Məhkəmə qərarları › İş №2-2(106)-60/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-60/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-60/2024 04.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İddiaçı (MMC-nin) Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya işi üzrə iddia ərizəsinin geri qaytarılması barədə Şirvan Kommersiya Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, e-2-2(121)-906/2024 saylı (hakim Zaur Abbasov) qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı "Bazarstore” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 3878.57 manat əsas borcun, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən (Mərkəzi Bankın uçot dərəcəsinə - 7.75% uyğun olaraq) 300,59 manat faiz borcunun, 60 manat mediasiya xərcinin, ümumilikdə 4239.16 manat məbləğində pulun tutularaq "Bazarstore” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, e-2-2(121)-906/2024 saylı qərardadı ilə iddia ərizəsi pretenziyaya riayət edilməsinə dair sənədin cavabdehə təqdim edilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən geri qaytarılmışdır. Qərardaddan iddiaçı şikayət vermiş, şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, işin icraata götürülməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, "xxxx" MMC tərəfindən mübahisənin məhkəməyə qədər nizama salınması üçün pretenziya qaydasına əməl edilmişdir. Cavabdehə qarşı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu xx.xx.2024-cü il tarixində sifarişli poçt göndərişi ilə göndərilmiş və həmin məktub xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən təhvil alınmışdır. Bu faktı təstiq edən poçt qəbzi iddia ərizəsinə əlavə edilmişdir. Cavabdehə məhkəmədən qabaq nizama salınması ilə bağlı məktub (pretenziya) Elektron Məhkəmə Sistemi vasitəsi ilə göndərilmişdir. Cavabdehə pretenziya məktubu X1 vasitəsi ilə online kargüzarlıq kabinetindən cavabdehin VÖENİ üzrə iddia ərizəsi və pretenziya məktubu ünvanlanmışdır. İş materiallarında qeyd etdikləri sənədlərin olmasına baxmayaraq, məhkəmə iş materiallarına lazımi qaydada diqqət yetirmədən iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Şikayətə baxılmış, Şirvan Kommersiya Məhkəməsinin 07 mart 2024-cü il tarixli, e-2- 2(121)-906/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 27 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini qəbul edərək, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən doğru qənaətə gəlməmişdir. Belə ki, işin hallarından müəyyən edilir ki, iddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, e-2-2(121)-906/2024 saylı qərardadı ilə iddia ərizəsi pretenziyaya riayət edilməsinə dair sənədin cavabdehə təqdim edilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən geri qaytarılmışdır. Qərardaddan iddiaçı şikayət vermiş, şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, işin icraata götürülməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Hazırda iddiaçının şikayəti əsasında işə baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən, ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə qanunvericiliyində tələbindən görünür ki, kommersiya mübahisələrə dair iddia ərizəsinə mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Məhkəmə Kollegiyası qeyd edir ki, pretenziyanın qarşı tərəfə yalnız göndərilməsi deyil, həm də çatdırılmasına dair sənədin iddia ərizəsinə əlavə edilməsi vacib amillərdən biridir. İş materiallarına əlavə edilmiş sənədlərdən də, görünür ki, iddia ərizəsinə həmin sənəd əlavə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, belə olan halda da, iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilə bilməzdi. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardadlardan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, e-2-2(121)-906/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar