Məhkəmə qərarları › İş №2-2(106)-49/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-49/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-49/2025 12.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Əsədov İlham Qoşunəli oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehlərdən Cavabdeh1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 11 may 2023-cü il tarixli e-2-2(121)-286/2023 saylı qətnaməsindən (hakim E.Abdullayev) cavabdehlərdən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında tərəflərin iştirakı olmadan baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra mətndə "xxxx" QSC BOKT) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 8000 manat əsas borcun, 807.44 manat faiz borcunun və 105 manat mediasiya xərcinin, cəmi 8912.44 manat pulun tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 25 avqust 2020-ci il tarixli 2-3(103)-141/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına "xxxx" ASC-yə ayrılmış güzəştli kreditlər üzrə tələb hüququ İddiaçı QSC BOKT-na ötürülmüşdür. Həmin qərarın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh2 qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 16 noyabr 2020-ci il tarixli 19 saylı təhviltəslim aktı əsasında İddiaçı QSC BOKT-na təhvil verilmişdir. "xxxx" ASC-nin Lənkəran filialı ilə Cavabdeh2 arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli 08/0008/KTK saylı kredit müqaviləsinə əsasən əkinçilik və arpa anbarının təmiri məqsədilə 36 ay müddətinə qaytarılmaq şərti ilə illik 7 %-lə 8000.0 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Lənkəran filialı ilə zamin olmuş şəxs Cavabdeh1 arasında 18 noyabr 2019-cu il tarixli 08/0008/KTK saylı zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə zamin borclu Cavabdeh2 təşkilat qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəliklərinə götürmüşlər. Kredit müqaviləsinə görə cavabdehə verilmiş kredit məbləğini müqaviləyə uyğun qaytarılmalı olduğu halda, buna əməl olunmamışdır. 1 noyabr 2022-ci il tarixə cavabdehin İddiaçı QSC BOKT-na əsas borcu 8000.0 manat, faiz borcu 807.44 manat, cəmi borcu 8807.44 manat təşkil edir İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 11 may 2023-cü il tarixli e-2-2(121)-286/2023 saylı qətnaməsi ilə iddia təmin olunaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8000 manat əsas borc, 807.44 manat faiz borcu 105 manat mediasiya xərci olmaqla, ümumilikdə 8912.44 (səkkiz min doqquz yüz on iki manat, qırx dörd qəpik) manat məbləğində pulun tutularaq İddiaçı QSC BOKT-na ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində əvvəlki icraat: Şirvan Kommersiya Məhkəməsinin 11 may 2023-cü il tarixli e-2-2(121)-286/2023 saylı qətnaməsi cavabdehlərdən borc alan Cavabdeh2 tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş, Şirvan apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 6 sentyabr 2023-cü il tarixli 2-2(106)-104/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən borc məbləği hissədə dəyişdirilmədən saxlanmışdır. Hazırki apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən Cavabdeh1 apellyasiya şikayəti verərək tamamilə ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırlmışdır ki, qətnamədən narazıdır və qətnamə tam olaraq əsassızdır. Məhkəməyə qədər preitenziya məktubu, bildirişlər, nədəki qətnamə gəlməmişdir. Məhkəmə iclasından xəbəri olmamış və qətnaməni yalnız xx.xx.2025-ci ildə rəsmi qaydada əldə etmişdir. 23 sentyabr 2024-cü il tarixində rəsmi olaraq boşanmışlar və bununla bağlı Mingəçevir Şəhər Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli 2(051)- 1243/2024-cu il tarixli qətnaməsi vardır. Həmin qətnamədə bilavasitə qeyd edilir ki, birgə nikahdan doğulan uşaqları himayəsində qalır və qarşı tərəf də 180 manat aliment ödəməlidir. Həmin kredit borcu ilə demək olar ki, heç bir əlaqəsi yoxdur, yəni həmin krediti götürməmişdir, nədə istifadə etməmişdir. Lakin kreditin qaytarılmasını ona da aid edirlər, hətta kredit borcunu müştərək qaydada tutulmasına qərar verirlər. İşə baxan hakim işin vacib faktiki hallarını nəzərə almamış, heç bir araşdırma aparmadan İddiaçı QSC BOKTun iddiasını təmin etmişdir. Qətnamə ilə razı deyil, birincisi, iddiaçının tələb etdiyi 8912.44 manat kredit borcunun mövcudluğu məhkəmə tərəfindən tam və obyektiv şəkildə araşdırılmamışdır. Məsələ burasındadır ki, iddia tələbindəki 8912.44 manat borcun necə əmələ gəlməsi qeyri-müəyyəndir. Məhkəmə, iş üçün vacib əhəmiyyət kəsb edən bu hala aydınlıq gətirməmişdir. Bu halın müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli idi. İkincisi, məhkəmənin istinad etdiyi və iddia tələbinin hüquqi əsasını təşkil edən zaminlik müqaviləsinin həqiqəti əks etdirib-etdirməməsi məsələsinə də aydınlıq gətirilməmişdir. Lakin nədənsə, məhkəmə bu halı nəzərə almamışdır. Üçüncüsü, məhkəmə işə baxarkən yalnız iddiaçının təqdim etdiyi sənədlərə, qeyri-mötəbər sübutlara istinad etməklə kifayətlənmişdir. İşə baxan məhkəmə kredit borcunun müəyyən edilməsi zamanı yalnız iddiaçının təqdim etdiyi mübahisəli zaminlik müqaviləsini əlində rəhbər tutmuş, ona mötəbər sübut qiyməti vermişdir. Məhkəmədə iştirakı təmin olunmamış və məhkəmədə fikri dindirilməmişdir. Bununla da baxılan iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi baş vermişdir. Dördüncüsü, qətnamədən xəbəri olmaması səbəbindən boşanma barədə də heç bir fikir bildirə bilməmişdir. Boşanarkən azyaşlı uşaq yanında qalmışdır və Cavabdeh2 da aliment ödəyir, yəni maddi durumu aşağıdır. Belə olan təqdirdə, məhkəmə bu diqqətəlayiq halı nəzərə alaraq kredit borcunu müştərək qox, işin faktiki hallarına uyğun şəkildə yəni hissələrə bölməli idi. Yəni hər bir tərəfin əmlakdakı payına uyğun bölgü meyarı əsas götürülməli idi. Beşincisi, bir vacib məqamı da qeyd edir ki, keçmiş əri hazırkı işdə Cavabdeh2 müvafiq krediti ailə məqsədləri üçün istifadə etməsi də sual altındadır, belə olan təqdirdə niyə onun şəxsi borcunu qaytarmalıdır? Hesab edir ki, həmin borc aralarında müştərək qaydada yox, hər kəsin payına uyğun şəkildə bölünməli idi. Hesab edir ki, bu işdə aralarında heç bir qarşılıqlı razılıq olmayıb, əksinə ərinin götürdüyü kredit borcuna görə əsassız yerə pul ödəməlidir. Hesab edir ki, Ailə Məcəlləsinin 37.2-ci və 37.3-cü maddələririnin məzmunundan da göründüyü kimi ərarvadın əmlakı kimi, borcları da onların faktiki vəziyyətinə, işin mahiyyətinə uyğun bölünməlidir. Lakin bu işdə kredit borcunun bölünməsi həyata keçirilməmişdir. Bu işdə isə Məhkəmənin əsaslandığı hal yalnız iddiaçının ifadəsidir, bu isə sırf subyektiv və qərəzli bir yanaşmadır. Hesab edir ki, məhkəmə sübutlara obyektiv qiymət verməmiş, eyni zamanda qərəzli mövqe tutmuşdur. Belə ki, yalnız iddiaçının təqdim etdiyi mübahisəli sənədlərin nəzərə alınması prosessual hüquq pozuntusudur. Bu işdə kredit üzrə borc tələbinin yaranması ilə bağlı heç bir hal müəyyən edilməmiş, heç bir araşdırma aparılmamışdır. Hesab edir ki, digər Cavabdeh2 ilə aralarında nikah pozulmuş və azyaşlı uşağı ilə birgə cavabdehdən ayrı yaşayır, ona görə də, müştərək qaydada kreditin tutulmasını düzgün hesab etmir, həmin qaydada tutulma yalnız kreditin tutulması kimi şərh olunur və kredit tarixcəsinə mənfi təsir edir. Bundan əlavə qeyd edir ki, sözügedən qətnamədə göstərilən borc müştərək qaydada ödənilməsi ziyanınadır və bu səbəbdən də qətnamənin yarı (1/2) hissədə yerinə yetirməsi qanuna müvafiqdir. Kredit borcunun cavabdehlər arasında hansı qaydada bölünməsi məsələsi obyektiv şəkildə araşdırılmamışdır. Yəni, iddia tələbindəki məbləğin niyə məhz müştərək qaydada bölünməsi aydın deyil. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh1 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə2 cavabdehin iddiaçı qarşısında öhdəliyinin bağlanan zaminlik müqaviləsindən irəli gəldiyini, apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış digər Cavabdeh2 hər hansı bir üzürlü səbəbini bildirmədən məhkəmədə iştirak etməmişdir, kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlərdən Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etsə də, borc məbləği hissədə qətnamənin əsaslılığına artıq apellyasiya qaydasında yoxlanılaraq hüquqi qiymət verildiyindən və həmin qətnamə qanuni qüvvəyə mindiyindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqe baxımından birinci instansiya məhkəməsinin qətnaməsi yalnız zaminlik müqaviləsinə aid hissədə apellyasiya qaydasında mübahisələndirilə bilər. Odur ki, hazırki apellyasiya baxışının predmetini yalnız zaminin məsuliyyəti hissədə qətnamənin əsaslılığının yoxlanılması təşkil edəcək. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, mübahisələndirilən hissədə apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər əiraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarından görünür ki, "xxxx" ASC-nin Lənkəran filialı ilə Cavabdeh2 arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli 08/0008/KTK saylı kredit müqaviləsinə əsasən ona əkinçilik və arpa anbarının təmiri məqsədilə 36 ay müddətinə, illik 7 faiz olmaqla 8000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 18 noyabr 2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 8000 manat məbləğində krediti götürmüşdür. İşdən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında 18 noyabr 2019-cu il tarixli 008/0008/KTK saylı zaminlik müqaviləsi bağlanılmışdır. Həmin zaminlik müqaviləsinə əsasən Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 16 noyabr 2020-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına "xxxx" ASC-yə ayrılmış güzəştli kreditlər üzrə tələb hüququ İddiaçı QSC-yə ötürülmüşdür. İş materiallarında olan arayışın surətindən görünür ki, Cavabdeh2 02 noyabr 2022-ci il tarixə İddiaçı QSC-yə ümumilikdə 8807.44 manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı 09 fevral 2022-ci il tarixli pretenziya bildirişinin surətindən görünür ki, İddiaçı QSC BOKT ilə Cavabdeh2 arasında 18 noyabr 2019-cu il tarixli 08/0008/KTK saylı kredit müqaviləsinə əsasən borcu yaranmışdır. Odur ki, 10 iş günü müddətində borcun tam ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə iddia qaldırılacağına dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 22 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı QSC BOKT tərəfindən 105 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (m. 470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (m. 470.2.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (m. 472.1.). Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Bu maddənin mənasına görə, “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında formalaşan hüquqi mövqeyə görə zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan, belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə), əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Beləliklə, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Göründüyü kimi, zamin üzərinə birgə məsuliyyət götürdüyü halda onun kreditor qarşısında məsuliyyəti də borclu ilə eyni həcmdə olur və onların hər ikisi də öhdəliklərin icrası üçün kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hətta mülki qanunvericilik zaminliyin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də verilməsini də istisna etməmişdir. Ancaq nəzərə almaq lazımdır ki, hər bir halda, zaminlik müqaviləsi Mülki Məcəllə ilə nəzərdə tutulmuş tələblərə uyğun şəkildə tərtib olunmalı və müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin mahiyyəti tam olaraq əks olunmalıdır. Zaminlik mücərrəd öhdəliklər üzrə verilə bilməz. Əks təqdirdə, zamin hansı öhdəliklərin icrası üçün zəmanət verilməsindən məlumatlı olmayacaqdır ki, bu da onu gələcəkdə ağır şərtlər qarşısında qoya bilər. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, kreditorla borc alan arasında bağlanan kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi çıxış edən zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 öhdəliklərin tam və lazımınca icrası üçün borc alanla birgə kreditor qarşısında məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin etibarsızlığına dəlalət edən hər hansı bir hal mövcud deyildir. Zaminlik müqaviləsinə xitam verilməsi üçün də hər hansı bir hal iş materialları ilə müəyyən edilmir. Belə ki, zaminliklə təmin olunan kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün son müddət 1 noyabr 2022-ci il tarixidir, iddiaçı hazırki iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş, bununla Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan kəsici müddətin tətbiqi riskini aradan qaldırmışdır. Cavabdehin (zaminin) apellyasiya şikayətinin əsas dəlilləri alınan kreditin ailə məsrəflərinə xərclənməməsindən dolayı keçmiş ərinin öhdəlikləri üçün məsuliyyət daşımamasından, yaxud da, birgə məsuliyyət daşımalı olmamasından ibarətdir. Apellyasiya şikayətinin dəlillərinə qiymət verən kollegiya qeyd edir ki, hazırki halda kreditorun zaminə qarşı məhkəmədə iddia qaldırmasının əsasını bağlanmış zaminlik müqaviləsi təşkil edir ki, bunun müqavilə bağlanan zaman zaminin borc alanla ailə münasibətlərində olub-olmamasına heç bir aidiyyəti yoxdur. Apellyasiya şikayətinin digər dəlilləri borc məbləğinin düzgün hesablanmaması ilə bağlı olmuşdur ki, həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin qətnaməsi artıq apellyasiya qaydasında mübahisələndirilmiş və qüvvədə olan qətnamə ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən olunur. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə iddianın qiyməti 10000 manatdan az olduğundan, prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 11 may 2023-cü il tarixli e-2-2(121)-286/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: İlham Əsədov Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar