Məhkəmə qərarları › İş №2-2(106)-50/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-50/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-50/2023 16.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (İddiaçı QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit razılaşmalarına xitam verilməsi, kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və digər tələblərinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 07 fevral 2023-cü il tarixli e-2-2(121)-15/2023 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı Şirvan Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 25 iyun 2012-ci il tarixli 28L000000091 saylı kredit xətti müqaviləsi, 24 dekabr 2019-cu il tarixli 022R********** saylı və 15 mart 2019-cu il tarixli 055R********** saylı kredit razılaşmalarına xitam verilməsi, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə - 022R********** saylı kredit razılaşması üzrə 28742,23 manat məbləğində kredit borcu, 3432,75 manat məbləğində faiz borcu və 5.000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 37174,98 manat borcun, 055R********** saylı kredit razılaşması üzrə 4796,31 manat məbləğində kredit borcu, 658,08 manat məbləğində faiz borcu və 1000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6454,39 manat borcun, hər iki kredit razılaşması üzrə ümumilikdə cəmi 43629,37 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 21 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 150 manat xidmət haqqının tutulması, tutmanın İmişli şəhəri, Bülbül küçəsində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 11 saylı fərdi yaşayış evinə və İmişli şəhəri Q.İsmayılzadə küçəsində 0.0127 ha torpaq üzərində yerləşən 108 saylı qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 43.629,37 manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 21 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumun və 150 manat xidmət haqqının İddiaçı QSC-nin xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, İmişli şəhəri Bülbül küçəsində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 11 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh1 həmin əmlakdan çıxarılmaları, əmlakın boşaldılmaları və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, İmişli şəhəri Q.İsmayılzadə küçəsində 0.0127 ha torpaq üzərində yerləşən 108 saylı qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli 28L000000091 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 300.000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 022R********** saylı kredit razılaşması əsasında 22 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 022R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü kredit borcundan 11257,77 manat ödəmiş, onun 28742,23 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 357 gün üçün hesablanmış faiz borcu 3.432,75 manat məbləğ təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.5 faiz məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 357 gün üçün hesablanmış cərimə 5000 manat məbləğ təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 055R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 055R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu vəfaiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü kredit borcundan 25203,69 manat ödəmiş, onun 4796,31 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 246 gün üçün hesablanmış faiz borcu 658,08 manat təşkiledir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 faiz məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 246 gün üçün hesablanmış cərimə 1000 manat məbləğ təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə, kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh4, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli 28M000000033 nömrəli ipoteka müqaviləsi əsasında İmişli şəhəri Bülbül küçəsində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 11 saylı fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş 2 nömrəlii reyestr kitabının 161 nömrəli vərəqində qeydiyyata alınmış və RX0017080№-li çıxarışa əsasən İmişli şəhəri Bülbül küçəsində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 11 saylı fərdi yaşayış evinin Cavabdeh3 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh ipoteka verən Cavabdeh3 “İpoteka haqqında” Qanunun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixdə bildiriş göndərilmişdir. Qanunun 36.1-ci maddəsinə əsasən İpoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2021-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat məbləğdə dövlət rüsumu və 30 manat məbləğdə xidmət haqqı ödəmişdir. İmişli RİHB şəhər İƏDN tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 1226 saylı forma 2 arayışına əsasən İmişli şəhəri Bülbül küçəsi ev 11 ünvanında qeydiyyatda olan Cavabdeh1 həmin ev İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 İddiaçı QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli 28M000000034 nömrəli ipoteka müqaviləsi əsasında İmişli şəhəri Q.İsmayılzadə küçəsində 0.0127 hatorpaq üzərində yerləşən 108 saylı qeyri-yaşayış binası (təyinat ticarət) İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş 1 nömrəli reyestr kitabının 144 nömrəli vərəqində qeydiyyata alınmış və RX 0017081№-li çıxarışa əsasən İmişli şəhəri Q.İsmayılzadə küçəsində 0.0127 ha torpaq üzərində yerləşən 108 saylı qeyri-yaşayış binasının Cavabdeh3 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh3 “İpoteka haqqında” Qanunun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixdə bildiriş göndərilmişdir. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2021-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat məbləğdə dövlət rüsumu və 120 manat məbləğdə xidmət haqqı ödəmişdir. Mülkiyyətçinin arvadı Cavabdeh1 həmin qeyri-yaşayış binası İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda, əmlakı qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Bu kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, lakin cavabdeh tərəflər iştirak etməmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq bank tərəfindən 200 manat məbləğdə haqq ödənilmişdir. İddiaçı QSC iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 28L000000091 saylı kredit xətti müqaviləsi, xx.xx.2019-cu il tarixli 022R********** saylı və xx.xx.2019-cu il tarixli 055R********** saylı kredit razılaşmalarına xitam verilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 022R********** sayh kredit razılaşması üzrə 21549.80 manat kredit borcu, 3432.75 manat faiz borcu və 5000 manat cərimə borcu olmaqla, cəmi 29982.60 manat, - 055R********** saylı kredit razılaşması üzrə 1899.82 manat kredit borcu, 658.08 manat faiz borcu və 1000 manat cərimə borcu olmaqla, cəmi 3557.90 manat, olmaqla iki kredit razılaşması üzrə ümumilikdə cəmi 33540 (otuz üç min beş yüz qırx) manat 50 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 21 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 150İ manat xidmət haqqının tutulması; tutmanın İmişli şəhəri Bülbül küçəsində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 11 sayh fərdi yaşayış evinə və İmişli şəhəri Q.İsmayılzadə küçəsində 0.0127 ha torpaq üzərində yerləşən 108 saylı qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 33540 (otuz üç min beş yüz qırx) manat 50 qəpik borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 21 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumun və 150 manat xidmət haqqının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması; İmişli şəhəri Bülbül küçəsində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 11 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh1 həmin əmlakdan çıxarılmaları, əmlakın boşaldılmaları və hərracın nəticələri üzrə alıcıya təhvil yerilməsi, İmişli şəhəri Q.İsmayılzadə küçəsində 0.0127 ha torpaq üzərində yerləşən 108 saylı qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia tələbinin azaldılması barədə ərizəsi onunla əsaslandırılmışdır ki, iş ekspertizada olduğu dövrdə cavabdehlər tərəfindən 10089 (on min səksən doqquz) manat məbləğində ödəniş həyata keçirilmiş, həmin ödənişin 7192.50 manat hissəsi xx.xx.2019cu il tarixli 022R********** saylı kredit razılaşması üzrə əsas borcdan, 2896.50 manat hissəsi isə xx.xx.2019-cu il tarixli 055R********** saylı kredit razılaşması üzrə əsas borcdan silinmişdir. Ona görə də, hazırda kredit borcunun tutulmasına dair hissədə iddia tələblərinin azaldılması zərurəti yaranmışdır. Şirvan Kommersiya Məhkəməsinin 07 fevral 2023-cü il tarixli e-2-2(121)-15/2023 saylı qətnaməsi (hakim Elşən Abdullayev) ilə iddia qismən təmin edilmiş, İddiaçı QSC və Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 28L000000091 saylı kredit xətti müqaviləsi, xx.xx.2019-cu il tarixli 022R********** saylı və xx.xx.2019-cu il tarixli 055R********** saylı kredit razılaşmalarına xitam verilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 022R********** saylı kredit razılaşması üzrə 21549,80 manat əsas borc, 3432,75 manat faiz borcu, 500 manat cərimə borcu, 055R********** saylı kredit razılaşması üzrə 1899,92 manat əsas borc, 188,67 manat faiz borcu, 100 manat cərimə borcu, 15 manat dövlət rüsumu, 200 manat mediasiya xərci və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 170 manat dövlət rüsumu olmaqla, ümumilikdə 28056,14 (iyirmi səkkiz min əlli altı manat on dörd qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı QSC-yə ödənilməsi, tələbin Cavabdeh3 məxsus İmişli şəhəri Bülbül küçəsində yerləşən 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 84.1 kv.m. yaşayış, 95.6 kv.m. köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinə və İmişli şəhəri Q.İsmayılzadə küçəsində 0.0127 ha torpaq sahəsində yerləşən 115.8. kv.m. ümumi sahədən ibarət 1 mərtəbəli, 108 saylı qeyri-yaşayış binasına yönəldilməsi, Cavabdeh3 məxsus İmişli şəhəri Bülbül küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 84.1 kv.m. yaşayış, 95.6 kv.m. köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 64800 manat məbləğində və İmişli şəhəri Q.İsmayılzadə küçəsində 0.0127 ha torpaq sahəsində yerləşən 115.8. kv.m. ümumi sahədən ibarət 1 mərtəbəli, 108 saylı qeyri-yaşayış binasının ilkin satış qiyməti 85500 manat məbləğində olmaqla, açıq hərracda satılması, həmin əmlakların satılmasından əldə edilən vəsaitdən İddiaçı QSC-yə olan borcun ödənilməsi, əmlakların açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin Cavabdeh3 qaytarılması, İmişli şəhəri Bülbül küçəsində yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 84.1 kv.m. yaşayış, 95.6 kv.m. köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh1 həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması, İmişli şəhəri Q.İsmayılzadə küçəsində 0.0127 ha torpaq sahəsində yerləşən 115.8. kv.m. ümumi sahədən ibarət 1 mərtəbəli, 108 saylı qeyri-yaşayış binasına tutma yönəldikdə və satıldıqdan 1 ay sonra həmin qeyri-yaşayış binasının boşaldılması, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 150 (yüz əlli) manat hissəsinin müştərək qaydada cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4, 50 (əlli) manatının isə İddiaçı QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməsi, iş üzrə daşınmaz əmlakların qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 500 manat məbləğində pul vəsaitinin Cavabdeh3 alınaraq "xxxx" MMC-nin hesabına (Kod: 512275, Vöen: **********, MH Acc: AZ41NABZ********************, Swift: MUGAAZ22, Client Name: PREMİUM QİYMATLANDİRMA MMC, Client Acc: AZ37MUGA**********00274AZM70, Client Vöen: **********) ödənilməsi qət edilmişdir. Cavabdeh3 Şirvan Kommersiya Məhkəməsinin 07 fevral 2023-cü il tarixli e-2-2(121)- 15/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və qətnaməni qismən ləğv edib, faiz borcu və tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışlar ki, 10 ildir ki, iddiaçının xidmətlərindən istifadə edir və əvvəllər iddiaçı ilə aralarında heç bir narazılıq olmamışdır. Lakin 2019-cu ildə başlanan pandemiya ilə əlaqədar həmin vaxtdan sahibkar kimi ziyanla işləmişdir. 2021-ci ildə İmişli bazarında yanğın zamanı 2 obyektində 220 manatlıq əşyaları yanmışdır. Bununla əlaqədar obyektiv səbəbdən kreditin ödənilməsində gecikmələr olmuşdur. Bu halları iddiaçıya bildirmişdir ki, bu vəziyyətdə ona faiz hesablanmamalı idi. O, əsas borcu qəbul edir, lakin yüksək faiz hesablanmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini düzgün hesab etmir. Çünki ödəmədən imtina etmir, ona vaxt verilsə, əsas borcu ödəyəcəkdir. Məhkəmə icraatı müddətində borcdan 11800 manat hissə ödəmişdir. Birinci instansiya məhkəməsi onu dinləsə də, sübutlarını nəzərə almadan qətnamə qəbul etmişdir. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsinə səbəbdir. İddiaçının əsassız varlanmaq istəyinə məhkəmə hüquqi qiymət verməmişdir. Həmin normaya əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Müqavilədən sonra pandemiya və yanğın hadisələri şəraiti əhəmiyyətli dərəcədə dəyişmişdir. Bu hala məhkəmə tərəfindən münasibət bildirilməyib. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə bərabərlik prinsipini pozub. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının sübutları saxta olsa da, məhkəmə tərəfindən qiymətləndərilməmişdir. Məhkəmənin gəldiyi nəticədə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və sübut edilməmişdir. Qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qətnamə qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Tələbin faizlə bağlı hissəsi sübut edilməmişdir. Tutmanın ipoteka predmetinə yönəldilməsi əsaslandırılmamış, tutmanın poteka predmetinə yönəldilməsinin zəruri olması halı sübut edilməmişdir. Qətnamədə faiz borcuna dair məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun gəlmir. Belə ki, işdə pandemiya və obyektimdə yanğınla bağlı hallar öz əksini tapmışdır. Cavabdeh3 məhkəmədə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan Kommersiya Məhkəməsinin 07 fevral 2023-cü il tarixli 2-2(121)-15/2022 saylı qətnaməsin ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, o, iddiaçıya olan borcunu ödəməkdən imtina etmir, ancaq müəyyən müddət vaxt verilməsi onun maddi vəziyyətini yaxşılaşdırar. Cavabdeh2 məhkəmədə Cavabdeh3 ilə eyni məzmunda izahat vermişdir. O, Şirvan Kommersiya Məhkəməsinin 07 fevral 2023-cü il tarixli 2-2(121)-15/2022 saylı qətnaməsin ləğv edilməsini, apellyasiya şikayətinin isə təmin edilməsini xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə2 məhkəmədə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, Cavabdeh3 apellyasiya şikayətinin təmin edilməməsini və Şirvan Kommersiya Məhkəməsinin 07 fevral 2023-cü il tarixli 2-2(121)-15/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, Cavabdeh3 İddiaçı QSC-ilə bağladığı xx.xx.2019-cü il tarixli 022R********** saylı kredit razılaşması əsasında 22 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 manat məbləğində kredit verilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixin banka olan əsas borcu 28742.23 manat, həmin tarixdən hesablanmış faiz borcu 3432.75 manat, cərimə borcu 5000 manat məbləğ təşkil edir. Məhkəməyə müraciət edildikdən sonra Cavabdeh3 tərəfindən 7192.50 manat məbləğində ödəniş edilmiş, həmin ödəniş əsas borcdan silinmişdir. Cavabdeh3 xx.xx.2019-cu il tarixli 022R********** saylı kredit razılaşması üzrə İddiaçı QSC-yə olan borcu 21549.80 manat əsas kredit borcu, 3432.75 manat faiz borcu, 5000 manat cərimə borcu olmaqla cəmi borcu 29982.60 manat məbləğ təşkil edir. Cavabdeh3 İddiaçı QSC-ilə xx.xx.2019-cu il tarixli 055R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə 30000 manat məbləğində kredit verilmiş, cavabdehin xx.xx.2022-ci il tarixə banka olan əsas borcu 4796.31 manat həmin tarixə hesablanmış faiz borcu 658.08 manat, cərimə borcu 1000 manat məbləğ təşkil edir. Məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən 2896.50 manat məbləğində ödəniş edilmiş və həmin ödəniş əsas borcdan silinmişdir. Bununlada cavabdehin 2-ci müqavilə üzrə banka olan borcu 1899.82 manat əsas kredit borcu, 658.8 manat faiz borcu, 1000 manat cərimə olmaqla cəmi borcu 3557.90 manat məbləğ təşkil edir. Bu səbəbdən də, Cavabdeh3 apellyasiya şikayəti əsassızdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apelyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 28L000000091 saylı kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300000 manat məbləğində kredit xətti açılmışdır. İşdə olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 28L000000091 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli 022R********** saylı kredit razılaşmasına əsasən 22 ay müddətinə aylıq 1.5faiz faiz dərəcəsi ilə 40000 manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 28L000000091 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli 055R********** saylı kredit razılaşmasına əsasən 24 ay müddətinə,aylıq 1.5faiz faiz dərəcəsi ilə 30000 manat məbləğində kredit verilmişdir. İşdə olan sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 28S000000278 saylı zaminlik müqaviləsindən görünür ki, o, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməyi öhdəsinə götürmüşdür. İşdə olan sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 28S000000279 saylı zaminlik müqaviləsindən görünür ki, o, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməyi öhdəsinə götürmüşdür. İşdə olan sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 28M000000033 saylı xx.xx.2012-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən İmişli şəhəri Bülbül küçəsi 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 84.1 kv.m yaşayış, 95.6 kv.m köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 30245,60 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan Cavabdeh1 tərəfindən imzalanmış xx.xx.2012-ci il tarixli ərizəyə əsasən Cavabdeh3 məxsus olan İmişli şəhəri Bül-Bül küçəsi ev 11 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı QSC-yə və ya onun hər hansı bir filialına kredit təminatı üçün ipoteka qoyulmasına razılıq vermişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İmişli şəhəri Bülbül küçəsi 11 nömrəli fərdi yaşayış evi İddiaçı QSC -nin xeyrinə yüklü edilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdeh(lər)ə “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə bildiriş göndərmişdir. İşdən görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair xx.xx.2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İşdə olan sənədlərdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 28M000000034 saylı xx.xx.2012-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən İmişli şəhəri Q.İsmayılzadə küçəsində 0,0127 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətində olan 115.8 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 108 saylı qeyri-yaşayış binası kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 41.244 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İmişli şəhəri Q.İsmayılzadə küçəsi 108 saylı qeyri-yaşayış binası İddiaçı QSC -nin xeyrinə yüklü edilmişdir. İşdə olan Cavabdeh1 tərəfindən imzalanmış xx.xx.2012-ci il tarixli ərizəyə əsasən Cavabdeh3 məxsus olan İmişli şəhəri Q.İsmayılzadə küçəsi 108 saylı qeyri-yaşayış binası İddiaçı QSC-yə və ya onun hər hansı bir filialına kredit təminatı üçün ipoteka qoyulmasına razılıq vermişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdeh(lər)ə “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə bildiriş göndərmişdir. İşdən görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair xx.xx.2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İşdə olan arayışın surətindən görünür ki, Cavabdeh3 055R********** saylı xx.xx.2019cu il tarixli kredit razılaşması üzrə 4796,31 manat əsas, 658,08 manat məbləğində faiz borcu, 1000 manat məbləğində cərimə borcu, cəmi 6454,39 manat məbləğində kredit borcu vardır. İşdə olan arayışının surətindən görünür ki, Cavabdeh3 022R********** saylı xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə 28742,23 manat əsas, 3432,75 manat məbləğində faiz borcu, 5000 manat məbləğində cərimə borcu, cəmi 37174,98 manat məbləğində kredit borcu vardır. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 14 aprel 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı QSC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixənədək banka kredit borcunun olması, borc ödənilmədiyi halda müqaviləyə xitam verilməsi, borcun və hesablanmış faizlərin tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məlumatlandırılmışlar. İşdə olan Məhkəmə-mühasibatlıq ekspertizasının 9/4853 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, 022R********** saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə və 022R**********S saylı xx.xx.2020-ci il tarixli sazişə əsasən xx.xx.2022-ci il tarixə, əsas borcu üzrə 29.433,66 manat, faiz borcu üzrə 5.298,06 manat; 055R********** saylı xx.xx.2019-cu il tarixli və 055R**********S saylı xx.xx.2020-ci il tarixli sazişə əsasən xx.xx.2021-ci il tarixə, əsas borcu üzrə 5.989,40 manat, faiz borcu üzrə 188,67 manat kredit razılaşması və borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində təşkil edir. İş materiallarından görünür ki, məhkəmənin qərardadı ilə göstərilən daşınmaz əmlak(lar)ın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabat(lar)ı (rəy(lər)i) ilə Cavabdeh3 mülkiyyətində olan İmişli şəhəri Bül- Bül küçəsi ev 11 ünvanında yerləşən fərdi-yaşayış evinin likvid dəyəri 64800 manat, Cavabdeh3 mülkiyyətində olan İmişli şəhəri Q.İsmayılzadə küçəsi 108 saylı qeyri-yaşayış binasının likvid dəyəri 85500 manat məbləğində olması müəyyən olunmuşdur. Hesabata (rəyə) əlavə edilən “hesab faktura”dan görünür ki, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri 500 manat məbləğində təşkil edir. Habelə, apellyasiya instansiyasında təqdim edilmiş 15 may 2023-cü il tarixli Maliyyə Arayışlarından görünür ki, Cavabdeh3 İddiaçı QSC-ilə bağladığı xx.xx.2019-cü il tarixli 022R********** saylı kredit razılaşması əsasında 22 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 manat məbləğində kredit verilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixin banka olan əsas borcu 28742.23 manat, həmin tarixdən hesablanmış faiz borcu 3432.75 manat, cərimə borcu 5000 manat məbləğ təşkil edir. Məhkəməyə müraciət edildikdən sonra Cavabdeh3 tərəfindən 7192.50 manat məbləğində ödəniş edilmiş, həmin ödəniş əsas borcdan silinmişdir. Cavabdeh3 xx.xx.2019-cu il tarixli 022R********** saylı kredit razılaşması üzrə İddiaçı QSC-yə olan borcu 21549.80 manat əsas kredit borcu, 3432.75 manat faiz borcu, 5000 manat cərimə borcu olmaqla cəmi borcu 29982.60 manat məbləğ təşkil edir. Habelə, Cavabdeh3 İddiaçı QSC-ilə xx.xx.2019-cu il tarixli 055R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə 30000 manat məbləğində kredit verilmiş, cavabdehin xx.xx.2022-ci il tarixə banka olan əsas borcu 4796.31 manat həmin tarixə hesablanmış faiz borcu 658.08 manat, cərimə borcu 1000 manat məbləğ təşkil edir. Məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən 2896.50 manat məbləğində ödəniş edilmiş və həmin ödəniş əsas borcdan silinmişdir. Bununlada cavabdehin 2-ci müqavilə üzrə banka olan borcu 1899.82 manat əsas kredit borcu, 658.8 manat faiz borcu, 1000 manat cərimə olmaqla cəmi borcu 3557.90 manat məbləğ təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bundan başqa, MM-in 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. MM-in 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Habelə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-cü maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin qanunun 33-cü maddəsinə görə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadının 10 və 11-ci bəndlərində qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. İlk öncə, likvid dəyərlə bağlı qeyd edilməlidir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan, aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Həmin qərardadın 13-cü bəndində göstərilmişdir ki, ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipoteka qoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipoteka saxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hazırkı mülki işin faktiki hallarına Cavabdeh3 apellyasiya şikayətinin - iddianın faiz borcunun hesablanması və tələbin ipoteka predmetinə yönəldilməsinin qanunsuz olması barədə dəlillərinə uyğun olaraq, hərtərəfli hüquqi qiymət verərək hesab edir ki, 2019-cu ildən pandemiyanı başlanması və 2021-ci ildə İmişli bazarında yanğınla əlaqədar onun ziyanla işləməsi iddiaçı ilə aralarında bağlanmış kredit sazişləri üzrə faizlərin hesablanmaması, habelə cavabdeh tərəfindən həmin müqavilələr üzrə ödənişlərin davam etdirilməsi müqavilə üzrə yaranmış borcun ödənilməsinin təminatı qismində nəzərdə tutulmuş ipoteka predmetinə tutmanın yönəldilməməsi üçün əsas deyildir. Kollegiya bundan əlavə, diqqətə çatdırır ki, əsassız varlanma halı iş üzrə müəyyən edilmir. Çünki iddiaçının tələbi tərəflər arasında bağlanmış kredit sazişlərinə söykənir və həmin müqavilələr heç vaxt mübahisələndirilməmişdir. Habelə, iş materiallarından da görünür ki, cavabdehlər həmin müqavilələri qəbul edirlər. Eyni zamanda, iddiaçının sübutlarının saxta olmasını qeyd etsə də, cavabdeh apellyasiya şikayətində bunun nədən ibarət olması barədə ümumiyyətlə heç bir açıqlama verməmişdir. Bu baxımdan da, həmin dəlilə hüquqi cəhətdən tam və ətraflı hər hansı münasibət bildirilməsi mümkün deyildir. Həmçinin, tələbin faizlə bağlı hissəsinin sübut edilməməsi, tutmanın ipoteka predmetinə yönəldilməsinin əsaslandırılmaması, tutmanın poteka predmetinə yönəldilməsinin zəruri olması halının sübut edilməməsi, habelə qətnamədə faiz borcuna dair məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlməsinə dair apellyasiya şikayətinin dəlilləri digərləri kimi formal xarakter daşımaqla həqiqətə uyğun gəlmir və heç bir sübutla təsdiq edilmir. Beləliklə, məhkəmə kollegiyası diqqətə çatdırır ki, Cavabdeh3 apellyasiya şikayətinin yuxarıda sadalanan bütün dəlilləri əsassız olmaqla, işin hallarından, apellyasiya şikayətinin məzmunundan və şikayət verən şəxsin izahatından da aydın göründüyü kimi, ödənişlərlə bağlı gecikdirilmiş müddət üzrə daha artıq faiz məbləğinin hesablanmaması baxımından vaxt qazanılması və tutmanın ipotekaya yönəldilməsinin qarşısının alınması məqsədinə xidmət edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir. Qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikayətində sadalanan dəlilləri hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin 07 fevral 2023-cü il tarixli e-2-2(121)-15/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 07 fevral 2023-cü il tarixli e-2-2(121)-15/2023 saylı qətnaməsi Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar