Məhkəmə qərarları › İş №2-2(106)-40/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-40/2023

27.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-40/2023 27.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin 09 fevral 2023-cü il tarixli e-2-2(121)-1665/2022 nömrəli qərardadından Cavabdeh vəkili və eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 18800 manat məbləğində pulun, maddi ziyan kimi 500 manat vəkilə ödənilən xidmət haqqının, mediasiya üçün ödənilən 200 manat dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli e-2-2(121)-1665/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh 18880 manat pul, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 manat və 200 manat mediasiya xərci olmaqla, ümumilikdə 19380 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İş materiallarına əsasən qətnamə 4 noyabr 2022-ci il tarixli poçt qaiməsi ilə tərəflərin rəsmi qeydiyyat ünvanlarına göndərilmişdir. İşə əlavə edilmiş xəbərnamələrdən görünür ki, qətnamə 16 noyabr 2022-ci ildə Cavabdeh, 23 noyabr 2022-ci ildə isə İddiaçı rəsmi qaydada verilmişdir. 18 dekabr 2022-ci il tarixdə saat 23:42-də cavabdehin vəkili və eyni zamanda nümayəndəsi Vəkil oğlu tərəfindən imzalanaraq “Elktron məhkəmə” informasiya sistemi üzərindən qətnamədən apellyasiya şikayəti vermiş, Şirvan Kommersiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qanunla müəyyən olunan müddət ərzində verilməməsi əsası ilə geri qaytarılmışdır. Qeyd olunan qərardad iş materiallarına əlavə edilmiş poçt göndərişlərinin izlənməsi üzrə "xxxx" MMC-nin rəsmi internet səhifəsindən edilmiş çıxarışa əsasən 6 yanvar 2023-cü ildə Cavabdeh verilmişdir. Apellyasiya şikayətinin qanunla müəyyən olunan müddət ərzində verilməməsi əsası qaytarılmasına dair Şirvan Kommersiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərardadı cavabdeh tərəfindən mübahisələndirilmədən, 6 fevral 2023-cü il tarixdə saat 22:05-də cavabdehin vəkili və eyni zamanda nümayəndəsi Vəkil tərəfindən imzalanaraq “Elktron məhkəmə” informasiya sistemi üzərindən qətnamədən yenidən apellyasiya şikayəti verilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 9 fevral 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qanunla müəyyən olunan müddət ərzində verilməməsi əsası ilə geri qaytarılmışdır. Qeyd olunan qərardaddan cavabdehin vəkili və eyni zamanda nümayəndəsi Vəkil oğlu şikayət verərək ləğv olunmasını və apellyasiya şikayətinin qəbul edilərək aidiyyəti üzrə baxılmasından ötrü göndərilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərardadda qeyd olunur ki, tərəflərindən məhkəmənin 26 oktyabr 2022-ci il tarixli e-2-2(121)-1665/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti guya 6 fevral 2023-cü il tarixdə verilmişdir. Bu tamamilə yalnış mövqe sərgiləmək demək olmaqla və qəsdən Cavabdeh hüquqlarının pozulmasına səbəb olan qanuna zidd bir hərəkətdir. 6 fevral 2023-cü il tarixdə tərəflərindən apellyasiya şikayəti yox, əsassız və qanunsuz olaraq icraya yönəldilmiş icra vərəqəsinin Biləsuvar rayon İcra və probasiya şöbəsindən geri götürülməsi xahiş edilmişdir. Həmin qətnamənin surəti poçt vasitəsi ilə 18 noyabr 2022-ci il tarixdə Cavabdeh təqdim edilmiş və bir ay müddətində, yəni 18 dekabr 2022-ci il tarixdə apellyasiya şikayəti Şirvan Kommeriya Məhkəməsinin elektron poçtuna yerləşdirilmiş və həmin tarixdə də apellyasiya şikayətinin məhkəmə tərəfindən qəbul edilməsi təsdiqlənmişdir. Tərəfindən məhkəməyə ünvanlanmış 6 fevral 2023-cü il tarixli şikayət məktubu apellyasiya şikayəti yox, əsassız olaraq icraya yönəldilmiş icra sənədinin geri götürülməsi barədədir. Həmin şikayətə 18 dekabr 2022-ci il tarixdə elektron poçt vasitəsi ilə məhkəməyə elektron qaydada verdiyi apellyasiya şikayətinin elektron sistemdən çıxarılmış surətini və məhkəmə tərəfindən 26 oktyabr 2022- ci il tarixli e-2- 2(121)-1665/2022 nömrəli qətnaməsinin göndərilməsi barədə zərfin surətini də əlavə etmişdir. Həmin zərfin üzərinə vurulmuş Biləsuvar rayonu Xırmandalı kənd poçtunun möhüründən də mübahisəsiz qaydada təsdiq olunur ki, həmin məktub 18 noyabr 2022-ci tarixdə Xırmandalı poçtuna daxil olmuşdur. Qanunun tələbi baxımından Şirvan Kommersiya Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli e-2-2(121)-1665/2022 nömrəli qətnaməsindən şikayət vermə müddəti 18 dekabr 2022-ci il tarixdə bitir. 18 dekabr 2022-ci il tarixi bazar gününə düşdüyündən həmin qətnamədən şikayət vermə müddətinin son günü növbəti həftənin birinci iş günündən, yəni 19 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Beləliklə, tərəfindən Şirvan Kommersiya Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli e-2- 2(121)-1665/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vaxtında verilmişdir. Bunu dəqiqləşdirmək üçün böyük peşəkarlıq və savad yox, sadəcə diqqətli olmaq lazımdır. Kiminsə diqqətsizliyi və bigənəliyi ucbatından kiminsə hüquqlarının pozulmasına yol vermək olmaz. Şirvan Kommersiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. Belə ki, iş materiallarında olan xəbərnamədən görünür ki, cavabdehin apellyasiya qaydasında mübahisələndirmək istədiyi qətnamə 16 noyabr 2022-ci ildə rəsmən cavabdehə verilmiş, cavabdehin vəkili və eyni zamanda nümayəndəsi tərəfindən qətnamə ilk dəfə 18 dekabr 2022-ci il tarixdə saat 23:42-də imzalanaraq “Elktron məhkəmə” informasiya sisteminə yerləşdirilməklə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İşdən göründüyü kimi cavabdehin apellyasiya qaydasında mübahisələndirmək istədiyi qətnamə iş materiallarında olan xəbərnaməyə əsasən cavabdehə 16 noyabr 2022-ci il tarixdə rəsmən verilmişdir və onun üçün apellyasiya şikayətinin verilməsinin son müddəti 16 dekabr 2022-ci il tarixinə düşmüşdür. 16 dekabr 2022-ci il tarixi iş günü olmaqla həftənin cümə gününə təsadüf etdiyindən, həmin günü saat iyirmi dördə qədər cavabdeh rabitə orqanına təqdim etməklə qətnamədən apellyasiya şikayəti verə bilərdi. Lakin cavabdehin vəkili və eyni zamanda nümayəndəsi Vəkil tərəfindən imzalanaraq “Elktron məhkəmə” informasiya sistemi üzərindən qətnamədən apellyasiya şikayəti 18 dekabr 2022-ci il tarixdə saat 23:42-də verilməklə, qanunla müəyyən olunan prosessual müddət ötürülmüşdür. Bundan başqa Şirvan Kommersiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli e-2- 2(121)-1665/2022 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarılmış, həmin qərardad 6 yanvar 2023-cü il tarixdə cavabdeh tərəfindən qəbul edilmiş və qanunvericiliklə müəyyən olunan prosessual müddət ərzində miübahisələndirilməmişdir, həmin qərardad qanuni qüvvəyə minmişdir. Qətnamədən qanunla müəyyən olunan prosessual müddət ərzində apellyasiya şikayətinin verilməsinə dair cavabdehin vəkili və eyni zamanda nümayəndəsi Vəkil şikayətinin dəlili iş materialları ilə təsdiqini tapmadığından, birinci instansiya məhkəməsi apellyasiya şikayətini prosessual qanunvericiliklə müəyən olunan müddət ərzində verilməməsi əsası ilə qaytarmaqda haqlı olmuş, prosessual hüquq norması düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır; 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər; 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə, 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin vəkili və eyni zamanda nümayəndəsi Vəkil şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 09 fevral 2023-cü il tarixli e-2-2(121)-1665/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar