Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-46/2023 03.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “səhmdarların növbədənkənar ümümi yığıncağının protokolunun və sair sənədlərin təqdim edilməsi” tələbinə dair iddiası üzrə Şirvan Kommersiya Məhkəməsinin 2 mart 2023-cü il tarixli e-2- 2(121)-671/2023 saylı qərardadından (hakim Z.Abbasov) iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “səhmdarların növbədənkənar ümümi yığıncağının protokolunun və sair sənədlərin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 2 mart 2023-cü il tarixli e-2-2(121)-671/2023 saylı qərardadı ilə iddia ərizəsi Mülki Prosessual Məcəllənin 150.1.4, 150.2, 152.1.4, 149.2.4, 150.1.6, 152.1.6-cı maddələrinə istinadla, işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin elektron qaydada alınması haqqında sənədin, həmçinin cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin (kommersiya mübahisələrinə dair işlərə dair qanunvericiliyin tələblərinə uyğun təqdim edilmiş) iddia ərizəsinə əlavə edilməməsi əsasları ilə geri qaytarmışdır. Birinci instansiya məhkəməsi hesab etmidir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyinə görə, iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Qərardaddan iddiaçı şikayət verərək ləğv edilməsini və işin məhkəmənin icraatına qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin geri qaytarılmasının səbəbi kimi iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin və pretenziya məktubunun cavabdehə elektron sistem vasitəsilə göndərilməməsidir. Belə ki, Mülki Prosessual Məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Yuxarıda sadalanan normalar yalnız kommersiya mübahisələri üçün nəzərdə tutulub. Məlum olduğu kimi kommersiya mübahisələrinin tərəfləri bir qayda olaraq fərdi sahibkarlar və hüquqi şəxslər çıxış edir. Onların hər birinin Dövlət Vergi Xidməti tərəfindən yaradılmış xüsusi elektron sistemə çıxışı var. Lakin kommersiya mübahisələrinin tərəfi hesab olan səhmdarlar sahibkarlıq subyekti olmadığından onların adı çəkilən informasiya sisteminə çıxışı yoxdur. Kommersiya mübahisələrinin subyekti olan səhmdarlar tərəfindən cavabdehə müvafiq sənədlərin Dövlət Vergi Xidmətinin elektron kargüzarlıq sistemi üzərindən göndərilməsinin qeyri-mümkün olduğunu nəzərə alaraq, habelə bu cür işlərdə cavabdehin məlumatlandırılmasının kağız daşıyıcı üzərindən göndərilməsi qəbul edilməli olduğundan, Şirvan Kommersiya Məhkəməsinin 02 mart 2023-cü il tarixli e-2-2(121)- 671/2023 nömrəli qərardadı ləğv edilməlidir Şirvan Kommersiya Məhkəməsinin 10 mart 2023-cü il tarixli e-2-2(121)-671/2023 saylı qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə iddia ərizəsini Mülki Prosessual Məcəllənin 150.1.4, 150.2, 152.1.4, 149.2.4, 150.1.6, 152.1.6-cı maddələrinə istinadla, işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin elektron qaydada alınması haqqında sənədin, həmçinin cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin (kommersiya mübahisələrinə dair işlərə dair qanunvericiliyin tələblərinə uyğun təqdim edilmiş) iddia ərizəsinə əlavə edilməməsi əsasları ilə geri qaytarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Şəxsin məhkəməyə müraciət etdiyi andan məhkəmə müdafiəsi hüququ başlanır. Ədalətli məhkəmə araşdırılması, şəxsin sonradan əsassız məhkəmə çəkişməsinə cəlb edilməsinin qarşısının alınmasından ötrü iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasını, hüquqi müəyyənlik prinsipi baxımından qaçılmaz edir. İddia ərizəsi qanunla müəyyən edilmiş müddət ərzində (MPM-nin 151.3-cü maddəsinə əsasən) geri qaytarılmadıqda iddia ərizəsi icraata qəbul edilmiş hesab edilir. İddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun olmadıqda, ərizədə göstərilən qüsurların aradan qaldırılmasından ötrü iddia ərizəsi geri qaytarıla bilər. Mülki Prosessual Məcəllənin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Məcəllənin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Məcəllənin 150.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Hakim iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsi ilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə geri qaytarır (Mülki Prosessual Məcəllənin 152.1., 152.1.1, 152.1.2, 152.1.3, 152.1.4, 152.1.5, 152.1.6, 162.1.6-1, 152.1.7, 152.1.8, 152.1.9 və 152.10-cu maddələri). Göründüyü kimi prosessual qanunvericilikdə iddia ərizəsinin hansı hallarda geri qaytarıla bilməsi tam və müfəssəl göstərilmişdir. Həmin halların konkret göstərilməsi iddia ərizəsinin geri qaytarılmasının əsaslarının geniş təfsir edilməsini də məhdudlaşdırmaqla, yalnız həmin əsaslardan biri olduğu halda geri qaytarılmanının mümkünlüyünü təsbit edir. Həmin əsaslardan hər hansı birinə deyil, digər bir əsasa görə iddia ərizəsinin geri qaytarılması yol verilməzdir. Həmin halların olmaması iddia ərizəsinin icraata qəbul edilməsini qaçılmaz edir. Kollegiya işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin elektron qaydada alınması haqqında sənədin, həmçinin cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin (kommersiya mübahisələrinə dair işlərə dair qanunvericiliyin tələblərinə uyğun təqdim edilmiş) iddia ərizəsinə əlavə edilməməsi əsasları ilə iddia ərizəsinin geri qaytarılması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Çünki yalnız Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verilən iddia ərizəsi üzrə məhkəmə icraatı mümkündür. Şikayətin kommersiya mübahisələrinin subyekti olan səhmdarlar tərəfindən cavabdehə müvafiq sənədlərin Dövlət Vergi Xidmətinin elektron kargüzarlıq sistemi üzərindən göndərilməsinin qeyri-mümkün olmasından ibarət dəlilinə qiymət verən kollegiya hesab edir ki, iddiaçının mövcud durumda pozulmuş hüquqlarının bərpası üçün ixtisaslı hüquqi yardım göstərən vəkil xidmətlərindən istifadə etmək hüququ vardır. Bu zaman vəkilin elektron məhkəmə informasiya sistemində olan elektron kabineti üzərindən cavabdeh hüquqi şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə iddia ərizəsinin surətini və ona əlavə edilmiş sənədləri, həmçinin mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi göndərməyə texniki imkanlar mövcud olacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri öz təsdiqini tapmadığından şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozüntusuna yol verilməsi müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 2 mart 2023-cü il tarixli e-2-2(121)-671/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-46/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-46/2023
03.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver