Məhkəmə qərarları › İş №2-2(106)-48/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-48/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-48/2025 20.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işi üzrə Q Ə T N A M Ə S İ İş № 2-2(106)-48/2025 Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, e-2-2(121)-1584/2024 saylı qətnaməsindən (hakim Z.Abbasov) cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 23507,08 manat məbləğində əsas borcun, 4921,81 manat məbləğində faiz borcunun, cəmi 28428,89 manat borcun və 176 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 21.5% olmaqla 30000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birinci instansiya məhkəmə iclası zamanı iddia ilə razılaşmamış və iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsinə etiraz etməmişlər. Şirvan Kommersiya Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, e-2-2(121)-1584/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 23018,59 manat məbləğində əsas borc, 3945,45 manat məbləğində faiz borcu və ödənilmiş 176 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 27140,04 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli e-2-2(121)-1584/2024 saylı qətnaməsinin iddianın “23018,59 manat məbləğində əsas borc, 3945,45 manat məbləğində faiz borcu və ödənilmiş 176 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 27140,04 manat məbləğində pulun müştərək qaydada Cavabdeh2 tutulması” hissəsində rədd edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, zaminlik müqaviləsi bağlanarkən aldadılmışdır. Bəhram adlı şəxs barəsində cinayət işi başlanıldıqdan sonra Baş Prokurorluğa rəsmi müraciət edərək Bəhram adlı şəxsin rüşvət müqabilində Cavabdeh1 30.000 manat kredit vermiş və həmin puldan 10.000 manatı Bəhram adlı şəxsə verildiyini bildirmişdir. Qətnamədə onun məhkəmə iclaslarında iştirak etmədiyi qeyd edilsə də, o, məhkəmədə 04 dekabr 2024-cü il tarixli məhkəmə iclasından başqa bütün iclaslarda iştirak etmişdir və bankın hansı üsulla Cavabdeh1 kredit verdiyini və onu aldadaraq onunla zaminlik müqaviləsi bağlandığını bildirmişdir. Belə olan halda məhkəmə hansı əsasla onun dediklərinə hüquqi qiymət verməməsi başa düşülən deyil. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən Cavabdeh2 vermiş olduğu apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, Yengibarı uzun müddətdir ki, tanıyır. Yengibarın xahişinə əsasən ona zamin durmuşdur. Lakin bank onu aldadaraq təkcə onu zamin qoymuşdur. Belə ki, götürülən kreditə görə 3 nəfər zamin durmalı idi, lakin o tək olaraq zamin olmuşdur. Hazırkı şəraitdə heç bir Bank belə yüksək məbləğdə kredit üçün bir zaminlə kredit vermir. Bundan başqa bank işçisi Bəhram adlı şəxs Yengibarı aldadaraq ona cəmi 15000 manat pul vermiş, qalan pulları isə özü götürmüşdür. Buna görə də Bəhram adlı şəxs barəsində cinayət işi açılmışdır. Həmin iş üzrə nə o, nə də Yengibar zərərçəkmiş şəxs kimi tanınmamışlar. Hesab etmişdir ki, bank onları aldadaraq kredit verdiyindən, krediti Yengibara tam vermədiyindən və onu tək olaraq zamin kimi qəbul etdiyindən onun zaminliyinə xitam verilməlidir. Cavabdeh1 digər Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etmiş və onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, onun İddiaçı-da olan hesabına 29999 manat pul köçürülsə də ona cəmi 15000 manat pul verilmişdir. Həmin pul ona onun bundan əvvəl bankda olan kredit borcu bağlandıqdan sonra verilmişdir. Qətnamədən apellyasiya şikayəti verməmişdir. Hazırda da kreditini ödəməkdən imtina etmir, lakin Xəyalın zaminlikdən çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətiniə qarşı vermiş olduqları etiraz ərizəsini müdafiə etmiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli e-2-2(121)-1584/2024 saylı qətnaməsinin iddianın “23018,59 manat məbləğində əsas borc, 3945,45 manat məbləğində faiz borcu və ödənilmiş 176 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 27140,04 manat məbləğində pulun müştərək qaydada Cavabdeh2 tutulması” hissəsində rədd edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Məhkəmə Kollegiyası, qeyd edilənlərə əsasən də, cavabdehin apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını qismən yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.1 və 421.3-cü maddələrinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət zoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında şərh olunan hüquqi mövqe belədir ki, “Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşin materiallarından görünür ki, iddiaçının etirazlarının əsası kimi istinad etdiyi halları sübut edilməmişdir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 (əsas borclu), Cavabdeh2 (zamin) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK/65669/86/26 nömrəli kredit sazişinə əsasən, Cavabdeh1 36 ay müddətinə, illik 21,5% olmaqla 30000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MK/65669/86/26 nömrəli kredit sazişinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit ödənişinin son tarixi xx.xx.2025-ci il olaraq müəyyən edilmişdir və həmin tarixədək borc alan tərəfindən ümumilkdə cəmi 30000 manat əsas, 10980,25 manat faiz borcu olmaqla, cəmi 40980,25 manat məbləğində ödəniş edilməlidir. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 hesabına 29999 manat məbləğində pul (kredit) vəsaiti köçürülmüşdür. İş materiallarında olan “Hesabdan çıxarış” və xx.xx.2024-cü il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, MK/65669/86/26 nömrəli kredit sazişinə əsasən 23507,08 manat məbləğində əsas borcunun, 4921,81 manat məbləğində faiz borcunun olması hesablanmışdır. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli “kredit müqaviləsinin ləğvinə və borcun ödənilməsinə dair” bildirişlərin surətindən görünür ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 (əsas borclu) və Cavabdeh2 (zamin) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK/65669/86/26 nömrəli kredit sazişinə əsasən yaranmış 23507,08 manat məbləğində əsas, 3924,97 manat məbləğində faiz borcunun dərhal ödənilməsi tələb olunmaqla yanaşı, kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi və borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 9/6674 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 (əsas borclu), Cavabdeh2 (zamin) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK/65669/86/26 nömrəli kredit sazişinə əsasən Cavabdeh1 xəbərdarlıq məktubunun göndərildiyi xx.xx.2024-cü il tarixə əsas borc üzrə 23018,59 manat, faiz borcu üzrə 3945,45 manat, maliyyə arayışında qeyd edilən xx.xx.2024-cü il tarixə əsas borc üzrə 23018,59 manat əsas, faiz borcu üzrə 4921,50 manat borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, MK/65669/86/26 nömrəli kredit sazişinə əsasən xəbərdarlıq məktubunun göndərildiyi xx.xx.2024-cü il tarixə əsas borc üzrə 23018,59 manat, faiz borcu üzrə 3945,45 manat, maliyyə arayışında qeyd edilən xx.xx.2024-cü il tarixə əsas borc üzrə 23018,59 manat əsas, faiz borcu üzrə 4921,50 manat borcunun olması müəyyən olunmuşdur. Ekspert rəyi ilə müəyyən edilmiş əsas və faiz borc məbləği ilə iddia ərizəsində tələb olunan müvafiq borc məbləğləri arasında fərq olsa da, iddiaçı əsas və faiz borc məbləğlərinə aid hissədə ekspert rəyini mübahisələndirməmiş, bununla da ekspertiza rəyində qeyd olunan məbləğlərlə razılaşdığını ifadə etmişdir. Göründüyü kimi iddiaçı kredit üzrə borcun geri alınması tələbi ilə cavabdehlərə qarşı məhkəməyə müraciət etmiş və məhkəmə iddianı qismən təmin etmişdir. Cavabdeh1 (əsas borclu) qətnamədən apaellyasiya şikayəti verməmişdir. Qətnamədən Cavabdeh2 (zamin) narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili belə yüksək məbləğdə kredit müqaviləsi üzrə cavabdehin tək olaraq zamin kimi cəlb olunmasından ibarətdir. Kollegiya bununla bağlı qeyd edir ki, kreditin təminatlı və təminatsız formada müştərilərə verilməsi onun risk dairəsinə daxildir. Bank vermiş olduğu kredit üzrə riski özü daşıyır. Kollegiyanın iclası zamanı Cavabdeh2 bildirmişdir ki, Yengibarın xahişinə əsasən ona zamin durmuşdur. Lakin bank onu aldadaraq təkcə onu zamin qoymuşdur. Belə ki, götürülən kreditə görə 3 nəfər zamin durmalı idi, lakin o tək olaraq zamin olmuşdur. Hazırkı şəraitdə heç bir Bank belə yüksək məbləğdə kredit üçün bir zaminlə kredit vermir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırda mübahisələndirilən qətnamədə mübahisələndirilən hissədə iddianın qiyməti 10000 manatdan çox olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, e-2-2(121)-1584/2024 saylı qətnaməsi Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar