya məhkəməsində iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2-2(121)-1128/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 4700 manat əsas borc, 475,36 manat faiz borcu, 28 manat cərimə olmaqla, cəmi 5203,36 manat məbləğində kredit borcunun, 74,60 manat məbləğində dövlət rüsumunun Cavabdeh və Zamin müştərək qaydada alınaraq "İnci Kredo” Kredit İttifaqı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin Cavabdeh və Zamin müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehdən Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini, dəqiq borc məbləğinin müəyyən olunmasını, Şirvan Kommersiya Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilərək, iddian tələbinin 1500 manat məbləğində hissəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, işə birtərəfli baxılaraq hüquqları pozulmuşdur. O, iddiaçıdan götürdüyü puldan 1000, 6, 21, 50, 25, 100, 300, 300 manat qəbzlərlə ödəmişdir. 600 manat da əvvəl depozit ödəmişdir. İddiaçı və məhkəmə bunların 1500 manat hissəsini nəzərə almamışdır. Ekspertin rəyi ilə qismən razı deyil. Düzgün hesablama aparılmamışdır. Onun məhkəmədə iştirakı təmin edilmədiyindən ekspert rəyi ilə tanış olmaq, ona etiraz etmək imkanı olmamışdır. Bu səbəbdən də hesab edir ki, qətnamə qismən ləğv edilməli, təkrar ekspertiza təyin edilməli və iddia tələbinin qismən təmin edilməsi, iddianın 1500 manat məbləğində təmin edilməməsinə dair qətnamə qəbul edilməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmədə iştirak etməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək, iddianın 1500 manat hissəsində təmin edilməməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə qismən yoxlanılmasını düzgün hesab edir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edib hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin onu mübahisələndirən şəxsə münasibətdə ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan SİF-2019-10/76 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, "İnci Kredo” Kredit İttifaqı MMC ilə Cavabdeh arasında kreditdən istifadəyə görə illik 5 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 5000 manat məbləğində kreditin verilməsi barədə kredit müqaviləsi bağlanmışdır. İş materiallarında olan Z-2019-71 saylı, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh SİF-2019-10/76 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə "İnci Kredo” Kredit İttifaqı MMC ilə digər cavabdeh Zamin arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş qəbzlərin surətlərindən görünür ki, Cavabdeh kredit borcundan xx.xx.2020-ci il tarixdə 25 manat; xx.xx.2020-ci il tarixdə 50 manat; xx.xx.2020ci il tarixdə 27 manat; xx.xx.2022-ci il tarixdə 300 manat pul vəsaiti ödəmişdir. İş materiallarına əlavə edilən Azərbaycan Kredit Bürosundan verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh kredit qalıq məbləği 3500 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 89 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı "İnci Kredo” Kredit İttifaqı MMC tərəfindən Azərbaycan Kredit Bürosu MMC-yə 2019-cu ildə eyni məbləğdə kredit verilmiş və eyni aylıq ödənişi olan müştərilərin məlumatları sistemə daxil olunarkən texniki səhvə yol verilərək Cavabdeh tarixçəsində ödənilməmiş məbləğlər ödəniş kimi qeyd edildiyindən sistemdə dəyişilik edilməsi barədə müraciət edilmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Kredit Bürosundan verilmiş xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli çıxarışlardan görünür ki, Cavabdeh kredit qalıq məbləği 4700 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh banka 4700 manat əsas, 475,36 manat faiz borcu mövcuddur. İşdə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/5368 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, "İnci Kredo” Kredit İttifaqı MMC ilə Cavabdeh arasında bağlanmış SİF-2019- 10/76 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borclunun xx.xx.2022-ci il tarixə 4.700 manat əsas, 592,11 manat faiz borcu, xx.xx.2022-ci il tarixinə 4.700 manat əsas, 643,68 manat faiz borcu, xx.xx.2023-cü il tarixə 4.700 manat əsas, 798,39 manat faiz borcu müəyyən edilir. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsasə verir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli sürdüyü müqavilə üzrə hesablanan borcun ödənilməsindən ibarət tələbi qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən əsas borc və faiz borcunun məbləği təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə müvafiq olaraq müəyyən edilmiş, cərimənin məbləği isə Mülki Məcəllənin 467-ci maddəsinə müvafiq olaraq tənasübsüz qaydada azaldılmışdır. Cavabdeh tərəf apellyasiya şikayətində iddiaçıdan götürdüyü puldan 1000, 6, 21, 50, 25, 100, 300, 300 manat qəbzlərlə ödəniş etdiyini, 600 manat əvvəldən depozit ödədiyini və ekspert rəyi ilə qismən razı olmadığını, birinci instansiya məhkəməsində iştirakı təmin edilmədiyindən ekspert rəyinə etiraz edə bilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə ödənişlər ödədiyini, məhkəmənin bunu nəzərə almadığını bildirsə də, buna dair zəruri sübutlarını məhkəməyə təqdim etməmişdir. Eyni zamanda ekspert rəyi ilə hansı əsaslara görə razılaşmadığını, ekspert rəyinin əsassızlığına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun gəlir və maddi hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qətnamənin əsaslılığı apellyasiya şikayətinə müvafiq olaraq yoxlanıldığından və cavabdeh tərəfindən hesablanmış borc məbləğini şübhə altına ala biləcək sübutlar təqdim edilmədiyindən, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən olunmur. Cavabdehin birinci instansiya məhkəməsində iştirakı təmin edilmədiyindən ekspert rəyinə etiraz edə bilmədiyi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da, müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyinin surəti və məhkəmə bildirişi Cavabdeh poçt vasitəsilə göndərilmişdir. İş materiallarından məhkəmə bildirişinin cavabdeh tərəfindən qəbul edildiyi müəyyən edilir. Qeyd edilənlərə əsasən də, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və qətnamənin ləğv olunması və yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsinin ümumi məbləği 10000 manatdan çox deyil, buna görə də hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2-2(121)-1128/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar