Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-85/2023 26.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2, Cavabdeh nümayəndəsi vəkil X1 iştirakları ilə, İddiaçı 5 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı torpaq icarəsi üzrə borcun alınmasına dair kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 05 may 2023-cü il tarixli e-2-2(121)-803/2023 saylı qətnaməsindən (hakim Namidar Misirzadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları: İddiaçı 5 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı cavabdehdən 580 manat məbləğində icarə haqqı üzrə borcun alınaraq dövlət büdcəsinə ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə və həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 116 saylı Fərmanının 2.5ci maddəsinə əsasən dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna olmaqla, dövlətə məxsus digər torpaqların icarəyə verilməsindən daxil olmalara nəzarət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxil olmalara nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən nəzarəti Xidmətə həvalə edilmiş dövlət mülkiyyətində olan torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Xidmətin hüquqlarına aid edilmişdir. Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı ilə Cavabdeh (VÖEN: **********) arasında 07 iyun 2013-cü il tarixdən 50 il müddətə bağlanmış 07 iyun 2013-cü il tarixli “Torpaq icarəsi müqaviləsi”nə əsasən bir illik icarə haqqı 91 manat təşkil etməklə 1 hektar dövlət ehtiyyat fondundan torpaq sahəsi cavabdehə icarəyə verilmişdir. İcarəyə götürülən torpaq sahəsinə görə cavabdehin ümumilikdə 27 mart 2023-cü il tarixə torpaq icarə haqqı üzrə 580 manat məbləğdə borcu ödənilməmiş qalmışdır. Qeyd olunan icarə haqqı üzrə borcun 7 gün müddətində dövlət büdcəsinə ödənilməsinin təmin olunmasının tələb edilməsi barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh tərəfindən xəbərdarlığın alınmasına baxmayaraq, icarə haqqı üzrə borc ödənilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hesab edirlər ki, 580 manat məbləğində icarə haqqı üzrə borcun dövlət büdcəsinə ödənilməsi təmin olunmalıdır. İşdə olan Hacıqabul rayon İcra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 23 nömrəli Torpaq icarə müqaviləsinin surətindən görünür ki, 1 hektar (sahibkarlıq və bağçılıq fəaliyyəti məqsədilə) torpaq sahəsi bir illik icarə haqqı 91 manat təşkil etməklə 50 il müddətinə cavabdehə icarəyə verilmişdir. İşdə olan Şəxsi hesab vərəqəsindən görünür ki, Cavabdeh cəmi ödənilməli icarə haqqı borcu 543,84 manat məbləğ təşkil edir. İşdə olan dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqının ödənilməsi haqqında xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə 546 manat məbləğində ödənilməmiş icarə haqqı borcunun olması bildirilmiş, borcun 7 gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 05 may 2023-cü il tarixli e-2-2(121)-803/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 543,84 manat məbləğində icarə haqqı üzrə borcun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 25 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədə göstərilmişdir ki, işdən də göründüyü kimi cavabdehin icarə haqqı üzrə borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. “Torpaq icarəsi haqqında” Qanunun 14-cü maddəsinin 10-cu abzasına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 116 nömrəli Fərmanının 2.5-ci maddəsinə əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 4.0.27-ci maddəsinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Xidmətin hüquqlarına aid edilmişdir. Məhkəmə hesab etmişdir ki, qanunda nəzərdə tutmuş hallar istisna olmaqla dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq rayon (şəhər) icra hakimiyyəti orqanlarının deyil, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hüquqlarına aid edildiyindən, iddiaçı icarə haqqının ödənilməsini tələb etməkdə haqlıdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin 05 may 2023-cü il tarixli e-2-2(121)-803/2023 saylı işə iddia icraatı ilə mahiyyəti üzrə baxaraq Şirvan Kommersiya Məhkəməsinin kiçik iddialara dair iş üzrə e-2- 2(121)-803/2023 saylı 05 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun icarəyə götürdüyü torpaq örüş təyinatlı olmuş və bu səbəbdən də o orada keçən dövr ərzində heç bir sahibkarlıq fəaliyyəti qura bilməmişdir. Qanunvericiliyə əsasən o həmin 1 hektar örüş torpağında cəmi 4 baş xırda bunuzlu mal-qara saxlaya bilərdi ki, nə bu say, nə də örüş torpağı kimi illik hər hektara görə 91 manat icarə haqqı əlverişsiz idi. Dəfələrlə torpağın məqsədli təyinatının dəyişməsi ilə əlaqədar müvafiq icra hakimiyyətinə rəsmi təklifin göndərilməsini icarəyə verən Hacıqabul rayon İcra Hakimiyyətindən tələb etsə də, İcra Hakimiyyəti bu barədə tədbir görmədi. Nəhayət o, 2022-ci ilin may ayında həmin icarə müqaviləsinin ləğvi barədə müraciət etdi. Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 16 may 2022-ci il tarixli 62 saylı sərəncamı ilə sözügedən torpaq icarəsi müqaviləsi qüvvədən düşmüş hesab edildi. Bu sərəncamda onun müraciəti təmin edilsə də, əsaslandırılması düzgün aparılmadı, çünki o məhz yuxarıda qeyd etdiyi halları əsas gətirərək müqavilənin ləğv edilməsini xahiş etmişdir. İşdə onun həmin torpaq sahəsindən imtina etməsi barədə sərəncamın olmasına baxmayaraq, məhkəmə bu barədə araşdırma aparılmasını zəruri hesab etməmiş və işə iddia icraatı qaydasında baxmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz təqdim edilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh nümayəndəsi vəkil X3 məhkəmədə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. İddiaçı 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etmədiklərini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda maraqlı şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə maraqlı şəxsə münasibətdə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından maraqlı şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. MPM-in 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. MM-in 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. MM-in 706.1-706.3-cü maddələrinin tələbinə görə torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. MM-in Məcəllənin 706.4-cü maddəsinə əsasən torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. MM-in 710-cu maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. Habelə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 10-cu abzasına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 116 nömrəli Fərmanının 2.5-ci maddəsinə əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 4.0.27-ci maddəsinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Xidmətin hüquqlarına aid edilmişdir. Beləliklə, məhkəmə kollegiyası sadalanan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, qanunda nəzərdə tutmuş hallar istisna olmaqla dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq rayon (şəhər) icra hakimiyyəti orqanlarının deyil, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hüquqlarına aid edildiyindən, iddiaçı icarə haqqının ödənilməsini tələb etməkdə haqlıdır. Kollegiya hesab edir ki, cavabdeh torpaq icarəsi müqavilə(lər)si əsasında torpaq sahəsini icarəyə götürmək hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə(lər) ilə müəyyən edilmiş icarə haqqını ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin cavabdeh icarə haqqını ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, icarə haqqının ödənilməsinə dair iddia tələbi əsaslıdır. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 14.2, 77.1 və 217.4-cü maddələri). Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qənaətə gəlməsini işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir. Diqqətə çatdırılmalıdır ki, MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətində öz əksini tapmış, lakin iş üzrə mötəbər sübutlarla öz təsdiqini tapmayan dəlillər formal mülahizələrdir və hazırkı qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 05 may 2023-cü il tarixli e-2-2(121)-803/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-85/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-85/2023
26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver