Məhkəmə qərarları › İş №2-2(106)-59/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-59/2024

25.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-59/2024 25.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ASC-yə) qarşı səhm payına uyğun dividendin ödənilməsi tələbinə dair kommersiya işi üzrə Açar sözlər: səhm payına uyğun dividendin ödənilməsi, sübut təqdim edilməyib. X9 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Mayılov Samir İlham oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçılar İddiaçı1, onun və İddiaçı2 nümayəndəsi (vəkili) X1, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ASC-yə) qarşı səhm payına uyğun dividendin ödənilməsi tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-97/2024 saylı, 09 yanvar 2024-cü il tarixli (hakim Zaur Abbasov) qətnaməsindən iddiaçıların nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2015-2021-ci ilin fevral ayının 21-dək müddətə olan 6000 manat dividend haqqının İddiaçı1, 21 fevral 2021-ci il tarixdən məhkəmənin qətnaməsi qanuni qüvvəsini alanadək olan müddətə olan 1500 manat dividend haqqının X5 cavabdeh “Beyləqan-Avtonəqliyyat“ ASC-dən alınaraq verilməsi, əlavə olaraq cavabdehdən 20 manat mediasiya xərcinin və 80 manat dövlət rüsumun alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçıların tələbi əsaslandırılmışdır ki, İddiaçı1 cavabdeh “Beyləqan-Avtonəqliyyat “ASC-də 117 ədəd səhm payı mövcud olmuşdur. İddiaçı1 həmin səhmləri 21 fevral 2021-ci il tarixdə nəvəsi X5 bağışlamışdır. Cavabdeh səhmdar cəmiyyətdən dividend haqqını ala bilmədiyindən məhkəməyə müraciət etmiş və Beyləqan Rayon Məhkəməsinin 09 dekabr 2015-ci il tarixli qətnaməsi ilə ona 500 manat dividend haqqının alınıb verilməsi qət edilmişdir. Lakin o tarixdən keçən 8 il ərzində yenə cavabdeh təşkilat dividendi ödəməkdən yayınmışdır. 2015-2021-ci illər üzrə dividend İddiaçı1, 2021-ci ildən 2023-cü ilədək qətnamənin çıxarıldığı günədək olan dividend isə Ömər Qulizadəyə ödənilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı1 2015-ci ildən etibarən cavabdeh tərəfindən ona dividend ödənilmədiyini, onda olan məlumatlara görə səhmdar cəmiyyətin gəlirlə fəaliyyət göstərdiyini, balansında kifayət qədər vəsait və xeyli sayda qeyri-yaşayış sahələrinin mövcud olduğunu bildiyini, hazırda ona dividend ödənilməsini istəmədiyini, səhmdar cəmiyyət tərəfindən ona obyekt verilməsini tələb etdiyini bildirmişdir. Cavabdeh ASC-nin nümayəndəsi X7 təqdim etdiyi iddia ərizəsinə qarşı yazılı etirazda iddia tələbinin əsassız olduğunu, 2015-2021-ci illər ərzində müəssisənin fəaliyyəti nəticəsində mənfəət olmadığına görə heç bir səhmdara dividend verilmədiyini, iddiaçının da bu barədə məlumatı olduğunu, bundan başqa aralarında olan razılaşmaya əsasən İddiaçı1 məxsus səhmlərin ona satılması üçün İddiaçı1 2000 manat nağd pul vəsaiti verdiyini, bu məqsədlə 4 il ərzində akt əsasında iddiaçıya 1380 manat pul verdiyini, qalan 620 manatı isə aktlaşdırmadan iddiaçıya ödədiyini, lakin İddiaçı1 müxtəlif bəhanələrlə səhmləri ona satmaqdan yayındığını, sonradan həmin səhmləri iddiaçının öz nəvəsinə bağışladığını öyrəndiyini, bundan sonra səhmərin alınması üçün ödədiyi pulu geri tələb etdiyini, iddiaçının isə ondan dividend tələb etdiyini, “Beyləqan- Avtonəqliyyat“ ASC-də X8 adında səhmdarın qeydə alınmadığını bildirmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 məhkəməyə təqdim etdiyi etirazın məzmununa uyğun izahat vermiş, əlavə olaraq səhmdar cəmiyyətin bir neçə ildir ziyanla çalışdığını, hər hansı mənfəət əldə etmədiyini, bundan başqa iddiaçının səhmlərinin dəyərinin cüzi olduğunu bildirmiş və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı X8 (qanuni nümayəndəsi Qanuni nümayəndə) birinci instansiya məhkəməsində iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçıların nümayəndəsi və vəkili X3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmənin istinad etmiş olduğu sübutlar iddia tələbinin təmin olunmaması üçün əsaslı deyil və iş materiallarında iddia tələbinin təmin olunmamasını təkzib edən kifayət qədər faktiki və hüquqi əsaslar mövcuddur. Məhkəmə mübahisə üzrə yekun nəticəyə gələrkən cavabdehin hazırda kommersiya fəaliyyəti ilə məşğul olduğunu, həmin müddət ərzində vergi borcunun yarandığını, habelə, mülkiyyət hüquqlarının pozulmasını obyektiv qiymətləndirməmiş və bununla da hüquq normalarının pozuntusuna yol vermişdir. Birinci instansiya məhkəməsi mübahisə predmeti olan əmlakın bir hissəsinin səhmlər üzrə payçısı olmasını aydınlaşdırmamışdır. Məhkəmə mübahisə predmeti olan əmlakın mülkiyyətlərinə aid olmasına dair əsaslı sübutların olması faktını obyektiv qiymətləndirməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçılar İddiaçı1, onun və İddiaçı2 nümayəndəsi (vəkili) X3 apellyasiya şikayətini müdafiə etmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı1 kollegiyanın iclasında bildirmişdir ki, Cavabdeh MMC-də nə qədər səhmə malik olmasını bilmir. Həmçinin göstərmişdir ki, ASC-nin mənfəətlə işləməsi barədə onun heç bir sübutu yoxdur və bununla bağlı sübutlarını birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Bildirmişdir ki, əgər cavabdeh ona dividend vermirsə, əvəzində həmin ərazidən ona qeyri-yaşayış sahəsi versin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 göstərmişdir ki, ASC-nin 61 səhmdarı var. İddiaçının səhmi 0.0914 % təşkil edir. Onun özünün səhmləri isə 93 %-dir. Bildirmişdir ki, 2015-2021-ci illər ərzində ASC-nin mənfəətli fəaliyyəti olmamışdır. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 99.1-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən, açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə hesabat dövrü üzrə maliyyə göstəricilərini, aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdləri, cəlb edilmiş maliyyə vəsaitlərini, idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri, idarəetmə strukturu, inkişaf siyasəti, səhmdar kapitalının gəlirliyi və dividend siyasəti, idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər, investisiyaların həcmi və mənbəyi, cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi və ictimai layihələr barədə məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur. Mülki Məcəllənin 106-1.1-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. Həmin Məcəllənin 106-1.3, 106-1.3, 1 o6-1.3.6, 106-1.3.7-ci maddələrinə əsasən, səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq, cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək, cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək, cəmiyyətin xalis mənfəətindən dividend almaq hüquqları vardır. Həmin Məcəllənin 106-3.1 -ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. Həmin Məcəllənin 106-3.3, 106-3.5 və 106-3.6-cı maddələrinə əsasən, adi səhm üzrə dividend səhmdar cəmiyyətinin xalis mənfəətinin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir. Dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. Səhmdar cəmiyyəti adi səhmlər üzrə dividendlərin hesablanmasını (bölüşdürülməsini) imtiyazlı səhmlərin bütün növləri üzrə dividendlərin hesablanmasından (bölüşdürülməsindən) sonra həyata keçirir. Mülki Məcəllənin 107.1 və 107.1.4-cü maddələrinə əsasən, səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Həmin Məcəllənin 107-1.2 və 107-1.4-cü maddələrinə əsasən, səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq). Səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə media ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilmiş məsələlər həll edilmək üçün onun tərəfindən cəmiyyətin icra orqanlarına verilə bilməz. Həmin Məcəllənin 107-5.1, 107-5.3 və 107-5.4-cü maddələrinə əsasən, səhmdarların ümumi yığıncağının qərarı, bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə başqa hal nəzərdə tutulmadıqda, bu Məcəllənin 107-3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarlar on beş təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir. Səhmdarların ümumi yığıncağının qərarından səhmdar məhkəməyə şikayət edə bilər. Mülki Məcəllənin 1077.1 və 1077.5-ci maddələrinə əsasən, səhm mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəətindən dividendlər, ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyən investisiya qiymətli kağızıdır. Səhmin emitentiyalnız səhmdar cəmiyyəti ola bilər. Adi səhm mülkiyyətçisinə emitentin mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, emitentin fəaliyyətinin idarə olunmasında iştirak etmək və emitentin ləğvindən sonra qalan əmlakının bir hissəsini əldə etmək hüququnu verən səhm növüdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı1 sahibkarlıq subyekti kimi xx.xx.2024cü il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN (**********) verilmişdir və o, hal-hazırda Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin: 1.1-ci bəndinə əsasən, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Cəmiyyət) kommersiya hüquqi şəxs olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, qüvvədə olan normativ-hüquqi aktlarına və bu nizamnaməyə uyğun olaraq yaradılır və fəaliyyət göstərir. 1.3-cü bəndinə əsasən, Cəmiyyətin hüquqi ünvanı: ünvan 1 Respublikası Ədliyyə Nazirliyinin D- 2505 saylı şəhadətnaməsi ilə xx.xx.1998-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Onun hüquqi varisi Cavabdehdir. 4.6-ci bəndinə əsasən, Cəmiyyətin nizamnamə kapitalı 255964 (iki yüz əlli beş min doqquz yüz alımış dörd) manat, 127982 (yüz iyirmi yeddi min doqquz yüz səksən iki) səhmdir. Bir səhmin nominal dəyəri 2.00 manat təşkil edir. 6.1-ci bəndinə əsasən, Səhmdarların ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır. Cəmiyyət ildə bir dəfə səhmdarların illik ümumi yığıncağını keçirir. Növbəti İllik ümumi yığıncaq maliyyə ili bitdikdən sonra 6 (altı) aydan gec olmayaraq icra orqanları tərəfindən çağırılır və bu barədə səhmdarlara məlumat verilir.İllik yığıncaqla yanaşı növbədənkənar yığıncaqlar da keçirilə bilər. 6.4, 6.4.5 və 6.4.6-cı bəndlərinə əsasən, Cəmiyyətin illik balansının, mənfəət və zərər hesabatlarının, Direktorlar Şurasının, icra orqanlarının və Təftiş komissiyasının hesabatının, habelə auditorun hesabatının təsdiq edilməsi, səhmlərə verilən dividendin məbləğinin və verilmə qaydasının təsdiq edilməsi səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə daxildir. İş materiallarında olan “Xalq” qəzetinin nüsxələrindən çıxarışlardan görünür ki, Cavabdeh ASC səhmdarlarının illik ümumi yığıncaqlarının keçirilməsi ilə bağlı xx.xx.2014cü il tarixli, xx.xx.2015-ci il tarixli, xx.xx.2015-ci il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli elanlar verilmişdir. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağının xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2019- cu il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarxli iclas protokollarından görünür ki, həmin iclaslarda mühasibat balansının təsdiqi müzakirə olunmuş, mənfəət olmadığına görə səhmdarlara dividend verilməsinin mümkün olmaması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 2015, 2016, 2017, 2018, 2019, 2021 və 2022-ci illər üçün maliyyə vəziyyətinə dair hesabatlardan görünür ki, qeyd olunan illər üzrə mənfəət əldə edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli səhmlərin bağışlama müqaviləsinin surətindən görünür ki, İddiaçı1 ona məxsus olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 117 sayda səhmini nəvəsi İddiaçı2 hədiyyə etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, AB26232815 nömrəli depo hesabından çıxarışın surətindən görünür ki, İddiaçı2 nominal dəyəri 2 manat olan 117 ədəd adi adlı səhmin mülkiyyətçisi olmaqla Cavabdeh ASC- nin səhmdarıdır. İş materiallarında olan xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il və xx.xx.2019cu il tarixli “pul vəsaitinin verilməsi barədə” ikitərəfli akların surətlərindən görünür ki, həmin aktlara əsasən X7 tərəfindən səhmdar İddiaçı1 ümumilikdə 1380 manat pul verilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı1 ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən mediasiya sessiyasından sonra tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş materiallarında olan “arayış”ın surətindən görünür ki, İddiaçı1 mediasiya sessiyasının keçirilməsi üçün Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının hesabına 20 manat vəsait ödəmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətində olan 117 səhm payına uyğun 2015-2023-cü illər ərzində dvidend pulunun birdəfəyə ödənilməsi xahiş edilmiş, əks təqdirdə 5 gün ərzində dvidend pulunun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə xəbərdarlıq edilmişdir. İşin hallarından müəyyən edilir ki, iddiaçılar səhm payına uyğun dividendin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının iddianı təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməməsi səbəbindən iddianı rədd etmişdir. İddiaçılar qətnamədən narazı qalmış və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, iddianın sübut edilməsinə baxmayaraq məhkəmə əsassız olaraq iddianı rədd etmişdir. Birinci instansiya məhkəməsi mübahisə predmeti olan əmlakın bir hissəsinin səhmlər üzrə payçısı olmasını aydınlaşdırmamışdır. Məhkəmə mübahisə predmeti olan əmlakın mülkiyyətlərinə aid olunmasına dair əsaslı sübutların olması faktını obyektiv qiymətləndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı kommersiya mübahisəsi üzrə mübahisələndirilən hissədə iddianın qiyməti qanunvericiliklə müəyyən edilmiş həddən az olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393, 405, 442, 445.1, 445.2, 448.1, 448.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçıların nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-97/2024 saylı, 09 yanvar 2024-cü il tarixli qətnaməsi iddiaçıların apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar