Məhkəmə qərarları › İş №2-2(106)-42/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-42/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-42/2023 27.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Açar sözlər: pul tələbi X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şirvan Kommersiya Məhkəməsinin e 2- 2(121)-50/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16.989 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehin toyuq ferması olduğundan hər dəfəsində ona məxsus firmadan toyuq yemi götürərək, pulunu nisyə olaraq verirmiş. Cavabdehlə bu formada işlədiklərindən heç vaxt satışa buraxdıqları yemlə bağlı problemləri olmamışdır. Lakin bir müddət sonra onlara rəqib başqa şirkət ərazilərində fəaliyyətə başlayaraq toyuq ferması olanlara güzəştli yem payladığından cavabdehlə birlikdə bir neçə müştəriləri də onlardan aldıqları yemin pulunu ödəməkdən yayınmışlar. Cavabdeh isə yemin keyfiyyətsiz olduğunu bəhanə edərək ona qalan borcunu geri qaytarmaqdan yayınır. Dəfələrlə cavabdehlə söhbətlər aparılmasına baxmayaraq cavabdehlə hər hansı bir razılıq əldə edə bilməmişdir. Odur ki, Cavabdeh 16.989 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 16.989 manat pulun, hüquqi xidmətə görə ödənilmiş 400 manat, mediasiya ilə bağlı ödənilmiş 200 manat və dövlət rüsumuna görə ödənilmiş 120 manat pulun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi X3 izahat verərək cavabdehlə şifahi alqı-satqı müqaviləsinin bağlanıldığını və həmin müqaviləyə əsasən cavabdehin iddiaçıya 16.989 manat borcunun olduğunu bildirərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh izahatında iddiaçıdan elektron qaimə əsasında təxminən 22.000 manat dəyərində toyuq yemi aldığını, 22.000 manat borcdan müəyyən hissəsini qaytardığını, lakin həmin yem keyfiyyətsiz olduğundan toyuqların məhv olduğunu, ona ziyan dəydiyini, buna görə də iddiaçıya olan 16.989 manat borc pulu qaytarmadığını bildirmişdir. Şirvan Kommersiya Məhkəməsinin e 2-2(121)-50/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 16.989 manat, hüquqi yardımla bağlı ödənilmiş 200 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 manat və mediasiya xərci olaraq ödənilmiş 200 manat olmaqla, ümumilikdə 17.509 (on yeddi min beş yüz doqquz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi tam əsassızdır. Məhkəmə işi tam araşdırmadan tələm-tələsik qətnamə çıxarmışdır. Əgər məhkəmə məhkəməyə təqdim edilən laboratoriya müayinəsinin nəticəsini araşdırsaydı, onda iş tamam başqa cür olacaqdı və iddia tələbi rədd olunacaqdı. Məhkəmə bilə-bilə laboratoriya müayinəsinin nəticəsinə dair sənədə qətnaməsində qiymət verməmişdir. Axı qiymət versəydi iddia tələbini təmin edə bilməyəcəkdi. Məhkəmə qətnaməsində ona verilən toyuq yemlərinin standartlara cavab verdiyini qeyd etmişdir. Toyuq yemlərinin keyfiyyətli olması barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Lakin onun tərəfindən toyuq yemlərinin keyfiyyətsiz olması barədə təqdim etdiyi sübuta isə məhkəmə bilərəkdən qiymət verməmişdir. Yəni ki, məhkəmə qətnaməsində toyuq yemlərinin keyfiyyətli olması barədə heç bir sübut yoxdur. Məhkəmə qətnməsində konkret göstərmişdir ki, toyuq yemləri keydiyyətli olmuşdur. Onun tərəfindən də götürülmüş keyfiyyətsiz yemlərin pulu ödənilməlidir. Məhkəmə işin faktiki halına düzgün qiymət verməmişdir. O iddiaçı ilə uzun müddətdir ki, qarşılıqlı işləyir. İddiaçldan indiyə kimi 2-3 milyon manatlıq toyuq götürmüşdür və götürdüyü yemlərin hamısının pulunu da vermişdir. Borclu qaldığı yemin pulunu verməmişdir və səbəbini də ona bildirmişdir. Keyfiyyətsiz yemə görə ona külli miqdarda ziyan dəymişdir. Yemin keyfiyyətsiz olması barədə laboratoriya müayinəsi də məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə buna qiymət verməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh oğlu məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edib onun dəlillərinə oxşar olan izahat vermişdir. Həmçinin göstərmişdir ki, həqiqətən də iddiaçı ilə aralarında toyuq yeminin alış-verişi olmuş və münasibətləri yaxşı olmuşdur. Lakin sonradan iddiaçının satdığı yemlər keyfiyyətsiz olduğundan ondan aldığı və iddiaçıya ödəməli olduğu 16989 manat pulu ona geri ödəməmişdir. Yem keyfiyyətsiz olduğundan aralarında olan işgüzar münasibət pozulmuşdur. İddiaçı ona keyfiyyətli yem satmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək onun təmin edilməməsini xahiş etmişdir. Bildirmişdir ki, cavabdeh apellyasiya şikayətində də onun iddiaçıya borcunun olduğunu bildirir. Toyuq yeminə gəldikdə isə qeyd etmişdir ki, yem standartlara uyğun olmuş və bununla bağlı müvafiq sübutlar işə əlavə edilmişdir. Sonda apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidir. Belə ki, iş materiallarında olan EEAQ seriyalı, 775887 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimənin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 3.820 manat məbləğində yem təqdim edilmişdir. Həmin elektron qaimə Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan EAAS seriyalı, 093142 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimənin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 7.237,49 manat məbləğində yem təqdim edilmişdir. Həmin elektron qaimə Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan EAAY seriyalı, 37706 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimənin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 5.340 manat məbləğində yem təqdim edilmişdir. Həmin elektron qaimə Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan EAAY seriyalı, 835709 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimənin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 3.560 manat məbləğində yem təqdim edilmişdir. Həmin elektron qaimə Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli analiz sertifikatlarından görünür ki, Cavabdeh verilən yemin keyfiyyəti normalara uyğun olmuşdur. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il, MŞL-00399 saylı arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya dair xərci ödəmişdir. İş materiallarında olan 7814 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Vəkil xidmətinin göstərilməsi üçün 400 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan “Dövlət rüsumunun ödənilməsi haqqında” məlumatdan görünür ki, İddiaçı tərəfindən 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Mülki işə tətbiq edilən hüquq: Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Sübutetmə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, “hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir”. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh iddiaçıdan almış olduğu toyuq yeminin dəyərinin qaytarılmasının səbəbi kimi həmin yemlərin keyfiyyətsiz olması ilə əlaqələndirmişdir. Cavabdeh iddiaçıdan 22000 manat dəyərində toyuq yemi almasını qəbul edir. Həmin puldan bir hissəsini qaytarsa da 16 989 manatlıq yemin pulunu qaytarmadığını etiraf edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393, 405, 442, 445.1, 445.2, 448.1, 448.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin e 2-2(121)-50/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kasasiya şikayəti verilə bilər. Kasasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar