Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-61/2023 05.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2-2(121)-19/2023 saylı qətnaməsindən İddiaçı nümayəndəsi Vəkil3 və Cavabdeh nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq MÜƏYYƏNETDİ: Şirvan Kommersiya Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2-2(121)-19/2023 saylı qətnaməsi ilə (hakim Namidar Misirzadə) iddia qismən təmin edilərək, 344978,78 manat məbləğində pul vəsaitinin və 25 manat məbləğində dövlət rüsumunun, cəmi 345003,78 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2-2(121)-19/2023 saylı əlavə qətnaməsi ilə (hakim Namidar Misirzadə) iş üzrə əlavə qətnamənin çıxarılması, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin 20 manatının İddiaçı, 80 manatının Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı Şirvan Kommersiya Məhkəməsinin 10 mart 2023- cü il tarixli 2-2(121)- 19/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2-2(121)-19/2023 saylı qətnaməsinin ləğv edlərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2-2(121)- 19/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2-2(121)-19/2023 saylı qətnaməsinin “iddianın təmin edilən hissəsində” ləğv edilməsi və iddia tələblərinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı 456000 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun bacısı Hicranın əridir. Cavabdehlə əvvəllər normal münasibəti olmuşdur. 2006-cı ildə Cavabdeh “Mingəçevir- Bəhrəmtəpə” avtomobil yolunun Xocavənd kəndindən keçən hissəsindən, yolun kənarından 237.6 kv.m torpaq sahəsini icarəyə götürmüş və həmin vaxt o, tikintiyə başlamışdır. Lakin maddi vəziyyəti ilə əlaqədar tikintinin inşasını dayandırmış və Cavabdeh bir müddət Rusiya Federasiyasına gedib orada yaşamışdır. 2018-ci ildə Surxay yenidən yaşadığı Ağcabədi rayonu Xocavənd kəndinə qayıtmış və tikintini davam etdirməyə başlamışdır. Həmin vaxt Surxayın maliyyə problemi yarandığı üçün yenidən tikinti yarımçıq qalmışdır. Surxay onun yeznəsi olduğu üçün o, Surxayın işinin yarımçıq qalmasını istəməmiş və o, Surxaya hissə-hissə 100000 manat məbləğində borc pul vermişdir ki, işini başa çatdırıb, ailəsini saxlasın, lakin Surxay onun verdiyi pula tikintinin inşasını tamamlaya bilməmiş, yenidən Surxayın yanına gələrək tikintini başa çatdırması üçün Surxaya maddi yardım etməsini, ticarət mərkəzinin hər ikisinin mülkü olmasını və şərikli işlətmələrini təklif etmiş, Surxay da onun təklifi ilə razılaşmışdır. Onlar həmin müddətə kimi Surxayın çəkdiyi xərci hesablamış və cəmi 120000 manat məbləğində müəyyən etmişlər. Həmin tikintinin inşası başa çatanadək o, ümumilikdə 236000 manat məbləğində nağd pul xərcləmişdir. Əlavə olaraq o, öz adına 220000 manat dəyərində tikinti mağazalarından tikinti materiallarını və mağaza üçün vitrin avadanlıqlarını nisyə götürmüş, Surxayla razılaşmışdır ki, əvvəlcə işləyib 220000 manat məbləğində nisyə aldığı əşyaların pulunu ödəsinlər, sonra isə Surxaydan əlavə xərclədiyi 116000 manat məbləğində pulu götürər, daha sonra əldə edilən gəlirləri isə yarı bölərlər. Surxay onunla razılaşmış və xx.xx.2019-cu il tarixdə ticarət mərkəzinin açılışı olmuş, onun qardaşı Elmir Quliyev həmin ticarət mərkəzinin fəaliyyətini davam etdirməsi üçün “Araz” marketlər şəbəkəsindən mal götürməsi məqsədilə Bakı şəhərində olan evini girov qoymuş və bundan sonra şirkət Surxayla müqavilə bağlayıb marketə mal vermişdir. “Araz marketlər şəbəkəsi” ilə müqavilə Surxayın adına olduğu üçün şəbəkədən köçürülən pulları Surxay müxtəlif yollarla mənimsəməyə başlamışdır. Bu müddət ərzində nisyə olaraq götürdüyü tikinti materiallarının və digər məhsulların sahibləri ondan borclarını istədikdə, o da Surxaya mağazada edilən alverin pulundan borcdan verməsini bildirmiş, Surxay da ona mağazada pul olmadığını demişdir. O da bu barədə Surxayın arvadı, yəni onun bacısı Hicrana, qardaşı Elmirə və Surxayın qızı Pərvinədə demişdir. Pərvin isə xx.xx.2020-ci il tarixdə atası Surxayla danışmış, öz evlərində onun iştirakı ilə müqavilə yazmışdır ki, onun mağaza üçün xərclədiyi borc pulları verib qurtaranadək Surxay mağazadan pul götürməyəcəkdir. O, özü pulları götürüb borcları qaytaracaqdır, lakin sonradan 2020-ci ilin mart ayının axırlarında Surxayın yenidən ticarət mərkəzində əldə edilən puldan istədiyi kimi xərclədiyini bilib və gəlib ona iradını bildirdikdə, Surxay ona orada onun payının olmamasını və bir daha həmin obyektə gəlməməsini bildirmişdir. O da həmin gündən obyektə getməmişdir. Sonra rayon Polis Şöbəsində araşdırma aparılıb və qərar qəbul olunmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı nümayəndəsi Vəkil3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli ticarət obyektinə çəkilən xərclərlə bağlı ekspert rəyi reallığı əks etdirmir və təkrar ekspertizanın keçirilməsi zəruridir. Hazırkı iş üzrə keçirilmiş 10/4765 saylı 29 noyabr 2022-ci il tarixli ekspert rəyindən narazı olmaları ilə əlaqədar birinci instansiya məhkəməsinə vəsatət vermələrinə baxmayaraq, məhkəmə vəsatəti təmin etməmişdir. Belə ki, sözügedən ekspert rəyi özündə həqiqəti əks etdirmir və rəyin “smeta xərclərini” əks etdirən qrafikdə qeyd edilən məbləğlər həm bir-birinə münasibətdə, həm də real bazar qiymətləri ilə uyğunluq təşkil etmir. Göründüyü kimi, ekspert rəy verərkən əsassız olaraq ticarət obyektinin tikintisinə sərf edilən materiallara çəkilən xərclərin, onun tikintisi üçün işçiyə (nəqliyyata və s.) çəkilən xərclərdən az təşkil etdiyi qənaətinə gəlmişdir ki, bu da absurd bir yanaşmadır. Misal üçün, həmin qrafikin 8-ci bölməsində divarlara, tavana astarın və üzlüyün (“şpaklyovka”nın), divar kağızının vurulması və s. üçün istifadə olunmuş materiallara ümümulikdə, guya 3174 manat sərf edildiyi təqdirdə, bu işlərin görülməsi üçün işçilərə 17768 manat məbləğində vəsait ödənilmişdir. “Smeta xərclərini” əks etdirən qrafiki diqqətlə nəzərdən keçirdikdə, bir çox uyğunsuzluqların, əsassız hesablamaların aparıldığını görmək mümkündür. Qeyd olunanlara əsasən, hazırki iş üzrə mübahisəli ticarət obyektinin ümumilikdə tikintisinə sərf edilən vəsaitin (2018-2019-cü illər üçün) məbləğinə dair dəqiq və bir-birini tamamlayan real qiymətlər müəyyən olunmalıdır, ona görə ki, birinci instansiya məhkəməsi iş üzrə qətnamə qəbul edərkən, digər məsələrlə yanaşı, sözügedən ekspert rəyinə münasibətdə iddianın qismən təmin olunması qənaətinə gəlmişdir. Belə olan halda, hazırkı mülki işin tam, hərtərəfli və obyektiv araşdırılması və obyektiv qətnamənin qəbul olunması ilə əlaqədar təkrar ekspertiza məsələsi nəzərdən keçirilməlidir. Əlavə olaraq iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsinə dair Ağcabədi RPŞ-nin xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh oğlu göstərmişdir ki, Quliyev Elmir Qəşəm oğlu sözügedən obyektə 230000 manat məbləğdə pul vəsaiti xərcləmişdir. Yuxarıda qeyd olunan ekspert rəyinə əsasən isə, ticarət obyektinə 308188 manat məbləğində xərc çəkilmişdir. Belə olan halda, ticarət obyektinə çəkilmiş xərcin daha çox təşkil etməsi müəyyən olunur. Həmçinin, iş materiallarına əlavə edilmiş və cavabdeh tərəfindən yazılmış hesabat dəftərində çəkilmiş xərclərin böyük hissəsi öz əksini tapmış və cavabdeh həmin dəftərin onun tərəfindən yazılması məhkəmə iclasında etiraf olumuş və bu işin mübahisəsiz halına çevrilmişdir. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 157.8-ci maddəsinə istinad etsə də, həmin maddənin hazırkı işə nə kimi aidiyyəti olmasını açıqlamamışdır. Halbuki, qeyd olunan tikili cavabdehin adına olmaqla cavabdehə məxsusdur və tərəfindən təyinatı üzrə istifadə olunur. Tərəflər arasında nə yazılı, nə də şifahi müqavilə bağlanılmış, iddiaçı tərəf bu barədə hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəflər arasında münasibətlərin hansı münasibətlərdən yaranmasını izah edə bilməmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, yalnız iddiaçının dediklərini qətnaməyə köçürməklə kifayətlənib, onlar tərəfindən təqdim edilmiş sübutları isə araşdırmamışdır. Bundan başqa, iddiaçı özü məhkəmə iclasında əmlakların bir çoxunun, o cümlədən, mebellərin hamısının götürülməsini etiraf etsə də, məhkəmə həmin etirafa qiymət verməmişdir. Halbuki, ididaçı məhkəmə iclasında iddia ərizəsinin onun tərəfidnən yazılmadığını və orada yazılanların hansısa nümayəndə tərəfindən tərtib edilməsini bildrimiş, vəkil olaraq onun tərəfindən dəfələrlə 456000 manatlıq borcun açıqlaması və hansı tarixlərdə verilməsi barədə suallarına isə iddiaçı ümumiyyətlə cavab verə bilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi hansı sübutlarla iddianı qismən təmin etməsini əsaslandırmamışdır. Məhkəmə əvvəllər cavabdehə məxsus olmuş dəftərə sübut kimi qiymət versə də, həmin dəftər sonradan iddiaçı tərəfindən əmlaklar mağazadan çıxarılarkən marketdən götürülmüş və iddiaçı tərəfindən məbləğlər şişirdilməklə əlavə yazılar qeyd edilmişdir. Məhkəmə araşdırmasında həmin dəftərin bir-iki vərəqi hakim tərəfindən araşdırılmaqla kifayətlənmiş, həmin vaxt cavabdeh bir çox yazıların ona məxsus olmamasını bildirsə də, məhkəmə xətşünalıq ekspertizası təyin etməmiş, cızmaqaradan ibarət dəftəri sübut növü kimi iddiaçının xeyrinə qiymət vermişdir. Ən azından cinayət işinin başlanmasını rədd edilməsi barədə qərara istinad edirdisə, həmin rədd materialını sorğu verməklə tələb edə bilər və konkret rədd materialında yazılanlarla bağlı araşdırma apara bilərdi. Belə ki, cavabdeh tərəfindən rədd materialında yazılanlarla bağlı müxtəlif orqanlara o cümlədən prokororluq, Ağcabədi rayon Məhkəməsi və digər təşikatlara müraciətlər edilmiş, məhkəmə nədənsə yalnız qərarda iddiaçının xeyrinə yazılanlardan birtərəfli qaydada istifadə etmişdir. Məhkəmə cavabdehin təqdim etdiyi sənədlərə və obyektin ümumi dəyərini təyin edən rəylərə qiymət verməmişdir. İddiaçının təqdim etdiyi və məhkəmənin qəbul etdiyi qərardadın icrası olaraq verilən rəylər ilə obyektin hazırkə real qiyməti təxminən 400000 manat müəyyən edildiyi halda, iddiaçı necə olur ki, bu obyektə mənimlə şərik olaraq 456000 manat pul qoyur? Belə çıxır ki, onda həmin məbləğdə şərik olaraq pul vəsaiti xərclədiyi halda, obyektin dəyəri reallıqda qat-qat bahadır. Nəzər alınsa ki, torpaq sahəsi onun tərəfindən hələ 2006-cı ildə öz şəxsi vəsaiti hesabına alınıb və həmin dövrdə tikintisinə başlanılmaqla, tikilinin bir hissəsi artıq inşa edilmişdi. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş bütün hallar qanunvericiliyin tələblərinə uyğun deyildir və əsassızdır. İşdə, ümumiyyətlə, iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəməyə sübut kimi təqdim edilən Ağcabədi RPŞ-nin 06 may 2020-ci il tarixli rədd qərarı olmuşdur ki, orada bütün izahatlar əvvəlcədən saxtalaşdırılmış, onu oxuyandan sonra ləğv edilməsi barədə şikayətlər verilmişdir. Cavabdeh özü ali təhsilli olaraq öz xətti ilə yazmaq qabiliyyətinə malik olsa da, özləri kompüterdə izahatını yığıb oxumadan ona qol çəkdirmişlər. İddiaçının və qardaşı Elmir Quliyevin birləşərək onun min bir əziyyətlə ərsəyə gətirdiyi obyektini qanunsuz yolla ələ keçirmələrinin ifşa olunması barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsindən, habelə ona hədə-qorxu gəldiklərinə görə hələ 22 martda rayon polis şöbəsinə etdiyi şikayət ərizəsi üzrə toplanmış rədd materialı ümumiyyətlə araşdırma predmeti olmayıb və həmin sübutlara qiymət verilməyib. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə, mülki prosessual qanunverciliyin bütün tələblərini pozmuş, gəldiyi nəticə tamamilə əsassız və qanunsuz olmuşdur. Birinci instansiya məhkəməsində olarkən bir çox şahidlər dindirilmiş, məhkəmə həmin şahidlərin dediklərinə qiymət verməmişdir. İddiaçı öz apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 2006-cı ildə Cavabdeh “Mingəçevir-Bəhrəmtəpə” avtomobil yolunun Xocavənd kəndindən keçən hissəsindən, yolun kənarından 237.6 kv.m torpaq sahəsini Bələdiyyədən 50 il müddətinə icarəyə götürmüş, həmin torpaq sahəsində üstü açıq, yararsız, təmirsiz və təxminən 30000-40000 manat dəyərində olan bir qeyri-yaşayış obyekti var idi. O, həmin obyektin tikintisinə başlayanda cavabdeh ona yeznə-qayın olduqları üçün kömək məqsədi ilə 120000 manat məbləğində pul vermişdir. Həmin obyekti hazır vəziyyətə gətirmək üçün ümumilikdə 456000 manat məbləğində xərc çəkmişdir. İş materiallarına əlavə olunan çəkilmiş xərclərlə bağlı dəftərdən görünür ki, dəftərdə qeyri-yaşayış sahəsində aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının dəyəri, həmin obyekdə görülmüş işlər (sərf olunmuş tikinti materiallarının dəyəri, təmir-tikinti işlərinin yerinə yetirilməsi üçün çəkilmiş xərclər və s.) Cavabdeh öz xətti ilə aydın şəkildə qeyd edilmişdir. Təkcə obyektin tikintisinə nağd olaraq 230000 manat məbləğində xərc çəkmişdir. Obyektin tikintisinə və onun içərisindəki vitrin və avadanlıqlara görə ümumilikdə 456000 manat xərc çəkmişdir. Cavabdehin 456000 manat borcunun qarşılığında mağazadan 63200 manatına dəyərində vitrin götürmüş, həmin avadanlıqların qalıq pulunu ödəyə bilmədiyi üçün avadanlıqları verən şirkətə vermişdir. Obyektə qoyulan 456000 manat məbləğində pulun nə qədərini tikintiyə, nə qədərini isə obyektin içinin malla doldurulmasına xərcləməyi yadında deyil. Amma həmin obyektin təkcə üstünün örtülməsinə, yəni damının vurulmasına 45000 manat və usta puluna isə 5000 manat məbləğində pul xərcləmişdir. Obyektin içinin metlaxının vurulması, tavanın vurulması, işıq və internet xəttinin çəkilməsinə çəkilən xərclər dəqiq yadında deyildir. Vitrinə xərclədiyi 63200 manat puldan əlavə 20000 manat məbləğində obyektin “istipol” çəkilməsi, internet xətti çəkilməsi, kameraların quraşdırılması, kompyuterlər alınması üçün ümumilikdə bu işlərə 92000 manat məbləğdə pul vəsaiti xərcləmişdir. Obyekt tikilib istifadəyə verilənə kimi cavabdeh heç bir xərcdə iştirak etməmişdir. Bütün işləri özü gördürmüşdür və xərcini özü çəkmişdir. Onun tərəfindən mübahisəli obyektdən hər hansı əmlak sökülüb aparılmamışdır. Mübahisəli obyektin qiymətləndirilməsi və ya işdə olan dəftər üzrə müvafiq ekspertizaların təyin edilməsinə zərurət yoxdur. Çünki həmin ekspertizaların təyin edilməsi işin baxılmasının lüzumsuz olaraq uzadılmasına gətirib çıxaracaqdır. İddiaçı nümayəndəsi Vəkil3 izahatında göstərmişdir ki, iddiaçı 22000 manat məbləğində təkcə vitirin avadanlıqlarının alınmasına xərc çəkməmişdir. Bu qeyri-real məbləğdir. İddiaçı öz vəsaiti hesabına 236000 manat məbləğində nağd şəkildə obyektə xərc çəkmiş, qalan 22000 manatı isə nisyə şəkildə əldə edilmişdir. Avadanlıq hissəsində gəldikdə isə 63200 manat dəyərində olan vitrin avadanlıqları olmuş, vitrini alarkən 37000 manat pul ödəmiş, 26200 manatını ödəmədiyi üçün vitrin avadanlıqlarını verən şirkət obyektən vitirinləri gəlib yığıb aparmışdır. Ona görə ki, vitrin avadanlığını verən şirkət cavabdehlə müqavilə bağlasa da, pulu İddiaçı ödəmişdir ki, bu mübahisəsiz haldır. Həmin şirkətdən Surxaya qalıq pulun ödənilməsini bildirdikdə, o vitrin avadanlıqlarının pulunu ödəyə bilməyəcəyini və gəlib avadanlıqların götürülməsini şirkətin əməkdaşlarına bildirmişdir. Məhkəmə iddianı qismən təmin edərəkən cavabdehin məhkəmə iclasında borcunu qismən etiraf etməsini nəzərə almamışdır. Ona görə də, iddia tam təmin edilməlidir. Cavabdeh izahatında bildirmişdir ki, 20 noyabr 2020-ci ildə mübahisəli obyektin açılışı olmuşdur. Həmin obyektin açılışına kimi ona 230000 manat məbləğdə pul vəsaiti xərclənmişdir. Obyektə çəkilmiş bütün xərclər həmin məbləğə daxildir. 19 may 2020-ci il tarixdə inzibati qaydada həbs edilib və 19 iyun 2020-ci ilə kimi həbsdə olmuşdur. Həmin obyekt öz adına rəsmiləşdirilmişdir. O, həbs olunanda mağaza işləyirdi. Obyekt bağlanana - 20 may 2020-ci il tarixə kimi obyektin bütün gəlirlərini, yəni marketdən, qəssabxanadan və aptekdən əldə edilən gəlirləri iddiaçı götürmüşdür. Həmin obyekt 6 ay fəaliyyət göstərmiş, bu müddət ərzində iddiaçı həmin obyektdən 130000-140000 manat gəlir götürmüşdür. 230000 manata daxil olmaqla 63200 manat məbləğində vitrinin alınıb, qaz xətti, su xətti, internet xəttinin çəkilməsi və kompyuterlər alınmışdır. İddaiçı onu həbs etdirdikdən sonra həmin obyekti bağlayaraq, heç kimi obektə qoymamış, sonra isə obyektdə olan bütün əşyaları söküb aparmışdır. Həbsdən çıxdıqdan sonra həmin obyekt onun istifadəsindədir. Obyekt istifadəyə verildikdən sonra Sabir həmin obyektə xərc çəkməmişdir. O, həbsdə olanda Sabirin obyektdən yığıb apardığı malların qiyməti təxminən 100000 manat dəyərində olardı. Cavabdeh nümayəndəsi Vəkil4 izahat verərək, bildirmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara istinad etmiş, rədd qərarında da heç bir preyudisiallıq yoxdur. Dəftərdə qeyd edilən məbləğ mötəbər sübut kimi götürülə bilməzdi. Əgər cavabdeh qeyd dəftərində yüksək məbləğ yazsaydı, bu o demək deyil ki, cavabdeh həmin obyekdə yüksək məbləğdə vəsait xərcləsin. İş matertiallarına əlavə edilmiş dəftərdə qeyd edilən məbləğ cavabdeh tərəfindən yazılsa da, həmin dəftər mötəbər sübut kimi götürülə bilməzdi. Mübahisəli obyektin qiymətləndirilməsi üçün və işdə olan dəftər üzrə müvafiq ekspertizaların təyin edilməsinə zərurət yoxdur. İşə əlavə edilmiş dəftərdə konkret hər hansı bir halın müəyyən edilməsi mümkün deyildir və orada göstərilən məlumatlar üzrə xətşünaslıq ekspertizasının təyin edilməsi nəticəsində hazırkı iş üçün hər hansı hüquqi əhəmiyyət kəsb edən məlumatın əldə edilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsində iştirak etməmiş və apellyasiya şikayəti də onun tərəfindən tərtib edilməmişdir. Cnayət işinin başlanmasının rədd edilməsinə dair Ağcabədi RPŞ-nin 06 may 2020-ci il tarixli qərarı hazırkı vaxta kimi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2-2(121)-19/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Cnayət işinin başlanmasının rədd edilməsinə dair Ağcabədi RPŞ-nin 06 may 2020-ci il tarixli qərarının surətindən görünür ki, Quliyev Elmir Qəşəm oğlu və qeyrisinin barəsində toplanmış materialda cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh mülki iddia qaydasında iddia qaldırması izah edilmişdir. İşdə olan Ağcabədi rayonu İcra Hakimiyyəti Başçısının 25 dekabr 2006-cı il tarixli 274 saylı sərəncamının surətindən görünür ki, Ağcabədi rayonunun Xocavənd kənd sakini Cavabdeh ərizə ilə müraciəti edərək, Xocavənd Bələdiyyəsinin 12 fevral 2006-cı il tarixli 02 saylı qərarı ilə əldə etdiyi 237,6 kv.m torpaq sahəsində ticarət mərkəzi tikintisinə icazə verilməsini xahiş etmiş və Xocavənd kənd sakini Cavabdeh icarəyə götürdüyü 237,6 kv.m torpaq sahəsində ticarət mərkəzi tikintisinə icazə verilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş LP-030/21 saylı 05 mart 2021-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, Ağcabədi rayonunun Xocavənd kəndində yerləşən qeyri-yaşayış sahəsinin hazırkı bazar qiyməti 420000 manat, likvid qiyməti 395000 manat məbləğ təşkil edir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 28 sentyabr 2021-ci il tarixli 175 saylı rəydən görünür ki, 2006-cı ildə Cavabdeh icarəyə götürdüyü “Mingəçevir-Bəhrəmtəpə” avtomobil yolnun Ağcabədi rayonunun Xocavənd kəndindən keçən hissəsindən, yolun kənarında yerləşən torpaq sahəsində inşa olunmuş ekspertiza tədqiqatı zamanı ümumi sahəsi 780,8 kv.m kimi müəyyən edilmiş (qərardadda 237,6 kv.m torpaq sahəsində tikilmiş obyekt kimi qeyd edilmişdir) ticarət obyektinin hazırda bazar qiyməti ilə ümumi təqribi dəyəri 410000 manat məbləğdə müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 noyabr 2021-ci il tarixli 2(102)-5961/2021 saylı qərarından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-800/2020 saylı 11 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri 43 saylı notariat ofisində reyestrdə 3M-686 nömrə ilə qeydə alınmış 31 mart 2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsi və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi qət olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-505/2021 saylı qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5961/2021 saylı qərarı ilə isə Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-505/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/4765 saylı rəyindən görünür ki, 2006-cı ildə Cavabdeh icarəyə götürdüyü “Mingəçevir-Bəhrəmtəpə” avtomobil yolunun Ağcabədi rayonu Xocavənd kəndindən keçən hissəsində yolun kənarında ümumi sahəsi 780,8 kv.m olan qeyri-yaşayış sahəsi inşa olunmuşdur. Tədqiq olunan ünvanda aparılmış tikinti-təmir işlərinin 2018-2019-cu illərin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 308178,78 manat məbləğində müəyyən olunur. Tədqiq olunan qeyri-yaşayış sahəsinin ayrı-ayrılıqda otaqlarının ölçüləri, həmin qeyriyaşayış sahəsində aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayrı-ayrılıqda dəyəri rəyə əlavə olunmuş smetada və rəyin tədqiqat hissəsində ətraflı göstərilmişdir. Eyni zamanda vitrinləri, avadanlıqların dəyərini müəyyən edilməsi tikinti-texniki ekspertinin səlahiyətlərinə aid deyildir. Bu səbəbdən də, vitrinlərin (mebellərin) və avadanlıqların dəyərini müəyyən edilməsinə dair tədqiqat aparılmadı. Şahid qismində birinci instansiya məhkəməsində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, tərəflərlə heç bir qohumluq əlaqəsi yoxdur. Lakin Cavabdeh yaxından tanıyır. Belə ki, onun sahibi olduğu qeyri-yaşayış sahəsində fəaliyyət göstərən “Araz” marketdə kassir kimi işləmişdir. Onunla 2020-ci ilin aprel və may aylarında birlikdə işləmişlər. Sonra Surxayı inzibati qaydada həbs etmişlər. Qarşı tərəf isə onu və digər işçiləri marketə buraxmamışlar. Lakin müxtəlif vaxtlarda marketin qarşısından keçən zaman qarşı tərəfin ətrafının marketdə olan malları boşaltdıqlarının şahidi olmuşdur. Qarşı tərəfi və onun ətrafını tanımasa da, orada olan danışıqlardan belə başa düşmüşdür ki, marketdə olan malları boşaldan Cavabdeh deyil, qarşı tərəfin ətrafıdır. Market boşaldılan vaxt qarşı tərəfi orada görməmiş, ancaq həmin vaxt orada olan şəxslərin dediklərindən qarşı tərəfin ətrafı kimi bildirilən Samir adlı bir şəxsin orada olduğunu eşitmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işdə olan ekspertiza rəyinə əsasən mübahisəli tikilidə (ticarət mərkəzində) aparılmış tikinti-təmir işlərinin 2018-2019-cu illərin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 308178,78 manat məbləğində müəyyən olunur. Məhkəmə həmin rəyi sübut növü kimi qəbul edərək onunla razılaşmışdır. Buna görə də, iddiaçı cavabdehin icarəyə götürdüyü torpaq sahəsində inşa etdiyi tikintinin (ticarət mərkəzinin) başa çatdırması üçün həmin tikilidə aparılmış işlərə çəkilmiş xərcin əvəzini cavabdehdən tələb etməkdə haqlıdır. Tikilidə aparılmış işlərə çəkilmiş xərcin, həmçinin tikinti mağazalarından tikinti materiallarının və mağaza üçün vitrin avadanlıqlarının alınmasına görə çəkilmiş xərcin əvəzinin ödənilməsinə dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Ona görə ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tikilidə aparılmış işlərə görə iddiaçı tərəfindən 188178,78 manat məbləğində xərc çəkilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlardan aşkar görünür ki, tərəflər həmin müddətə kimi cavabdehin tikintiyə çəkdiyi xərci hesablamış və cavabdeh tərəfindən tikiliyə cəmi 120000 manat məbləğində xərc çəkildiyini müəyyən etmişlər. Belə olan halda, ekspert rəyi ilə müəyyən edilmiş 308178,78 manat məbləğində pul vəsaitindən 120000 manat məbləğində cavabdehin çəkdiyi xərci çıxdıqda iddiaçının tikintiyə çəkdiyi xərcin 188178,78 manat məbləğində olması müəyyən edilir. Tikinti mağazalarından tikinti materiallarının və mağaza üçün vitrin avadanlıqlarının alınmasına görə çəkilmiş xərcə gəldikdə isə, müəyyən edilmişdir ki, iddiaçı buna görə 156800 manat məbləğində xərc çəkmişdir. Ona görə ki, iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsinə dair Ağcabədi RPŞ-nin 06 may 2020-ci il tarixli qərarında olan cavabdehin izahatından da aydın olur ki, cavabdeh həmin vaxt izahatında iddiaçının tikiliyə 230000 manat məbləğində xərc çəkməsini bildirmişdir: “... razılaşmışlar ki, Sabir də iki yüz min manat pul obyektə xərcləyəcək, əgər artıq pul xərcləyərsə, gəlirlərindən pulun tam götürəcəkdir. Sabir də obyektə iki yüz otuz min manat pul xərcləmişdir”. “... Hazırda tələbi və şikayəti ondan ibarətdir ki, İddiaçılə şərik işləmələri mümkün olmadığı üçün, yəni bir-birlərini başa düşməkdə çətinlik çəkdikləri üçün gələcəkdə aralarında hər hansı problem yaşanmasın deyə İddiaçı ticarət mərkəzinə xərclədiyi 230000 manat birdəfəlik tam şəkildə qaytarsın, Sabir isə ticarət mərkəzi ilə bağlı iddialarından əl çəksin.” Göründüyü kimi, cinayət təqibi üzrə qüvvəyə minmiş qərar ilə cavabdehin iddiaçının tikiliyə 230000 manat məbləğində pul xərcləməsini etiraf etməsi müəyyən olunmuşdur. Belə ki, MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilənlərə əsasən bu hal cinayət təqibi üzrə qüvvəyə minmiş qərar ilə müəyyən olunduğundan, göstərilən faktlar hazırkı iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktları heç kim mübahisələndirə bilməz. Ona görə də, bu məhkəmə üçün məcburidir və göstərilən hallar yenidən sübut edilməməlidir. Digər tərəfdən, cavabdeh məhkəmə iclasında həmin qərarda göstərilən izahatı ilə bağlı bildirmişdir ki, tikilinin başa çatdırılması üçün iddiaçı tərəfindən hər hansı bir xərc çəkilməmişdir. Qərarda qeyd etdiyi 230000 manat məbləğində xərci iddiaçı mağaza üçün vitrin avadanlıqlarının alınmasına görə çəkmişdir. Həmin avadanlıqları da iddiaçı onun inzibati qaydada həbs olunmasından istifadə edərək, hamısını aparmışdır. Belə olan halda, iddiaçı bu halları sübut etmək yükündən azad olmuş, həmin avadanlıqların iddiaçı tərəfindən aparılmasını sübuta yetirmək vəzifəsi isə cavabdehə keçmişdir. Cavabdeh tərəfindən qeyd edilən halları etiraf edilməsindən başqa avadanlıqların məhz iddiaçıya tərəfindən götürülməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə görə, etiraz etdiyi halın sübut edilməsi məhz cavabdehin vəzifəsidir. Göstərilənlər ona dəlalət edir ki, iddiaçı iddia etdiyi halları sübuta yetirmiş, cavabdeh isə həmin avadanlıqların iddiaçıya tərəfindən götürülməsini sübuta yetirə bilməmişdir. Lakin, məhkəmə araşdırılması zamanı 220000 manat dəyərində götürülmüş tikinti materiallarından və mağaza üçün vitrin avadanlıqlarından yalnız 63200 manat dəyərində olan vitrin cavabdeh tərəfindən iddiaçıya qaytarılması müəyyən edilmişdir. Belə olan halda, iddiaçının tikinti mağazalardan götürülmüş tikinti materialları və mağaza üçün vitrin avadanlıqları ilə bağlı çəkilmiş 220000 manat məbləğində pul vəsaitindən 63200 manat çıxdıqda iddiaçının buna görə çəkdiyi xərcin 156800 manat məbləğində olması müəyyən edilir. Digər tərəfdən, iş materiallarına əlavə olunan və cavabdeh tərəfindən qalın xətlə yazılmış yazıların ona məxsusluğu inkar edilməyən çəkilmiş xərclərlə bağlı dəftərlə müəyyən olunur ki, dəftərdə qeyri-yaşayış sahəsində aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının dəyəri, həmin obyekdə görülmüş işlər (sərf olunmuş tikinti materiallarının dəyəri, təmir-tikinti işlərinin yerinə yetirilməsi üçün çəkilmiş xərclər və s.) Cavabdeh öz xətti ilə aydın şəkildə qeyd edilmişdir. Qeyd edilən məbləğlər də həmin dəftərdə öz əksini tapmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək cavabdehdən 344978,78 manat məbləğində xərcin əvəzi alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. MM-in 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn: pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. MM-in 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Habelə, MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi huququ konstitusiya hüquq və azadlıqlarının təminatlarına əsaslanır. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən MPM-də ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur. Bunun üçün isə mülki prosessual qanunvericiliyində məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydaları müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istənilən iddia üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və məhkəmədə müəyyən edilmiş faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, o zaman iddia tələbi əsaslı, əgər uzlaşmırsa əsassız hesab edilir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, apellyasiya şikayətlərinin təmin edilərək, hazırkı qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Belə ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə aşağıdakıları diqqətə çatdırır. İddiaçı öz apellyasiya şikayətində göstərdiyi mübahisəli obyektin real dəyərinin müəyyən edilməsi üçün təkrar ekspertizanın keçirilməsi zəruriliyi barədə dəlili heç bir sübutla əsaslandırılmamış, həmin qeyri-yaşayış sahəsinin işdə olan tikinti-texniki ekspertizasının 29 noyabr 2022-ci il tarixli 10/4765 saylı rəyindən fərqli qiymətləndirilməsinə əsas verə biləcək heç bir rəy və digər sənədi məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş dəftərin cavabdeh tərəfindən yazılması mübahisəsiz hal olmaqla yanaşı, orada göstərilənlərin hazırkı iş üzrə hər hansı əhəmiyyət kəsb etməsi müəyyən edilmir. Belə ki, orada qeyd edilən rəqəmlərə nəzər saldıqda, onların konkret olaraq hər hansı məbləğin iddiaçı tərəfindən verilməsi və ya alınmasını ehtiva etməsi aşkar edilmir. Bu baxımdan da, həçmin dəftər üzrə xətşünaslıq ekspertizasının təyin edilməsi zərurəti işdən müəyyən edilmir. Qeyd edilənlərlə yanaşı, İddiaçı məhkəmə iclasında verdiyi izahatında mübahisəli obyektin qiymətləndirilməsi və ya işdə olan adıçəkilən dəftər üzrə müvafiq ekspertizaların aparılmasına hər hansı zərurət olmadığını və bunun işin baxılmasının lüzumsuz olaraq uzadılmasına gətirib çıxaracağını bildirmişdir. Beləcə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində iş üzrə tikinti-texniki və ya xətşünaslıq ekspertizalarının keçirilməsi barədə dəlillərini formal mülahizə xarakterli dəlillər hesab edir və iş üzrə sübutlara əsasən, habelə iddiaçının verdiyi izahata uyğun olaraq onların keçirilməsini zəruri saymır. Eyni zamanda, iddiaçı birinci instansiya məhkəməsində qeyd edilən ekspertizaların keçirilməsini tələb etməmişdir. Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlillərinə dair qeyd edir ki, tərəflər arasında mövcud münasibətlərin yaranması əsasları işdəki sübutlarla təsdiqini tapır və onlar arasında işgüzar münasibətlərin real iradə ifadəsi əsasında baş tutması işin mübahisəsiz halıdır. Habelə, borcun olması faktı da cavabdeh tərəfindən birinci və apellyasiya instansiyası məhkəmələrində də etiraf edilmişdir. Belə ki, Cavabdeh iddia ərizəsinə etirazda (İ cild, səh. 43) və məhkəmə iclaslarında iddiaçıya 230000 manat məbləğdə borcunun olması faktını etiraf etmişdir. Kollegiya hesab edir ki, məhkəmə tərəfindən iş üzrə tərəflər arasında mövcud razılaşmanın onların həqiqi iradə ifadəsini tamamilə əks etdirib-etdirməməsini düzgün qiymətləndirmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müqavilə tərəflər arasında öhdəliyin əmələ gəlməsi əsaslarındandır. Mülki hüquqi öhdəliklərin mühüm yaranma əsası kimi müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Nəzərə alınmalıdır ki, MM-in 6.1.2-ci maddəsinin tələbinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin prinsip mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Bundan əlavə, nəzərə alınmalıdır ki, MM-in 404.1 və 404.2-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bundan başqa, iddiaçının məhkəmə iclasında əmlakların bir çoxunun, o cümlədən, mebellərin hamısının götürülməsini bildirməsi barədə etirafına qiymət verilməməsi barədə apellyasiya şikayətinin dəlilləri barədə qeyd edilməlidir ki, iş materiallarına baxdıqda, iddiaçı tərəfindən birinci və apellyasiya instansiyası məhkəmələrində cavabdehə məxsus mağazadan borcun qarşılığında 63200 manatına dəyərində vitrin götürülməsi faktı etiraf edilmişdir ki, bu da yekun qərar qəbul olunarkən nəzərə alınmışdır. İddiaçı tərəfindən digər əşyaların, eləcə də mebellərin götürülməsi barədə isə işdə hər hansı sübut mövcud deyildir. Nəzərə alınmalıdır ki, iş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 29 noyabr 2022-ci il tarixli 10/4765 saylı rəyinə görə Cavabdeh Ağcabədi rayonu Xocavənd kəndindən keçən hissəsində yolun kənarında ümumi sahəsi 780,8 kv.m olan qeyri-yaşayış sahəsindəki vitrinlər və avadanlıqların dəyərinin müəyyən edilməsi tikintitexniki ekspertinin səlahiyyətlərinə aid olmadığından, həmin vitrinlərin (mebellərin) və avadanlıqların dəyərini müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Tərəflərin izahatlarından işin mübahisəsiz halı olaraq müəyyən edilir ki, adıçəkilən vitrinlər (mebellər) və avadanlıqlar mağazadan aparılmışdır. Bu baxımdan da, onların dəyərinin başqa qaydada müəyyən edilməsi qeyri-mümkündür. İşdə olan və tərəflər arasında münasibətlərə dair qeydlərin olması iddia edilən dəftərdə iddiaçı tərəfindən məbləğlər şişirdilməklə əlavə yazılar qeyd edilməsi barədə dəlilə dair kollegiya qeyd edir ki, həmin dəftərə mötəbər sübut kimi istinad edilməmiş və tərəflər izahatlarında orada göstərilənlər üzrə xətşünaslıq ekspertizasının keçirilməsini istəmədiklərini bildirmişlər. Bununla yanaşı, məhkəmə qətnaməsində Cinayət işinin başlanmasını rədd edilməsi barədə Ağcabədi RPŞ-nin 06 may 2020-ci il tarixli qərarına istinad edilmişdir. Cavabdeh apellyasiya şikayətində oradakı bütün izahatların əvvəlcədən saxtalaşdırılması və Cavabdeh özü ali təhsilli olaraq öz xətti ilə yazmaq qabiliyyətinə malik olsa da, polis əməkdaşları tərəfindən kompyuterdə onun izahatının yazılıb oxumadan ona imza etdirmələri barədə dəlil real və inandırıcı görünmür. Habelə, cavabdehdən və ya ailə üzvlərindən (arvadı Hicran və qızı Pərvin) izahatın təzyiq altında alınması və ya qərarın mötəbərliyini şübhə altına alan digər hallar barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmiş və ya həmin qərarın mübahisələndirilməsi işdən görünmür. Cavabdehin birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələrinə qiymət verilməməsi barədə dəlilinə dair bildirilməlidir ki, həmin şahidlər işə Ağcabədi Rayon Məhkəməsində dindirilmiş və həmin qətnamə ləğv edilmişdir ki, Şirvan Kommersiya məhkəməsində həmin şahidlərin yenidən dindirilməsi barədə vəsatət verilməmiş və hazırkı kommersiya mübahisəsi üzrə icraat çərçivəsində onların ifadəsi alınmamışdır. Şahid qismində birinci instansiya məhkəməsində dindirilmiş Şahid ifadəsi isə məhkəmə iclas protokolunda göstərilmiş və qətnamədə ona istinad olunmuşdur. Şahid ifadəsində göstərilənləri işin halları ilə qarşılıqlı əlaqəli şəkildə araşdırdıqda orada hazırkı iş üçün hər hansı əhəmiyyət kəsb edən halın müəyyən edilməsi görünmür. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası, həmçinin ilkin olaraq diqqətə çatdırır ki, iş materiallarına əsasən tərəflər cavabdehin tikintiyə çəkdiyi xərci hesablayaraq cavabdeh tərəfindən tikiliyə 120000 manat məbləğində xərc çəkildiyini müəyyən etmişlər və ekspertizanın rəyi ilə müəyyən edilmiş 308178,78 manat məbləğdə vəsaitdən 120000 manat məbləğ olan cavabdehin çəkdiyi xərci çıxdıqda iddiaçının tikintiyə çəkdiyi xərcin 188178,78 manat məbləğdə olması müəyyən edilmişdir. Daha sonra, birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh 10 mart 2023-cü il tarixli məhkəmə iclasında izahatında bildirmişdir ki, 230000 manat məbləğində xərci iddiaçı mağaza üçün vitrin avadanlıqlarının alınmasına görə çəkmişdir. Həmin avadanlıqları o, inzibati həbs olunduqdan sonra iddiaçı aparmışdır. Qeyd edilən avadanlıqların iddiaçı tərəfindən aparılmasını sübuta yetirmək vəzifəsi daşıyan cavabdeh həmin avadanlıqların iddiaçı tərəfindən götürülməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırılması nəticəsində 220000 manat dəyərində götürülmüş tikinti materiallarından və mağaza üçün vitrin avadanlıqlarından yalnız 63200 manat dəyərində olan vitrin cavabdeh tərəfindən iddiaçıya qaytarılması müəyyən edilmişdir. Belə olan halda, iddiaçının tikinti mağazalardan götürülmüş tikinti materialları və mağaza üçün vitrin avadanlıqları ilə bağlı çəkilmiş 220000 manat məbləğində pul vəsaitindən 63200 manat çıxdıqda iddiaçının buna görə çəkdiyi xərcin 156800 manat məbləğində olması müəyyən edilir. MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Diqqətə çatdırılmalıdır ki, MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Kollegiya onu da nəzərə alır ki, Cavabdeh 10 mart 2023-cü il tarixli məhkəmə iclasında izahatında etiraf etdiyi və göstərdiyi faktları təkzib etməmiş, belə ki, həmin protokola qeydlər verməmiş, habelə apellyasiya şikayətində həmin faktların düzgün olmadığını iddia belə etməmişdir. Bundan başqa, qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya diqqətə çatdırır ki, MPM-in 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Beləliklə, çəkişmə prinsipinin ümumi cəhəti aşağıdakılardan ibarətdir: məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qənaətə gəlməsini işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir. Diqqətə çatdırılmalıdır ki, MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin heç bir mötəbər sübutla öz təsdiqini tapmayan dəlillərini formal mülahizə hesab edir. Belə ki, apellyasiya şikayətlərinin dəlilləri qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla hazırkı məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırılmış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin həqiqi hallarına uyğun gəlir. Ona görə də, İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2-2(121)-19/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 78, 89, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2-2(121)-19/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-61/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-61/2023
05.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver