Məhkəmə qərarları › İş №2-2(106)-38/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-38/2025

27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-38/2025 27.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2(121)-1816/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı 020R********** saylı krеdit razılaşması üzrə 641,31 manat məbləğində krеdit bоrcu, 255,95 manat məbləğində faiz bоrcu və 258,12 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1155,38 manat məbləğində bоrcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 40 manat məbləğində mediasiya xərcinin tutulması barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə (iddia ərizəsi) ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadları ilə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin Cavabdeh1 aid hissədə yolverilməzliyə görə qəbul edilməsindən imtina edilməsi, həmçinin digər cavabdehlərə aid hissədə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Tərəflər məhkəmə hazırlıq iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Şirvan Kommersiya Məhkəməsinin (hakim Namidar Misirzadə) 10 dekabr 2024-cü il tarixli 2-2(121)-1816/2024 saylı qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılması, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Qərardadda göstərilmişdir ki, MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab etmişdir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 nömrəli xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndi ilə “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişikliklər edilərək, 5.1-ci bəndə əsasən 2-ci bənd aşağıdakı redaksiyada verilmişdir: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” İddiaçı iş üzrə 10 dekabr 2024-cü il tarixli qərardaddan şikayət verərək onun ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir. Qanunun normasından da görünür ki, məhkəmə xx.xx.2024-cü il tarixdə mülki iş üzrə ekspertiza rəyi gəldikdən sonra həmin rəyə dair mülahizələrini və etirazlarını təqdim etmək üçün ən azı 10 gün qalmış iddiaçı banka bildiriş göndərməli idi. Lakin hansısa səbəbdən məhkəmə tərəfindən qanunun bu norması nəzərə alınmamış və iş üzrə icraat təzələnəndən sonra prosessual hüquqları məhdudlaşdırılaraq 8 gün müddətinə proses təyin olunmuşdur. Belə ki, MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Sonuncu məhkəmə iclasında iştirak etməməyin səbəbi yuxarıda qeyd etdiyi kimi prosessual hüquqlarının pozularaq məhkəmədə iştirak etmək üçün və ekspertiza rəyinə etiraz və mülahizələrini bildirmək üçün məhkəmə bildirişinin vaxtında çatdırılmaması olmuşdur. Bundan başqa, xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş və cavabdehlərin məhkəmə iclasında iştiraklarının təmin olunması məqsədi ilə 5 dəfə təxirə salınmış, məhkəmə iclaslarınnın hamısında iştirak edərək işin məhkəmə baxışına təyin olunmasını xahiş etmiş və ekspertiza təyin olunmamışdan öncəki prosesdə isə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan işin məhkəmə baxışına təyin olunmasını xahiş etmişlər. Məhkəmə tərəfindən ərizənin baxılmamış saxlanılması qanunun tələblərinə uyğun deyildir. Şirvan Kommersiya Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, Şirvan Kommersiya Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2(121)-1816/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, qərardad ləğv edilməli, hazırkı - İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Belə ki, məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına MPM-in tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi öz qərardadında iddia ərizəsinin baxılmamış saxlanılması barədə düzgün olmayan qənaətə gəlmişdir. Bu zaman nəzərə alınmalıdır ki, MPM-in 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə, məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Habelə MPM-in 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 259.0.7-ci maddəsinə əsasən isə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda sadalanan normaların tələbinə uyğun olaraq ərizənin baxılmamış saxlanılmasını tənzimləyən MPM-in 185.4, 259.0.6-cı və 259.0.7-ci maddələrinin imperativ tələbindən də göründüyü kimi, ərizənin baxılmamış saxlanılması üçün əsas tərəflərin məhkəmə baxış iclasına həm təkrar olaraq gəlməməsi, həm də iddiaçının məhkəmənin birinci çağırışına gəlməməsidir. Hazırkı iş üzrə ərizənin baxılmamış saxlanılması baxımından yuxarıda sadalanan normalarda şərtləndirilən halların baş verməsi isə müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin tələblərindən görünür ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. MPM-in 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 399-cu maddəsinin tələbinə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2(121)-1816/2024 saylı qərardadı ləğv edilərək iddiaçı Accessbank” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə mahiyyəti üzrə baxılması üçün iş Şirvan Kommersiya Məhkəməsinin göndərilməlidir. PPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 397.2, 398, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2(121)-1816/2024 saylı qərardadı ləğv edilsin. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar