Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-79/2025 16.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi X2 oğlunun katibliyi, iddiaçının nümyəndəsi Nümayəndə2, cavabdehlərdən Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli e-2-2(121)-246/2025 saylı qətnaməsindən (hakim Z.Abbasov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı QSC) cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 027R********** saylı krеdit razılaşması üzrə 5000 manat krеdit bоrcu, 1108.51 manat faiz bоrcu və 461 manat cərimə olmaqla, ümumilikdə 6569.51 manat məbləğində bоrcun, 85.7 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə Əhmədov Sabir Allahverdioğlu və zaminlər Cavabdeh2, Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 027L**********04 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Əhmədov Sabir Allahverdi oğluna 120 ay müddətinə 300000 manat məbləğində krеdit хətti açılmışdır. Uzun müddətli kredit və təminat müqaviləsi əsasında Əhmədov Sabir Allahverdi oğlunun "xxxx" QSC ilə xx.xx.2023-cü il tarixli 027R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Əhmədov Sabir Allahverdi oğlu götürdüyü krеdit bоrcundan 0 manat ödəmiş, onun 5000 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Əhmədov Sabir Allahverdi oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 461 gün üçün hesablanmış faiz borcu 1108.51 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 461 gün üçün hеsablanmış cərimə 461 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə, kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş AZ-İİ№ 327001 saylı ölüm haqqında şəhadətnamədən cavabdeh Əhmədov Sabir Allahverdi oğlunun vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Bununla bağlı, Beyləqan rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-37-5/2-309/2024 saylı arayışa əsasən məlum olmuşdur ki, mərhum Əhmədov Sabir Allahverdi oğlunun adına qeydiyyatda olan 0.20 ha torpaq sahəsindən hal-hazırda mərhumun atası Cavabdeh3 istifadə edir. Belə ki, faktiki vərəsə - Cavabdeh3 qeyd olunan torpaq sahəsindən istifadə etdiyindən, miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən oonun tərəfindən qəbul edilmiş hesab edildiyindən Cavabdeh3 mərhum Əhmədov Sabir Allahverdi oğlunun faktiki vərəsəsi hesab edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli e-2-2(121)-246/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh3 xx.xx.2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə 5000 manat əsas borc, 1108.51 manat faiz borcu, 30 manat cərimə və 85.7 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6224.21 manat məbləğində pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi, iddianın qalan hissədə və digər cavabdehlərə münasibətdə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək ləğv olunması və iddia tələbinin zaminlər Cavabdeh2 və Cavabdeh1 aid hissədə də təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları hərtərəfli və tam şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına düzgün qiymət verməmişdir. Belə ki, zaminlər Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə cavabdeh Əhmədov Sabir Allahverdi oğlu ilə kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar eyni dərəcədə və birgə məsuliyyət daşıdığından və buna görə də kredit götürmüş şəxs Əhmədov Sabir Allahverdi oğlu tərəfindən kredit ödənişi xx.xx.2023-cü il tarixdən həyata keçirilmədiyi üçün onunla birgə zaminin də kredit borcunun ödənilməsinin gecikdirilməsi ilə əlaqədar öhdəliyi yaranmışdır. Məhkəmə tərəfindən 04 iyun 2018-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum Qərarı düzgün tətbiq olunmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikəyətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Apellyasiya şikayəti üzrə tələbə dəqiqləşmə verərək bildirdi ki, apellyasiya şikayətində qətnamənin ləğv olunması ifadəsi yer alsa da, tərəflərindən qətnamə yalnız iddianın zaminlərə aid təmin olunmayan hissədə mübahisələndirilir. Məhkəmədə Cavabdeh1 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. İzahatında göstərdi ki, mərhum borc alan ondan xahiş etmişdi ki, bir qohum və qonşu kimi bankdan götürəcəyi kreditə zamin dursun. O da, onun sözünü yerə salmamışdır. Kredit götürüləndən qısa zaman sonra Sabir özünü asaraq intihar etmişdir. Sabirin adına torpaq sahələri var və eşitdiyinə görə atası həmin torpaqları sataraq Bakı şəhərindən ev almışdır. Hesab edir ki, Sabirin banka olan borcunu atası ödəməlidir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etsədə, məzmun etibarı ilə apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın zaminlərə münasibətdə təmin olunmaması hissədə mübahisələndirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi bunu bir daha öz izahatı ilə təsdiq etmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən (iddianın təmin olunmayan zaminlərə aid) hissədə yoxlanılmasını düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədəı ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan İddiaçı QSC ilə Əhmədov Sabir Allahverdi oğlu və zaminlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 027L**********04 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən, Əhmədov Sabir Allahverdi oğluna 120 ay müddətinə 300000 manat məbləğində krеdit хətti açılmışdır. Eyni zamanda, zaminlər Cavabdeh2 və Cavabdeh1 qeyd edilən kredit limiti müqaviləsi üzrə borcalan Əhmədov Sabir Allahverdi oğlu ilə birlikdə kreditin ödənilməsi ilə bağlı öhdəlik götürmüşlər. İş materiallarında olan İddiaçı QSC ilə Əhmədov Sabir Allahverdi oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli 027R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən, Bank ümumi məbləği 5000 manat olan krediti aylıq faiz dərəcəsi 2.1667 % olmaqla 18 ay müddətinə Kredit Alana verir. İş materiallarında olan kreditin verilməsinə (köçürmə) dair qəbzin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Əhmədov Sabir Allahverdi oğlunun bank hesabına xx.xx.2023-cü il tarixdə 50 manat komissiya haqqı çıxılmaqla, 5000 manat məbləğində pul (kredit) köçürülmüşdür. İş materiallarında olan “Ödəniş planı”nın surətindən görünür ki, xx.xx.2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə ilk ödəniş tarixi xx.xx.2023-cü il tarixi, son ödəniş tarixi isə xx.xx.2024-cü il kimi müəyyən edilmişdir. İş materiallarında olan “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Əhmədov Sabir Allahverdi oğlu xx.xx.2023-cü il tarixində “Astiksiya” səbəbindən ölmüşdür. İş materiallarında olan Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 5-37-5/2-309/2024 saylı arayışda göstərilir ki, mərhum Əhmədov Sabir Allahverdi oğlunun adına qeydiyyatda olan 0.20 ha torpaq sahəsindən hal-hazırda mərhumun atası Cavabdeh3 istifadə edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Maliyyə arayışı”ndan görünür ki, xx.xx.2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə Əhmədov Sabir Allahverdi oğlunun xx.xx.2024-cü il tarixə olan əsas məbləğ üzrə borcu 5000 manat, faiz üzrə borcu 1108.51 manat, cərimə borcu 461 manat olmaqla, cəmi borc məbləği 6569.51 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı QSC ilə Əhmədov Sabir Allahverdi oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli 027R********** nömrəli krеdit razılaşmasına əsasən yaranmış 6569.51 manat məbləğində (5000 manat əsas, 1108.51 manat faiz, 461 manat cərimə) borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı QSC-nə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminin məsuliyyətinin əsaslarını və həcmini müəyyən edən Mülki Məcəllənin 472-ci maddəsinin tələblərinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1), əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2). İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətidən görünür ki, borc alan Əhmədov Sabir Allahverdi oğlu xx.xx.2023-cü il tarixində, yəni kredit müqaviləsi bağlananan xx.xx.2023 tarixindən 26 gün sonra ölmüşdür. Hazırda iddiaçı bank borc alandan torpaq sahəsinin miras qaldığını, həmin əmlakın miras qoyanın atası tərəfindən faktiki qəbul edildiyini bildirərək, sonuncunu miras qoyanın hüquqi varisi kimi cavabdeh qismində cəlb etməklə, ona və zaminlərə qarşı hazırki iddianı qaldırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Kollegiya hesab edir ki, mövcud durumda borc alan Əhmədov Sabir Allahverdi oğlunun xx.xx.2023-cü il tarixdə ölməsini, vərəsələrin öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədiyi halda zaminlərin kreditor qarşısında tam məsuliyyət daşıdığını nəzərə alan kollegiya hesab edir ki, qeyd olunan hallar iş materialları ilə müəyyən olunmadığından, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan əsaslarla da iddianı təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə iddianın qiyməti on min mantan az olduğundan, prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli e-2-2(121)-246/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Cahid İmanov Tale Kərimov
Məhkəmə qərarları › İş №2-2(106)-79/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-79/2025
16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver