Məhkəmə qərarları › İş №2-2(106)-44/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-44/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-44/2024 02.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Meliorasiya-Mexaniki Təmir Zavoduna, C və T qarşı pul tələbinə dair kommersiya işi üzrə Açar sözlər: pul tələbi, sübutetmə X8 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər C, "Azərbaycan Meliorasiya və T və E qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2- 2(121)-1555/2023 saylı qətnaməsindən (hakim Zaur Abbasov) İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər D, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Sumqayıt Melioservis İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, 118.180 manat bank hesabına köçürülmüş pul, 410 manat dövlət rüsumu olmaqla, cəmi 118.590 manat pulun cavabdehlər Meliorasiya-Mexaniki Təmir Zavodu, Azərbaycan Meliorasiya və X10 Səhmdar Cəmiyyəti və Sumqayıt Melioservis İdarəsindən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh Meliorasiya Mexaniki Təmir Zavoduna, həmin Zavodun bank hesabının tənzimlənməsi üçün 04 mart 2021-ci il tarixdə 118.180 manat borc pul vermişdir. Həmin pul zavodun bank hesabına köçürülüb və qısa vaxtda qaytarılacağı bildirilib. Pulun geri qaytarılması İddiaçı tərəfindən dəfələrlə tələb olunub, lakin həmin borc qaytarılmamışdır. Hazırda Şirvan şəhərində yerləşən Meliorasiya-Mexaniki Təmir Zavodu, Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyətinin və Sumqayıt Melioservis İdarəsinin tabeçiliyində fəaliyyət göstərir. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 739.1, 739.2, 740.1, 740.2, 742, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı nümayəndəsi və vəkili X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Sumqayıt Melioservis İdarəsinin nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2023-cü il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və xx.xx.2023-cü il tarixdə elektron sistem vasitəsi ilə təqdim etdiyi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması haqqında ərizəsinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində digər cavabdehlər iştirak etmədiklərindən onların mövqeyi bəlli olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2-2(121)-1555/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, AR MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Bu baxımdan məhkəmə bir tərəfdən “iş materiallarında olan sənədlərə və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahata əsasən müəyyən etdiyi işin faktiki halları”nın nədən ibarət olduğunu vurğulayır, digər tərəfdən “özünün müəyyən etdiyi faktiki halları” (bu hallara iddiaçının işlədiyi Meliorasiya Mexaniki Təmir Zavodunun bank hesabının tənzimlənməsi ilə bağlı yaranmış maliyyə çətinliyini nəzərə alaraq zavodun bank hesabına xx.xx.2021-ci il tarixdə 118.180 manat məbləğində pul vəsaiti ödəməsi də daxildir) təkzib edir. Məhkəmənin gəldiyi nəticə əsaslı deyil, işə baxan hakimin daxili düşüncəsinin məhsuludur, qərəzlidir və ağlabatan hesab edilə bilməz. Əvvəla, ən azından ona görə ki, məhkəmənin belə bir mülahizələrə gəlməsi üçün tərəflərin məhkəmə iclasında iştirtakları təmin olunmalı idi. Buna baxmayaraq məhkəmə qətnaməsində qeyd edildiyi kimi cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclaslarında nümayəndələrinin iştirakını təmin etməmişlər, həmçinin iddia tələbi ilə bağlı hallarla əlaqədar müvafiq sənədlərin təqdim olunması barədə sorğulara cavab verməmiş və iddia ərizəsinə qarşı etiraz və ya iddia tələbinin əsassızlığına dair sübut məhkəməyə təqdim etməmişlər. Cavabdeh Sumqayıt Melioservis İdarəsinin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən yalnız prosessual məsələlərlə bağlı etiraz təqdim olunmuşdur. Məhkəmə tərəfindən MPM-nin 185.5-ci maddəsinin tələbləri pozulmuş, cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri araşdırılmamış və eləcə də işə baxan hakim tərəfindən cavabdehlərin özlərini müdafiə etmələri vəzifəsi sanki hakim tərəfindən icra olunmuşdur. Başqa sözlə hazırkı halda məhkəmə qətnaməsinin MPM-nin 185.5-ci maddəsinin tələbləri ruhunda qəbul edilməsi işin hallarından görünmür. Həmçinin qeyd edilməlidir ki, məhkəmə tərəfindən, təqdim olunmuş sübutlar (həmçinin yazılı sübutlar) əsassız olaraq şübhə altına alınmış, işə baxan hakim özü ekspert kimi çıxış edərək həmin sənədlərin saxta olmasını sübut etməyə çalışmış və hətta iddiaçının və iddianın təmin olunmasında maraqlı olan şəxslər (lakin bu şəxslərin kimliyi məlum olmadığından hesab etmək olar ki, hakimin “başqa qabiliyyətləri də var (məsələn uzaqgörənlik kimi)) barəsində xüsusi qərardad da çıxarılmışdır. Görəsən hakim fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxsin bu məbləğdə (118.180 manat) pulunun olmasının ağlabatan olmadığını qeyd etməkdə məqsədi nə olmuşdur. Bəlkə, camaat hakimə “hesabat“ təqdim etməlidir ki, pulu haradan və necə qazanır? Ağalabatan olmayan bax budur. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Əvvəlki apellyasiya baxışında iştirak edən cavabdeh Sumqayıt Melioservis İdarəsinin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nümayəndə sonrakı apellyasiya baxışı iclaslarında iştirak etməmişdir. Əlavə olaraq göstərmişdir ki, Sumqayıt Melioservis İdarəsi Meliorasiya-Mexaniki Təmir Zavodunun hüquqi varisidir. Qeyd etmişdir ki, Meliorasiya-Mexaniki Təmir Zavodu 2022-ci ildə fəaliyyətini dayandırmış və 2022-ci ilin dekabr ayında ləğv edilmişdir. Bildirmişdir ki, iddiaçı Meliorasiya-Mexaniki Təmir Zavodunun işçisi olmuş və o Zavoda hər hansısa məbləğdə borc pul verməmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə göndərərək, səhhətində yaranmış müvəqqəti problemlə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclası təxirə salınmış, lakin sonuncu məhkəmə iclasında tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək səhhətində yaranmış problemlə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin o bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddiaçıya münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Kommersiya işinə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə və 129 maddəsinin İİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. MM-nin 739.1-ci maddəsinə görə Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. xx.xx.2021-ci il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mərkəzi X5 2002ci il 10 aprel tarixli qərarı (7 nömrəli protokol) ilə təsdiq edilmiş və 2002-ci il 29 aprel tarixli 2825 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış "Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları” nın: 1.1-ci bəndinə əsasən, bu Qaydalar "Azərbaycan Respublikasının Milli Bankı haqqında”, "Banklar haqqında” Azərbaycan Respublikasının Qanunlarına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması qaydasını müəyyənləşdirir; 6.2-ci bəndinə əsasən, nağd pulun mədaxili "nağd pulun mədaxil üçün elan”a (əlavə 4) əsasən həyata keçirilir. Bank hesabı olmayan fiziki şəxs tərəfindən pul köçürmələri ilə bağlı banka nağd pul təhvil verildikdə, "Pul köçürmələri üçün elan”dan (əlavə 18) istifadə olunur. Pul köçürmələri büdcə və büdcədənkənar dövlət fondlarının ödənişləri ilə bağlı olduqda, "Büdcə ödənişləri üçün elan”dan (əlavə 19) istifadə olunur; 6.4-cü bəndinə əsasən, "elanlar” nağd pulu təqdim edən tərəfindən mürəkkəbli və ya diyircəkli qələmlə doldurulur və bütün rekvizitlər üzrə yoxlanılmaq üçün kredit təşkilatlarında müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxsə təqdim olunur: Bank hesabı olmayan fiziki şəxs tərəfindən pul köçürmələri ilə bağlı banka nağd pul şəxsiyyəti təsdiq edən sənədlə birlikdə təqdim edilməlidir. Fiziki şəxs şəxsiyyəti təsdiq edən sənədi təqdim etməkdən imtina etdikdə və ya şəxsiyyəti təsdiq edən sənədlə "elan” arasında uyğunsuzluq olduqda, bank mədaxil əməliyyatını həyata keçirmir. 6.4.1. Uyğunsuzluq olmadıqda kredit təşkilatlarında müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxs tərəfindən kassa mədaxil jurnalında (əlavə 5) müvafiq qeydlər aparılır və imzalanaraq müştəriyə qaytarılır. 6.4.2. “elanlar” nağd pulla birlikdə kassirə təqdim olunur. 6.4.3. Kassir “elanlar”ın tarixini, məbləğin rəqəmlə və yazı ilə qeyd olunmasını, kredit təşkilatlarında müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxsin imzasının özündə olan imza nümunəsi ilə uyğunluğunu yoxlayır. Kassir nağd pulu qəbul etdikdən sonra "elanlar”da göstərilən məbləği qəbul etdiyi faktiki məbləğlə tutuşdurur: Məbləğlər uyğun gəldikdə, "nağd pulun mədaxili üçün elan"ın order, qəbz və elan hissəsi kassir tərəfindən imzalanır, order hissəsi hesabdan çıxarış ilə birlikdə müştəriyə təqdim edilməsi üçün məsul icraçıya verilir, qəbz hissəsi pulu təhvil verən şəxsə qaytarılır, elan hissəsi isə günün kassa sənədlərinə tikilmək üçün kassirdə qalır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1, 217.3 və 217.4-cü maddələrinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan Meliorasiya Mexaniki Təmir Zavodunun direktoru M.İ.Hüseynov və baş mühasib əvəzi F.B.Əsgərli tərəfindən imzalanmış Meliorasiya Mexaniki Təmir Zavodunun xx.xx.2021-ci il tarixinə debitor və kreditor borcları haqqında məlumata əsasən (siyahının 9-cu sırası), zavodun İddiaçı 2021-ci ildə bank hesabının tənzimlənməsi üçün ödənilmiş 118.180,80 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan Meliorasiya Mexaniki Təmir Zavodunun "Bank Respublika” ASC-də olan bank hesabından xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə X3 tərəfindən Meliorasiya Mexaniki Təmir Zavodunun bank hesabına sərəncamın icrası üçün 118.180,80 manat məbləğində pul mədaxil edilmişdir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, X3 tərəfindən xx.xx.2021-ci il tarixdə Meliorasiya Mexaniki Təmir Zavoduna verilmiş 118.180 manat borcun 3 gün ərzində qaytarılması, əks təqdirdə yaranmış borcun X2 ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər Meliorasiya-Mexaniki Təmir Zavoduna və Sumqayıt Melioservis İdarəsinə xəbərdarlıq edilmişdir. İşin hallarından da göründüyü kimi iddiaçı cavabdehlərdən borc verdiyi pulu tələb etmişdir. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh Meliorasiya Mexaniki Təmir Zavoduna, həmin Zavodun bank hesabının tənzimlənməsi üçün 04 mart 2021-ci il tarixdə 118.180 manat borc pul vermişdir. Həmin pul zavodun bank hesabına köçürülmüş və qısa vaxtda qaytarılacağı bildirilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə hesab etmişdir ki, bir şəxsin əmək müqaviləsi ilə çalışdığı müəssisəyə, həmin müəssisənin maliyyə çətinliyi ilə əlaqədar, tanışlarından əldə etdiyi iri pul məbləğini əvəzsiz olaraq borc verməsini, bu zaman həmin borc məbləğinin verilməsinə dair qəbz, arayış, borc sənədi və s. bu kimi təsdiq edici sənədlərin alınmamasını məntiqi mühakimə ilə ağlabatanlıq meyarına uyğun hesab etmək olmaz. Şəxsin öz ailə üzvlərinə, qohumlarına, dostlarına və digər yaxınlarına ailə və dostluq bağlarına, inam və etimada əsasən qarşılıqsız, əvəzsiz qaydada müəyyən məbləğdə pul və ya digər əşya verməsi cəmiyyətdə çoxluq tərəfindən normal qəbul edilən haldır. O da qeyd olunmalıdır ki, mülki hüquqda nəzərdə tutulan borc müqaviləsindən irəli gələn münasibətlərin də sosial-ictimai əsasında, bu tip münasibətlərə daxil olan subyektlərin iradələrinin formalaşmasında məhz qarşılıqlı inam və etimad əsas rol oynayır. Bu konteksdə yanaşıldıqda, baxılan işdə iddiaçının tanışlarından borc alaraq işlədiyi müəssisənin maliyyə çətinliyindən çıxması məqsədi ilə (həmin maliyyə çətinliyinin müəssisə tərəfindən gələcəkdə borcun qaytarılmasını qeyri- mümkün edəcəyinin təxmin edilməsinin çətin olmadığı bir şəraitdə) həmin pulu əvəzsiz olaraq müəssisəyə verməsi hamı tərəfindən qəbul ediləbilən borc münasibətlərinin moitv və məqsədinə uyğun deyildir. Göstərilənlərlə yanaşı məhkəmə daha bir xüsusatı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdeh müəssisəyə verdiyi borc pulu tanışlarından əldə etdiyini bildirsə də, həmin tanışlarının dairəsini (onların adları, ünvanları və s.), konkret olaraq neçə nəfərdən və hər birindən nə qədər məbləğdə, hansı tarixlərdə borc pul aldığını bildirməmiş, həmin şəxsləri iddia tələbinin təsdiqi məqsədi ilə məhkəməyə şahid qismində dəvət etməmişdir. Göründüyü kimi iddiaçının təbirincə desək iddiaçı cavabdehə borc pul verməsini iddia edir. Deməli onun iddiasının hüquqi əsasını MM-nin 739.1-ci maddəsi təşkil edir. Lakin iddiaçı işlədiyi müəssisəyə borc olaraq pul verməsini sübuta yetirə bilməmişdir. Yəni iddiaçı bununla bağlı məhkəməyə hər hansı müqavilə, əqd və yazılı qəbz təqdim edə bilməmişdir. Məhkəmə, yuxarıda şərh olunanları yekunlaşdıraraq bu qənaətə gəlir ki, iddia edildiyi kimi iddiaçı ilə cavabdeh Meliorasiya Mexaniki Təmir Zavodu arasında borc müqaviləsinin bağlanmasından söhbət gedə bilməz. Pul tələbinin əsasında dayanan münasibətlərin həqiqətən mövcud olması işin şərh olunan hallarına əsasən təkzib olunduğuna görə, hər hansı bir əqdin bağlanması istisna olunur. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirir. İddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. İddiaçı tərəflər arasında borc müqaviləsinin olduğunu bildirsə də, bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin də apellyasiya şikayətlərinin dəlilləri əsassızdır, heç bir mötəbər sübutla təsdiq edilmir. Buna görə də kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində göstərilənlər qətnamənin ləğv edilməsi üçün əsas deyil, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İşdən göründüyü kimi iddiaçının qətnaməni mübahisələndirilən hissəsinin dəyəri 10000 manatdan çoxdur. Belə olan halda iddiaçının qətnamədən kassasiya şikayəti vermək hüququ vardır. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2-2(121)-1555/2023 saylı qətnaməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar