Məhkəmə qərarları › İş №2-2(106)-6/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-6/2025

09.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-6/2025 09.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil1, cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Hacıqabul rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı, “Laçın” X14 və Hacıqabul Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işdə iştirak etməyə cəlb edilməklə “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli e-2-2(121)-1400/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlkin olaraq İddiaçı Cavabdeh qarşı, “Laçın” X14 və Hacıqabul Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işdə iştirak etməyə cəlb edilməklə “pul” tələbinə tələbinə dair iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, 63000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh 20 yanvar 2017-ci ildə 14 ha torpaq sahəsi və xırdabuynuzlu heyvanı 63000 manata satın almışdır. 8 fevral 2017-ci ildə aralarında Hacıqabul şəhər ətrafı X18 yerləşən 14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair notarial qaydada “İcarə hüququnun alqı-satqı müqaviləsi” bağlanmışdır. İcarə hüququ 8 fevral 2017-ci il tarixdən 6 iyun 2110-cu ilə qədər müddətə bağlanmışdır. Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 6 iyun 2011-ci il tarixli 107 saylı sərəncamı ilə X3 17 ha torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsinin 14 hektarının icarə hüquqları Yaqut Həsənova tərəfindən Cavabdeh, Cavabdeh tərəfindən isə 8 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında ona satılmışdır. Onun qeyd edilən torpaq sahəsi üzərində olan icarə hüquqları dövlət qeydiyyatına alınmış və ona bu barədə müvafiq çıxarış verilmişdir. Lakin bütün bunlara baxmayaraq mübahisəli torpaq sahəsindən istifadə edə bilməmişdir. Belə ki, “Laçın” X10 nümayəndəsi Nümayəndə1 sözügedən torpaq sahəsinin onlara məxsus olmasını əsas gətirərək onun həmin torpaq sahəsindən istifadəsinə maneə yaratmışdır. Belə ki, 23 iyun 2021-ci il tarixli 2-1(102)-1038/2021 saylı inzibati iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli 2-1(106)-05/2021 saylı qərarı qüvvədə saxlanılaraq, İddiaçı Cavabdeh icarə hüququnu alqı-satqı yolu ilə əldə etdiyi 14 ha torpaq sahəsinin 9 ha hissəsi “Laçın” X11 verilmişdir. Şirvan Şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(032)-1237/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq Cavabdeh 29000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Şirvan Şəhər Məhkəməsinin qətnaməsi Cavabdeh tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2023cü il tarixli 2(106)-633/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunaraq, Şirvan Şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 2(032)-1237/2022 saylı qətnaməsi ləğv edilmiş və iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmədə İddiaçı iddiasını müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat vermiş, izahatında əlavə olaraq göstərmişdir ki, cavabdehə ümumilikdə 63000 manat pul vermişdir. Həmin məbləğin 20540 manatı heyvanların pulu olmuşdur. Torpaq sahəsi ilə birlikdə tikililər və fermanın dəyəri 40000 manat qiymətləndirilmişdir. 4000 manat dəyərində olan arpa da həmin məbləğin, yəni 40000 manatın içindədir, yəni 4000 manat arpanın dəyəri, 36000 manat isə torpaq sahəsi ilə birlikdə tikililər və fermanın dəyəri olmuşdur. Torpaq sahəsinin qiyməti müqavilədə 5000 manat məbləğində göstərilsə də, torpaq sahəsi ilə birlikdə hamısının 63000 manat məbləğində alqı-satqısına razılaşmışlar və o, həmin məbləği cavabdehə vermişdir. Cavabdeh də ona bu barədə 20 yanvar 2017-ci il tarixli qəbz vermişdir. 14 ha torpaq sahəsi üzərində onun icarə hüquqlarının dövlət qeydiyyatı məhkəmə qərarına əsasən 9 ha hissəsində ləğv olunmuş, 5 ha torpaq səhəsindən istifadə etməsinə isə üçüncü şəxslər imkan vermirlər. Qeyd edilən heyvanları satmış, arpanı isə heyvanlar üçün istifadə etmişdir. Cavabdehin ona hazırda 43000 manat məbləğində borcu qalmışdır. Məhkəmədə Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək, əsassız olduğunu bildirib rədd olunmasını xahiş etmiş və izahatında göstərmişdir ki, cavabdeh 8 fevral 2017-ci il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən kənd təsərrüfatlı təyinatlı, məqsədli istifadə növü əkin olan torpaq sahəsi üzərində olan icarə hüquqlarını iddiaçıya satmışdır. Həmin alqı-satqı müqaviləsi hal-hazırda qüvvədədir. Qeyd edilən torpaq sahəsi üzrərində icarə hüquqlarını cavabdeh alqı-satqı müqaviləsinə əsasən X1 almışdır. Cavabdehin torpaq sahəsinin mübahisəli olduğundan xəbəri olmamışdır. Sonradan məlum olmuşdur ki, torpaq sahəsi Yaqut Həsənovaya, sonra Vaqifə, sonra isə Razimə verilmişdir. Razim isə İddiaçı satmışdır. Alqı-satqı müqaviləsi üzrə öhdəlik yerinə yetirilmişdir. Hazırda iddiaçıya heç bir məbləğ verilməsi mümkün deyildir. Bundan başqa, Cavabdeh Şirvan Şəhər Məhkəməsində məhkəmə iclasında şəxsən iştirak edərək, iddiaya etiraz etmiş və izahatında göstərmişdir ki, icarə hüquqlarını satan zaman özünə məxsus olan 30000 manat məbləğində olan 500 baş qoyunu (quzularla birlikdə), 4000 manat məbləğində 9 ton arpanı, 4000 manat məbləğində su mühərriki xətlə birlikdə, 3000 manat məbləğində işıq xətti, 1000 manat məbləğində köşk usta pulu ilə bərabər, 1500 manat məbləğində çardağı, 2000 manat məbləğində işıq xəttini aralarında bağlanmış sadə yazılı alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satmışdır. Şirvan Kommersiya Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli e-2-2(121)-1400/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, 28000 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 8 fevral 2017-ci il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən Hacıqabul şəhər ətrafı X19 yerləşən 14 ha kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü əkin olan torpaq sahəsinin üzərində icarə hüquqlarını İddiaçı satmışdır. Qeyd edilən alqı-satqı müqaviləsi bu günə qədər mübahisələndirilməmiş və hal-hazırda da qüvvədədir. Bundan əlavə iddiaçıya 500 baş qoyun, 9 ton arpa, 1 ədəd vaqon, dəyəri 10000 (on min) manat olan hazır tikili fermanı, su mühərriki, işıq xətti transfarmatorla bilrikdə, köşk, çardağı və işıq xəttinin qoşulmasına görə ödədiyi 2000 manat pul ilə birlikdə iddiaçıya ümumilikdə 63000 manata satmışdır. İddiaçı 5 il ərzində aldığı heyvanların və digər əşyaların qüsurlu olması barədə heç bir rəsmi və ya şifahi etirazını bildirməmişdir. Birinci instansiya məhkəməsinin istinad etdiyi məhkəmə qərarlarına əsasən Hacıqabul rayon İcra hakimiyyəti Başçısının 6 iyun 2011-ci il tarixli 107 saylı Sərəncamı ləğv edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1091-ci maddəsinə istinad edərək guya əsassız varlandığı qənaətinə gələrək, iddianı qismən təmin etmişdir. Məhkəmə iclası zamanı iddiaçı da ondan torpaq sahəsinin icarə hüquqlarını, eləcə də xırdabuynuzlu heyvanlar, arpa və digər əşyalar aldığını və bunun müqabilində 63000 manat pul verdiyini etiraf etmişdir. Belə olan halda məhkəmənin hansı əsasla onun əsassız varlanmağı qənaətinə gəlməsi başa düşülən deyil. Birinci instansiya məhkəməsi Mülki Məcəlləsinin 578.1-ci maddəsinə istinad etsə də, iddiaçı iddia ərizəsində və məhkəmə iclasında ona hər hansı qüsurla əşya verməyi barədə bir söz deməmişdir. Əlavə olaraq, icarə hüquqların alqı-satqısı barədə müqavilə hal-hazırda qüvvədədir ləğv edilməmişdir. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəmişdir. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən halları, yəni icarə hüquqlarının alqı-satqı edilməsi barədə müqavilənin mübahisələndirilməməsinin, tərəfindən iddiaçıdan alınmış 63000 manat (5.000 manat icarə hüquqlarının alqı-satıqı ilə bağlı) müqabilində iddiaçıya verilməli olan bütün əşyaların verilməsini aydınlaşdırmadan, düzgün olmayan qətnamə qəbul etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Hacıqabul rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə münasibət bildirməyi məhkəmənin mülahizəsinə buraxdı, əlavə olaraq bildirdi ki, iddiaçı həqiqətən mübahisəli torpaq sahəsinin rəsmən sahibliyində qalan 5 ha hissəsinə dair yeni icarə müqaviləsinin bağlanmasına dair ərizə ilə İcra Hakimiyyətinə müracitə etmişdir. Əvvəlki apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu və birinci instansiya məhkəməsində verdiyi izahatla oxşar məzmunlu izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, əlavə olaraq izahatında göstərmişdi ki, cavabdehdən icarə hüquqlarının alqı-satqısı qaydasında almış olduğu 14 ha torpaq sahəsi üzərindəki icarə hüququ qüvvədə olan məhkəmə qərarına əsasən 9 ha hissədə ləğv olunsa da, yerdə qalan 5 ha torpaqn sahəsi üzərində olan hüquqlarından istifadə etmək niyyətindədir və bu məqsədlə həmin torpaq sahəsinə dair yeni icarə müqaviləsinin bağlanması üçün Hacıqabul rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Cavabdehə hüquqların alqı-satqısı qaydasında ödədiyi pula həmçinin mübahisəli torpaq sahəsində yerləşən 1 ədəd vaqon, hazır tikili ferma, su mühərriki, işıq xətti transfarmatorla bilrikdə, köşk, çardağ və işıq xəttinin dəyəri də daxil olmuşdur. Sadaladığı həmin tikili və qurğular onun sahibliyində qalan 5 ha torpaq sahəsində yerləşir. Məhkəmə iclaslarının keçirilməsinin yeri və vaxtı barədə məlumatlandırılmış mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən digər üçüncü şəxs “Laçın” X14 məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə üçüncü şəxslərdən “Laçın” X10 nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin və işdə iştirak edən üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur. Hacıqabul rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 107 nömrəli sərəncamının surətindən görünür ki, “Zəmi” kənd təsərrüfatı kooperativinin direktoru X3 əkinçilik məqsədi üçün icarə qaydasında Hacıqabul rayonu ərazisindəki Hacıqabul şəhər ətrafı X13 17 hektar torpaq sahəsi ayrılmışdır. xx.xx.2011-ci il tarixli, 17 nömrəli torpaq icarəsi müqaviləsinin surətindən görünür ki, Hacıqabul rayon İcra Hakimiyyəti (icarəyə verən) xx.xx.2011-ci il tarixli, 107 saylı sərəncam əsasında 17 hektar torpaq sahəsini 99 il müddətinə “Zəmi” kənd təsərrüfatı kooperativinə (icarəçiyə) icarəyə vermişdir. “Torpaq sahəsi üzərindəki icarə hüquqlarının alqı-satqısına dair” xx.xx.2013-cü il tarixli müqavilənin surətindən görünür ki, X9 (satıcı), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan şəhər Ərazi İdarəsinin xx.xx.2011-ci il tarixdə verdiyi **********59 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən üzərində 99 illik icarə hüququ (xx.xx.2011-ci ildən xx.xx.2110-cu ilədək) dövlət qeydiyyatına alınmış Hacıqabul şəhəri, Hacıqabul şəhərətrafı DTF-də yerləşən, sahəsi 17.00 ha olan torpaq sahəsinin 3.00 ha hissəsi üzərindəki hüquqlarını X4, 14.00 ha hissəsi üzərindəki hüquqlarını isə Cavabdeh satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü ildə verilmiş **********53 reyestr, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Hacıqabul rayon İcra Hakimiyyətinə məxsus olmaqla Hacıqabul şəhər ətrafı DTF-də yerləşən 14 ha kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü əkin olan torpaq sahəsi üzərində Cavabdeh icarə hüququ dövlət qeydiyyatına alınmışdır. xx.xx.2017-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh 14 ha torpaq və heyvanını İddiaçı 63000 manata satması və İddiaçı 63000 manat pul almasını imzası ilə təsdiq etmişdir. xx.xx.2017-ci il tarixli notariat qaydada təsdiq olunmuş icarə hüququnun alqı-satqı müqaviləsidən görünür ki, cavabdeh Mirzəyev X8 rayon İcra Hakimiyyətinə məxsus olmaqla Hacıqabul şəhər ətrafı DTF-də yerləşən 14 ha kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü əkin olan torpaq sahəsi üzərindəki icarə hüququnu 5000 manata İddiaçı satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci ildə verilmiş **********53 reyestr, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Hacıqabul rayon İcra Hakimiyyətinə məxsus olmaqla Hacıqabul şəhər ətrafı DTF-də yerləşən 14 ha kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü əkin olan torpaq sahəsi üzərində İddiaçı icarə hüququ dövlət qeydiyyatına alınmışdır. İcarəyə verən Hacıqabul rayon İcra Hakimiyyəti ilə icarəçi İddiaçı arasında xx.xx.2017ci ildə bağlanmış “Torpaq icarə müqaviləsi”nə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci ildə verilmiş çıxarışla üzərində icarə hüququ rəsmiləşdirilmiş Hacıqabul rayon İcra Hakimiyyətinə məxsus olmaqla Hacıqabul şəhər ətrafı DTF-də yerləşən 14 ha kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü əkin olan torpaq sahəsi 93 il müddətinə icarəyə verilmişdir. “Laçın” X10 cavabdeh Hacıqabul rayon İcra Hakimiyyətinə qarşı xx.xx.2011-ci il tarixli 107 saylı sərəncamın ləğv edilməsi barədə iddiası üzrə qanuni qüvvəyə minmiş Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-05/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən, iddia qismən təmin olunaraq Hacıqabul rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 107 saylı sərəncamı qismən, yəni “Zəmi” kənd təsərrüfatı kooperativinin direktoru X5 9 ha torpaq sahəsinin ayrılması hissədə ləğv edilmişdir. Qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2021-ci iltarixli 2- 1(102)-1038/2021 saylı qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Hacıqabul rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 22 nömrəli sərəncamından görünür ki, Hacıqabul rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 117 saylı sərəncamı ləğv edilmiş, “Zəmi” kənd təsərrüfatı kooperativinin direktoru X3 17 hektar torpaq sahəsinin ayrılmasına dair rayon icra hakimiyyətinin xx.xx.2011-ci il tarixli 107 saylı sərəncamı “Laçın” X11 ayrılmış 38 hektar torpaq sahəsi ilə üst-üstə düşdüyü üçün, Cavabdeh icarəsində olan 09 hektar torpaq sahəsi hissəsində ləğv edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Hacıqabul rayonu ərazisində yerləşən 14 ha torpaq sahəsinə dair İddiaçı icarə hüquqlarının dövlət qeydiyyatı Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(106)-05/2021 saylı qərarına əsasən 9 ha hissəsində ləğv olunmuşdur. Yerdə qalan 5 ha torpaq sahəsinə dair icarə hüquqularının dövlət qeydiyyatına alınması ilə bağlı İddiaçı 13 saylı Şirvan Ərazi İdarəsinə və ya onun Hacıqabul rayon şöbəsinə müraciəti aşkar olunmamışdır. Mülki işin hazırki apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/6277 nömrəli rəyinə əsasən Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 6 iyun 2011-ci il tarixli 107 nömrəli sərəncamı ilə ayrılaraq, sonradan hüquqların alqı-satqısı qaydasında İddiaçı satılmış 14 ha torpaq sahəsinin 9 ha hissəsində sərəncamın qüvvədə olan məhkəmə qətnaməsinə əsasən ləğv olunması nəzərə alınaraq, iddiaçının rəsmən sahibliyində qalan 5 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada müəyyən edilərək rəyə əlavə edilmiş yerqruluşu planında qeyd edilmişdir. İddia tələbi üzrə dəyərinin ödənilməsi tələb olunan 1 ədəd vaqon, hazır tikili ferma, köşk, çardıq və transfarmatorlardan gələn işıq xəttinin dirəkləri mövcuddur və 5 ha torpaq sahəsində yerləşir. Su mühərriki və işıq xəttinin naqilləri hal hızırda 5 ha torpaq sahəsində mövcud deyil. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir, 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur, 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir, 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, 82.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir, 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır, 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, 651-ci maddəsinə əsasən, tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğısatqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir, 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir, 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür, 570.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır, 571.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir, 573.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur, 573.2-ci maddəsinə əsasən, alıcının əldə etdiyi malı ondan üçüncü şəxslərin tələb etdiyi halda satıcının məsuliyyətdən azad edilməsi və ya bu məsuliyyətin məhdudlaşdırılması haqqında tərəflərin razılaşması əhəmiyyətsizdir, 578.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Tərəflərin izahatları, iş materiallarına əlavə olunan sənədlərin təhlilindən işin mübahisəsiz müəyyən olunan faktiki halları aşağıdakılardan ibarətdir : Hacıqabul rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 107 nömrəli sərəncamı ilə “Zəmi” kənd təsərrüfatı kooperativinin direktoru X3 əkinçilik məqsədi üçün icarə qaydasında Hacıqabul rayonu ərazisindəki Hacıqabul şəhər ətrafı X13 17 hektar torpaq sahəsi ayrılmış, eyni tarixli torpaq icarəsi müqaviləsi ilə sərəncam əsasında ayrılan 17 hektar torpaq sahəsi 99 il müddətinə “Zəmi” kənd təsərrüfatı kooperativinə icarəyə vermişdir. Torpaq sahəsi üzərində X2 icarə hüququ xx.xx.2011-ci ildə daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. “Torpaq sahəsi üzərindəki icarə hüquqlarının alqısatqısına dair” xx.xx.2013-cü il alqı-satqı müqaviləsi əsasında X9 17.00 ha torpaq sahəsinin 3.00 ha hissəsi üzərindəki hüquqlarını X4, 14.00 ha hissəsi üzərindəki hüquqlarını isə hazırki iş üzrə Cavabdeh satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü ildə verilmiş çıxarışa əsasən 14 ha kənd torpaq sahəsi üzərində Cavabdeh icarə hüququ dövlət qeydiyyatına alınmışdır, Qeyd olunan 14 ha torpaq sahəsi üzərində icarə hüquqlarının alqı-satqısına dair razılaşma hazırki mübahisə üzrə tərəflər arasında 2017-ci ilin yanvar ayında baş tutmuş, iddiaçı cavabdeh tərəfindən satılan torpaq sahəsi üzərindəki icarə hüququna, torpaq sahəsi üzərindəki tikililərə, xırdabuynuzlu heyvanlara və saxlanılması üçün arpaya görə ümumilikdə 63000 manat pul ödəmişdir. Torpaq sahəsi üzərində icarə hüquqlarının alqısatqısı notariat qaydada xx.xx.2017-ci ildə rəsmiləşdirilmiş, hüquqların alqı-satqısının dəyəri kimi müqavilədə 5000 manat göstərilmişdir. Torpaq sahəsi, üzərində olan tikililər və digər qurğularla birlikdə İddiaçı təhvil verilmiş, sonuncu həmin torpaq, tikili və qurğulardan faktiki olaraq istifadə etməyə başlamış (1-ci cild 113-cü vərəq protkolda idd. izahatı), 2020ci ildə torpaq sahəsinin Nümayəndə1 tərəfindən qanunsuz zəbt olunduğunu bildirərək Hacıqabul Rayon Məhkəməsində “torpağın özgəsinin qanunsuz sahibliyindən alınması” tələbinə dair iddia qaldırmış, iddiası yüksələn xətt üzrə məhkəmə qərarları ilə təmin olunmuşdur, Paralel olaraq mübahisəli torpaq sahəsinin ilkin ayrılma sənədləri həmin torpağa iddialı olan “Laçın” X14 tərəfindən mübahisələndirilmiş və həmin mübahisə üzrə ilk dəfə Şirvan İnzibati Məhkəməsi tərəfindən 10 iyun 2016-cı ildə 2-1(86)-62/2016 saylı qərar qəbul edilərək, iddia təmin olunmuşdur. Həmin mübahisə üzrə yekun məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən 1 iyun 2021-ci ildə qəbul edilmiş (iş 2-1(102)-1038/2021) və Hacıqabul rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 107 saylı sərəncamı qismən, yəni “Zəmi” kənd təsərrüfatı kooperativinin direktoru X5 9 ha torpaq sahəsinin ayrılması hissədə ləğv edilmişdir, Yalnız bundan sonra İddiaçı Cavabdeh qarşı pul tələbinə dair məhkəmədə iddia qaldıraraq cavabdeh tərəfindən satılan torpaq sahəsi üzərindəki icarə hüququna, torpaq sahəsi üzərindəki tikililərə, xırdabuynuzlu heyvanlara və saxlanılması üçün arpaya görə ümumilikdə ödəmiş olduğu 63000 manat pulun tələbini irəli sürmüşdür. Ödədiyi 63000 manat puldan 20540 manatı heyvanların pulu olduğunu, torpaq sahəsi ilə birlikdə tikililər və fermanı 40000 manata qiymətləndirdiklərini, 4000 manat dəyərində olan arpanın da həmin 40000 manata daxil olduğunu, arpanı qoyunlara yedizdirib sonradan satdığını bildirir. Bundan başqa izahatında göstərir ki, 14 ha torpaq sahəsi üzərindəki icarə hüququ qüvvədə olan məhkəmə qərarına əsasən 9 ha hissədə ləğv olunsa da, yerdə qalan 5 ha torpaq sahəsi üzərində olan hüquqlarından istifadə etmək niyyətindədir və bu məqsədlə həmin torpaq sahəsinə dair yeni icarə müqaviləsinin bağlanması üçün Hacıqabul rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Cavabdehə hüquqların alqı-satqısı qaydasında ödədiyi pula həmçinin mübahisəli torpaq sahəsində yerləşən 1 ədəd vaqon, hazır tikili ferma, su mühərriki, işıq xətti transfarmatorla bilrikdə, köşk, çardağ və işıq xəttinin dəyəri də daxil olmuşdur. Sadaladığı həmin tikili və qurğular onun sahibliyində qalan 5 ha torpaq sahəsində yerləşir. İş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə cavabdeh tərəfindən iddiaçıya satılan və dəyərinin ödənilməsi tələb olunan 1 ədəd vaqon, hazır tikili ferma, köşk, çardaq və transfarmatorlardan gələn işıq xətti dirəklərinin hazırda mövcud olması və iddiaçının sahibliyində qalan 5 ha torpaq sahəsində yerləşməsi, su mühərriki və işıq xəttinin naqillərinin həmin torpaq sahəsində mövcud olmaması müəyyən edilmişdir. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən üzərindəki icarə hüquqları satılan 14 ha torpaq sahəsi və torpaqda yerləşən tikili və qurğular alqı-satqı baş tutan zaman yerində iddiaçıya təhvil verildiyindən, 2017-ci ildən digər şəxslə mübahisə yaranan 2020-ci ilədək iddiaçı tərəfindən istifadə edildiyindən, həmin tikili və qurğular (su mühərriki və işıq xəttinin naqilləri istisnadır) faktiki olaraq iddiaçının sahibliyində qalan 5 ha torpaq sahəsində hazırda mövcud olduğundan, iddiaçının bundan sonra da, sahibliyində qalan həmin 5 ha torpaq sahəsindən istifadə etmək niyyəti olduğundan, cavabdehə qarşı həmin tikili və qurğuların ödənilmiş dəyərinin alınması tələbi təmin oluna bilməzdi. Mübahisəli ərazidə aşkar edilməyən su mühərriki və işıq xəttinin naqillərinə gəlincə həmin əmlakların cavabdeh tərəfindən alqı-satqı zamanı idiaçıya təhvil verilməsi və bir müddət iddiaçının istifadəsində olması işin mübahisəsiz halıdır və həmin əmlakların sonradan yerində aşkar olunmamasına görə alqı-satqı qiymətinin cavabdehdən alınması kimi tələb də, təmin oluna bilməzdi. Çünki satıcı əşyanı olduğu yerdə alıcıya təhvil verdiyi məqamdan öhdəliyi icra edilmiş hesab olunur və sonradan əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Arpa və satılan heyvanlara gəlincə iddiaçının özü onları israf etdiyini etiraf etmiş, lakin pulunu yenidən tələb etmişdir. Bununla belə, cavabdeh tərəfindən iddiaçıya satılmış 14.00 ha torpaq sahəsi üzərindəki hüquqları 9 ha hissədə ləğv olunduğundan, cavabdeh hüquqları ləğv olunan hissəyə mütənasib iddiaçının ödəmiş olduğu vəsaiti yuxarıda sadalanan maddi hüquq normaları baxımından qaytarmalıdır. Tərəflər arasında rəsmi notariat qaydada bağlanmış 14 ha torpaq sahəsi üzərində icarə hüquqlarının alqı-satqı qiyməti 5000 manat təşkil etmişdir. Odur ki, adi riyazi qaydada hesablama aparmaqla ləğv olunan 9 ha torpaq sahəsi üzərindəki icarə hüquqlarının alqı-satqı qiymətinin (5000:14 x 9=3214) 3214 manat təşkil etdiyini müəyyən etmək mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Beləliklə aparılan məhkəmə araşdırmasının nəticəsi olaraq kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması əsasları ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və əsaslandırıcı hissədə sərgilənən hüquqi mövqeyə uyğun iddianın qismən təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərci İddiaçı alınaraq dövlət nəfinə keçirilməlidir. Bundan başqa iddianın təmin olunan (3214 : 63000 x 100 = 5.1) 5% hissəsinə mütənasib olan ödənilmiş dövlət rüsumunun (280 x 5 : 100 = 14) 14 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 382, 384.0.2, 385.1., 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli e-2-2(121)-1400/2023 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 3214 (üç min iki yüz on dörd) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 14 (on dörd) manat hissəsi tutularaq İddiaçı ödənilsin, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissələrdə təmin olunmasın. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X6, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Qasım Əliyev Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar