Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-69/2025 14.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, iddiaçı “X6 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, torpaqdan çıxarılma və həmin torpaq sahəsinin iddiaçıya qaytarılması” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli e-2-2(121)-179/2025 saylı qətnaməsindən (hakim Z.Abbasov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı “X6 Təsərrüfatı”Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, torpaqdan çıxarılma və həmin torpaq sahəsinin iddiaçıya qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, icarəsində olmaqla Saatlı rayonu Hacıqasımlı kəndi ərazisində yerləşən 20 hektar torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin “X6 Təsərrüfatı” MMC-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslanmışdır ki, iddiaçı tərəfindən 20 iyun 1995-ci ildə rayon icra hakimiyyətinə müraciət edilərək kənd təsərrüfatı məhsulları istehsal etmək üçün yaradılmış fermer təsərrüfatına torpaq sahəsi ayrılmasına köməklik göstərilməsi xahiş edilmiş, Saatlı rayon X1 rəyasət heyətinin 31 iyul 1995-ci il tarixli 6/54 saylı qərarına əsasən 50 hektar və 20 noyabr 1997-ci il tarixli müraciətə əsasən isə Saatlı rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1998-ci il tarixli 326 saylı sərəncamı ilə "xxxx" kəndli fermer təsərrüfatına 40 hektar torpaq sahəsi, ümumilikdə isə 90 hektar torpaq sahəsi ayrılmışdır. 11 oktyabr 2004-cü ildə Saatlı rayon İcra Hakimiyyəti başçısı ilə "xxxx" kəndli fermer təsərrüfatının rəhbəri arasında 90 hektar torpaq sahəsinin icarəyə götürülməsi barədə 137 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə də bağlanmışdır. Hazırda Saatlı rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1998-ci il tarixli 326 saylı sərəncamı və 11 oktyabr 2004-cü il tarixli 137 saylı torpaq sahəsinin icarəyə veilməsi haqqında müqavilə qüvvədədir və ləğv edilməmişdir. 2017-ci il tarixdən yuxarıda qeyd edilmiş 90 hektar torpaq sahəsinin 20 hektar hissəsini Cavabdeh qanunsuz olaraq zəbt edərək istifadə edir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində "xxxx" kəndli fermer təsərrüfatı icarəsində olan torpaq sahəsindən istifadə edə bilmir. Dəfələrlə cavabdehdən torpaq sahəsindən qanunsuz istifadəsini dayandıraraq, torpaq sahəsindən çıxması xahiş edilsə də, cababdeh torpaq sahəsindən qanunsuz istifadəsini dayandırmamışdır. Beləliklə mübahisənin məhkəmə qaydasında həll olunması üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilməlidir ki, “X6 Təsərrüfatı” MMC "xxxx" kəndli fermer təsərrüfatının hüquqi varisidir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 2019-cu il tarixdə Saatlı rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilməsini xahiş etmişdir. Sonra ərizəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icraata götürülmüş və 2 sentyabr 2020-ci il tarixdə Saatlı rayon İcra Hakimiyyətinə Əmlak Məslələri Dövlət Komitəsi tərəfindən məktub ünvanlamış və məktubda göstərilmişdir ki, həmin torpaq sahəsi örüş sahəsi olmaqla dövlət ehtiyat fond torpaq sahəsidir və həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi mümkün deyildir. Həmin torpaq sahəsi dövlət qeydiyyatına alınmayan torpaq sahəsidir və hal-hazırda həmin 30 hektar torpaq sahəsi Cavabdeh qzının istifadəsindədir. Sonra akt tərtib olunmuş və 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən GPS aləti ilə həmin yerin koordinatları müəyyən edilmiş və 3 nəfər şəxs Elçin Kərimov, Elvin Axundov və Saatlı rayon inzibati ərazi dairəsinin nümayəndəsi Rəşad Qəhrəmanov olmuşlar. Sonra Şirvan MMC-yə müraciət edilərək bildirilmişdir ki, istifadəsində olan torpağa dair xəritə hazırlanması üçün 547 manat dövlət rüsumu hesablanmışdır. Həmin rüsum tərəfindən tam ödənilmişdir. Rüsum ödənildikdən sonra ona yerquruluşu xəritəsi təqdim edilmişdir. Xəritə mütəxəssislər tərəfindən tərtib olunmuş və qanuni şəkildə təsdiq edilmişdir. 2019-cu ildən bu günə kimi həmin torpaqdan istifadə edir, torpaq yararsız olduğundan öz vəsait hesabına abadlaşdırmış, arpa, buğda, pambıq əkmişdir. Həmin yerdən heç bir xərc bu günə kimi götürə bilməmişdir. Səbəbi odur ki, torpaq çox yararsız hala qaldığı üçün onun inkişaf etdirilməsi mümkün olmamışdır. İddiaçının tələbi əsassız və qanuna ziddir. Onun qaldırdığı iddia ilk dəfə olaraq 1-ci instansiya məhkəməsində baxılmamış saxlanılmışdır. Belə ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işin baxılmamış saxlanılmasını 9 aydan sonra istəmişdir. Onun haqlı olması 1-ci instansiya məhkəməsində keçirilən proseslərdən məlum olmuşdur. Ona görə də hazırki iddia tələbinin təmin olunması absurddur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Saatlı Rayon İcra Hakimiyyətinə göndərilmiş 02 sentyabr 2020-ci il tarixli, **********25 saylı məktubdan görünür ki, Saatlı şəhər sakini Cavabdeh ayrılması nəzərdə tutulan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər hansı şəxsin adına dövlət qeydiyyatına alınıb-alınmaması barədə müvafiq arayışın hazırlanması ilə əlaqədar mütəxəssisin ezam olunmasına dair 29 iyul 2020-ci il tarixli 32/1708 nömrəli məktuba baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, 21 avqust 2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin Saatlı rayon şöbəsinin və Saatlı Rayon İcra Hakimiyyətinin nümayəndələrinin birgə iştirakı ilə vətəndaş Cavabdeh kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə etdiyi 30.0 ha torpaq sahəsinə yerində baxış keçirilmiş, qeyd olunan torpaq sahəsinin koordinatları elektron kadastr məlumat bazası ilə müqayisə edilmişdir. Müəyyən edilmişdir ki, Cavabdeh faktiki istifadəsində olan 30.0 ha torpaq sahəsi X7 torpaqlarına aid olmaqla üzərində daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüquq qeydə alınmamışdır. Göründüyü kimi əvvəlki ekspertiza üzrə suallar obyektiv araşdırılmamışdır. 11 oktyabr 2004-cü il tarixli «torpaq sahəsinin icarəyə verilməsi haqqında» müqavilədə göstərilən nömrə üzərində dəyişiklik olmuş və 30 dekabr 1998-ci il tarixli göstərilən sərəncamın nömrəsində belə qaralama edilərək dəyişiklik edilmişdir. Çünki onun istifadəsində olan 30 hektar torpaq sahəsi dövlət ehtiyat fond torpaqlarına daxil olmaqla, iddiaçı Nümayəndə1 hər hansı formada aidiyyəti belə yoxdur. Belə görünür ki, burada vəzifə saxtakarlığı baş vermişdir., Onun 30 hektar torpaq sahəsinin 20 hektar hissəsi Duru Həsənovaya məxsus olmuşdur. Onun varisi oğlu Arif Həsənov hətta 1-ci instansiya məhkəməsinə 19 oktyabr 2023-cü il tarixdə teleqram vasitəsi ilə müraciət edərək bildirmişdir ki, mərhum anası X5 rayon inzibati ərazi dairəsində 20 hektar kənd təsərrüfat təyinatlı Xəyal kəndli fermer təsərrüfatı olmayıb və iddia olunan torpaq sahəsinin mərhum anası ilə heç bir əlaqəsi yoxdur. Həmin şəxs Arif Həsənov sübut kimi öz şəxsiyyət vəsiqəsinin surəti, mərhum anasının ölüm haqqında şəhadətnaməsinin surətini və öz ərizəsini 1-ci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmədə işə yekun vurulmadığı üçün həmin sübutlara hüquqi qiymət verilməmişdir. Hansı ki, bu Xəyal fermer kənd təsərrüfatı sərəncamda Sarı su ehtiyyat fond torpağında fəaliyyət göstərmişdir. Sarı su ilə bizim ərazimiz arasında böyük uzaq bir məsafə vardır. Bu torpağın var olması öz əksini tapmamışdır. "xxxx" MMC saxta kağızlarla həmin torpağı öz ərazisi kimi qanunsuz olaraq göstərmişdir. Göründüyü kimi həmin sərəncamda da 20 hektar torpaq sahəsi Saatlı rayon ərazisində yerləşir və onun 20 hektar torpaq sahəsi isə Saatlı rayon ərazi inzibati dairəsində yerləşir. Sonra həmin qarşı tərəflə Saatlı rayon İcra Hakimiyyəti ilə aralarında 11 oktyabr 2004-cü il tarixdə bağlanmış icarə müqaviləsində rəqəmlərə qərəzli olaraq müdaxilə olunmuş və həmin icarə müqaviləsinin arxivdə belə əsli yoxdur. Həmin icarə müqaviləsində Saatlı rayon İcra Başçısının imzası, həmin imza deyil, əmək kitabçasında olan Gülhüseyn Əhmədovun imzasını sübut kimi məhkəməyə təqdim edəcəm. 40 hektar torpaq sahəsinin dövlət aktın əslin məhkəməyə təqdim edilsin. İddiaçının irəli sürdüyü tələbə dair bütün sənədlərin əsli olaraq məhkəməyə təqdim etməsi zəruridir. Əgər bu hal öz əksini taparsa, mənim barəmdə ədalətli qərar qəbul ediləcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli e-2-2(121)-179/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh “X6 Təsərrüfatı” MMC-nin icarəsində olan Saatlı rayonu Hacıqasımlı kəndi ərazisində yerləşən 19.20 hektar torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin “X6 Təsərrüfatı” MMC-yə təhvil verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək dəyişdirilməsi, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya qarşı verilən yazılı etirazın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iş üzrə ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə qarşı yazılı etiraz təqdim edilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, mübahisəli torpaq sahəsindən artıq 5 ildirki o istifadə edir və torpaq sahəsinə xərc çəkmişdir. Lakin həmin torpaq sahəsinə dair Saatlı Rayon İcra Hakimiyyəti ilə arasında icarə müqaviləsi bağlanmamışdır. Bununla belə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı mübahisəli torpaq sahəsinin əvəzinə iddiaçı “X6 Təsərrüfatı” Məhdud Məsuliyyəti Cəmiyyətinə 30 ha torpaq sahəsi ayırtdırıb. Məhkəmədə iddiaçı “X6 Təsərrüfatı” MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, Saatlı rayon İcra Hakimiyyətinin başçısının xahişi ilə 2018-ci ilədə cavabdehə mübahisələndirilən torpaq sahəsini vermişdir. X3 torpaq verilən zaman hansı inzibati ərazi dairənin sərhədi ilə qonşudursa həmin inzibati dairəsinin adı yazılır. Cavabdeh tərəfin iddia etdiyi Hacıqasımlı İnzibati Ərazi dairəsinin qeyd edilməsi məhz bu səbəbdəndir. Bəli, həqiqətən mübahisəli torpaq sahəsinin əvəzinə Saatlı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən başqa torpaq sahəsi ona təklif olunub. Bununla bağlı Saatlı rayon İcra Hakimiyyətinin başçısına bildirmişdir ki, təklif olunan torpaq sahəsi ilə bağlı sərəncam verilərsə, iddiadan imtina etməsinə dair ərizə yazacaq. Lakin hal-hazırki vaxtadək ona təklif olunan torpaqla bağlı müvafiq sərəncam verilmədiyindən, iddiadan imtina etmir və mübahisəyə mahiyyəti üzrə baxılıb həll olunmasını tələb edir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək iddianın rədd olunmasını xahiş etməklə, mahiyyət etibarı ilə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, tərəflərin mübahisə predmeti üzrə yaranan qarşılıqlı münasibətlərinə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən olunur: “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumatdan və 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “Uçota dair arayış”dan görünür ki, “X6 Təsərrüfatı” MMC xx.xx.2005-ci i tarixdə kommersiya hüquqi şəxsi qismində ********** qeydiyyat nömrəsi ilə (VÖEN) qeydiyyata alınmışdır və “X6 Təsərrüfatı” MMC Saatlı rayon XDS-nin xx.xx.1995-ci il tarixli 6/54 nömrəsi ilə qeydə alınan "xxxx" kəndli (fermer) təsərrüfatının bazasında yaradılmışdır və onun hüquqi varisidir. “Elektron Məhkəmə” İnformasiya Sistemində olan fiziki şəxs haqqında məlumatdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə qeydiyyata alınmışlar. Saatlı rayon X1 Rəyasət Heyətinin 31 iyul 1995-ci il tarixli 6/54 nömrəli qərarının 3 və 4-cü bəndlərinə əsasən, "xxxx" kəndli (fermer) təsərrüfatına kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə rayonun X7 torpağının hal-hazırda kənd təsərrüfatı məhsulları istehsal olunmayan sahəsinin 50 hektarının kolxozun razılılğı əsasında kəndli (fermer) təsərrüfatına ayrılması məqsədə müvafiq hesab edilmiş, qeyd olunan torpaq sahəsinin tərtib edilmiş yer quruluşu sənədlərinə uyğun olaraq Şimaldan “Araz” kiçik müəssisəsinin torpağı ilə, Şərqdən ehtiyat fondu torpağı ilə, Cənub-Şərqdən ehtiyat fondu torpağı ilə, Cənub Qərbdən “Araz” kolxozunun torpağı ilə və Şimal Qərbdən isə ehtiyat fondu torpağı ilə həmsərhəd olaraq ayrılması qərara alınmışdır. “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı”nın surətindən görünür ki, həmin aktla Saatlı rayon X1 Rəyasət Heyətinin 31 iyul 1995-ci il tarixli 6/54 nömrəli qərarına əsasən "xxxx" kəndli (fermer) təsərrüfatına ayrılmış 50 ha torpaq sahəsi üzərində hüquqlar xx.xx.1995-ci il tarixdə qeydiyyata alınmışdır. Saatlı rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1998-ci il tarixli 326 nömrəli sərəncamının 2 və 3-cü bəndlərinə əsasən dövlət torpaq fondundan “Nəva” yoldaşılıq birliyinə verilmiş 20 hektar torpaq sahəsinin və B №000302 saylı Dövlət aktınin, Sarı-su Dövlət ehtiyat torpaq fondundan “Xəyal” kəndli fermer təsərrüfatına verilmiş 20 hektar torpaq sahəsinin və B №000408 saylı Dövlət aktının geri alınması, həmin torpaq sahələrinin "xxxx" kəndli (fermer) təsərrüfatına verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Saatlı rayon İcra Hakimiyyəti tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda göstərilir ki, "xxxx" KFT-nin istifadəsinə ayrılmış 50 hektar torpaq sahəsinə dair Saatlı rayon X1 Rəyasət Heyətinin 31 iyul 1995-ci il tarixli 6/54 nömrəli qərarının və 40 hektar torpaq sahəsinə dair Saatlı rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1998-ci il tarixli 326 nömrəli sərəncamının qüvvədən düşməsi ilə əlaqədar rayon İcra hakimiyyətində hər hansı bir sənəd mövcud deyildir. Saatlı rayon İcra Hakimiyyəti başçısının 12 oktyabr 1998-ci il tarixli, 241 nömrəli sərəncamı əsasında Saatlı rayon İcra Hakimiyyəti başçısı ilə "xxxx" kəndli fermer təsərrüfatının rəhbəri arasında bağlanmış 11 oktyabr 2004-cü il tarixli 137 nömrəli “Torpaq icarəsi müqaviləsi”nə əsasən, 90 hektar torpaq sahəsi 90 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə "xxxx" kəndli fermer təsərrüfatının icarəsinə verilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov tərəfindən Saatlı rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda göstərilir ki, xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin Saatlı rayon şöbəsinin və Saatlı rayon İcra Hakimiyyətinin nümayəndələrinin birgə iştirakı ilə vətəndaş Cavabdeh istifadə etdiyi 30 hektar torpaq sahəsinə yerində baxış keçirilmiş, qeyd olunan torpaq sahəsinin koordinatları elektron kadastr məlumat bazası ilə müqayisə edilmişdir. Müəyyən edilmişdir ki, X2 faktiki istifadəsində olan 30 ha torpaq sahəsi X7 torpaqlarına aid olmaqla üzərində daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüquq qeydə alınmamışdır. Saatlı rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 01/2805 saylı və xx.xx.2021-ci il tarixli 03/503 saylı məktublarına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən Saatlı rayonu inzibati ərazisində yerləşən dövlət mülkiyyətində olan ehtiyat fond torpaqlarından heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə Cavabdeh icarəsinə verilməsi nəzərdə tutulan 30 ha örüş sahəsinin situasiya planı hazırlanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubov tərəfindən Saatlı rayon İcra Hakimiyyətinə ünvanlanmış “Torpaq sahəsinin icarəyə verilməsinə razılıq bildirilməsi barədə” xx.xx.2021ci il tarixli məktubda göstərilir ki, Saatlı rayonunun inzibati ərazisində yerləşən 30 ha torpaq sahəsinin heyvandarlıq məqsədilə Cavabdeh icarəyə verilməsinə razılıq bildirilməsi barədə Saatlı rayon İcra Hakimiyyətinin müraciətinə baxılmışdır. Bildirilir ki, yerquruluşu planı hazırlanarkən məlum olmuşdur ki, döngə nöqtələrinin koordinatlarına əsasən Cavabdeh ayrılması nəzərdə tutulan 30 hektar torpaq sahəsinin 20 hektarı Saatlı rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1998-ci il tarixli 326 nömrəli sərəncamı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə "xxxx" kəndli fermer təsərrüfatına istifadəyə verilmiş, X7na aid 90 hektar torpaq sahəsi ilə üst-üstə düşür, digər 10 hektar sahəsi isə X7 torpağıdır. Saatlı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən "xxxx" kəndli fermer təsərrüfatının rəhbərinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, həmin məktubla "xxxx" kəndli fermer təsərrüfatının icarəsində olan 90 hektar torpaq sahəsinin subicarəyə verilməsinə etiraz edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/1073 nömrəli rəyinə əsasən, aparılmış ekspertizanın nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" KFT-nin icarəsində və istifadəsində olan Saatlı rayonun inzibati ərazisində yerləşən 90 ha torpaq sahəsinin 19.20 hektarı Cavabdeh istifadəsindədir. "xxxx" KFT-nin icarəsində və istifadəsində olan Saatlı rayonun inzibati ərazisində yerləşən 90 ha torpaq sahəsinin 19.20 hektarı Cavabdeh istifadəsində olan 30 hektar torpaq sahəsi ilə üst-üstə düşür. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin müəyyən olunan faktiki hallarına əsasən iddiaçının cavabdehin qanunsuz sahibliyindən alınmasını tələb etdiyi Saatlı rayonu Hacıqasımlı kəndi ərazisində yerləşən 20 hektar torpaq sahəsinin 19.2 ha hissəsi Saatlı Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1998-ci il tarixli 326 nömrəli sərəncamı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə "xxxx" kəndli fermer təsərrüfatına istifadəyə verilmiş, X7na aid 90 hektar torpaq sahəsinin tərkib hissəsidir və cavabdehin faktiki istifadəsindədir. Torpaq sahəsi üzərində cavabdehin hər hansı bir hüquqlarının olmasını təsdiq edən hüquqmüəyyənedici sənəd mövcud deyildir. Belə ki, işdə olan “Situasiya planı” Saatlı rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 01/2805 saylı və xx.xx.2021-ci il tarixli 03/503 saylı məktublarına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən Saatlı rayonu inzibati ərazisində yerləşən dövlət mülkiyyətində olan ehtiyat fond torpaqlarından heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə Cavabdeh icarəsinə verilməsi nəzərdə tutulan 30 ha örüş sahəsinin situasiya vəziyyətinin müəyyən edilməsi məqsədi ilə hazırlanmışdır. Situasiya planı mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi planlaşdırılan torpaq sahələrinə dair tərtib olunan texniki mahiyyət daşıyan sənəddir və heç bir halda torpaq sahəsi üzərində hüquq müəyyənedici sənəd hesab edilə bilməz. Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 700.1 - İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2 - İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Sadalanan maddi hüquq normaları tələbin hüquqi əsasını təşkil etməklə, mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı torpaq icarəçisi olaraq özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb etməkdə ixtiyarlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin müəyyən olunan faktiki halları və sadalanan qanunvericilik aktı normaları baxımından əsassızdır, faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2., 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli e-2-2(121)-179/2025 saylı qətnaməsi dəyişdirilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Qasım Əliyev Cahid İmanov
Məhkəmə qərarları › İş №2-2(106)-69/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-69/2025
14.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver