Məhkəmə qərarları › İş №2-2(106)-58/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-58/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-58/2023 14.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" MMC-nə, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 2 mart 2023-cü il tarixli e-2-2(121)-10/2023 saylı qətnaməsindən (hakim E.Abdullayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında tərəflərin iştirakı olmadan baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" MMC-nə, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh4 MMC-dən, Cavabdeh2 birgə qaydada K3711 saylı kredit müqaviləsi üzrə 860000 (səkkiz yüz altmış min) manat əsas borc, 3689.98 (üç min altı yüz səksən doqquz manat doxsan səkkiz qəpik) manat faiz borcu, 115262.74 (yüz on beş min iki yüz altmış iki manat yetmiş dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 978952.72 (doqquz yüz yetmiş səkkiz min doqquz yüz əlli iki manat yetmiş iki qəpik) manat borcunun xeyrinə tutulması, tutmanın Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri,Yasamal rayonu, X10 Naxçivani küçəsi, ev 22, mənzil 36 ünvanında yerləşən yaşayış sahəsinə, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu X11 küçəsi, ev 74, mənzil 80 ünvanında yerləşən yaşayış sahəsinə, Cavabdeh2 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilməsi və qeyd olunan ipoteka predmetlərinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin iddiaçıya olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh4 MMC və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun və 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqının və mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh4 MMC (bundan sonra “Borcalan”) arasında 20 noyabr 2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X5 07 avqust 2019-cu il tarixli 1.0.1 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-01015LE/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Eyni zamanda tərəflər arasında 25 dekabr 2019-cu il tarixdə GL3711 saylı kredit limiti müqaviləsi imzalanmış və həmin kredit limiti müqaviləsi çərçivəsində 25 dekabr 2019-cu il tarixli K3711 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Bank tərəfindən Cavabdeh4 MMC-yə illik faiz dərəcəsi 13% olmaqla 25 dekabr 2020-ci il tarixədək 860000 (səkkiz yüz altmış min) manat məbləğində kredit xətti açılmışdır. İddiaçı ASC ilə Cavabdeh4 MMC arasında bağlanmış GL3711 saylı kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə 03 fevral 2020-ci il tarixli İ3297 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İ3297 saylı ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda 12 fevral 2020-ci il tarixli (Reyestr nömrəsi: **********46-10302; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X10 Naxçivani küçəsi, ev 22, mənzil 36 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı ASC-in xeyrinə 3 fevral 2020-ci il tarixli İ3299 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İ3299 saylı ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda 25 fevral 2020-ci il tarixli (Reyestr nömrəsi: **********97-05301-093005; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu X11 küçəsi, ev 74, mənzil 80 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə 03 fevral 2020ci il tarixli İ3300 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İ33300 saylı ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda 12 fevral 2020-ci il tarixli (Reyestr nömrəsi: **********18-05301-093003; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh2 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə 05 fevral 2020-ci il tarixli İ3298 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İ3298 saylı ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda 14 fevral 2020-ci il tarixli (Reyestr nömrəsi: **********77-05101- 093006; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Eyni zamanda İddiaçı ASC ilə borcalan Cavabdeh4 MMC arasında bağlanmış GL3711 saylı kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 arasında 25 dekabr 2019-cu il tarixli Z3777 saylı zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış 07 avqust 2019-cu il tarixli 1.0.1 nömrəli X5 5 bölməsinin 5.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə, Bank kredit müddətini vaxtından əvvəl geri tələb edə bilər. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək Borcalan və zaminə xəbərdarlıq məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İpoteka saxlayan İddiaçı ASC İpoteka qoyanlara “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.3-cü bəndinə uyğun olaraq ipoteka predmetlərinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanın Banka məlum olan qeydiyyat ünvanına bildiriş göndərmişdir və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması haqqında ərizələr Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim olunmuş və həmin idarədə qeydə alınmışdır. Bundan başqa mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması üçün 40 (qırx) manat dövlət rüsumu və 120 (yüz iyirmi) manat xidmət haqqı, Mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqı ödəmişdir. Borcalanın 10 avqust 2021-ci il tarixinə İddiaçı ASC qarşısında borcu aşağıdakı kimidir: - K3711 saylı maliyyələşdirmə üçün ərizə üzrə 860000 (səkkiz yüz altmış min) manat əsas borc, 3689.98 (üç min altı yüz səksən doqquz manat doxsan səkkiz qəpik) manat faiz borcu, 115262.74 (yüz on beş min iki yüz altmış iki manat yetmiş dörd qəpik) manat cərimə olmaqla, cəmi 978952.72 (doqquz yüz yetmiş səkkiz min doqquz yüz əlli iki manat yetmiş iki qəpik) manat təşkil edir, gecikmə günün sayı – 228. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 2 mart 2023-cü il tarixli e-2-2(121)-10/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehlər Cavabdeh4 MMC və Cavabdeh2 müştərək qaydada 25 dekabr 2019-cu il tarixli K3711 saylı kredit müqaviləsinə əsasən 860000 manat əsas borc, 3689.98 manat faiz borcu, 11600 manat cərimə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 160 manat rüsum və mediasiya xərci üzrə ödənilmiş 400 manat olmaqla, ümumilikdə 875849.98 (səkkiz yüz yetmiş beş min səkkiz yüz qırx doqquz manat, doxsan səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nə, 1165.45 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, tutmanın Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə ilkin satış qiyməti 215000 manat müəyyən edilməklə, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, X10 Naxçıvani küçəsi, ev 22, mənzil 36 ünvanında yerləşən mənzilə ilkin satış qiyməti 315000 manat müəyyən edilməklə, Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 74, mənzil 80 ünvanında yerləşən mənzilə ilkin satış qiyməti 290000 manat müəyyən edilməklə, Cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən mənzilə ilkin satış qiyməti 167000 manat müəyyən edilməklə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetlərinin açıq hərracdan satışından əldə edilmiş pul vəsatinin borcun ödənilməsi üçün tələb olunan hissəsindən artıq qalan hissəsinin ipoteka qoyanlara qaytarılması, ipoteka predmetlərinin açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, cərimə borcunun tutulması hissədə ləğv edilməsi və iddia tələbinin həmin hissədə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə oxşar məzmunda əsaslandırlmış və əlavə olaraq qeyd edilmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin 2 mart 2023-cü il tarixli e-2-2(121)-10/2023 saylı qətnaməsi cərimənin tutulması hissəsində əsassızdır, buna görə də apellyasiya qaydasında baxılmalı və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv olunaraq, iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. Ümumi şərtlər toplusunda qeyd edilir ki, kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc və faiz borcu hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır. Məhkəmə öz qətnaməsində Mülki Məcəllənin 448.1-ci maddəsinə istinad etməmiş, ümumiyyətlə cavabdehin risk dairəsinə aid olan öhdəlikləri düzgün müəyyən etməmişdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddənin mənasından belə başa düşmək olar ki, burada cərimə məbləğinin azaldılması imperativ norma kimi qeyd edilməmişdir və qanunu tətbiq edən orqanın öhdəliyinə buraxılmışdır. Eyni zamanda maddədə “tənasübsüz” (uyğunluğu olmayan; əndazəsiz, uyğunsuz) deyilərkən bu anlayışın hansı meyarlar əsasında müəyyən edilməsi qeyd edilməsə də, amma hüquqi düşüncəsinə və mülki qanunvericilkdə ağlabatanlıq anlayışına əsasən bu norma tətbiq edilərkən əsas borcun cəriməyə olan nisbətinin ağlabatanlığının nəzərə alınması maddənin ruhundan duyulur. Məhkəmənin qeyd etdiyi əsaslandırıcı məqam üzrə bildirmək istəyirik ki, burada məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamışdır və bununla da qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Həmçinin borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Qeyd etmək istəyirik ki, qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarında biri kimi dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərələrin qarşısını almaq, məqsədi güdmüşdür. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər məhkəmədə hər hansı bir üzürlü səbəbini bildirmədən iştirak etməmişlər, kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin cərimə borcunun tutulması hissədə ləğv, iddianın həmin hissədə tam təmin olunmasını xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh4 MMC arasında 07 avqust 2019-cu il tarixli bank xidmətlərinin göstərilməsinə dair X5 şərtlərinin qəbu etməsi barədə 20 noyabr 2019-cu il tarixdli razılamşa bağlanmışdır. Ümumi şərtlər toplusu müqaviləsində müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi( akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartların verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsidən irəli gələn şərtlər öz əksini tapmışdır. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh4 MMC arasında 25 dekabr 2019-cu il tarixdə bağlanmış GL3711 saylı kredit limiti müqaviləsi əsasında 25 dekabr 2029-cu il tarixinədək 10000000 (on milyon) manat məbləği olmaqla kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh4 MMC arasında bağlanmış 25 dekabr 2019-cu il tarixli K3711 saylı kredit müqaviləsinə (maliyyələşdirmə üçün ərizəyə) əsasən, Cavabdeh4 MMC-yə illik 13 faiz dərəcəsi ilə 25 dekabr 2020-ci il tarixinədək yenidən maliyyələşdirmə məqsədilə 860000 (səkkiz yüz altmış min) manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan İddiaçı ASC tərəfindən məhkəməyə təqdim olunmuş 24 sentyabr 2021-ci il tarixli maliyyə arayından görünür ki, Cavabdeh4 MMC-nin 10 avqust 2021-ci il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri K3711 saylı maliyyələşdirmə üçün ərizə üzrə 860000 manat əsas borc, 3689.98 manat faiz borcu, 115262.74 manat cərimə olmaqla, cəmi 978952.72 manat təşkil edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının 15 dekabr 2022-ci il tarixli 9/3582 saylı ekspert rəyində qeyd olunur ki, Cavabdeh4 MMC ilə İddiaçı ASC arasında imzalanmış 25 dekabr 2019-cu il tarixli K3711 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın banka ödənilməli olan kredit borcu əsas borc üzrə 860000 manat, faiz borcu üzrə 3689.98 manat müəyyən olunur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür, 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsasə verir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli südüyü müqavilə müddəti ərzində hesablanan əsas borc, faiz borcu hissədə tələbi qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər, 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir, 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər, 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin şərtlərindən irəli gələn, öhdəliklərin vaxtında və lazımınca icra edilməməsinə görə hesablanmış dəbbə pulunun tutulmasını yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından tələb etməkdə haqlıdır. Bununla belə kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Buna görə də, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil. Bu baxımdan kollegiya cərimə məbləğinin azaldılması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında cərimənin tutulması hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 10000 manatdan artıq olduğundan, prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 2 mart 2023-cü il tarixli e-2-2(121)-10/2023 saylı qətnaməsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Samir Həsənov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar