Məhkəmə qərarları › İş №2-2(106)-66/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-66/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-66/2023 04.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, Cavabdeh və vəkili Vəkil Böyüağa oğlunun iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqavilə üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka müqaviləsinə yönəldilməsi tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2-2(121)-32/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı 12407.05 (on iki min dörd yüz yeddi manat 05 qəpik) manat əsas, 8291.88 (səkkiz min iki yüz doxsan bir manat 88 qəpik) manat faiz, 14688.88 (on dörd min altı yüz səksən səkkiz manat 88 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1778.48 (min yeddi yüz yetmiş səkkiz manat 48 qəpik) manat faiz borcu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiyaya dair xərcin və iş üzrə ödənilmiş 1.50 (bir manat 50 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müaciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sabirabad filialı və Cavabdeh arasında bağlanmış xx.xx.2014- cü il tarixli BK-3003/35 saylı Baş Kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən müştəriyə illik 36 (otuz altı) faiz dərəcəsindən çox olmamaq şərti ilə 60 (altmış) ay müddətinə 100.000 (bir yüz min manat) manat məbləğində kredit limiti ayrılmışdır. Baş kredit müqaviləsi əsasında "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 300314-B saylı kredit müqaviləsi üzə Bank tərəfindən müştəriyə illik 21 faizlə 24 ay müddətinə 32000 ABŞ Dolları məbləğində kredit verilmişdir. 300314-B nömrəli 28 avqust 2014-cü il tarixli Kredit Müqaviləsi üzrə 25 yanvar 2017-ci il tarixli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin əsas qalığı konvertasiya edilməklə (1 USD= 1.40 AZN) 17218.66 (on yeddi min iki yüz on səkkiz manat, 66 qəpik) manat təşkil etmiş, restrukturizasiya edilmiş kreditin müddəti isə xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “bank tərəfindən verilmiş kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması” mübahisəsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə razılığa gəlməmişlər. Bu barədə “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə 2022- 18778 nömrəli xx.xx.2022-ci il tarixli Arayış tərtib edilmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 37166.29 manat təşkil edir. Bundan 12407.05 manat əsas, 8291.88 manat faiz, 14688.88 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1778.48 faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********487 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12407.05 manat əsas, 8291.88 manat faiz, 14688.88 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1778.48 manat faiz borcu olmaqla, ümumilikdə 37166.29 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində mediasiyaya dair xərcin və iş üzrə ödənilmiş 1.50 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına, tutmanın Cavabdeh məxsus olan Sabirabad şəhəri, İsmət Qayıbov küçəsində 0.04 ha torpaq sahəsində yerləşən 13 nömrəli fərdi yaşayış evin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan “DəmirBank" ASC-yə ödənilməsinə, əmlakın ilkin satış qiymətinin (likvid dəyər) müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılmasına, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulmasına, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, mövcud kredit öhdəliyinin təminatı kimi Cavabdeh məxsus olan Sabirabad şəhəri, İsmət Qayıbov küçəsində 0.04 ha torpaq sahəsində yerləşən 13 nömrəli fərdi yaşayış evi 28 avqust 2014cü il tarixli S1P1-3003/14-B saylı Sonrakı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh ləğv prosesində olan “DəmirBank" ASCnin xeyrinə ödənilməli olan ümumilikdə 37166.29 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində mediasiyaya dair xərcin və iş üzrə ödənilmiş 1.50 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh məxsus Sabirabad şəhəri, İsmət Qayıbov küçəsində 0.04 ha torpaq sahəsində yerləşən 13 nömrəli fərdi yaşayış evinə yönəldilməsi zərurəti yaranmışdır. Şirvan Kommersiya Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2-2(121)-32/2023 saylı qətnaməsi (hakim Elşən Abdullayev) ilə iddianın qismən təmin edilərək, Cavabdeh 12.407,05 manat məbləğində əsas borc, 3.155,72 manat məbləğində faiz borcu, 1.755,94 manat məbləğində müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, 400 manat məbləğində cərimə borcu, 200 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş məbləğ, iş üzrə ödənilmiş 1,50 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsum olmaqla, ümumilikdə 17.965,21 manat məbləğində pulun tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin Cavabdeh mülkiyyətində olan Sabirabad şəhəri İ.Qayıbov küçəsində 0,04 ha torpaq sahəsində yerləşən 13 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Sabirabad şəhəri İ.Qayıbov küçəsində 0,04 ha torpaq sahəsində yerləşən 13 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 67.516 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən ləğv prosesində olan İddiaçı ASC-yə olan ümumilikdə 17.965,21 manat məbləğində borcun ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin Cavabdeh qaytarılması, Sabirabad şəhəri İ.Qayıbov küçəsində 0,04 ha torpaq sahəsində yerləşən 13 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və satıldıqdan sonra 1 ay ərzində həmin fərdi yaşayış evinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 150 (yüz əlli) manatın 100 (yüz) manatının Cavabdeh, 50 (əlli) manatının isə ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Şirvan Kommersiya Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2-2(121)-32/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, şikayətin təmin edilməsi, qətnamənin qismən ləğv edilərək, tərəflər arasında bağlanmış 25 yanvar 2017-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış faiz, Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz, cərimə borcunun tam təmin edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin (likvid dəyər) yenidən müəyyən edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi 14688.88 manat cərimənin azaldaraq 400 manat etməsi ilə MM-in 467-ci maddəsində göstərilən kreditorun əmlak mənafelərini və bütün əsaslı mənafələrini nəzərə almayaraq, qeyd edilən maddənin müddəalarını pozmuşdur. Mübahisələndirilən qətnamədə birinci instansiya məhkəməsi tərəfindən faiz, cərimə və 5 faiz borcu azaldılarkən xx.xx.2022-ci il tarixli 9/7200 saylı ekspert rəyinə istinad etmiş, lakin birinci instansiya məhkəməsi istinad etdiyi halları əsaslandırmamışdır. Belə ki, Bank tərəfindən iddia ərizəsinə sübut kimi əlavə edilən sənədlər arasında ödəniş qrafiki, hesabdan çıxarış və maliyyə arayışı mövcuddur. Ödəniş qrafikində bankın müştərinin kredit borcu üzrə ödənişlərinin ən geci hansı tarixdə icra etməli olduğu göstərilib ki, bu tarixdən sonra müştəriyə nisbətdə öhdəliyin icrasını gecikdirdiyinə görə müqavilədə qeyd edilən qaydada və miqdarda faiz, cərimələr yazılır. Hesabdan çıxarışda isə müştərinin etdiyi ödənişlər və həmin ödənişlərin edildiyi tarixlər qeyd edilir. Bu borclar peşəkar maliyyəçilər tərəfindən hesablandıqdan və yoxlanıldıqdan sonra maliyyə arayışı tərtib edilir. Ekspert rəyi isə üçüncü şəxs tərəfindən təqdim edilən subyektiv fikirdir və qanunvericilik bu rəyin yanlış olması ehtimalını qəbul edir (əks halda əlavə və təkrar ekspertiza barədə müddəalar olmazdı). Bu müddəaların olmasına baxmayaraq, ekspert rəyinə bu cür əsaslandırmadan, sadəcə qeyd-şərtsiz şübhəsiz olan sübut kimi yanaşması ilə məhkəmə ekspert rəyini özü üçün məcburi bir sənədə çevirib, onu tədqiq etməyərək MPM-in 103-cü maddəsinin 1-ci bəndini pozmuş olur (Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir). Birinci instansiya məhkəməsi sübutlara bu dərəcədə fərq qoyub, ekspert rəyinə bu cür yanaşaraq MPM-in 88-ci maddəsinin 1-ci cümləsində sadalanan sübutlara obyektiv və qərəzsiz baxılması müddəalarına da riayət etməmiş olurdu. Bu istinadı ilə birinci instansiya məhkəməsi qətnamə çıxararkən məhkəmə iclasında tədqiq olunmamış sübuta əsaslanıb qanunvericiliyin tələblərinə riayət etməmişdir. Birinci instansiya məhkəməsinin öz qətnaməsində mötəbər sübut kimi istinad etdiyi "xxxx" MMC-nin qiymətləndirmə hesabatı (rəyi) özü də reallığı əks etdirmir. Belə ki, “ÜNVAN.AZ və rahatemlak.az” saytlarında görünür ki, ipoteka obyekti olan daşınmaz əmlakın yerləşdiyi ərazidə evlərin qiyməti hazırda mübahisə predmeti olan daşınmaz əmlaka ekspert tərəfindən müəyyən edilən qiymətdən xeyli az qiymətləndirilmişdir. Misal: 1) 306472 №-li kod ilə satışı elan verilmiş Sabirabad rayonunda 50 sotda 400 kv.m, 6 otaqlı 2 mərtəbəli evin bazar dəyəri 45000 manat. Göründüyü kimi, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu müddəaların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi özündə şişirtmə qiymətləri göstərən hesabata mütləq sübut kimi əsaslanmışdır. Cavabdeh vəkili Vəkil Böyüağa oğlu izahatında bildirmişdir ki, iddiaçının hesabladığı dəbbə pulu heç bir riyazi hesablamalara uyğun deyildir. Mühasibatlıq ekspertizasında və qiymətləndiricinin rəyində evin qiyməti tam əsaslıdır, çünki ev Sabirabad şəhərinin tam mərkəzində yerləşir. Bu səbəbdən qətnamə, həmçinin mühasibatlıq ekspertizası tam əsaslıdır. Qiymətləndirmə zamanı evə baxış keçirilmişdir. Habelə, digər hissələrdə də qətnamənin dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh izahatında bildirmişdir ki, onun evi Sabirabad şəhərinin mərkəzindədir. İddiaçı tərəf bəzi elan saytlarından ev şəkli paylaşır, lakin onların istinad etdiyi evlər rayonun kəndində olan evlərdir. İddiaçı tərəf ona bildirib ki, borcu 20000 manata salıb 8000 manatı əvvəlcədən ödəmək şərti ilə qalan borcu ayda 400 manat olmaqla hissəhissə ödəməyi təklif edib. Ancaq aralarında razılaşma mümkün deyildir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında BK- 3003/35 saylı xx.xx.2014-cü il tarixli baş kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 36 faiz ödəmək şərti ilə 60 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. İşin materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında 3003-14-B saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 21 faiz ödəmək şərti ilə 24 ay müddətinə 32000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşin materiallarında olan 3003-14-B saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli əlavə saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin əsas qalığı konvertasiya edilməklə (1 USD=1.40 AZN) 17.218,66 manat təşkil etmiş, restrukturizasiya edilmiş kreditin müddəti isə xx.xx.2019-cu il tarixədək uzadılmışdır. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış SİP1-3003/14-B saylı xx.xx.2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, Sabirabad şəhəri İ.Qayıbov küçəsində mülkiyyətində olan 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 40000 manat məbləğində qiymətləndirilmişdir. Habelə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sabirabad şəhəri İ.Qayıbov küçəsi 13 nömrəli 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmiş, iddiaçı cavabdehə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərmiş iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair 05 avqust 2022-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə 12.407,05 manat məbləğində əsas borc, 14.688,88 manat məbləğində cərimə borcu, 8.291,88 manat faiz, 1.778,48 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 37.166,29 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 23 iyun 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7200 saylı rəyindən görünür ki, 3003/14-B saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin və ona əlavə edilmiş 25 yanvar 2017-ci il tarixli 1 saylı əlavə sazişin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh müqavilə müddətinin bitdiyi xx.xx.2019-cu il tarixə İddiaçı ASC-yə borcu aşağıdakı kimidir: əsas borc 12407,05 manat, faiz borcu üzrə 3.155,72 manat; xx.xx.2022-ci il tarixə əsas borcu üzrə 12.407,05 manat, faiz borcu 3155,72 manat və müqavilə müddətinin bitdiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə illik beş faiz dərəcəsəi ilə hesablanan faiz borcu 1755,94 manat məbləğ təşkil edir. Rəyə əlavə edilən bilidirişə görə ekspertiza tədqiqatının dəyəri 150 manatdır. İş materiallarından görünür ki, məhkəmənin qərardadı ilə göstərilən daşınmaz əmlakın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlakın dəyərinin müəyyən etmək üçün 10 oktyabr 2022-ci il tarixli qiymətləndirmə hesabatı (rəyi) ilə Cavabdeh mülkiyyətində olan Sabirabad şəhəri İ.Qayıbov küçəsi 13 nömrəli 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 67.516 manat məbləğində olması müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmçinin MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 445.7-ci maddəsinin tələbinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Eyni zamanda, MM-in 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. MM-in 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. MM-in 467-ci maddəsinə görə məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bundan başqa, MM-in 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. MM-in 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bundan əlavə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). “İpoteka haqqında” Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun tələblərinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməli və ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda iddiaçının apellyasiya şikayətində kredit müqaviləsi üzrə yaranmış faiz, Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz, cərimə borcunun tam təmin edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin (likvid dəyər) yenidən müəyyən edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Kollegiya hazırkı mülki işin hallarına və apellyasiya şikayətinin dəlillərinə hərtərəfli hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətində kredit müqaviləsi üzrə yaranmış faiz və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz barədə dəlillər formal xarakterlidir və onların hər hansı əsası yoxdur. Belə ki, həmin məbləğlər Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2022-ci il tarixli 9/7200 saylı rəyi ilə müəyyən edilmişdir ki, məhkəmə kollegiyası adıçəkilən rəyə əsasən müəyyən edilmiş borc məbləğlərini mötəbər hesab edir. Eyni zamanda, kollegiya apellyasiya şikayətində və birinci instansiya məhkəməsində verilmiş vəsatətdə də (İ cild, səh. 200) öz əksini tapan təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə dəlil üzrə diqqətə çatdırır ki, yenidən müvafiq ekspertizanın keçirilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Habelə, kollegiya hesab edir ki, hazırkı iş üzrə ipoteka predmetinin ilkin satış qiymətinin yenidən müəyyən edilməsinə hər hansı zərurət yoxdur. İpoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Sabirabad şəhəri İ.Qayıbov küçəsi 13 nömrəli 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri "xxxx" MMC tərəfindən 67.516 manat məbləğində müəyyən olunmuşdur. Həmin rəy obyektin yerləşdiyi yer, onun qiymətinə təsir göstərən bütün əhəmiyyətli göstəriciləri, təmir vəziyyəti, analoji obyektlərin satış qiymətlərinin müqayisəsi və digər hallar nəzərə alınmış, müxtəlif metodlardan istifadə edilmişdir. İddiaçı isə apellyasiya şikayətində yalnız müxtəlif elan saytlarına istinadı göstərməklə, dəlilinin əsaslarını sübut edə bilməmişdir. Bu baxımdan, həmin dəlili kollegiya əsassız hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası diqqətə çatdırır ki, mübahisələndirilən qətnamənin həmin hissədə qanuni və əsaslı olması qənaətindədir. Belə ki, ipoteka predmeti olan mənzilin dəyərinə münasibətdə nəzərə çatdırılmalıdır ki, iddiaçı öz şikayətində həmin rəyin mötəbərliyini şübhə altına alan heç bir əsasa (kəskin qiymət fərqinin aşkar göründüyü digər mötəbər rəy və s.) söykənməmişdir. Yuxarıda qeyd edilən normalara əsasən məhkəmə kollegiyası dəbbə pulu (cərimə) məbləğinin müəyyən edilməsi zamanı nəzərə alır ki, iddia tələbində hesablanmış və tələb edilən cərimə məbləği MM-in tələblərinə uyğun olaraq öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi səbəbindən meydana gəlmişdir. Qanunvericiliyin imkan verdiyi hədd daxilində kreditorun əmlak və əsaslı mənafeləri nəzərə alınmaqla, həmin 14688.88 manat məbləğin 400 manata qədər azaldılmasını kollegiya mövcud məhkəmə təcrübəsinə uyğun hesab etmir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən tələb edilən və tutulması qət edilən məbləğin az olması barədə apellyasiya şikayətində qeyd edilən 14688.88 manat cərimə məbləğinin 1400 manata qədər azaldılmasını doğru hesab edir. Yalnız müəyyən edilən həmin hədd kreditorun mənafelərinin daha düzgün nəzərə alınması hesab edilə bilər. MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi huququ konstitusiya hüquq və azadlıqlarının təminatlarına əsaslanır. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən MPM-də ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur. Bunun üçün isə mülki prosessual qanunvericiliyində məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydaları müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında, həmçinin göstərilir ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Habelə, MPM-in 9.3-cü maddəsinə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə birinci instansiya məhkəməsinin tədqiq edilmiş sübutlar üzrə gəldiyi nəticəyə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız cərimə borcu hissədə dəyişdirilməli, qətnamənin apellyasiya şikayətinə əsasən digər hissələrdə, eləcə də, ipoteka predmetinin dəyərinin müəyyən edilməsinə dair hissədə dəyişdirilməsi yaxud ləğvi əsasları müəyyən edilmir. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2-2(121)-32/2023 saylı qətnaməsi Cavabdeh ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 400 manat məbləğində cərimə borcunun tutulması hissədə dəyişdirilərək, cərimə borcunun məbləği 1400 (min dörd yüz) manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14, 76, 77, 89, 217, 218, 372, 384, 385, 387.1, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2-2(121)-32/2023 saylı qətnaməsi mübahisələndirilən - Cavabdeh ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 400 (dörd yüz) manat məbləğində cərimə borcunun tutulması hissədə dəyişdirilsin və cərimə borcunun məbləği 1400 (min dörd yüz) manat miqdarında müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar