Məhkəmə qərarları › İş №2-2(106)-73/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-73/2023

16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-73/2023 16.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması, tutmanın ipteka predmetinə yönəldilməsi və s.” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 8 fevral 2023-cü il tarixli e-2-2(121)-83/2023 saylı qətnaməsindən (hakim E.Abdullayev) iddiaçının nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti (bundan sonra mətndə İddiaçı BOKT ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması, tutmanın ipteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 17 sentyabr 2014-cü il tarixli 620 saylı kredit müqaviləsi üzrə 14283.77 manat əsas borc, 2774.21 manat hesablanmış faiz, 5548.42 manat dəbbə pulu olmaqla, cəmi 22606.40 manat kredit borcunun və 200 manat ödənilmiş mediasiya xərcinin Cavabdeh1 xeyrinə tutulması, kredit müqaviləsi üzrə tələbin Cavabdeh1 özünə məxsus olan Ağcabədi rayonu, Aşağı Avşar kəndində 0.11 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 116 kv.m yaşayış, 53.7 kv.m yardımçı sahəsi olmaqla, 169.7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə yönəldilməsi, əmlakın 33000 manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönldilməsi, fərdi yaşayış evində yaşayanlar Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 və Cavabdeh1 fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə, evdən çıxarılmaları, fərdi yaşayış evinin məcburi boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə əvvəlki "xxxx" ASC (indiki İddiaçı BOKT ASC) arasında 17 sentyabr 2014-cü il tarixli 620 saylı kredit müqaviləsi imzalanmış və 24 ay müddətinə, illik 23 faiz olmaqla 30000 manat məbləğində kredit verilmişdir. 17 sentyabr 2014-cü il tarixli 620 saylı kredit müqaviləsinin təminatı kimi 07 aprel 2012-ci il tarixli 367 saylı ipoteka müqaviləsinə 02 saylı Əlavə və dəyişiklik edilməsinə dair 17 sentyabr 2014-cü il tarixli əlavə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 özünə məxsus olan Ağcabədi rayonu, Aşağı Avşar kəndində 0.11 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 116 kv.m yaşayış, 53.7 kv.m yardımçı sahəsi olmaqla, 169.7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evini (MA seriyalı, ******* nömrəli, **********75-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2012 qeydiyyat tarixli Çıxarışa əsasən) ipoteka ilə yüklü etmişdir. İpoteka (girov) müqaviləsi notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu ödəyir; 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə, faizləri iki qat hesablayıb borcludan tələb edir. Cavabdehin 17 sentyabr 2014-cü il tarixli 620 saylı kredit müqaviləsi üzrə 14283.77 manat əsas, 2774.21 manat hesablanmış faiz, 5548.42 manat dəbbə pulu olmaqla, cəmi 22606.40 manat kredit borcu mövcuddur. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 08 fevral 2023-cü il tarixli e-2-2(121)-83/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 373.2, 377.2, 375.2-ci maddələrinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, işin həqiqi hallarına əsasən "xxxx" ASC ilə Cavabdeh1 arasında 17 sentyabr 2014-cü il tarixində bağlanmış kredit müqaviləsinə əsasən ona 17 sentyabr 2016-cı il tarixədək qaytarılması şərtilə, illik 23 faiz hesablanmaqla 30000 manat məbləğində kredit verilmişdir. İşin materiallarından isə görünür ki, iddiaçının mövcud iddia ərizəsi 31 oktyabr 2022-ci il tarixdə məhkəməyə verilmişdir. Bununla iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçının nümayəndəsi X1 apellyasiya şikayəti verərək ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin 08 fevral 2023-cü il tarixli e-2-2(021)-83/2023 saylı qətnaməsini qanunsuz və əsassız hesab edirlər. Bildirirlər ki, Cavabdeh1 qarşı ilk olaraq 11 aprel 2017-ci il tarixində iddia qaldırılmışdır. Həmin iddia üzrə iş Ağcabədi Rayon Məhkəməsinin 2(017)-361/2018 saylı 12 aprel 2018-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. Bu müddət ərizində iddia müddətinin axımı dayansada, məhkəmə bunu nəzərə almamışdır. BOKT tərəfindən cavabdehlərə qarşı vaxtında iddia qaldırılmışdır. Bu dövrə kimi isə iddia müddəti itirlməmişdir, Şirvan Kommersiya Məhkəməsi işin bu halını araşdırmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı nümayəndəsi vasitəsi ilə təmsil olunmamış, cavabdehlər məhkəmədə iştirak etməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanın aparılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın tam təmin olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən tarix ardıcıllığı ilə aşağıdakılar müəyyən olunur: Borc alan – ipoteka qoyan Cavabdeh1 ilə ipoteka saxlayan "xxxx" ASC arasında 7 aprel 2012-ci ildə bağlanmış ipoteka müqaviləsinə əsasən, bankla borc alan arasında 7 aprel 2012-ci ildə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Ağcabədi rayonu, Avşar kəndində 0.11 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 116 kv.m yaşayış, 53.7 kv.m yardımçı sahəsi olmaqla, 169.7 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə üklü edilmişdir; Kreditor "xxxx" ASC-nin Ağcabədi filialı ilə borc alan Cavabdeh1 arasında 17 sentyabr 2014-cü ildə bağlanmış 620 saylı kredit müqaviləsinə əsasən kreditor tərəfindən borc alana 24 ay müddətinə illik faiz dərəcəsi 23% müəyyən olunmaqla 30000 manat məbləğində kredit verilmişdir; "xxxx" ASC-nin Ağcabədi filialı ilə Cavabdeh1 arasında bağlanmış 17 sentyabr 2014-cü il tarixli 620 saylı kredit müqaviləsinin təminatı kimi 7 aprel 2012-ci il tarixli ipoteka müqaviləsinə 02 saylı Əlavə və dəyişiklik edilməsinə dair 17 sentyabr 2014-cü il tarixli əlavə müqavilə bağlanmışdır; Həmin müqavilənin 2.1-ci yarımbəndinə əsasən ipotekanın predmeti kimi Cavabdeh1 mülkiyyətində olan Ağcabədi rayonu, Avşar kəndində 0.11 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 116 kv.m yaşayış, 53.7 kv.m yardımçı, 169,7 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi göstərilmişdir. Tərəflərin qarşılıqlı razılığına əsasən ipoteka predmeti 33000 manat qiymətləndirilmişdir; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Ağcabədi rayonu, Avşar kəndində 0.11 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 17 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC-nin xeyrinə ipoteka yüklülüyü dövlət qeydiyyatına alınmışdır, 28 sentyabr 2022-ci il tarixli arayışa əsasən qeyd edilən kredit müqaviləsi üzrə 14283.77 manat əsas borc, 2774.21 manat faiz borcu, 5548.42 manat cərimə olmaqla, cəmi 22606.40 manat məbləğində kredit borcu mövcuddur; Kredit Müqaviləsi üzrə hesabdan çıxarışa əsasən borc alan Cavabdeh1 sonuncu dəfə 01 mart 2017-ci il tarixdə 200 manat məbləğində kredit ödənişi etmişdir; Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birinci instansiya məhkəməsinə təqdim etdikləri 29 noyabr 2022-ci il tarixli ərizəyə əsasən, cavabdehlər iddia tələbinə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişlər; İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən birinci instansiya məhkəməsinə 8 fevral 2023-cü ildə təqdim olunmuş iddia müddətinin tətbiqinə dair ərizəyə etirazda qeyd edilir ki, Cavabdeh1 17 sentyabr 2014-cü ildə 24 ay müddətinə kredit müqaviləsi bağlayaraq illik 23 faiz olmaqla 30000 manat kredit almışdır. Həmin krediti bir müddət vermiş, lakin sonradan krediti vaxtında ödəmədiyindən ona qarşı 2018-ci ildə Ağcabədi Rayon Məhkəməsində iddia qaldırılmışdır. Məhkəmə prosesinin gedişində Cavabdeh3 vəsatət verərək bankın onlardan tələb etdiyi faiz və cərimə məbləğlərinin cox olduğunu bildirmiş və iş üzrə məhkəmə mühasibathq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin hakimi Sulduz Ləzımov 12 aprel 2018-ci ildə iş üzrə məhkəmə mühasibathq ekspertizası təyin etmiş, işin icraatını dayandırmışdır. Lakin iş üzrə ekspert rəyi geç verilmiş, mülki iş 2019-cu ilə keçmişdir. Bundan sonra Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı qəbul edilmiş, həmin Fərmanın 6.2-ci bəndində fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bankların bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülməsi qeyd edilmişdir. Həmin Fərmanın 8.10-cu bəndinə əsasən məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “icra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulmuşdur. Qeyd edilən Fərmanın icrası zamanı məhkəmələrdə olan bütün bankların iddiaları baxılmamış saxlanılmış, Fərmanın icrasının nəticələri gözlənilmişdir. İddiaçının iddiası da Ağcabədi Rayon Məhkəməsi tərəfindən 2019-cu ildə Prezident Fərmanın icrasına görə baxılmamış saxlanılmışdır. Fərmanın icrası 2019-cu ilin dekabr ayının sonunadək davam etmişdir. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırki borcun Prezidentin Fərmanına təsiri altına düşmədiyi müəyyən edilmişdir. Bundan sonra Koronavirus (COVİD-19) infeksiyasnın Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Nazirlər Kabnetinin 23 mart 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edildi. Yenidən Nazirlər Kabnetinin 30 mart 2020-ci il tarixli 120 nömrəli qərarı ilə 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək cox fəalaiyyət növləri dayandırılmış, iddiaçı təşkilat həmin vaxtdan işçilərinin işə gəlməsinə icazə verməmişdir. Daha sonra Nazirlər Kabnetinin 02 aprel 2020-ci il tarixli qərarı ilə iş yerinə dair arayış və xidməti vəsiqələrlə hərəkətlərinə icazə verilən iş yerlərin adları müəyyən edilmiş, lakin həmin qərarda Bank Olmayan Kredit Təşkilatlarının adı olmadığından, iddiaçı təşkilatın yalnız rəhbər işçiləri və təşkilatın mühafizəsi ilə bağlı təyin edilmiş xüsusi şəxslərin işə çıxmasına icazə verilmişdir. Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarına 1 nömrəli əlavəsi ilə "Əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin Siyahısı” tərtib edilmiş həmin siyahıdada Bank Olmayan Kredit Təşkilatlarının adı qeyd edilməmişdir. Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarına 2 nömrəli əlavə ilə “Məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra hərəkətinə yol verilən dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin Siyahısı” tərtib edilmiş həmin siyahıdada Bank Olmayan Kredit Təşkilatlarının adı qeyd edilməmişdir. Göründüyü kimi, Koronavirus infeksiyasmın qarşısının alınması ilə bağlı Nazirlər Kabnetinin verdiyi qərarlar nəticəsində Bank Olmayan Kredit Təşkilatlarının fəaliyyəti məhdudlaşdırıldığından, məhkəmə işlərinin hazırlanmasını həyata keçirə bilinməmiş və şəhərlərarası marşurutların fəaliyyəti və hərəkət dayandırıldığından, Ağcabədi Rayon Məhkəməsinə gedib sənədlərlə maraqlana bilinməmişdir. Daha sonra Ağcabədi Rayon Məhkəməsi işin icraatını təzəlnməsini bəhanə edərək icraatı təzələmədiyindən və artıq “Mediasiya haqqında” Qanun qəbul edildiyindən, həmin məhkəmədən sənədləri götürərək kommersiya məhkəməsinə verilməsi üçün hazırlanmışdır. 02 sentyabr 2022-ci ildə tərəflərə mediasiya təklifi göndərilməklə mediasiya prosesi başladılmışdır. Bu səbəbdən cavabdehlərin iddia müddətinin tətbiq edilməsi ilə bağlı verdikləri ərizələri əsassızdır, çünki sonuncu iddia müddətinin axımı 2020-ci ilin yanvar ayından başlanılması qeyd edilsə belə, kreditor olaraq iddia müddətini ötürməmişdirlər. Halbu ki, 2020-ci ildə isə pandemiya ilə bağlı karantin rejimi tətbiq edilmiş, müəyyən fəaliyyət sahələrində iş rejimi dayandırımış onlardan biridə onların təşkilat olmuşdur ki, karantin dövründə tam olaraq fəaliyyət göstərə bilməmişlər. Apellyasiya şikayətinin dəlilləri üzrə aparılan araşdırma çərçivəsində şifahi sorğu əsasında Ağcabədi Rayon Məhkəməsindən "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh1 və digərlərinə qarşqı “borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməs, evdən çıxarılma və xərcin əvəzinin ödənilməsi” tələbinə dair qaldırılan iddia üzrə iş materiallarından zəruri sənədlərin surətləri alınaraq hazırki kommersiya mübahisəsi üzrə işin materiallarına əlavə edilmişdir. Həmin sənədlərdən aşağıdakılar müəyyən edilir: İddiaçı ləğv prosesində olan "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməs, evdən çıxarılma və xərcin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 11 aprel 2017-ci il tarixdə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək 17 sentyabr 2014-cü il tarixli 620 nömrəli kredit müqaviləsi üzrə borcun tutulması və sair tələbləri irəli sürmüşdür; Ağcabədi Rayon Məhkəməsinin 11 aprel 2017-ci il tarixli 2(017)-1629/2017 saylı qərardadı əsasında iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir, Ağcabədi Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli 2(017)-361/2018 saylı qərardadı əsasında iddia ərizəsi Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə istinadla baxılmamış saxlanmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. “Stanyo Belçikaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 7 iyul 2009-cu il tarixli qərarındakı hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, kreditor "xxxx" ASC ilə borc alan Cavabdeh1 arasında 17 sentyabr 2014-cü ildə bağlanmış kredit müqaviləsinə əsasən kreditor tərəfindən bor alana 24 ay müddətində qaytarılması şərti ilə 30000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üçün son müddət 23 sentyabr 2016-cı il tarixi təyin olunmuşdur. Tərəflər arasında müqavilə müddətinin uzadılması ilə bağlı razılaşma yoxdur. Kredit müqaviləsi hesabdan çıxarış məlumatlarına əsasən sonuncu ödəniş 1 mart 2017-ci il tarixdə 200 manat məbləğində edilmişdir. 11 aprel 2017-ci ildə kreditor kredit müqaviləsi üzrə öhdəliklərin icrası tələbinə dair iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət etmiş, 30 noyabr 2018-ci ildə məhkəmə tərəfindən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra kreditor 31 oktyabr 2022-ci ildə yenidən iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, kredit münasibətlərindən yaranan mübahisələrə üç illik iddia müddəti tətbiq edillir. Hazırki halda isə iddiaçı tərəfindən daha öncədən Ağcabədi Rayon Məhkəməsində qaldırılmış iddianın baxılmamış saxlanması tarixindən, yəni 30 noyabr 2018-ci il tarixindən hesablansa belə, iddiaçı 31 oktyabr 2022-ci ildə məhkəməyə müraciət etməklə qanunla müəyyən olunan iddia müddətini ötürmüş olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin müəyyən olunan halları və sadalanan qanunvericilik aktı normaları baxımından əsassızdır, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı BOKT ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 8 fevral 2023-cü il tarixli e-2-2(121)-83/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov İlham Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar