Məhkəmə qərarları › İş №2-2(106)-37/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-37/2025

27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-37/2025 27.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Tərlan oğlunun sədrliyi ilə, Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi dair mülki iş üzrə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-4004/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı iddia ərizəsinin geri qaytarılması, xx.xx.2024- cü il tarixdə dövlət büdcəsinə ödənilmiş 175,4 manat məbləğində dövlət rüsumunun iddiaçıya qaytarılması qərara alınmışdır. Qərardadda göstərilmişdir ki, qeyd edilən kredit razılaşmaları üzrə cavabdehlərə, o cümlədən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 hər birinə ayrı qaydada pretenziya məktubları göndərmişdir. Yəni, qeyd edilən 2 cavabdehə ayrı-ayrı qaydada 4 pretenziya məktubu göndərilmiş, həmin məktubların cavabdehlər tərəfindən alınmasına dair isə 2 xəbərnamə mövcuddur. Göstərilən xəbərnamələrin də hansı kredit razılaşması üzrə göndərilməsi müəyyən edilmir. Belə olan halda, Cavabdeh3 və Cavabdeh1 tərəfindən pretenziya məktublarının alınmasına dair sübut təqdim edilməmişdir. MPM-in 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi MPM-in tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı qərardaddan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin elektron sisteminə elektron qaydada yerləşdirilmiş iş materiallarından 46 və 47-ci vərəqlərində xx.xx.2024-cü il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 hər birinə ayrı-ayrılıqda xəbərdarlıqlar (pretenziya məktubları) göndərilmiş, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 və xx.xx.2024-cü il tarixdə isə Cavabdeh3 xəbərnaməyə imza etməklə xəbərdarlıqları (pretenziya məktublarını) almışlar. Məhkəmənin 2 cavabdehə ayrı-ayrı qaydada 4 pretenziya məktubu göndərilməsi və hər məktubu ayrı-ayrı konvertə qoyub hər məktuba barəsində bir xəbərnamə yazılmalı olduğu barədə fikrinə münasibət bildirərək qeyd etmək istəyirlər ki, qanunun tələbi hər konvertə 1 məktub və hər məktuba 1 xəbərnamə yazmaq deyil, məktubda qeyd olunan xəbərdarlıqların cavabdehlərə çatdırılmasından ibarətdir. Məhkəmə praktikasında hətta eyni ünvanda yaşayan cavabdehlərə məhkəmə sənədlərinin eyni konvertdə göndərilməsi halları mövcuddur ki, həmin səndlərin bir şəxs tərəfindən alınması artıq məhkəmə sənədlərinin təqdim olunmuş sayılır. Belə olan halda bir şəxsə 2 xəbərdarlıq məktubunu ayrı-ayrı konvertlərdə və ayrı-ayrı xəbərdarlıqlar yazılaraq göndərilməsi nə məntiqə, nə də hər hansı qanun normasına əsaslanmır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-4004/2024 saylı qərardadı ilə şikayətin təmin edilməməsi, baxılması üçün mülki işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-4004/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilməli, qərardadı ləğv edilməli, iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş materialları Şirvan Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına MPM-in 152-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi öz qərardadında iddia ərizəsinin geri qaytarılması barədə düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, iş materiallarına əsasən xx.xx.2024-cü il tarixdə Cavabdeh1 və Cavabdeh3 hər birinə ayrı-ayrılıqda xəbərdarlıqlar (pretenziya məktubları) göndərilmiş, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 və xx.xx.2024-cü il tarixdə isə Cavabdeh3 xəbərnaməyə imza etməklə xəbərdarlıqları (pretenziya məktublarını) almışlar. Birinci instansiya məhkəməsinin cavabdehlərə ayrı-ayrı olmaqla, dörd pretenziya məktubunun göndərilməsi və hər məktubu ayrı-ayrı konvertə qoyub hər biri barədə isə ayrıca xəbərnamə lazım olması kimi mövqeyinə dair qeyd edilməlidir ki, bu cür qiymətləndirmə qanunvericiliyin tələblərinə formal yanaşmadan irəli gəlir. Kollegiya iş materiallarını məhkəmənin gəldiyi nəticə ilə müqayisəli şəkildə təhlil edərək hazırkı halda iddia ərizəsinin geri qaytarılması üçün qanuni əsasların olmaması qənaətindədir. Azərbaycan Respublikası Kostitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Habelə MPM-in 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlərlə yanaşı diqqətə çatdırır ki, hər kəsin qanunla qorunan öz hüquq və azadlıqlarını qorumaq və təmin etmək məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək hüququna hörmət baxımından mübahisələndirilən qərardadla əldə edilən qənaət mülki prosessual qanunvericiliyin tələblərinə zidd olmaqla, mülki məhkəmə icraatının vəzifələrinin imperativ göstərişlərinə uyğun deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir (“X1rşı” iş üzrə 28 may 1985-ci il tarixli və “Bellet Fransaya qarşı” iş üzrə 04 dekabr 1995-ci il tarixli qərarlar). MPM-in 399-cu maddəsinə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Göründüyü kimi, məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və eyni zamanda məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 397.2, 398, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-4004/2024 saylı qərardadı ləğv edilsin və iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş materialları Şirvan Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar