Məhkəmə qərarları › İş №2-2(106)-66/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-66/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-66/2025 02.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kreditin və ona hesablanmış faizin və cərimə borcunun qaytarılması” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli e-2-2(121)-72/2025 saylı qətnaməsindən (hakim N.Misirzadə) cavabdehlərdən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kreditin və ona hesablanmış faizin və cərimə borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 23984.02 manat əsas borc, 4520.29 manat faiz borcu, 575.46 manat cərimə olmaqla, ümumilikdə 29079.77 manat borcun və 178 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasıın xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişinə əsasən bank borcluya 36 ay müddətinə, illik 24% olmaqla 30000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələblərinin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Borclu Cavabdeh3 və Cavabdeh1 (zaminlər) həmin sazişə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün borclu Cavabdeh2 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı borclu Cavabdeh2 aid bütün öhdəlikləri icrа еtməlidirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli e-2-2(121)-72/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, 23092.68 manat əsas borc, 3263.77 manat faiz borcu, 40 manat cərimə olmaqla, ümumilikdə 26396.45 manat məbləğində kredit borcunun və ödənilmiş dövlət rüsumunun 169.19 manat hissəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin 20 manatının İddiaçı ASC-dən, 80 manatının isə Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən Cavabdeh2 apellyasiya şikayəti verərək ləğv olunması, tam, obyektiv və hərətəfli araşdırılma aparılması üçün iddiaçıdıan maliyyə arayışı tələb edib, iş üzrə müvafiq mühasibatlıq ekspertiza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində göstərdiyi işin faktiki halları və şikayətin dəlillərindən açıq – aşkar görünür ki, vəsatətinə hüquqi qiymət verilməmişdir. Odur ki, apellyasiya şikayətində göstərilən dəlillər nəzərə alınaraq, şikayət təmin edilərək və qəbul edilmiş qətnamə ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Birincisi ona görə ki, verilmiş ekspertiza rəyi ilə razı deyil. Ona görə ki, ödənişləri nəzərə alınmamışdır. Halbuki, məhkəməyə iddiaçı tərəfindən hesabdan çıxarış təqdim edilsə, əsas məbləğ və ona hesablanmış faiz və cərimə borcu iddia tələbində göründüyü kimi ola bilməz. Odur ki, iş üzrə iddiaçıdan sonuncu günə münasibətdə maliyyə arayışı tələb edilməli, iş materiallarına əlavə edilməli və iş üzrə müvafiq təkrar mühasibatlıq ekspertizası təyin edilməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı ASC apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini və Şirvan Kommersiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Etiraz onunla əsalsandırılmışdır ki, Cavabdeh2 Qürbət oğlu tərəfindən verilmiş apellyasiya şikayətində işin faktiki hallarının məhkəmə tərfindən düzgün araşdırılmaması, eyni zamanda maddi və prosessual qanunvericilik normalarının düzgün tətbiq edilməməsinə dair mövqe ilə razılaşmamaqla, əks-arqumentlərini aşağıda qeyd edilən hallarla əsaslandırırlar. Belə ki, apellyator öz şikayətində birinci instansiya məhkəməsində icraat zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə razılaşmadığını, əsas borc və ona hesablanmış faiz və cərimə borclarının rəydə göstərilən rəqəmlərdə ifadə olunmasının mümkünsüzlüyünü bildirmiş, eyni zamanda sonuncu ödənişin həyata keçirildiyi tarixə maliyyə arayışı təqdim edilməklə təkrar ekspertizanın keçirilməsini xahiş etmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi zamanı maliyyə arayışı, eyni zamanda cari və cərimə hesablarından çıxarışlar vəsatət əsasında ekspertə tərəfimizdən təqdim edilmişdir. Əldə olunmuş rəv iddia tələblərinin həcmi ilə uyğunluq təşkil etmişdir. Ekspertizanın nəticəsi və xx.xx.2025-ci il tarixinə təyin olunmuş məhkəmənin baxış iclası barədə tərəflər rəsmi qaydada məlumatlandırılmış, tərəflərə öz mövqelərini bildirmək üçün kifayət qədər prosessual imkan tanınmışdır. Yekun baxış iclasında cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Bu baxımdan cavabdehin məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi barədə məlumatlı olmaması, yaxud obyektiv səbəblərdən qeyd olunan maddi sübuta münasibətdə öz hüquqlarını həyata keçirməsi imkanının istisna olunması ağlabatan olmamaqla qeyri - mümkündür. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı nümayəndəsi vasitəsi ilə məhkəmədə təmsil olunmamış, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlərdən Cavabdeh2 apellyasiya şikayətində borcun düzgün hesablanmaması əsası ilə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə, qətnaməni qismən, müəyyən olunan borc məbləği hissədə mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən borc məbləği hissədə yoxlanılmasını düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin, yaxud da, dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin (borc alan) apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur: İddiaçı ASC ilə Cavabdeh2, zaminlər Cavabdeh1 və Cavabdeh3 arasında xx.xx.2022ci il tarixdə bağlanmış MK/36041/87/26 saylı kredit sazişi əsasında cavabdehə 36 ay müddətinə illik faiz də\rəcəsi 24% müəyyən olunmaqla 30000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, **********628 saylı ödəniş tapşığından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 verilmiş kredit onun İddiaçı ASC-də olan bank hesabına 29999 manat məbləğinə köçürülmüşdür. Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən borc alan almış olduğu krediti xx.xx.2022-ci il tarixindən başlayaraq hər ay 1176.99 manat məbləğində ödənişlər etməklə xx.xx.2025-ci il tarixinədək qaytarmalı idi. Kreditor tərəfindən borc alan və zaminlərə ünvanlanan xx.xx.2024 tarixli bildirişdən görünür ki, bank müqavilə üzrə 23984.02 manat əsas borc, 3480.94 manat faiz borcu və 575.46 manat cərimə borcunun olması, borcun ödənilməsinin gecikdirilməsi əsası ilə kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyini bildirib, kredit borcunun dərhal ödənilməsini tələb etmiş, əks təqdirdə borc tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı nəzərlərinə çatdırılmışdır. xx.xx.2024 tarixli maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2024-cü il tarixinə qeyd edilən müqavilə üzrə 23984.02 manat əsas, 4520.29 manat faiz, 575.46 manat cərimə borcu vardır. Birinci instasiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/6717 saylı, xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, xx.xx.2022ci il tarixli, MK/36041/87/26 saylı kredit müqaviləsinin şərtləri üzrə Cavabdeh2 xx.xx.2024 tarixinə (müqavilənin vaxtından əvvəl birtərəfli ləğv tarixi) banka olan borcu 23092.68 manat əsas borc, 3263.77 manat faiz borcu, maliyyə arayışının tarixi olan xx.xx.2024-cü il tarixinə 23092.68 manat əsas borc, 4264.45 manat faiz borcu; ekspertizanın təyin olunması barədə qərardadın tarixi olan xx.xx.2024-cü il tarixinə 23092.68 manat əsas borc, 5757.78 manat faiz borcu müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsasə verir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli sürdüyü öhdəliklərin icrası tələbi qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə müddətinin buna imkan verməsinə baxmayaraq, kreditorun borc alana göndərdiyi bildirişlə müqavilənin ləğv olunması və öhdəliklərinin tam icrasını tələb etməsi məqamını nəzərə almaqla Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında formalaşan hüquqi mövqeyə uyğun nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur, 421.3-ci maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İş materiallarında olan 26 fevral 2024-cü il tarixli bildirişdən (işin 23-cü vərəqi) görünür ki, kreditor borc alana kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəlikləri lazımınca və vaxtında icra etmədiyini, gecikdirilmiş borc məbğləğinə əlavə olaraq cərimə hesablandığını, 2398.02 manat əsas, 3480.94 manat faiz, 575.46 manat cərimə borcunun yarandığını, bu səbəbdən kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyini bildirərərək, banka olan bütün borc məbləğini dərhal ödəməyi təklif etmiş, əks təqdirdə eyni tələblə məhkəməyə müraciət ediləcəyini borc alanın nəzərinə çatdırmışdır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşan hüquqi mövqeyə görə kreditor tərəfindən iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edildiyindən, kreditor əsas borcun qalığı ilə yanaşı 26 fevral 2024-cü il tarixinə hesablanan faiz və cərimə məbləğini tələb edə bilərdi. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizası qarşısında da, məhz həmin tarixə hesablanan faiz və cərimə borcunun məbləğlərinin müəyyən olunması sualı qoyulmuşdur. Ekspertizanın rəyinə əsasən 26 fevral 2024-cü il tarixinə əsas borcun qalığı 23092.68 manat, faiz borcu 3263.77 manat müəyyən edilmiş, məhkəmə də, məhz ekspert rəyinə müvafiq olaraq faiz borcunun məbləğini müəyyən etmişdir. İddiada ödənilməsi tələb olunan cərimənin məbləği 575.46 manat təşkil etdiyi halda, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə müvafiq olaraq bütün əsaslı mənafeləri nəzərə almaqla, tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldıb 40 manat məbləğində təyin etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərdən X2 apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən borc məbləği hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdehlərdən Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli e-2-2(121)-72/2025 saylı qətnaməsi mübahisələndirilən borc məbləği hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar