Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-71/2025 02.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Vəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, İddiaçı, cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbində dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 8 may 2024-cü il tarixli e-2-2(121)-565/2024 saylı qətnaməsindən (hakim E.Abdullayev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlkin olaraq İddiaçı Cavabdeh qarşı “pul" tələbinə iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək 10901 manat məbləğində pulun və ödədiyi dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh 2016-cı ildə 10901 manat borc pul vermişdir. Cavabdeh borcunu qısa müddət ərzində ödəyəcəyini bildirmiş, lakin hər dəfə müxtəlif bəhanələr gətirməklə pulunu ödəməkdən boyun qaçırmışdır. Sonuncu dəfə onunla söhbət edən zaman o, pulu hissə-hissə qaytaracağını bildirmiş, lakin verdiyi vədi yerinə yetirməmişdir. Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 iddiaya qarşı yazılı etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı 10901 manat pul və ya başqa bir məbləğdə borc almamışdır. Sonradan iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 10901 manat məbləğində “Korella” mallarını və yaxud onların dəyərini, yəni 10901 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, cavabdehə 2016-cı ildə 10901 manat dəyərində “Korella” malları vermişdir. Həmin malları bir neçə dəfə ondan tələb etmiş, lakin cavabdeh malları qaytarmamışdır. Ona görə də, cavabdehdən malları, iyaxud onların dəyərini tələb edir. Dəqiqləşdirilmiş tələbə qarşı Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10901 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. Belə ki, İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya İddiaçı müdafiə etdiyi Cavabdeh 2016-cı ildə 10901 manat borca pul vermişdir. Cavabdeh bildirdiyinə görə o, iddiaçıdan heç bir vəsait almamışdır. Qeyd etmək istəyir ki, iddiaçının bildirdiyinə görə o, müdafiə etdiyi Cavabdeh 2016-cı ildə 10901 manat borca pul verdiyini bildirsə də, sonradan həmin borc pul yox, nisyə mal satdığını bildirmiş və heç bir ciddi hesabat blankı sayılmayan adi vərəqlərdə qeyd edilmiş məbləğlər olan sübutları işə əlavə etmişdir. Əvvəlcə onu qeyd etmək istəyir ki, sübutların mötəbərliyi baxımından həmin sənədlərin heç bir qüvvəsi yoxdur və təqdim edilmiş sübutların özləri də bir çox ziddiyyətli məqamları özündə cəmləşdirir. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərdən 2014-cü ilin noyabr ayının cümə yazıları olan ilk vərəqdə iddiaçı iddia ərizəsində qeyd etdiklərinin əksinə manat və ya dollar olduğunu qeyd edilməyən məbləğlərin cəmi kimi 8425 (xx.xx.2015), 4777.70 (xx.xx.2016) mal verdiyini, 6454.50 ödəniş edildiyi, 2014-cü ilin noyabr ayının çərşənbə axşamı yazıları olan vərəqdə xx.xx.2018-ci ildə 7747.80, 79.80 və 252.50 manat və ya dollar olduğunu qeyd edilməyən məbləğlərin cəmi kimi 8080.10 mal verdiyini, cavabdehi isə həmin vərəqdə qeyd edilmiş tarixlərdə (xx.xx.2018-xx.xx.2018) 2300 ödəniş edildiyi, 2014-cü ilin noyabr ayının şənbə günü yazıları olan vərəqdə 2016-cı ildə 1864.5 mal verildiyi (xx.xx.2016), 4868.20 ödəniş edildiyi (xx.xx.2016-xx.xx.2016), elə həmin vərəqdə əlavə olaraq 1050 (xx.xx.2017-xx.xx.2017) ödəniş edildiyi, 2014-cü ilin noyabr ayının bazar ertəsi yazıları olan vərəqdə 2350 ödəniş edildiyi (xx.xx.2017xx.xx.2017), xx.xx.2018-ci ildə 189 mal verildiyi, 2014-cü ilin oktyabr ayının cümə günü yazıları olan vərəqdə 568 ödəniş edildiyi qeyd edilmişdir. Sübut kimi təqdim edilən həmin vərəqlərdən də göründüyü kimi iddiaçı 2015, 2016-cı illərə aid mal verməyə dair sübutlar kimi təqdim etdiyi kağız vərəqlərdə 2015-2016-cı illərdə guya mal verdiyini istinad etsə də, cavabdehin ödədiyi məbləğlərin cəmi 17590.70 (6454.50+2300+4868.20+1050+2350+568) qeyd edilmişdir. Burdan da göründüyü kimi iddiaçının iddia ərizəsi tamamilə əsassızdır. Belə ki, əvvəlki iclasda da bildirdiyi kimi Cavabdeh iddiaçıdan heç bir vəsait və ya mal almamışdır. O, anbardar vəzifəsində işlədiyindən vəzifəsi malların anbara təhvil alınması olduğundan, müəyyən qaimələrə imza atmalı olmuşdur. İddiaçının təqdim etdiyi sübutlardan və iddia ərizəsinə əsasən hesablanmalı olduqda iddiaçının 10901 manat borca mal vermiş olduğu təqdirdə 17590.70 manat ona ödənilmiş sayılmalı və bu hesabla iddiaçının cavabdehə 6689.70 manat artıq ödənişi olmalı və iddiaçı cavabdehə həmin məbləği ödəməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində əvvəlki icraat. Lənkəran Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli 2(049)-160/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində əvvəlki icraat. Birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 dekabr 2023-cü il tarixli 2(106)-1834/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunaraq, Lənkəran Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli 2(049)-160/2023 saylı qətnaməsi ləğv edilmiş və iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 8 may 2024-cü il tarixli e-2-2(121)-565/2024 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh 10901 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı, 126 manat ekspertiza tədqiqatının dəyərinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunmasını, iş üzrə tam obyektiv və hərtərəfli araşdırma aparılaraq xeyrinə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə tam və hərtərəfli araşdırma aparmamış sübutlara düzgün qiymət verməmişdir. Məhkəmə təqdim etdiyi sübutlara hərtərəfli qiymət verməməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. İzahatında göstərdi ki, hazırki iş üzrə birinci instansiya məhkəməsində ekspertiza keçirilmişdir. Habelə tərəflər arasında qarşılıqlı qaimələr tərtib edilmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs anbardar işləyir və gün ərzində bir çox qaimələrə imza çəkir. Onun vəzifəsi yalnız daxil olan malların qəbulu və çıxışına nəzarət etməkdir. Onun alqı-satqı müqavilələrindən xəbəri olmur. Ona görə hüquqlarını müdafiə etdiyi şəxsdən pul tələb olunması əsassızdır. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək göstərdi ki, “Korella” boya məhsullarının satışını 12 rayonda həyata keçirmişdir. Lənkəranda satış təşkil etmək məqsədilə Lənkəran şəhərinə, bazara getmiş və ilk qarşısına çıxan cavabdeh olmuşdur. Cavabdehə həmin məhsulların satışı ilə bağlı əməkdaşlıq etməyi təklif etmiş və razılaşmışlar. Cavabdehlə əməkdaşlıq etməyə başlamış və ona ilk dəfə 2015-ci ilin oktyabr ayında mal vermişdir. Cavabdeh aldığı malları sataraq sonradan ödənişini edirdi. Bir müddət cavabdehlə normal şəkildə işləmişlər, cavabdehə öz övladı kimi yanaşmışdır. Bir müddətdən sonra görmüşdür ki, cavabdeh artıq etimadını doğrultmur, yəni malların pullarını vermir. İş materiallarında bütün qaimələr mövcuddur, hamısını məhkəməyə təqdim etmişdir. 2019-cu ilədək cavabdehlə birlikdə işləmişlər. Cavabdehin aldığı mallara görə ödənilməmsiş qalıq borcunun məbləğini qaimə fakturalarla verilən malların dəyəri və öz kitabçasında ödəniş kimi etdiyi qeydlər əsasında hesablayıb müəyyən etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən sübutlar və sübutetmə yükünün işin faktiki hallarına münasibətdə hansı tərəfin üzərinə düşməsini düzgün müəyyən etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında cavabdehin bilavasitə imzası ilə olan qaimə fakturalarla müəyyən olunur ki, cavabdehə iddiaçı tərəfindən 2015-2018-ci illər ərzində ümumilikdə 26016.16 manat dəyərində mal verilmişdir. İş materiallarında olan iddiaçının əlyazma qeydlərində cavabdeh tərəfindən edilən ödənişlərin cəmi məbləği 17140.7 manat təşkil edir. Beləliklə verilən malların dəyərini təşkil edən 26016.16 manatdan iddiaçının ödəniş kimi qeyd etdiyi məbləğlərin cəmi çıxılanda (260xx.xx-17140.7=8875.46) 8875.46 manat məbləğində alınan mallara görə ödənilməmiş borcun qaldığı müəyyən olunur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər, 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Kollegiya hesab edir ki, aparılmış məhkəmə araşdırmasının nəticəsi olaraq apellyasiya şikayətinin dəlilləri qismən öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsinin qətnaməsi borcun müəyyən olunan məbləği hissədə dəyişdirilməli, cavabdehdən almış olduğu mallara görə ödənilməmiş qalıq dəyəri kimi 8875.46 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iddia tələbi üzrə iddianın qiyməti mübahisələndiriıən hissədə 10000 manatdan aşağı olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 8 may 2024-cü il tarixli e-2-2(121)-565/2024 saylı qətnaməsi Cavabdeh 10901 (on min doqquz yüz bir) manat məbləğində pul vəsaitin tutularaq İddiaçı ödənilməsi hissədə dəyişdirilərək 8875.47 (səkkiz min səkkiz yüz yetmiş beş manat yetmiş beş qəpik) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov
Məhkəmə qərarları › İş №2-2(106)-71/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-71/2025
02.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver