Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-47/2025 05.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli e-2-2(121)- 2616/2024 saylı qətnaməsindən (hakim Z.Abbasov) cavabdehlərdən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 1223.13 manat əsas, 26.33 manat faiz, 0.01 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 89.59 manat faiz borcunun və iş üzrə ödənilmiş 33.40 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat filialı ilə Cavabdeh1 aralarında bağlanmış 70018606 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə dövriyyə vəsaiti məqsədi ilə 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 70018606/ZM nömrəli xx.xx.2015-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Daha sonra LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 70018606/19 nömrəli xx.xx.2019-cu il tarixli restrukturizasiya müqaviləsi bağlanmışdır. Ləğv prosesində olan bank tərəfindən tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda həmin səlahiyyətlər Mərkəzi Banka verilmişdir) tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1508.95 manat məbləği 36 ay müddətinə illik 1 faiz dərəcəsi ilə restrukturizasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Borcun ödənilməli olduğu son tarix xx.xx.2022-ci il müəyyən edilmişdir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********860 saylı xx.xx.2023-cü il tarixli və **********843 saylı xx.xx.2024-cü il tarixində bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh1 xx.xx.2024-cü il tarixə kredit üzrə cəmi borcu 1339.06 manat təşkil edir. Bundan 1223.13 manat əsas, 26.33 manat faiz, 0.01 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 89.59 manat faiz borcu təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddiaçı bank bağlandığına görə kredit müqaviləsi üzrə ödənişi edə bilmədiyini, bununla əlaqədar olaraq ona heç bir məlumat verilmədiyini, kredit borcunu ödəməkdən yayınmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh2 kredit müqaviləsi üzrə digər Cavabdeh1 ona borcu qısa müddətdə ödəyəcəyini bildirdiyini, zamin olaraq kredit müqaviləsi üzrə borcun gecikdirilməsində heç bir təqsirinin olmadığını bildirmişdir. Şirvan Kommersiya Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli e-2-2(121)-2616/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən Cavabdeh2 apellyasiya şikayəti verərək, 70018606/19 nömrəli xx.xx.2019-cu il tarixli restrukturizasiya müqaviləsi bağlanmasında və ona əlavə olan zaminlik müqaviləsinin iştirakı olmadan bağlanması, onun zaminlik müqaviləsni imzalamaması səbəbindən, zaminlik müqaviləsinin tələblərindən və bu tələblərdən irəli gələn öhdəlikdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sonuncu müqavilələrin bağlanılmasından xəbəri olmamış, müqavilərin bağlanılmasında nə iştirak etmiş, nədəki zaminlik müqaviləsinə imza atmamışdır. Lakin məhkəməyə təqdim olunan yeni zaminlik müqaviləsində imzasının olduğu görünür. Bu isə zaminlik müqaviləsində imzasının başqa adam tərəfindən çəkilməsinə əsaslı şübhələr yaradır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh2 apellyasiya şikəyətini müdafiə edib, yuxarıda qeyd olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavidəki imza onun imzasıdır. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iddiaçı nümayəndəsi vasitəsilə məhkəmədə təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv olunmasını xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və X1 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 70018606 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə ilə Cavabdeh1 dövriyyə vəsaiti məqsədi ilə 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 4000 ABŞ dolları məbləğində krеdit verilmişdir. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 4000 manat məbləğində pul (kredit) verilmişdir. İş materiallarında olan “Ödəniş cədvəli”nın surətindən görünür ki, xx.xx.2015-ci il tarixli, 70018606 kredit müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2017-ci il kimi qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 70018606 nömrəli kredit müqaviləsinə restrukturizasiya edilmiş xx.xx.2019-cu il tarixli, 70018606/19 nömrəli müqaviləyə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1508.95 manat təşkil edir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh2 İddiaçı ASC Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 70018606 nömrəli kredit müqaviləsi üzrə kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh2 İddiaçı ASC Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 70018606/19 nömrəli restrukturizasiya müqaviləsi üzrə faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan “Ödəniş cədvəli”nın surətindən görünür ki, xx.xx.2019-cu il tarixli, 70018606/19 nömrəli restrukturizasiya müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2022ci il kimi qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borc 1223.13 manat, fazi borcu 26.33 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 89.59 manat olmaqla, ümumilikdə 1339.06 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 70018606/19 nömrəli restrukturizasiya müqaviləsinə əsasən yaranmış 1223.13 manat əsas borc, 26.33 manat faiz borcu, 0.01 manat cərimə borcu, 89.59 manat gecikdirilmiş vaxt üçün hesablanan məbləğ olmaqla, ümumilikdə 1339.06 manat məbləğində borcun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, müqavilə üzrə əmələ gəlmiş borcun ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 20 mart 1952-ci il tarixli 1 saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür, 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır, 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür, 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsaslarını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh (borc alan) iddiaçı (kreditor) ilə bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən, kreditorun həmin şəxsə qarşı öhdəliklərin icrasının təmin olunmasından ibarət tələbi qanuni və əsaslı olmuşdur. Borc alan həmçinin zaminliklə təmin olunmuş kredit öhdəliyini vaxtında və lazımınca icra etmədiyindən, zamin və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bununla belə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən məhkəmələrə göndərilmiş “Kəsici müddətlərlə bağlı qanunvericiliyin tətbiqi təcrübəsinə dair” İcmal məktubda qeyd olunur ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində əks olunan müddətlər etibarlı müqavilə əsasında əmələ gəlmiş zaminliyə xitam verən kəsici müddətlərdir. Bu halda hüquqi hadisə kimi zaminliyin xitamı məhkəmə aktı əsasında deyil, qanuna əsasən baş tutur. Ona görə də həmin normada zaminliyə xitam verən müddətin keçməsi müəyyən olunduqda, zaminə qarşı yönəlmiş tələb məhkəmənin ayrıca akt şəklində qərardadı ilə deyil, işi mahiyyəti üzrə həll edən qətnamə ilə rədd edilməlidir. İşin müəyyən olunan hallarına əsasən kredit müqaviləsinin müddəti 29 iyul 2022-ci il tarixində bitməsinə baxmayaraq, iddiaçı hazırki iddia ərizəsi ilə 13 avqust 2024-cü ildə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Belə olan halda müqavilə müddətinin 29 iyul 2022-ci ildə bitməsinə baxmayaraq, kreditor zaminə qarşı, onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində, yəni 29 iyul 2023-ci il tarixinədək iddia verməli olduğu halda, həmin müddəti ötürməklə 13 avqust 2024-ci ildə məhkəməyə müraciət etmişdir. Bundan başqa zaminlik müqaviləsi etibarlı müqavilədir, çünki cavabdeh məhkəmədə həmin müqavilədəki imzanın ona məxsus olduğunu bildirmişdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçı zaminə qarşı tələb hüququnu itirdiyindən, apellyasiya şikayəti təmin olunmalı, qətnamə Cavabdeh2 aid hissədə ləğv olunaraq, iddia ona aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayəti təmin olunaraq qətnamə zamin Cavabdeh2 aid hissədə ləğv olunmalı, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə iddianın qiyməti 1339.06 manat təşkil edirki, prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 393 və 402.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdelərdən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli e-2-2(121)-2616/2024 saylı qətnaməsi cavabdehlərdən Cavabdeh2 aid hissədə ləğv olunsun və iddia tələbi ona aid hissədə rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev
Məhkəmə qərarları › İş №2-2(106)-47/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-47/2025
05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver