Məhkəmə qərarları › İş №2-2(106)-77/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-77/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-77/2025 10.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3, (sədrlik edən, məruzəçi) Əsədov İlham Qoşunəli oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, e-2-2(121)-257/2025 saylı qətnaməsindən (hakim Z.Abbasov) Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə 15597.56 manat əsas borc, 1010.05 manat faiz borcu və 56.16 manat cərimə borcu olmaqla cəmi 16663.77 manat borcun, 139.99 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı ASC-nin “Lənkəran” filialından 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh2 ilə, xx.xx.2022-ci ildə Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2023-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı ASCdən illik 20% olmaqla 36 ay müddətinə 18000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2022- ci il tarixli əlavə sazişə əsasən Cavabdeh1 zamin kimi əlavə edilmişdir. xx.xx.2023-ci il tarixli xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə Əlavə Sazişə əsasən kredit üzrə qalıq borc məbləği (əsas borc, faiz borcu və gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla 16490.3 AZN təşkil edir. Müqavilə üzrə kreditin müddəti xx.xx.2026-cü il tarixədək uzadılmış, Müqavilənin 9-cu bəndində “güzəştli annuitet” sözü “üzən qrafik” sözü ilə əvəz edilmişdir. 2024-cü ilin avqustun 29-dək Cavabdeh3 banka xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə 15597.56 manat əsas borc, 1010.05 manat faiz borcu və 224.64 manat cərimə borcu olmaqla, cəmi 16832.25 manat borcu vardır. Cavabdeh3 banka xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə ümumi cərimə borcu 224.64 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 56.16 manat məbləğində tələb olunur Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etmədiyindən onların mövqelərini müəyyən etmək mümkün olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, e-2-2(121)-257/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-ci il tarixl kredit müqaviləsi üzrə 15597,56 manat məbləğində əsas borc, 1010,05 manat məbləğində faiz borcu, 56,16 manat məbləğində cərimə borcu və ödənilmiş 139,99 manat dövlət rüsumu olmaqla, cəmi 16803,76 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin.ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh3 Fikrət oğlu apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin 04 fevral 2025-ci il tarixli e-2-2(121)-257/2025 saylı qətnaməsinin iddianın 1010,05 manat məbləğində faiz borcu hissəsində rədd edilməsini və kreditinin hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ailə üzvlərinin səhətində problemlər olması ilə əlaqədar krediti ödəyə bilməmişdir. Həmçinin yolun uzaq olması səbəbi ilə məhkəməyə gələ bilməmişdir. Hesablanmış faiz borcunun silinməsini məhkəmədən xahiş etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətini əsassız hesab etmiş, şikayətin vaxt qazanılması məqsədilə verildiyini bildirmiş, buna görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış Cavabdeh3 Fikrət oğlu məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən kommersiya işi üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin 04 fevral 2025-ci il tarixli e-2-2(121)-257/2025 saylı qətnaməsinin faiz borcu hissəsində rədd edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Məhkəmə Kollegiyası, qeyd edilənlərə əsasən də, cavabdehin apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını qismən yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinə görə borclu pul vəsaitinin qaytarılmasına dair öhdəliyini pozduqda və ya lazımınca icra etmədikdə kreditorun əsas borcun qaytarılmasını tələb etməklə yanaşı, gecikmə nəticəsində cavabdehin vurduğu zərərin də ödənilməsini tələb etmək hüququ vardır. Mülki qanunvercilik belə vəziyyətlərdə müqavilə şərtlərindən asılı olaraq kreditora dəymiş zərərin əvəzi olaraq borcun məbləğindən faiz tələb etmək və ya dəbbə (cərimə, penya) tələb etmək kimi alternativ tələb imkanları tanımışdır. Hazırki işdə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə gecikdirmə nəticəsində dəyən ziyanı qarşılamaq üçün cərimənin ödənilməsi nəzərdə tutulmuşdur, yəni Mülki Məcəllənin 466.2.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə zərərin deyil, yalnız dəbbə pulunun tutulması barədə tərəflər razılaşmışlar. Buna görə də iddiaçının cərimə tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsinin tələblərinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1); Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2); Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.3). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşin materiallarından görünür ki, iddiaçının etirazlarının əsası kimi istinad etdiyi halları sübut edilməmişdir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 17 mart 2022-cü il tarixli, 13-MCR-1-625-22 nömrəli kredit razılaşmasına əsasən, Cavabdeh3 120 ay müddətinə 50000 manat kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023cü il tarixli, 13-MCR-1-625-22/3 nömrəli kredit razılaşmasına əsasən, Cavabdeh3 illik 20 faizlə 36 ay müddətinə 18000 manat onlayn kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 13-MCR-1-625-22/3 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, borc alan tərəfindən xx.xx.2026-cı il tarixədək 18000 manat əsas, 6197,67 manat faiz borcu olmaqla, cəmi 24197,67 manat məbləğində ödəniş edilməlidir. İş materiallarında olan “Hesabdan çıxarış” və “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-ci il tarixə əsas borcu 15597,56 manat, faiz borcu 1010,05 manat, cərimə borcu 224,64 manat olmaqla, cəmi borc məbləği 16832,25 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022ci il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən, bu Müqavilənin predmeti xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilə ilə Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022ci il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən, bu Müqavilənin predmeti xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilə ilə Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı 29.0.2024-cü il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış borcun məktub alındığı tarixdən 5 gün ərzində tamamilə ödənilməsini xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Göründüyü kimi iddiaçı kredit üzrə borcun geri alınması tələbi ilə cavabdehlərə qarşı məhkəməyə müraciət etmiş və məhkəmə iddianı təmin etmişdir. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili ailə üzvlərinin səhhəti ilə əlaqədar kredit üzrə faiz borcunu ödəyə bilməməsi və həmin faiz borcunun silinməsindən ibarətdir. Kollegiya şikayətin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən 15597.56 manat əsas borca münasibətdə 1010.05 manat faiz borcunun hesablanması ağlabatan hesab edilməlidir və həmin 1010.05 manat faiz borcunun silinməsi üçün hər hansı əsaslar mövcud deyildir. Apellyator şikayətinin dəlili ilə bağlı hər hansı əsaslandırma aparmaışdır. Həmçinin cavabdeh apellyasiya şikayətində qətnamə ilə borcun hissə-hissə ödənilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, qətnamə üzrə mövcud olan borcun hissə-hissə ödənilməsi qətnamənin icrası prosesində həll edilməli məsələ olduğundan həmin məsələyə icra prosesi çərçivəsində baxılmalı olması cavabdehin diqqətinə çatdırılmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş rüsum məbləği iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırda mübahisələndirilən qətnamədə mübahisələndirilən hissədə iddianın qiyməti 10000 manatdan çox deyil, buna görə də qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, cavabdeh tərəfindən iddianın 1010.05 manat faiz hissəsi mübahisələndirilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, e-2-2(121)-257/2025 saylı qətnaməsi Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş rüsum məbləği iddiaçıya aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar