Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-44/2025 05.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X17 Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X7 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, iddiaçının nümayəndəsi X4, Cavabdeh2 və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli e-2-2(121)-977/2024 saylı qətnaməsindən (hakim Z.Abbasov) cavabdehlərdən Cavabdeh2 və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 022R********** saylı krеdit razılaşması üzrə 34943.78 manat krеdit bоrcu, 3880.64 manat faiz bоrcu və 1121.76 manat cərimə olmaqla, ümumilikdə 39946.18 məbləğində bоrcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 209.84 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması, tələbin Cavabdeh2 xüsusi mülkiyyətində olan Neftçala şəhəri, Səməd Vurğun küçəsində yerləşən 0.06074 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunan 2 mərtəbəli, 2 otaqlı, 41.8 kv.metr yaşayış, 129.7 kv.metr köməkçi sahələrdən ibarət 57 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması və ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 022L**********58 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 022R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 48000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh4 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü krеdit bоrcundan 13056.22 manat ödəmiş, 34943.78 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 195 gün üçün hesablanmış faiz borcu 3880.64 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 195 gün üçün hеsablanmış cərimə 1121.76 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka verən Cavabdeh2, borclu Cavabdeh4 və bank arasında bağlanılmış xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi (Salyan rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilib) əsasında Cavabdeh2 xüsusi mülkiyyətində olan Neftçala şəhəri, Səməd Vurğun küçəsində olan 0.06074 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 41.8 kv.metr yaşayış, 129.7 kv.metr köməkçi sahədən ibarət 57 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh2 xüsusi mülkiyyətində olan Neftçala şəhəri, Səməd Vurğun küçəsində olan 0.06074 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 41.8 kv.metr yaşayış, 129.7 kv.metr köməkçi sahədən ibarət 57 nömrəli fərdi yaşayış evi Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSCnin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Qeyd olunan fərdi yaşayış evində qeydiyyatda olan X6, X8, X3 və X1 Baləhməd Hüseynağa oğlunun mülkiyyətində olan Neftçala şəhəri, Səməd Vurğun küçəsində olan 0.06074 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 41.8 kv.m yaşayış, 129.7 kv.m köməkçi sahədən ibarət 57 nömrəli fərdi yaşayış evini İddiaçı QSC-nə ipoteka müqaviləsiəsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür (razılıq ərizələrinin surəti əlavə olunur). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1 - 34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 mаnаt dövlət rüsumu və 36 manat xidmət haqqı ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi X10 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində xx.xx.2024-cü il tarixində keçirilən məhkəmə hazırlıq iclasında cavabdeh (borc alan) Cavabdeh4 və cavabdeh (zamin, ipoteka qoyan) Cavabdeh2 iştirak etmişlər. Cavabdeh4 iş üzrə təyitn olunmuş məhkəmə əmtəəşünaslıq və məhkəmə mühasibatlıq ekspertizalarının rəylərinin ona aydın olduğunu, krediti ödəməyə imkanının olmadığını, vəsatətinin olmadığını bildirmişdir. Şirvan Kommersiya Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli e-2-2(121)-977/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli 022R********** nömrəli kredit razılaşması üzrə 34915.77 manat əsas borc, 3355.41 manat faiz borcu, 50 manat cərimə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu, 36 manat xidmət haqqı və ödənilmiş 209.84 manat dövlət rüsumu olmaqla, cəmi 38582.02 manat məbləğində pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh2 xüsusi mülkiyyətində olan Neftçala şəhəri, Səməd Vurğun küçəsində yerləşən 0.06074 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 41.8 kv.metr yaşayış, 129.7 kv.metr köməkçi sahədən ibarət 57 nömrəli fərdi yaşayış evinə ilkin satış qiymətinin 32071 manat müəyyən olunmaqla yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nə ödənilməsi, iddia tələbinin qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən Cavabdeh2 və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək qismən, tələbin ipoteka predmeti olan Cavabdeh2 xüsusi mülkiyyətində olan Neftçala şəhəri, Səməd Vurğun küçəsində yerləşən 0.06074 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 41.8 kv.metr yaşayış, 129.7 kv.metr köməkçi sahədən ibarət 57 nömrəli fərdi yaşayış evinə ilkin satış qiymətinin 32071 manat müəyyən olunmaqla yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nə ödənilməsi hissədə ləğv olunaraq, iddia tələbinin həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin qanunsuz və əsassız olması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamənin çıxarılması zamanı qanunun tələbləri, iş üzrə əhəmiyyət kəsb edən hallar və qanunvericiliklə müəyyən edilmiş təcrübəyə riayət edilməmişdir. Belə ki, hüquqlarını müdafiə etdiyi şəxs Cavabdeh2 3-cü dərəcə əlilliyi olan şəxsdir. İddiaçı kredit və ipoteka müqaviləsi bağlayarkən Cavabdeh2 sağlamlığı barədə heç bir araşdırma aparmamışdır. Hüquqlarını müdafiə etdiyi şəxs Cavabdeh2 savadsızdır, yazıb oxuya bilmir, həmçinin nitq və eşitmə qusuru vardır, qulaqları ümumiyyətlə eşitmir. Bu hallar iddiaçı olan İddiaçı QSC və ev ipoteka ilə girova qoyulan zaman notariat hərəkətini aparan notarius tərəfindən nəzərə alınmamışdır. Bu halda məhkəmələr tərəfindən işin araşdırılması zamanı göstərilməli olan mövqe Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında şərh olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarında isə göstərilmişdir ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin əsaslı olmasına qiymət verilməzdən əvvəl, tərəflər arasında mövcud olan faktiki münasibətlər ilə onlar arasında bağlanılmış xx.xx.2022-ci il tarixli borc müqaviləsinin şərtlərinin işin halları ilə birlikdə araşdırılması nəticəsində borc müqaviləsinin etibarlılığı məsələsinə qiymət verilməli və xx.xx.2022-ci il tarixli borc müqaviləsi tərəflərin hüquq münasibətinə daxil olarkən mövcud olan həqiqi iradə ifadələrini əks etdirmədiyinə görə iddia tələbi rədd edilməli idi. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməli olsa da, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin qeyd olunan tələbləri yerinə yetirilməmişdir. Məhkəmə işə baxarkən və qətnamə çıxararkən MPM-in 9, 77, 88 və 217-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə tərəfindən işin araşdırılması zamanı həm qanunvericilik, həm də bu sahədə mövcud olan praktika nəzərə alınmamışdır. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən sübutlar iş üzrə əhəmiyyət kəsb edən hallarla qarşılqlı olaraq təhlil edilməmiş, onlara düzgün hüquqi qiymət verilməmiş, məhkəmə tərəfindən gəlinən nəticə düzgün şərh edilməmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qanunvericiliyin tələblərini nəzərə almamış, gəlinən nəticəni əsaslandıran faktları qətnamədə əks etdirməmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh2 vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş eti. Əlavə olaraq bildirdi ki, Cavabdeh2 anadangəlmə eşitmə və nitq qüsurludur. Eşitmə və nitq qüsurlu şəxslər üçün xüsusi müəssisələrdə təhsil almamışdır, hər hansı bir mütəxəssis yardımından istifadə edə bilməsə də, arvadı Cavabdeh4 onu başa düşəcəyi formada jestlərlə başa salır. Cavabdeh2 sağlamlığı ilə bağlı 3-cü qrup əlil olmasını təsdiq edən sənədləri təqdim etmişlər, lakin ona əlilliyin nə ilə bağlı təyin olunmasına dair tibbi sənədləri yoxdur. Bundan başqa Cavabdeh2 fəaliyyət qabiliyyətsiz hesab edilməsi ilə bağlı məhkəməyə müraciət edilməmişdir və hal-hazırda bununla bağlı qüvvədə olan hər-hansı bir qərar mövcud deyildir. Məhkəmədə iddiaçının nümayəndəsi X10 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin olunmamasını, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, ipoteka qoyan savadsız olduğundan ipoteka müqaviləsi rəsmiləşdirilərkən müqavilənin bağlanmasında şəxsən iştirak etsə də, müqaviləni onun əvəzindən arvadı, eyni zamanda borc alan Cavabdeh4 imzalamışdır. Hazırki işdə vəkilə Cavabdeh2 adından verilən etibarnqamə də, xəstəliyinə görə imza edə bilməməsi səbəbindən arvadı Cavabdeh4 imzalamışdır. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdehlər məhkəmədə üzürlü səbəblər olmadan iştirak etməmişlər, kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin dəlilləri üzrə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda Cavabdeh2 və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi hissələrdə ləğv olunmasını, iddianın həmin hissələrdə rədd edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişlər. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izaatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşğıdakılar müəyyən olunumşdur: İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 022L**********58 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən, Cavabdeh4 120 ay müddətinə, illik faiz dərəcəsinin yuxarı həddi 28% müəyyən olunmaqla ******* manat məbləğində krеdit хətti açılmışdır. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 022R********** nömrəli kredit razılaşmasının 1.1-ci bəndinə əsasən, Bank məbləği 48000 manat olan krediti aylıq faiz dərəcəsi 1.6667% olmaqla 36 ay müddətinə Kredit Alana verir. Kreditin verilməsinə (köçürmə) dair qəbzin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh4 bank hesabına xx.xx.2022-ci il tarixdə 240 manat komissiya haqqı çıxılmaqla, 48000 manat məbləğində pul (kredit) köçürülmüşdür. “Ödəniş planı”nın surətindən görünür ki, xx.xx.2022-ci il tarixli 022R********** nömrəli krеdit razılaşması üzrə son ödəniş tarixi xx.xx.2025-ci il kimi qeyd olunmuşdur. İddiaçı QSC ilə Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Neftçala şəhəri, Səməd Vurğun küçəsində yerləşən 0.06074 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 41.8 kv.m yaşayış, 129.7 kv.m köməkçi sahədən ibarət 57 nömrəli fərdi yaşayış evi İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 022L**********58 kredit xətti müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 32000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Neftçala şəhəri, Səməd Vurğun küçəsində yerləşən fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka hüququ ilə yüklü edilmişdir. “Maliyyə arayışı”nın surətindən görünür ki, xx.xx.2022-ci il tarixli 022R********** nömrəli kredit razılaşmasına əsasən xx.xx.2024-cü il tarixə əsas borc 34943,78 manat, faiz borcu 3880,64 manat, cərimə borcu 1121,76 manat məbləğində olmaqla, cəmi borc məbləği 39946,18 manat təşkil edir. İddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 022R********** nömrəli kredit razılaşmasına əsasən yaranmış 39162,37 manat məbləğində (34943,78 manat əsas, 3355,41 manat faiz, 863,18 manat cərimə) borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə kredit müqavilələrinə vaxtından əvvəl xitam veriləcəyi, müqavilələr üzrə əmələ gəlmiş borcun İddiaçı QSC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)-977/2024 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/4800nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 022R********** nömrəli kredit razılaşmasına əsasən Cavabdeh4 xx.xx.2023-cü il tarixə əsas borc üzrə 34915,77 manat, faiz borcu üzrə 3482,40 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 34915,77 manat, faiz borcu üzrə 4141,92 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinədair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. "xxxx" MMC-nin əmlakın dəyərinin müəyyən edilməsinə dair xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatına əsasən, Neftçala şəhəri, Səməd Vurğun küçəsində yerləşən 0.06074 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 41.8 kv.m yaşayış, 129.7 kv.m köməkçi sahədən ibarət 57 nömrəli fərdi yaşayış evinin xx.xx.2024-cü il tarixə bazar dəyərinin 37730 manat, likvid dəyərinin 32071 manat məbləğində olması müəyyən olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür, 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir, 307.1-ci maddəsinə əsasən “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir, 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir, 307.4-cü maddəsinə əsasən əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir, 307.5-ci maddəsinə əsasən əgər ipoteka ilə təmin edilən öhdəlik hissə-hissə icra olunmalıdırsa, ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir, 307.6-ci maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır, 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir, 317.1-ci maddəsində isə təsbit edilmişdir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər, 317.2-ci maddəsinə əsasən satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir, 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun: 9.1-ci maddəsinə əsasən Qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka), 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur, 10.4-cü maddəsinə əsasən İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir, 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır, 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur, 11.3-cü maddəsinə əsasən ipoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir, 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər, 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Kollegiya iş materiallarını sadalanan qanunvericilik aktı normaları və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqe baxımından tədqiq edərək belə nəticəyə gəlir ki, tutmanın ipoteka predmetinə yönəldilməsini istisna edən hər hansı bir hal iş materialları ilə müəyyən olunmur. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsində bütün mühüm zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmiş, ipoteka müqaviləsi notariat qaydada təsdiq olunmuş və müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Sonrakı mərhələdə isə tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, cavabdehlərə də bununla bağlı müvafiq bildirişlər verilmişdir. Apellyasiya şikayətinin əsas dəlili cavabdeh ipoteka qoyan Cavabdeh2 nitq və eşitmə qusurlu bir şəxs kimi 3-cü qrup əlil olmasından dolayı ipoteka müqaviləsinin etibarsız bir əqd olması ilə bağlıdır. “Elektron məhkəmə” informasiya sistemindən şəxs barəsində əldə edilən məlumatlara əsasən cavabdeh ipoteka qoyan Cavabdeh2 yaşa görə 553.25 manat məbləğində pensiya alır. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında formalaşan hüquqi mövqeyə görə; Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur, Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz, Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir. Fiziki şəxslər anlaqlılıq səviyyələrinə uyğun olaraq tam fəaliyyət qabiliyyətlilər, məhdud fəaliyyət qabiliyyətlilər və fəaliyyət qabiliyyətsizlər şəklində ümumi qruplara ayrılmışdır. Hər bir fiziki şəxsin bağladığı əqdin etibarlılığı onun fəaliyyət qabiliyyəti baxımından hansı qrupa aid olmasına və həmin kateqoriya üçün müəyyən edilmiş şərtlərə uyğunluğuna əsasən müəyyən edilir, Mülki Məcəllənin 28-ci maddəsinə görə, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır, Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər, Qanunverici 7 yaşından yuxarı yaşda olan fiziki şəxslərin fəaliyyət qabiliyyətsiz hesab olunmaları üçün məhkəmə qərarının olmasını tələb edir. Lakin nəzərə alınmalıdır ki, həmin şəxslərin fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı nəticəsində deyil, onun daimi anlaqsızlığı səbəbindən olur. Bu kimi hallarda məhkəmənin qərarı hüquqi faktın (mülki hüquq fəaliyyət qabiliyyətinin olmaması faktının) təsdiqi rolunu oynayaraq, şəxsin anlaqsızlığının açıqlanmasını təmin etmək məqsədi daşıyır, Mülki Məcəllənin 342-ci maddəsinə əsasən, psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir, Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd onun xeyrinə olduqda qəyyumunun razılığı ilə etibarlı sayıla bilər. Kollegiya hesab edir ki, cavabdeh ipoteka qoyan Cavabdeh2 nitq və eşitmə qusurlu bir şəxs kimi 3-cü qrup əlil olmasından dolayı ipoteka müqaviləsinin etibarsız sayılmasından ibarət apellyasiya şikayətinin dəlili tam əsassızdır. Əvvəla ona görə ki, kredit müqaviləsi üzrə borc alan ipoteka qoyanın arvadı Cavabdeh4, zaminlərdən biri isə oğlu Cavabdeh3dur. Bundan başqa ipoteka qoyan Cavabdeh2 özü də zaminlərdən biridir. Ailə olaraq cavabdehlər kredit müqaviləsi münasibətlərinə girmişlər və bu addımın ailədə müzakirəsi aparılmadan atılması mümkünsüzdür. Bundan başqa cavabdeh ipoteka qoyan tam fəaliyyət qabiliyyətli bir şəxsdir, onun savadsız, nitq və eşitmə qusurunun olması, yazmaq və oxumaq qabiliyyətinin olmaması əqdin etibarsız sayılması üçün əsas deyildir. İşin müəyyən olunan hallarına əsasən mübahisələndirilən əqdin (ipoteka müqaviləsi) bağlanmasında tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi müəyyən olunur. Həmin əqd tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsidir. Əks halda Bələhməd Məmmədov onunla bağlanılan zaminlik müqaviləsinin də eyni əsaslarla etibarsızlığını bildirər, apellyasiya şikayətində zamin kimi üzərinə qoyulan məsuliyyətdən azad olunmasını tələb edərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv olunması üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən mübahisələndirilən hissədə qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlərdən Cavabdeh2 və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli e-2-2(121)-977/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov
Məhkəmə qərarları › İş №2-2(106)-44/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-44/2025
05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver